Məhkəmə qərarları › İş №2-2(103)-1020/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1020/2021

08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1020/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASCə qarşı “aktların etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli, e-2-2(113)-1108/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" ASCə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya yazılmış R017459 nömrəli və NDQ 007981 nömrəli aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 8261,83 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi əsasında "xxxx" ASC "xxxx" MMC-ni elektrik enerjisi ilə təchiz edir. "xxxx" ASC-nin 10.07.2019- cu il tarixli R017459 nömrəli aktına görə, aparılan yoxlama zamanı elektrik sayğacının ekranının oxunmadığı üçün naqildən axan cərəyan ampermasa ilə ölçülmüşdür. Bundan başqa, "xxxx" ASC tərəfindən 01.10.2020-ci il tarixli NDQ 007981 nömrəli akt tərtib edilmiş və sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın “B” farası keçən yükü hiss etmir. Sayğac yenisi ilə əvəz edilmiş və yoxlanılması üçün labaratoriyaya göndərilmişdir. Hər iki akt tərtib edilən zaman iddiaçının nümayəndəsi iştirak etməmişdir. Bu aktlarla bağlı hesablanmış məbləğ heç vaxt iddiaçıdan tələb edilməmişdir. Hər ay enerjidən istifadəyə görə hesablanmış ödənişlər şirkət tərəfindən ödənilmişdir. "xxxx" ASC əməkdaşlarının hesabladığı borc barədə bildiriş əsassızdır və aktlar etibarsız sayılmaqla həmin borc məbləği silinməlidir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli, e-2-2(113)-1108/2021 saylı qərardadı ilə aktların etibarsız hesab edilməsi hissəsində iddia tələbi üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli, e-2-2(113)-1108/2021 saylı qətnaməsi ilə iddia "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 8261,83 manat məbləğində borc silinməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1108/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq etmişdir. Belə ki, məhkəmə aktlara əsasən hesablanmış borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, aktların tərtib olunmasına səbəb olan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onların hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. İşin faktiki hallarına görə, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 10.07.2019-cu il tarixli R seriyalı 017459 saylı akta əsasən iddiaçı MMC-də elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, elektrik sayğacının ekranı oxunmur. 15.07.2019-cu il tarixli 189235 saylı aktla sayğac yenisi ilə əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. 16.07.2019-cu il tarixli 150567 saylı laborator müayinə protokoluna əsasən sayğacın daxili qüsur nəticəsində işləməməsi və istismara yararsız olması barədə rəy verilmiş, sayğacın göstəricisi xüsusi proqram əlavəsindən oxunmuşdur. Akt komissiyasının 22.07.2019-cu il tarixli icra vərəqinə əsasən, faktiki istehlak edilmiş, lakin göstərilən qüsur səbəbindən qeydə alınmamış elektrik enerjisinin dəyərini bərpa etmək üçün (150 kvtx 24 saatx 33 gün) – 36218 kvts = 82582 kvts əlavə sərfiyyat (7.432,38manat əlavə ödəniş) hesablanmışdır. Bundan başqa, cavabdehin əməkdaşları tərəfindən tər3b edilmiş 21.10.2020-ci il tarixli NDQ seriyalı 007981 saylı akta əsasən iddiaçı MMC-də elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki,elektrik sayğacının “B” fazası keçən yükü qeyd etmir. P faktiki = 103 kvt olduğu halda, Psayğac = 66 kvt-dır. 01.10.2020ci il tarixli 203021 saylı aktla sayğac yenisi ilə əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. 02.10.2020-ci il tarixli 201063 saylı laborator müayinə protokoluna əsasən sayğacın “B” fazasının daxili qüsur nəticəsində yükü qeyd etməməsi, həmin fazada 14.08.2020-30.09.2020-ci il tarixlərində və “A” və “C” fazalarında müxtəlif vaxtlarda cərəyan kəsilmələrinin müşahidə olunması barədə rəy verilmişdir. Akt komissiyasının 26.10.2020-ci il tarixli icra vərəqinə əsasən, faktiki istehlak edilmiş, lakin göstərilən qüsur səbəbindən qeydə alınmamış elektrik enerjisinin dəyərini bərpa etmək üçün (103 kvt – 66 kvt) x (0,7) x 24 saat x 60 gün = 37296 kvts əlavə sərfiyyat (3.356,64manat əlavə ödəniş) hesablanmışdır. EEİQ-nin 8.15-ci bəndinə əsasən,elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı C müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. EEİQ-nin 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqə; pozulduqda, elektrik enerjisi sərfinin hesaba C enerji təchizatı C müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşə apelyasiya qaydasında baxılması 08.09.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakıni təmin etməmiş, məhkəmə MPMnin 376.-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli, e-2-2(113)-1108/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 10.07.2019-cu il tarixli, 017459 saylı aktda qeyd edilmişdir ki, yoxlama zamanı iddiaçıya məxsus elektrik sayğacının ekranının oxunmadığı, naqillərdən axan cərəyanın ampermasa ilə ölçülmədiyi müəyyən edilmiş, sayğacın yenisi ilə əvəz olunmalı olduğu qeyd olunmuşdur. 01.10.2020-ci il tarixli, 007981 saylı aktdan görünür ki, EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirilən zaman keçən yükü hiss etmədiyi, baxış zamanı ölçü aparıldığı və sayğacın sökülüb yenisi ilə əvəz edildiyi, çıxarılan sayğacın yoxlanılıb rəy verilməsi üçün laboratoriyaya götürüldüyü qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan aktlara əsasən iddiaçıya 8757,31 manat əlavə borc hesablansa da, iddia tələbində 8261,83 manat məbləğində borcun silinməsi barədə tələb irəli sürülmüşdür. Məhkəmə iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.34-cü bəndinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qeyd edilən normaların tələbindən göründüyü kimi, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin hesablaşma elektrik sayğacına baxış keçirilməsi də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olan yoxlama hesab edildiyindən hazırkı halda cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın dövlət qeydiyyatından keçməməsi həmin yoxlama nəticəsində tərtib edilmiş aktın hüquqi qüvvəsinin tanınmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli, e-2-2(113)-1108/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: “Azərişıq" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli e-2-2(113)-1108/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar