Məhkəmə qərarları › İş №2-2(103)-1021/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1021/2022

07.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1021/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Nər-gün" MMC-yə qarşı gəlirlərin alınması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-4595/2022 nömrəli qərardadından (hakim Emin Əliyev) İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2011-ci ilin oktyabr ayından bu günə kimi əldə etdikləri gəlirlərdən payına düşən 50% alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4595/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 2011-ci ilin oktyabr ayından bu günə kimi əldə etdikləri gəlirlərdən payına düşən 50% alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4595/2022 saylı qərardadı ləğv olunmasının, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106- 2.3.7 maddəsinin tələblərinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 106-1.3.8-3 maddəsində göstəriş var ki, bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 107.1-ci maddəsində deyilir ki, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 107-2.1 maddəsinin tələblərinə görə isə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Cavabdeh MMC-nin iki nəfər təsisçisi var: iddiaçı və cavabdeh Ə.Hüseynov. Hər birinin də səhmi 50% təşkil edir. Belə olan vəziyyətdə cavabdeh Ə.Hüseynov iddiaçının razılığı olmadan səhmdarların ümumi yığıncağını keçirə bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4595/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4595/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, səhmdar cəmiyyətinin idarə edilməsi, növbəti və növbədənkənar ümumi yığıncağının çağırılması, mənfəət və dividentlərin hesablanması və digər məsələlərin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106 və 107-ci maddələri ilə tənzimləndiyindən və İddiaçı Cavabdeh MMC-də 50% paya malik olduğundan hazırki tələbə məhkəmədən kənar qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməlidir. Hazırkı halda iddiaçı səhmdar cəmiyyət deyil, məhdud məsuliyyətli cəmiyyət olduğundan birinci instansiya məhkəməsi səhmdar cəmiyyətlərlə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106 və 107-ci maddələrinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Lakin hazırda iddiaçının tələbinə məhkəmə tərəfindən baxılmasının prosessual cəhətdən mümkünlüyü məsələsinə hüquqi qiymət verildiyindən maddi hüquq normalarına istinad düzgün olmasa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi məhkəmənin deyil, cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aiddir. Təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan hüquqi şəxslərdə mənfəətin bölüşdürülməsi qaydası Mülki Məcəllənin 90-1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələbə məhkəmə qaydasında baxılmalı olmadığından şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4595/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4595/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar