Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1031/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2011/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə Xırdalan və Kürdəmir dəmiryol stansiyalarında stansiya xidmətləri göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103076,03 (yüz üç min yetmiş altı manat üç qəpik) manat və 400 (dörd yüz) manat ödənilmiş dövlət rüsumu, cəmi 103476,03 (yüz üç min dörd yüz yetmiş altı manat üç qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xırdalan və Kürdəmir stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilibgötürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 103076,03 (yüz üç min yetmiş altı manat üç qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh MMC-nin 5 hektara yaxın ərazisi vardır və dalan yolu MMC-yə məxsusdur. Bununla belə cavabdehə məxsus 200 ədəd vaqon vardır. Bu da o deməkdir ki, ADY-nin nə dalan yolundan istifadə etmir, nə də vaqonlarından və buna görə də hansısa bir rüsum ödəmək məcburiyyətində deyil. Cavabdeh MMC ADY-yə yükdaşımalara və stansiya xidmətlərinə görə hər il milyonlarla pul ödəyir. Qeyd olunan tarixlərlə bağlı elektron kabinetə yüklədikləri sənədlərdən də görünür ki, Cavabdeh MMC-nin "xxxx" QSC-yə heç bir borcu yoxdur. "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilən elektron qaimələrə cavab olaraq bildirilir ki, həmin elektron qaimələrin çox hissəsi 2019-cu ili əhatə edir və çox az bir hissəsi iddia tələbində olan dövrü əhatə edir ki, onu da zamanında ödəmiş və sübutları təqdim etmişlər. İddia ərizəsində göstərilən tarixlərlə maliyyə arayışında göstərilən tarixlər fərqli olsa da, hər iki tarix üzrə ödənişlər olunub və təqdim edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2011/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı "xxxx" QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
14. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
17. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
20. Belə ki, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir.
21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
24. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
25. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
26. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
27. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103076,03 manat vəsaitin tutulmasını tələb edir.
28. İddiaçı həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış təqdim etmişdir.
29. İddia tələbində xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında yaranmış borc məbləği tələb edilsə də, həmin arayışda göstərilən borcun xx.xx.2021-xx.xx.2022ci illəri əhatə etdiyi qeyd edilmişdir.
30. Bu uyğunsuzluq birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir.
31. Cavabdeh qeyd olunan dövr, eləcə də digər dövrlər üzrə göstərilən xidmətlərə görə iddiaçıya borcunun olmadığını bildirmişdir.
32. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədləri ilə xx.xx.2021-xx.xx.2022ci illəri əhatə edən dövr üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan hesablar üzrə bütün ödənişlərin edildiyi, cavabdehin həmin dövr üzrə iddiaçıya heç bir borcunun olmadığı təsdiq olunur.
33. Belə ki, xx.xx.2021-ci il tarixli 38 saylı hesab üzrə 12080,87 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2021-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 29, 31, 32).
34. xx.xx.2021-ci il tarixli 1085 saylı hesab üzrə 26970,05 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2021-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 33, 35, 36).
35. 01.12.2020-ci il tarixli 1016 saylı hesab üzrə 12928,87 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 37, 39, 40).
36. 01.11.2020-ci il tarixli 950 saylı hesab üzrə 9505,19 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 41, 43, 44).
37. 31.08.2020-ci il tarixli 34 saylı hesab üzrə 3875,16 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 45, 46)
38. 01.10.2020-ci il tarixli 872 saylı hesab üzrə 19688,61 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 47, 49, 50).
39. 30.09.2020-ci il tarixli 37 saylı hesab üzrə 2834,36 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 51, 52, 53).
40. 01.09.2020-ci il tarixli 773 saylı hesab üzrə 29927,67 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 54, 57, 58).
41. xx.xx.2020-ci il tarixli 665 saylı hesab üzrə 6517,24 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 59, 61, 62).
42. 01.10.2020-ci il tarixli 872 saylı hesab üzrə 19688,61 manat məbləğində xidmət haqqı hesablanması barədə Forma 869 tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmişdir (cild 1, i/v 68, 69, 70).
43. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində həmin ödənişlərin edilməsini təsdiq etmiş, lakin iddia tələbində göstərilən dövr ərzində Cavabdeh MMC tərəfindən edilmiş ödənişlərin cavabdehin əvvəlki dövrlər üzrə yaranmış borclarına silindiyini bildirmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
44. Cavabdehə təqdim edilmiş hesablarda isə borcun əvvəlki dövrlər üzrə yaranması qeyd edilməmiş, habelə cavabdeh tərəfindən edilmiş ödənişlərdə ödənişin təyinatı kimi həmin hesablara istinad edilmişdir.
45. Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə xidmətlərin göstərilməsi barədə tərtib olunan digər Forma 869 təqdim edilməmişdir.
46. Halbuki, yuxarıda göstərilən sənədlərdən müəyyən edilir ki, tərəflər arasındakı işgüzar münasibətlər məhz bu şəkildə olmuş, yəni iddiaçı tərəfindən Forma 869 tərtib olunaraq cavabdehə təqdim edilmiş və onun əsasında cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir.
47. Ona görə də, iddiaçı tərəfindən təqdim olunan elektron qaimələr əlavə xidmətlərin göstərildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.
48. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndində də qeyd olunmuşdur ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” rekvizitində öz əksini tapır.
49. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
50. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbində göstərilən dövr üçün cavabdehin iddiaçıya borcunun olması müəyyən edilmir və ona görə də, iddia rədd edilməlidir.
51. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2011/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova