Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1020/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı iddia tələbi üzrə (Açar sözlər: müflis elan olunmuş banka qarşı kreditor tələbi, ləğv prosesində olan bankın hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddia, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2022-ci il il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə "Era Trans Sığorta” ASC-nin məcburi qaydada ləğv olunması qət edilmişdir.
2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh ASC-nin müflis elan olunması, iflas proseduruna başlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. "xxxx" ASC (iddiaçı) Cavabdeh ASC-yə qarşı (cavabdeh) 26 oktyabr 2015ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 61 880 ABŞ dolları və 111 206,77 manatın, habelə 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
5. Qiyabi qətnamə 5 yanvar 2016-cı il tarixində cavabdehə çatdırılmış (İ cild, i/v 61), cavabdeh 15 mart 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir (İ cild, i/v 82).
6. Bakı Kommersiya Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) 22 iyun 2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
7. Məhkəmənin 31 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin ərizəsi təmin olunmuş və iş üzrə icraata xitam verilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci, 72.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad etməklə belə əsaslandırmışdır ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
9. Həmin qərardad 2 sentyabr 2022-ci il tarixində cavabehin şəxsi elektron kabinetinə yerləşdirilmiş, iddiaçıya göndərilmiş qərardad isə “ünvan tam deyil” qeydi yazılmaqla geri qaytarılmışdır (İ cild, i/v 143).
10. 13 aprel 2023-cü il tarixində iddiaçının nümayəndəsi həmin qərardaddan şikayət, eyni zamanda müddətin bərpasına dair ərizə verərək, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
11. Məhkəmənin 17 aprel 2023-cü il tarixli qərardadı ilə 31 avqust 2022-ci il tarixli qərardaddan iddiaçının nümayəndəsi tərəfindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir.
12. Həmin qərardaddan cavabdehin nümayəndəsi (ləğvedicinin nümayəndəsi) şikayət verərək onun ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası haqqında ərizənin təmin olunmamasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin 2 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 may 2023-cü il tarixli qərardadı ilə cavabdehin şikayətinin qismən təmin, birinci instansiya məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, məhkəmənin 31 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır.
c) Birinci instansiya məhkəməsində ikinci icraat
15. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən 31 avqust 2022-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılmışdır.
16. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxılaraq qətnamə qəbul olunarkən bankın müflis elan olunmasına dair qərar yox idi və hətta müflis olunma barədə məhkəməyə müraciət olunmamışdı. İş üzrə qəbul olunmuş qətnamə Banka rəsmi olaraq 2015-ci ildə təqdim olunmuş və həmin dövrdə bank öz prosessual hüquqlarından istifadə etməmişdir. Onlara məlum olmayan səbəblərdən sonradan məhkəmə qanuni qüvvəsini almış qətnaməsini ləğv edərək işə yenidən baxmış və nəticədə icraata xitam verilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Cavabdeh olan Bank sözügedən qiyabi qətnaməni rəsmi olaraq 2015-ci il tarixində almış və ondan şikayət verməmiş, icra mərhələsində iştirak etmiş, hətta hərracdan satılmış əmlakla bağlı Nəsimi Rayon Məhkəməsində baxılan işdə tərəf olmuşdur. Bu da cavabdehin qiyabi qətnamədən 2022-ci ildə yox, 2015-ci ildən məlumatlı olduğunu göstərir. İş materiallarında qiyabi qətnamənin 2015-ci ildə cavabdehə çatdırılması barədə poçt sənədləri mövcuddur. Pul tələbinə dair işə baxılarkən bank ləğvetmə mərhələsində deyildi və hətta müflis elan olunma barədə məhkəməyə müraciət olunmamışdı. Bank öz fəaliyyətini normal davam etdirirdi. Məhkəmənin bankın ləğvetmə mərhələsində olmasına istinad edərək icraata xitam verilməsi barədə qərardad qəbul etməsi qanunsuz və əsassız olmuşdur.
17. Birinci instansiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərardadı ilə 31 avqust 2022-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına və Azərbaycan Respublikası Məhkəməsinin Konstitusiya Məhkəməsu Plenumunun 2017-ci il 13 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
e) Kassasiya instansiyası məhkəməsindəki icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının nümayəndəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunaraq iş növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi icraata o əsasla xitam vermiş və apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmışdır ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatında olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Məhkəmə kollegiyası məhkəmələrin həmin mövqeyi ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir . Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1 -ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”. Göründüyü kimi, "Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. Baxılan iş üzrə iddia ərizəsindən, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 14 dekabr tarixli 2(82)-2481/2015 saylı qiyabi qətnaməsindən, digər iş materiallarından aydın olur ki, hazırkı mübahisə iddiaçının "Yunayted Kredit Bank” ASC-yə 2015-ci ilin aprel-may aylarında verdiyi ödəmə tapşırıqlarının həmin ASC tərəfindən icra edilməməsi ilə əlaqədar yaranmışdır. İddia ərizəsində qeyd edilənlərə əsasən sözügedən ödəmə tapşırıqları iddiaçının, ASC-nin Bakı filialında olan manat və dollar hesabındakı pul vəsaitlərinin "Nikoyl İKB” ASC-nin 2 saylı filialına köçürülməsi ilə bağlı olmuş, lakin bank həmin köçürmələri yerinə yetirməmişdir. İşin materiallarından məlum olur ki, "Yunayted Kredit Bank” ASC 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2016-cı il 9 fevral tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı məlum ödəmə tapşırıqlarını verərkən (2015-ci ilin aprel-may ayları) "Yunayted Kredit Bank” ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını "Banklar haqqında” Qanunun 73.1 və 73.1.1 -ci maddələri təşkil edir. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə iddianın predmetini "Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər təşkil etmədiyindən, həmin "Banklar haqqında” Qanunun 72.1 -ci və MPM-in 261.0, 261.0.1 -ci maddələrinə (bax yuxarıda § 31) istinadla işin icraatına xitam vermək üçün hüquqi əsaslar mövcud olmamışdır. Gəlinən nəticə qeyd olunan hüquq normaları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğun olmamışdır. Hazırkı apellyasiya baxışı
22. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir.
Tətbiq edilən hüquq
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
24. Maddə 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017ci il 13 iyun tarixli qərarı
25. “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki işin icraatına xitam verilir.
27. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Şikayətə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qərardadını ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
30. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
31. Xüsusilə qeyd olunmalıdır ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3676/2022 saylı iş üzrə 31 avqust 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş, növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə