Məhkəmə qərarları › İş №2-2(103)-1031/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1031/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1031/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndasi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-31/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdeh Qanuni nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələr ilə məhkəməyə müraciət edərək, DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 5947,69 manat cərimə borcu olmaqla cəmi 36626,47 manat borcun, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 5525,88 manat cərimə borcu olmaqla cəmi 33066,79 manat borcun, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 83998 manat əsas borc, 13118,73 manat faiz borcu, 9183,78 manat cərimə borcu olmaqla cəmi 106 300,51 manat borcun, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6095 manat əsas borc, 1021,77 manat faiz borcu, 509,27 manat cərimə borcu olmaqla cəmi 7626,04 manat borcun və ödənilmiş 73,62 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-31/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 avqust 2020-ci il tarixdə bağlanmış DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 507,68 manat cərimə, 05 iyul 2021-ci il tarixdə bağlanmış DCL90040254-04 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 22,28 manat cərimə, 10 noyabr 2021-ci il tarixdə bağlanmış DCL90040254-05 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 83998 manat əsas borc, 9312,87 manat faiz borcu, 34,99 manat cərimə, 09 dekabr 2021-ci il tarixdə bağlanmış DCL90040254-06 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 6095 manat əsas borc, 661,98 manat faiz borcu, 2,54 manat cərimə olmaqla ümumilikdə 158 855,03 məbləğində pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-31/2024 nömrəli qətnaməsinin faiz və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsini və xx.xx.2023cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-31/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, icraata xitam verilməsini, həbsdə olan mülklərin, qiymətləndirilmə ekspertləri tərəfindən, qiymətləndirilib və borc məbləğinə uyğun olan bir mülkü həbsdə, digərlərini isə həbsdən azad edib satın alınmasına icazə verilməsinə şərait yaradılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

5. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etsə də, düzgün qənaətə gəlməmişdir. Müqavilənin şərtinə uyğun olaraq DCL90040254-05 saylı kredit müqaviləsinə əsasən 13118,73 manat, DCL90040254-06 saylı kredit müqaviləsinə əsasən isə, müvafiq olaraq, 1021,77 manat faiz borcu təmin edilməli idi. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılmasıMəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansımeyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcıməqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Prosessual Məcəllənin 220.1 və 220.4-cü maddəsinə əsasənQətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı və qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlarırədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Müqavilənin şərtinə uyğun olaraq DCL90040254-05 saylı kredit müqaviləsinə əsasən 13118,73 manat, DCL90040254-06 saylı kredit müqaviləsinə əsasən isə, müvafiq olaraq, 1021,77 manat faiz borcu təmin edilməli idi. Ekspert rəyində qeyd edilmişdir ki DCL90040254-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 9312,87 manat, DCL90040254-06 saylı kredit müqaviləsi üzrə analoji tarixə 661.98 manat faiz borcu hesablanmışdır. Həmçinin rəydə qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər faiz borcuna silinmişdir. Bildiririk ki, ekspert hesabdan çıxarışda qeyd edilən əməliyyatlara düzgün qiymət verməmiş həmin məbləğləri tamamilə faiz borcuna silmişdir. Belə ki, ekspertizaya təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi, cari ödəmələr müvafiq olaraq, cərimə borcuna silinmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə faiz məbləğlərinin ödənişlərində silinmələr ekspert tərəfindən düzgün aparılmamış, bu səbəbdən faiz borcu məbləğində fərq yaranmışdır. Odur ki, hesab edirik ki, xx.xx.2022-ci il tarixə hesablanmış DCL90040254-05 saylı kredit müqaviləsi üzrə 13118,73 manat, DCL90040254-06 saylı kredit müqaviləsi üzrə, 1021,77 manat faiz borcu düzgün olduğundan tam təmin edilməli idi. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Belə ki, əlavə ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətdə ekspert rəyində qeyd edilən faiz borclarına silinmələrin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda faiz borcuna silinmələr üzrə uyğun olmamış, bu səbəbdən faiz borcu məbləğində fərq yaranmışdır. Məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan faiz məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə azaldılmışdır. Bildiririk ki, iş üzrə borc məbləğinin düzgün hesablanmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizaya təqdim edilmiş hesabdan çıxarışlarla müqayisədə müəyyən edilir ki,ekspertiza rəyində xx.xx.2022-ci il tarixə hesablanmış DCL90040254-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 9312,87 manat, DCL90040254-06 saylı kredit müqaviləsi üzrə analoji tarixə 661.98 manat faiz borcu düzgün hesablanmamışdır. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən faiz borc məbləğiəsaslı hesab edilə bilməz. Həmçinin, Məhkəmə cərimə məbləğiniazaltdıqda öhdəliyin icrаsının gecikdirilməsimüddətlərini nəzərə almamışdır. Belə ki, 04 avqust 2022-ci il tarixə cavabdeh tərəfindən 24 avqust 2020-ci il tarixli DCS90040254-03 saylı, 05 iyul 2021-ci il tarixli DCL90040254-04 saylı, 10 noyabr 2021-ci il tarixli, 09 dekabr 2021-ci il tarixli Maliyyələşdirmə üçün ərizələr üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayımüvafiq olaraq, 379, 429, 424, 424 gün olduğundan cərimə məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, 507.68, 22.28, 34.99, 2.54 manat məbləğlərində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

6. Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hal-hazırda onların Banka qətnamədə göstərilən məbləğ miqdarında borcu qalmamış, hər ay onlar tərəfindən pul ödənilir və qətnamədə göstərilən məbləğin əsas hissəsi ödənilmiş, ancaq Bank qanunsuz olaraq ödənilmiş məbləğləri faiz borcuna silmişdir, ona görə də yenidən ekspertizanın keçirilməsi labüddür. Həmçinin də məhkəmə ümumi iqtisadi vəziyyəti nəzərə almayaraq Bank tərəfindən şişirildilmiş faiz pulun tam silinməsində maraq olmayaraq Mülki Məcəllənin nəzərdə tutulmuş müddəalarına əməl etməyərək ekspertizanın rəyindən sonra Bank tələbin həcmini artırılması barədə Məhkəməyə ərizə təqdim edərək və həmin ərizəyə əlavə etməklə müqavilə şərtlərini pozmaqla qəsdən şişirdilmiş faiz borcunu hesablamaqla qanunvericiliyi kobud şəkildə pozaraq hakim də həmin qanunsuz hesablanmış faizi cavabdehin üzərinə qoymaqla hansısa maraqlardan çıxış etmişdir. Həmçinin də Bank tərəfindən, borc məbləğindən qat-qat artıq olan və dəyəri bir milyon AZN-an artıq olan, şəxsi iki mülkə və X6 MMC-in balansında olan avtomobilə həbs qoymaqla borc alanın faktiki olaraq fəaliyyətini məhdudlaşdırılması və hansısa bir başqa üsulla borcu ödənilməsini tələb etmək insan haqlarının və konstitusiya qanunlarını pozmaq deməkdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

13. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

20. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixdə BB GTS-246/215 nömrəli “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış 05 iyul 2021-ci il tarixli DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 25067 manat məbləğində, 10 noyabr 2021-ci il tarixli DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 83998 manat məbləğində, 09 dekabr 2021-ci il tarixli DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 6095 manat məbləğində birdəfəlik kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında 24 avqust 2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı dövriyyə vəsaitlərinin artırılması üçün qaytarılmaq, məqsədli istifadə və faizlər ödəmək şərti ilə cavabdehə 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 18 ay müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin adıçəkilən 4 kredit müqaviləsi üzrə cavabdeh Qanuni nümayəndə Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

21. Kredit və zaminlik müqaviləsi cavabdehlərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

22. İddiaçı DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 83998 manat əsas borc, 13118,73 manat faiz borcu, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6095 manat əsas borc, 1021,77 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb etmişdir.

23. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək qeyd etmişdir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-yə iddia ərizəsini yollayaraq kredit müqavilələri üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh1 MMC tərəfindən qəbul edildiyi tarixdən müqavilələr xitam edilmiş hesab edilməlidir. Lakin həmin tarixdə (xx.xx.2022-ci il) xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı və 05 iyul 2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqavilələri üzrə kreditin müddəti başa çatmışdır. Belə olan halda iddiaçı xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı müqavilə üzrə kredit müddətinin başa çatdığı xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı müqavilə üzrə kredit müddətinin başa çatdığı xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı və xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı müqavilələr üzrə isə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

25. Lakin iddiaçı məhkəmənin faiz və cərimə borcları ilə bağlı gəldiyi qənaətlə razılaşmamış və apellyasiya şikayəti vermişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(113)-119/2023 nömrəli qərardadı əsasında aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 39621,6 manat, faiz borcu 952,85 manat, xx.xx.2021-ci il tarixli DCL90040254- 04 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 25067 manat, faiz borcu 2473,91 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 83998 manat, faiz borcu 9312,87 manat, xx.xx.2021-ci il tarixli DCL90040254- 06 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 6095 manat, faiz borcu 661,98 manat təşkil edir.

27. Məhkəmə hesab etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehlər ekspert rəyinə etiraz etməmiş, iddiaçı isə rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, ekspert rəyinə əsas və faiz borcu hissəsində etiraz etməmişdir.

28. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli DCS90040254- 03 saylı kredit müqaviləsi üzrə əsas borc 30678,78 manat (iddiaçının tələb etdiyi əsas borc məbləği), xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə əsas borc 25067 manat, faiz borcu 2473,91 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə əsas borc 83998 manat, faiz borcu 9312,87 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə əsas borc 6095 manat, faiz borcu 661,98 manat olaraq müəyyən edilməlidir.

29. İddiaçı DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 5947,69 manat cərimə borcu, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5525,88 manat cərimə borcu, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9183,78 manat cərimə borcu, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 509,27 manat cərimə borcunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

30. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı və xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır.

31. xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsinin 4.2-ci bəndindən görünür ki, borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).

34. Göründüyü kimi, Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu müddət ərzində yol verilmiş pozuntuya görə məsuliyyət müqavilənin müddətinin başa çatmasına görə aradan qalxmır. Lakin müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi adıçəkilən Qərarda qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

35. Bu mənada məhkəmə qeyd etmişdir ki, ekspert qarşısında müqavilənin qüvvədə olduğu müddətlərdə cərimənin hesablanması ilə bağlı suallar qoyulmuş, ekspert tərəfindən ona uyğun rəy verilmişdir.

36. Belə ki, 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 507,68 manat (xx.xx.2022-ci il tarixə), xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 22,28 manat (xx.xx.2022-ci il tarixə), xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 34,99 manat (xx.xx.2022ci il tarixə), xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 2,54 manat (xx.xx.2022-ci il tarixə) təşkil edir.

37. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

39. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdehlər öhdəliyi hissəvi icra etməmişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilən cərimə məbləğləri ağlabatan və ədalətlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin əsas borc, faiz borcu və cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən əsaslardan çıxış edərək, birinci instansiya məhkəməsi borcu müəyyən edərkən ekspert rəyini nəzərə almış, tərəflər ekspert rəyi ilə razı olmuş və həmin dəlillər əsaslandırılmamışdır. Odur ki, kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır.

41. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin əmlaka həbslə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi qərardadından şikayət hüququ var, həmçinin həmin tədbirin ləğv edilməsinə dair tətbiq etmiş məhkəməyə müraciət etmək hüququ vardır. Hazırkı halda həmin tədbirlərin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Ona görə də, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsaslar yoxdur.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Tərəflərin apellyasiya şikayətlərinə görə ödədikləri dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC və cavabdeh Qanuni nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-31/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar