Məhkəmə qərarları › İş №2-2(103)-1020/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1020/2022

11.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1020/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2325/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhmdarların ümumi yığıncağın keçirilməsi, iddiaçı səhmdar olduğu müddətdən bütün dövr üzrə xalis mənfətinin bölünməsi məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi və iddiaçı səhmdar olduğu müddətdən bütün dövr üzrə xalis mənfəətin bölüşdürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2325/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə 2019, 2020 və 2021-ci illər üzrə ümumi yığıncağ keçirilmişdir. Həmin protokol əvvəlki illər üzrə ümumi yığıncağın keçirilməsini sübut etmir. Bundan başqa o, iddia ərizəsində növbədənkənar ümumi yığıncağların çağırılmasını yox, ümumiyyətlə ümumi yığıncağın çağırılmasını tələb etmişdir. Çünki əvvəlki illər üzrə ümumi yığıncağın çağırılması ilə bağlı hər hansısa sübut yoxdur. Həmin sübut cavabdeh tərəfindən də təqdim edilməmişdir. Bununla əlaqədar vəsatət verilsə də məhkəmə həmin vəsatəti əsaslandırma olmadan rədd etmişdir. xx.xx.2022-ci il tarixdə 2019, 2020 və 2021-ci illər üzrə ümumi yığıncaq keçirilmişdir. Əvvəlki illər üzrə ümumi yığıncağın keçirilməsi barədə işə hər hansısa sübut əlavə edilmiş olsaydı o zaman məhkəmənin gəldiyi nəticə düzgün olmuş olardı. Məhkəmə qərardadı sadəcə bir cümlə ilə əsaslandırılmışdır (xx.xx.2022-ci il tarixli protokola və İddiaçı səsli səhmlərin 10 faizinə malik olmamasına). xx.xx.2022-ci il tarixli protokol əvvəlki illər üzrə ümumi yığıncağın keçirilməsini sübut etmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 107-1,1, 107.1.2 və 107-1.6-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, Mülki Məcəllə ilə səhmdar cəmiyyətinin növbəti və növbədənkənar ümumi yığıncağlarının çağırılması qaydası və digər hallar müəyyən edilmiş, məhkəmə gedişatında isə xx.xx.2022-ci il tarixdə X1 "xxxx" ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçirilmiş, növbədənkənar ümumi yığıncağlarının çağırılması üçün isə İddiaçı səsli səhmlərin 10 faizinə malik deyil. Qeyd olunanlara və Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən məhkəmə hazırki tələbə məhkəmədə baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 106-1.3, 106-1.3.3 və 106-1.3.4-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını və cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Göründüyü kimi hazırki iddiada irəli sürülən səhmdarların ümumi yığıncağın keçirilməsi, iddiaçı səhmdar olduğu müddətdən bütün dövr üzrə xalis mənfətinin bölünməsi məsələsinin ümumi yığıncağın gündəliyinə əlavə edilməsi tələbləri qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından irəli gəlmişdir və məhkəmə tərəfindən həmin tələblərə baxıla bilər. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblərə münasibətdə məhkəmədə baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Bununla yanaşı kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş səhmdar olduğu müddətdən bütün dövr üzrə xalis mənfəətin bölüşdürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblərə baxıla bilməz. Belə ki, Mülki Məcəllənin 106-3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə görə dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsində isə təsbit olunmuşdur ki, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən olunur ki, səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi məsələsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının səhmdar olduğu müddətdən bütün dövr üzrə xalis mənfəətin bölüşdürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində də təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, məhz həmin tələbə münasibətdə iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Lakin, birinci instansiya məhkəməsi həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə nəticəsini düzgün əsaslandırmamış, həmçinin iddiaçı tərəfindən irəli sürülmüş ilk iki tələbə düzgün qiymət verməmiş, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə zidd olaraq, iddia tələblərindən kənara çıxmış, iddiaçı tərəfindən bu barədə hər hansı tələb irəli sürülmədiyi halda iddia tələbini həm də, səhmdar cəmiyyətinin növbədənkənar ümumi yığıncağlarının çağırılması kimi qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2325/2022 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar