Məhkəmə qərarları › İş №2-2(103)-1018/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1018/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1018/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1607/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən tərəflərin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ƏDV daxil 67.728,94 manat əsas borc, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 775,44 manat faiz borcu, vəkilə ödənilmiş 7.200 manat, ümumilikdə cəmi 75.704,38 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20.08.2020-ci il tarixli Hİ 020/0820 nömrəli icarə müqaviləsi üzrə əsas borc 67.728,94 manat (ƏDV daxil olmaqla), vəkilin göstərdiyi yardıma görə 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 68.758,94 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı iddia rədd edilən hissədə ləğv edilərək, iddianın tam təmin olunmasını, cavabdeh iddia təmin olunan hissədə ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının tələblərindən biri vəkilə ödənilmiş 7.200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarət olmuşdur. İddiaçı bu tələbinin əsası kimi məhkəməyə vəkillə imzalanmış müqavilə, ödəniş tapşırığı, vəkilə ödənişi təsdiq edən bank swifti kimi mötəbər və təkzib olunmaz sübut təqdim etmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının bu tələbini heç bir tutarlı əsas olmadan qismən təmin etmiş və vəkilin göstərdiyi hüquqi yardıma görə 1.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Hakim bu qərarını əsaslandırmamış və qəbul etdiyi qətnamədə bir cümlə yazmaqla (iddiaçının göstərilmiş hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 7.200 manatın iddia ərizəsi üzrə tələb edilməsi barədə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır) kifayətlənmişdir. İddiaçının tələblərindən digəri Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 775,44 manat faiz borcunun cavabdehdən tutularaq iddiyaçıya ödənilməsi olmuşdur. Məhkəmə bu tələbi də təmin etməmişdir. Hakim tələbin təmin olunmamasını əsaslandırmamış, yalnız qətanamədə bu cümləni: “İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 775,44 manat tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi ilə bağlı sübut təqdim edilmədiyindən rədd edilməlidir” yazmaqla kifayətlənmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə icarə haqqının ödənilməsi tarixini özündə dəqiq əks etdirən icarə müqaviləsi, ödənişin olunmadığını göstərən bankdan çıxarış kimi sübutlar təqdim olunmuş və eyni zamanda iddia ərizəsində riyazi hesabalama verilmişdir. Tərəflər arasında imzalanmış müqavilədə gecikməyə görə dəbbə pulu nəzərdə tutulmadığından daha böyük məbləğ tələb edə bilmədiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tələbin əsası kimi təhviltəslim aktları təqdim etmişdir. Həmin aktlara diqqət yetirdikdə məlum olur ki, işlərin görülməsinin cavabdeh tərəfindən qəbul edilməsi hissəsində imza və möhür yoxdur. Bu da təbii ki, həmin təhvil-təslim aktlarının mötəbərliyini şübhə altında qoyur. Bundan əlavə, iddiaçının təqdim etdiyi elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edildiyinə dair hər hansı sübut təqdim edilməmişdir. Bütün bunlar göstərir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün faktiki halları aydınlaşdırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi öz şikayətlərini müdafiə edib, ona uyğun izahat vermiş, qarşı şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinə apellyasiya şikayətlərinin dəlillərindən kənarda hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayətləri həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız apellyasiya şikayətlərinin dəlilləri baxımından yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 20.08.2020-ci il tarixli Hİ 020/0820 nömrəli icarə müqaviləsinə və həmin müqaviləyə əlavələrdə nəzərdə tutulmuş ümumilikdə 8 ədəd icarə obyektini müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən, hər icarə ayının sonunda tərəflər arasında təhvil-təslim aktı tərtib olunur və imzalanır. Təhvil-təslim aktı təsdiq olunduqdan sonra 5 iş günü ərzində icarəyə verən icarəçiyə hesab-faktura təqdim edir. İcarəçi hesab-fakturanı qəbul etdikdən sonra 30 iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir. İcarə müqaviləsinə 20.08.2020-ci il tarixli 1 nömrəli əlavənin 1-ci bəndinə görə, icarəyə verən istifadəsində olan əlavə iki ədəd ekskavator yükləyicini - CAT 432 F markalı 10-S-930 nömrəli texnikanı aylıq icarə haqqı 5.310 AZN, JCB 3CXSM markalı 90-T-183 nömrəli texnikanı aylıq icarə haqqı 5.310 AZN olmaqla, icarəçinin Şəmkir şəhərində icrasını həyata keçirdiyi “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” çərçivəsində icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəmə öhdəliyi götürmüş, 01.10.2020-ci il tarixli 2 nömrəli əlavəyə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilən JCB 3CXSMT4T markalı Az 90- K-020 nömrəli texnika JCB 3CX markalı **-AB-*** nömrəli texnika ilə əvəz edilmiş və icarə haqqı dəyişdirilməmiş, 14.10.2020-ci il tarixli 3 nömrəli əlavənin 1-ci bəndindən aydın olur ki, müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən istifadəsində olan əlavə 6 ədəd texnikanı - CAT 432 F markalı 10-S-930 nömrəli texnikanı aylıq icarə haqqı 5.310 AZN, JCB 3CXSM markalı 90-T-183 nömrəli texnikanı aylıq icarə haqqı 5.310 AZN, CAT 432F markalı 10-V-574 nömrəli texnikanı aylıq icarə haqqı 5.310 AZN, CAT 305 markalı 10-X- 134 nömrəli texnikanı aylıq icarə haqqı 4.720 AZN, JCB 8055 markalı 10-V-417 nömrəli texnikanı aylıq icarə haqqı 4.720 AZN, JCB 3CX markalı **-AB-*** nömrəli texnikanı aylıq icarə haqqı 5.310 AZN olmaqla, icarəçinin Salyan şəhərində icrasını həyata keçirdiyi “Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması layihəsi” çərçivəsində icarə məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. 05.10.2020-ci il tarixli, 20.08.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci ilin avqust ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktına görə, 10-S-930 nömrəli CAT 432 F markalı və 90-T-183 nömrəli JCB 3CXSM markalı texnikaların icarə haqqı ümumilikdə 1.137,90 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 06.10.2020-ci il tarixli, 20.08.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci ilin sentyabr ayı əzində iddiaçı tərəfindən cavabdeh üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktına əsasən, 10-S-930 nömrəli CAT 432 F markalı, 90-T-183 nömrəli JCB 3CXSM markalı, **-AB-*** nömrəli JCB3CX markalı, 90-K-020 nömrəli JCB 3CXSM4T markalı texnikaların icarə haqqı ümumilikdə 18.396,01 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 06.11.2020-ci il tarixli, 20.08.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci il oktyabr ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktına görə, 10-S-930 nömrəli CAT 432F markalı, 90-T-183 nömrəli JCB 3CXSM markalı, **-AB-*** nömrəli JCB 3CX markalı, **-AB-*** nömrəli JCB 3CX markalı, 10-V-574 nömrəli CAT 432F markalı, 10-X-134 nömrəli CAT 305 markalı, 10-V-417 nömrəli JCB 8055 markalı texnikaların icarə haqqı ümumilikdə 27.140,85 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 03.12.2020-ci il tarixli, 20.08.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci il noyabr ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün Salyan layihəsində görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktına əsasən, 10-S-930 nömrəli CAT 432F markalı, 90-T-183 nömrəli JCB 3CXSM markalı, 10-V-574 nömrəli CAT 432 markalı, 10-X-134 nömrəli CAT 305 markalı, 10-V-417 nömrəli JCB 8055 markalı, **-AB-*** nömrəli JCB 3CX markalı texnikaların icarə haqqı ümumilikdə 26.876,54 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 03.12.2020-ci il tarixli, 20.8.2020-ci il tarixli müqaviləyə əsasən 2020-ci il noyabr ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün Qazax layihəsində görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktına görə, 2020-ci il noyabr ayı üçün **-AB-*** nömrəli JCB 3CX markalı və **-AB-*** nömrəli JCB 3CX markalı texnikaların icarə haqqı ümumilikdə 9.672,13 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyərinin ödənilməsi barədə 06.10.2020-ci il tarixli EBAQ 904882 nömrəli (məbləği 19.533,91 manat), 13.11.2020-ci il tarixli EBAS 537891 nömrəli (məbləği 27.140,85 manat), 03.12.2020-ci il tarixli EBAT 416115 nömrəli (məbləği 26.876,54 manat) və 29.12.2020-ci il tarixli EBAV 575247 nömrəli (məbləği 9.672,13 manat) elektron qaimələr göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 71-1-ci maddəsinə görə, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir; 176.1-ci maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. MPM-in: 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir ki, onun şikayətinin vəkilə ödənilmiş 7.200 manatın cavabdehdən tutulması barədə dəlili əsassızdır. Belə ki, iddiaçının bu tələbin faktiki əsası kimi istinad etdiyi 17.02.2021-ci il tarixli M-98 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin konkret hansı məhkəmə işi üzrə bağlanması dəqiq göstərilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin müqavilədə hüquqi yardımın yalnız baxılan işlə bağlı olmasının öz təsdiqini tapmaması əsası ilə 1.000 manat məbləğdə təmin etməsi MPM-in 121.1-ci maddəsinin tələblərinə uyğun qaydada ağlabatan olmuşdur. İddiaçının şikayətinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 775,44 manat faiz borcunun cavabdehdən tutulması haqqında dəlili isə əsaslıdır. Belə ki, iddiaçı tərəfindən Məhkəməyə icarə müqaviləsi üzrə ödənişin edilmədiyini göstərən bankdan çıxarış təqdim olunmuş və iddia ərizəsində 775,44 manat faiz borcunun riyazi hesablaması verilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddia həmin tələbə dair hissədə əsaslı olduğu üçün təmin olunmalı idi. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, işdə olan təhviltəslim aktları cavabdehin direktoru tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 işdə olan həmin aktların əslləri ilə şəxsən tanış olmuşdur. İddiaçının təqdim etdiyi elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edildiyinə dair hər hansı sübut təqdim edilməməsi barədə dəlilə gəldikdə isə, cavabdehin “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq elektron qaiməfaktura təqdim olunduqdan 5 gün ərzində ona etiraz etmək hüququndan istifadə etmək imkanı olmuş, lakin bu hüququndan istifadə etmədiyi üçün həmin elektron qaimələr qüvvəyə minmişdir.

MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faiz borcu rədd edilən hissədə qanunsuz və əsassızdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli və eyni hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qeyd olunan hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1607/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi qismən - 775,44 manat faiz borcunun təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Eyni hissədə iddia təmin edilsin və cavabdeh “X1” MMC-dən 775,44 manat məbləğdə faiz borcu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh “X1” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar