Məhkəmə qərarları › İş №2-2(103)-1023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1023/2021

27.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1023/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı sənədlərin surətlərinin verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2127/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"xxxx"xxxx" MMC fəaliyyətini dayandırarkən 6 nömrəli Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi), 2016-cı ildə "xxxx" MMC (sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur) ilə "xxxx" MMC arasında bağlanmış 2.234.400 manatlıq malların müqaviləsinin və elektron vergi hesab fakturasının, 2016-cı ilin mənfəət vergi bəyannamələri və əlavələrin surətlərinin, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin surətlərinin (1, 2, 3, 4-cü rüb), 2106-2017-ci illərdə aparılan səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsi, mənfəət vergisi bəyannaməsi), 01.01.2016-cı ildən 01.10.2020-ci ilədək vergilər idarəsi tərəfindən təsdiqlənmiş şəxsi hesab vərəqələrinin surətlərinin cavabdehlərdən alınaraq ona təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı, "xxxx" MMC-nin nizamnamə kapitalında 33,3% paya malik olmaqla 3 təsisçidən biridir. Digər təsisçilər X5 (33,3%) və X2r. Lakin iddaçı 2006-cı ildən müəssisənin idarəetməsindən adları çəkilən digər iki təsisçi tərəfindən qanunsuz olaraq uzaqlaşdırılmış və müvafiq olaraq bütün bu illər ərzində müəssisənin idarəetməsində faktiki olaraq iştirak edə bilməmişdir. Bu illər ərzində müəssisənin fəaliyyətinə faktiki rəhbərlik həmin digər iki təsisçi tərəfindən həyata keçirilmiş və müəssisənin fəaliyyəti ilə bağlı ona bu illər ərzində nə digər iki təsisçi, nə də müəssisənin icra orqanı tərəfindən məlumat verilməmişdir. Bu səbəbdən 10.11.2020-ci il tarixli məktubla MMC-yə müraciət edərək, iddia ərizəsində göstərdiyi sənədlərin surətlərinin qanunda nəzərdə tutulmuş 5 iş günü müddətində ona təqdim edilməsini xahiş etmişdir. Lakin "xxxx" MMC-nin direktoru Cavabdeh2 30.10.2020-ci il tarixli məktubu ilə sənədlərin ona təqdim edilməsindən imtina edilmişdir. Cavabdehlər imtinalarını onunla əsaslandırmışlar ki, "xxxx" MMC-də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulmuş hallardan heç biri baş verməmişdir, "xxxx" MMC-yə ziyan vurulması ilə bağlı hər hansı sənədlər olduğu təqdirdə isə onları firmaya təqdim etməyi xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “... məhkəmə belə hesab edir ki, Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hər hansı halın baş verməsi və ya bu halların baş verməsinə dair əsaslı şübhələrin olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 49.6-cı maddəsində sənədlərin tələb edilməsi üçün qanunvericinin həmin maddənin məzmununda nəzərdə tutduğu o boyda əsası görməməsi böyük bir təəssüf hissi doğurur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlərin nümayəndələri və vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşdən müəyyən edilir ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən, cəmiyyətin iştirakçıları İddiaçı (33,3%, 1 pay), X4 (33,4%, 1 pay) və X3r (33,3%, 1 pay). Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet vergi idarəsindən çıxarışdan məlum olur ki, "xxxx" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi Cavabdeh2dur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsinin 09.03.2004-cü il tarixdə dövlət qeydiyyatına aldığı dəyişikliklərə görə, "xxxx"xxxx"xxxx" MMC adlandırılmışdır. 6 nömrəli Ərazi vergilər idarəsinin məktubundan görünür ki, "xxxx" MMC-nin fəaliyyətinin 31.08.2017-ci il tarixli ərizəyə əsasən 31.08.2017-ci il tarixdən 31.08.2022-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. 6 nömrəli Ərazi vergilər idarəsi "xxxx" MMC-nin təsisçisi İddiaçı 03.02.2018-ci il tarixli müraciətinə 14.02.2018-ci il tarixli **********825800 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.8-ci maddəsinə görə, vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsinə əsasən digər şəxsə verilə bilər. İddiaçı cavabdeh "xxxx" MMC-yə ünvanlanmış 23.10.2020-ci il tarixli məktubunda 6 nömrəli Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi), 2016-cı ildə "xxxx" MMC (sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur) ilə "xxxx" MMC arasında bağlanmış 2.234.400 manatlıq malların müqaviləsinin və elektron vergi hesab fakturasının, 2016-cı ilin Mənfəət vergi bəyannamələri və əlavələrin surətlərinin, 2016-cı ilin Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin surətlərinin (1, 2, 3, 4-cü rüb), 2016-2017-ci illərdə aparılan səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi), 01.01.2016-cı ildən 01.10.2020-ci ilədək vergilər idarəsi tərəfindən təsdiqlənmiş şəxsi hesab vərəqələrinin surətlərinin 5 iş günü ərzində ona təqdim olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin həmin müraciətə 30.10.2020-ci il tarixdə iddiaçıya ünvanladığı cavab məktubundan məlum olur ki, "xxxx" MMC-də Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulmuş hallardan heç biri baş verməmişdir. Əlavə olaraq, "xxxx" MMC-yə ziyan vurulması ilə bağlı hər hansı sənədlər olduğu təqdirdə onları firmaya təqdim etmək xahiş olunmuşdur. 08.11.2016-cı il tarixli "xxxx" MMC ilə (alıcı) "xxxx" MMC (satıcı) arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında FİAT avtomobillərinin, ehtiyat hissələrin və əsas vəsaitlərinin, avadanlıqların alqı-satqısı həyata keçirilmiş, müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, avtomobillərin, ehtiyat hissələrinin və əsas vəsaitlərin qiymətləri və siyahısı müqaviləyə əlavə edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-57/2018 nömrəli iş üzrə 07.08.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC, X5 və X4, "xxxx" MMC-yə qarşı əqdin etibarsız hesab ediməsi və həmin əqd üzrə əmlakların geri qaytarılması tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12379/2018 nömrəli iş üzrə 26.11.2018-ci il tarixli qətnaməsi ilə 07.08.2018-ci il tarixli qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 14.06.2019-cu il tarixli qərarı ilə 26.11.2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin iştirakçılarının 20.05.2016-cı il tarixli növbədənkənar ümumi yığıncağının 01 nömrəli protokolundan çıxarışdan məlum olur ki, təsisçi İddiaçı müraciətinin araşdırılıb cavablandırılması və nəticəsi barədə ona və digər təsisçilərə məlumat vermək vəzifəsinin "xxxx" MMC-nin təftiş komissiyasına tapşırılması barədə 2/3 səs çoxluğu ilə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir; 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması; 49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir; 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır; 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, iddiaçı, cavabdeh "xxxx" MMC-yə müraciət edib, Mülki Məcəllənin 49.6-cı maddəsinə istinad edərək, MMC-nin fəaliyyətinin dayandırılması barədə müraciətin və siyahısı verilən digər sənədlərin surətlərinin 5 iş günü müddətində ona təqdim edilməsini tələb etmiş, cavabdeh "xxxx" MMC həmin müraciətə cavabında iddiaçıya 49.4-cü maddəsində göstərilən hallardan hər hansı birinin baş vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 49.6-cı maddəsi təşkil edir. Həmin normada təsbit olunmuşdur ki, bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya ... malik olan iştirakçısı ... hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında ... təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr işdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.06.2017-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 nömrəli iş üzrə Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən düşmüş hesab edilmiş 11.11.2016-cı il tarixli qərarı və digər yekun məhkəmə aktları ilə təsdiqini tapır. Bu baxımdan, hüquqi şəxsin nizamnamə kapitalında 33,3 faiz paya malik olan iştirakçı kimi cavabdehdə olan və həmin hallarla bağlı sənədlərin təsdiqlənmiş surətləri iddiaçıya onun müraciəti əsasında 5 iş günü ərzində təqdim olunmalı idi. Odur ki, iddia əsaslıdır. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2127/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh "xxxx"xxxx"xxxx" MMC fəaliyyətini dayandırarkən 6 nömrəli Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsinin, Mənfəət vergisi bəyannaməsinin, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin), 2016-cı ildə "xxxx" MMC (sonradan "xxxx" MMC) ilə "xxxx" MMC arasında bağlanmış 2.234.400 manatlıq malların alqı-satqı müqaviləsinin və elektron vergi hesab fakturasının, 2016-cı ilin mənfəət vergi bəyannamələrinin və əlavələrinin surətlərinin, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin surətlərinin (1, 2, 3, 4-cü rüb), 2106-2017-ci illərdə aparılan səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsinin, mənfəət vergisi bəyannaməsinin), 01.01.2016-cı ildən 01.10.2020-ci ilədək vergilər idarəsi tərəfindən təsdiqlənmiş şəxsi hesab vərəqələrinin surətləri cavabdehlər "xxxx" MMC və Cavabdeh2 alınaraq İddiaçı təqdim edilsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar