Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-102/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1513/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 80904,72 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MTKdan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli e-2-2(113)-1513/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MTK həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında Cavabdeh MTKnın "xxxx" ASC-yə elektrik enerjisinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borcunun olduğunu təsdiq edəcək mötəbər sübutlar olmamışdır. Bundan əlavə 80.904,72 manat məbləğində borcun hansı tarixdən hesablanmaqla, hansı əsaslara görə yaranması, tərəflər arasında bu borc münasibətlərini tənzimləyən müqavilələrin olubolmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış yalnız 1 müqavilə (24.01.2020-ci il tarixli 1/2339 saylı) olmuşdur. Yəni tərəflər arasında borc münasibətlərini tənzimləyən, onlar üçün hüquq və öhdəliklər yaradan yalnız 24.01.2020-ci il tarixli 1/2339 saylı müqavilə olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh yalnız 24.01.2020-ci il tarixdən sonrakı müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmədiyi hallar üçün cavabdehdir. Ondan əvvəlki dövrlər üçün tərəflər arasında münasibətləri tənzimləyən müqavilələr olmadığı üçün 24.01.2020-ci il tarixindən əvvəl hesablanmış borcun ödənilməsi üçün cavabdeh heç bir məsuliyyət daşımır. İş materiallarına əlavə olunmuş 27 aprel 2021-ci il tarixli, 01-317/21 tarixli maliyyə arayışında "xxxx" MTK-nın elektrik enerjisindən istifadə etməsi nəticəsində 2016-cı il tarixdən hazırki günədək 80.420,96 manat məbləğində borcun olması göstərilmişdir. Məhkəmə isə 2016-cı ildən 2020-ci ilin 24 yanvarınadək olan müddətdə tərəflər arasında münasibətləri tənzimləyən müqavilələrin olub-olmamasını müəyyən etməmiş, bunun əksinə heç bir əsas olmadan 2016-ci ildən hesablanmaqla 27 aprel 2021-ci il tarixədək yaranmış borca görə 80.420,96 manat məbləğində pulun ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoymuşdur. Bundan əlavə 80.420,96 manat məbləğində borcun hansı sayğac göstəricisi əsasında müəyyən edilməsi, sayğac göstəricilərinin hansı dövrü əhatə etməsi, göstəricilərin mötəbərliyi də iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa sayğac göstərilicilərinə əsasən elektrik enerjisinin dəyərinin hesablanması və bu barədə hər ay istehlakçıya məlumat verilməsi iddiaçının vəzifəsidir. Lakin iddiaçı sayğac göstəricilərinə əsasən cavabdehin iddiaçıya borcunun yaranması barədə nəinki hər ay, ümumiyyətlə rəsmi qaydada məlumat verməmişdir. İş materiallarında da elektrik enerjisinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borca dair hesab-fakturanın iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada təqdim edilməsinə dair heç bir sübut olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndələri Nümayəndə1 və X2 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh MTK arasında 24.01.2020-ci il tarixli 11/2339 saylı Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, elektrik enerjisinin istehlakına görə cavabdehin 80904,72 manat borcu mövcuddur. Lakin sonuncu həmin borcu ödəməkdən yayınır. Cavabdeh iddiaya etiraz edir, öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır və əlavə olaraq bildirir ki, "xxxx" ASC-nin əməkdaşları qanunsuz olaraq həm baş sayğacdakı ümumi yazılan sərfiyyata əsasən, həm də digər 3 sayğacda yazılan sərfiyyatlara əsasən ayrı-ayrılıqda cavabdehdən borc tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndində isə təsbit olunmuşdur ki, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş materiallarında olan maliyyə arayışından və abunə haqqında məlumatdan da görünür ki, 31 iyul 2021-ci il tarixinə abonent Cavabdeh MTK-nın sayğac göstəricilərinə əsasən "xxxx" ASC-yə qalıq borcu 80.904,72 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 80.904,72 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh MTK-nın dəlilləri isə əsassızdır. Belə ki, cavabdehə aid abunə haqqında sənədlərdən müəyyən edilir ki, ünvan 1 ünvanına 25.09.2006, 16.01.2008, 13.04.2010, 02.01.2016-cı il tarixlərdə elektrik sayğacları quraşdırılmış, 26.09.2016-cı il tarixdən 06.08.2021-ci il tarixə qədər sayğac göstəricilərinə əsasən cəmi 452581,4 manat dəyərində elektrik enerjisindən istifadə olunmuş və cəmi 270529,8 manat məbləğində ödənişlər edilmişdir. Həmçinin 27.12.2019-cu il tarixdə elektrik sayğacı quraşdırılmış, 28.12.2019-cu il tarixdən 06.01.2022-ci il tarixə qədər sayğac göstəricilərinə əsasən cəmi 41976 manat dəyərində elektrik enerjisindən istifadə olunmuş və cəmi 5196,5 manat məbləğində ödənişlər edilmişdir. Belə olan halda isə iddiaçı tərəfindən yalnız 24.01.2020ci il tarixli 1/2339 saylı müqavilənin təqdim edilməsinə əsaslanaraq əvvəlki illər üzrə borcun cavabdehə aid olmamasına istinad etməsi əsassızdır. Həmçinin iddiaçının istinad etdiyi hallar iş materiallarında olan maliyyə arayışı və abunə haqqında sənədlərdə olan məlumatlarla təsdiq olunur. Belə ki, 27 aprel 2021-ci il tarixli 01-317/21 tarixli maliyyə arayışından görünür ki, Səbail rayonu 11/2339 abonent kodu altında fəaliyyət göstərən "xxxx" MTK-nın elektrik enerjisindən istifadə etməsi nəticəsində 2016-cı il tarixdən hazırki günədək 80.420,96 manat məbləğində (2018-ci ildə 15667,4 manat, 2019-cu ildə 38191,56 manat, 2020-ci ildə 74942,48 manat, 2021-ci ildə 80420,96 manat) Cəmiyyət qarşısında borcu var. İstifadə edilmiş elektrik enerjisindən istifadəyə dair arayışdan görünür ki, 31 iyul 2021-ci il tarixinə abonent Cavabdeh MTK-nın "xxxx" ASC-yə qalıq borcu 80.904,72 manat təşkil edir. Abunə haqqında məlumatlardan görünür ki, abonent Cavabdeh MTK-nın 27 sentyabr 2021-ci il tarixə "xxxx" ASC-yə borcu 81.257,64 manat təşkil etmişdir. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, borcun yaranma əsasının müəyyən olunmaması ilə bağlı dəlillər əsassızdır. Sayğac göstərilicilərinə əsasən elektrik enerjisinin dəyərinin hesablanması və bu barədə hər ay istehlakçıya məlumat verilməsi vəzifəsinin iddiaçı tərəfindən yerinə yetirilməməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən aylıq sayğac göstəricilərinə uyğun hesablamalar aparılmış və borc haqqında xəbərdarlıq (hesab-faktura) tərtib olunmuşdur (cild 1 i/v 54-69, 132-178, 223-249, cild 2 i/v 1-22). Bundan əlavə cavabdehin istifadə etdiyi elektrik enerjisinin sərfiyyatının neçə ədəd sayğac əsasında hesablanmasının müəyyən edilməsi iş üçün iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 aprel 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Rəyə əsasən ünvan 1 ünvanında Cavabdeh MTK-nın elektrik enerjisinin sərfiyyatı "xxxx" ASC-nin balansında olan 157 saylı transformator məntəqəsində quraşdırılmış 3 ədəd iksinin «LUN5» tipli (S/N 67512016 və ********), birinin isə «MAKEL» tipli (S/N ********) elektrik sayğaclar əsasında hesablanır. Cavabdeh MTK-ya məxsus yaşayış binasına elektrik enerjisi verilən 3 ədəd elektrik kabellərinin yeraltı çəkildiyindən və onlara vizual olaraq baxış keçirilməsi mümkün olmadığından, eləcə də ekspertizaya "xxxx" MTK-ya məxsus yaşayış binasının elektrik təchizatı sxemi, texniki şərti verilmədiyinə və binanın daxilində (ümumi elektrik lövhəsində) nəzarət sayğacların quraşdırılmadığından yuxarıda qeyd olunmuş elektrik sayğaclardan digər elektrik enerji qəbuledicilərinə (istehlakçılara) elektrik enerjisinin verilib-verilməməsini (eləcə də sərfiyatların bir neçə sayğac əsasında hesablanıb-hesablanmamasını) müəyyən etmək mümkün deyildir. Göründüyü kimi cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapmır. Əksinə cavabdehə məxsus ünvanında elektrik enerjisinin sərfiyyatının 3 ədəd elektrik sayğaclar əsasında hesablanması və binanın daxilində (ümumi elektrik lövhəsində) nəzarət sayğacların quraşdırılmadığı müəyyən edilmişdir. Eyni zamanda, həmin 3 ədəd sayğac "xxxx" ASC-nin balansında olan 157 saylı transformator məntəqəsində quraşdırılmışdır. Ekspert rəyinə əlavə olunan tədqiqat obyektinə baxışın nəticələrinə dair 12.04.2022-ci il tarixli aktda isə qeyd olunmuşdur ki, "xxxx" MTK-nın yaşayış binasına elektrik enerjisi yeraltı çəkilmiş 3 ədəd elektrik kabellə təmin edilir, baxış zamanı yarımstansiyadan binaya elektrik enerji təchizatı ayırıcılar ayrılmaqla söndürüldü və bununla həmin kabellərlə binaya elektrik enerjisinin verildiyi müəyyən edildi. Göründüyü kimi qeyd olunan halların məcmusu elektrik enerjisi sərfiyyatının təkrar hesablanmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1513/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-102/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-102/2022
31.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver