Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1022/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı mənfəətin bölüşdürülməsi və ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4948/2022 nömrəli iş üzrə 29 avqust 2022-ci il tarixli qərardadından iddiaçıların şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, xx.xx.2020-ci il tarixdən etibarən cavabdeh MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutularaq xeyirlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu geri qaytarılmışdır. Qərardadla razılaşmayan iddiaçılar ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişlər. Şikayətin dəlillərinə görə, məhkəmə iş materiallarında olan pretenziyanı, mediasiya arayışını və digər sənədləri tam, hərtərəfli və obyektiv araşdırmamış, MMC-ni SC kimi qəbul etmiş və bununla da səhv nəticəyə gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziyadan, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan və digər sənədlərdən görünür ki, iddiaçılar məhkəmədən kənar qaydada məsələnin həll olunmasına cəhdlər ediblər, lakin cavabdehlər iddiaçıların tələblərinə məhəl qoymayıblar, ona görə də iddiaçılar hüquqlarının müdafiə edilməsindən ötrü məhkəməyə müraciət ediblər. Məhkəmə iddiaçılar tərəfindən göndərilmiş pretenziyaya, mediator tərəfindən verilmiş arayışı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi cavabdeh MMC-ni səhvən SC kimi qəbul etmişdir. Ona görə də səhvən MM-in 106 və 107-ci maddələrinə istinad etmişdir, halbuki, cavabdeh təşkilati hüquqi formasına görə MMC-dir. Birinci instansiya məhkəməsi qərardadda Mülki Məcəllənin 106 və 107-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 106 və 107-ci maddələri səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması və səhmdar cəmiyyətində idarəetmə hallarına aiddir. Hazırki məsələ əslində MM-in 106 və 107-ci maddələri ilə deyil, MM-nin 87, 88, 89, 90-1, 91-ci maddələri ilə həll olunan məsələdir. Məhkəmə MM-in 106 və 107-ci maddələri tətbiq etməklə səhvə yol vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.5-ci maddəsinə görə, ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, səhmdar cəmiyyətinin idarə edilməsi, növbəti və növbədənkənar ümumi yığıncağının çağırması, mənfəət və dividentlərin hesablanması və digər məsələlərin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106 və 107-ci maddələri ilə tənzimləndiyindən və iddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun hər biri “X1” MMCdə 8,33% paya malik olduqlarından hazırki tələbə məhkəmədən kənar qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməlidir.” Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan “məhkəmədən kənar qanunvericilikdə müəyyən edilmiş qayda”nın nədən ibarət olması açıqlanmamışdır. Məhz belə bir zəruri izahedici əsaslandırmanın olmaması iddiaçılarda sözügedən qaydanın pretenziya yaxud mediasiya ilə bağlı ola biləcəyini ehtimal etməyə və bu mövqeyə dair münasibətlərini dəlil şəklində şikayətdə əks etdirməyə vadar etmişdir. Qərardaddan ümumiyyətlə aydın olmur ki, hazırkı iddiaya niyə məhkəmə qaydasında baxılmalı deyil. Birinci instansiya məhkəməsinin qərardadda, iş üzrə cavabdehlərdən biri MMC olduğu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin səhmdar cəmiyyətlərinin idarə edilməsi və sair məsələləri tənzimləyən 106 və 107-ci maddələrinə istinad etməsi də anlaşmazlıq yaratmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəliiləri ilə razılaşır və onları əsaslı sayır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4948/2022 nömrəli iş üzrə 29 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1022/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1022/2022
11.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver