Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1033/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2ASC və X6 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3437/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-yə və X6 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Xidmət Mərkəzinin Notariat Ofisində tərtib olunmuş xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı və 8İ-7687 saylı icra qeydlərinin ləğv edilməsini, vəkilə ödənilən 120 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu, cəmi 220 manat pulun Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, cavabdeh X9 Səhmdar Cəmiyyətindən xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Maliyyələşdirmə Ərizəsi və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə ərizəsi üzrə borc pul almışdır. Hər iki Ərizə üzrə iddiaçının öhdəliyinə digər İddiaçı2 zamin olmuşdur. Lakin İddiaçı1 həmin Maliyyələşdirmə Ərizələri üzrə aldığı pulun əksəriyyətini qaytarmışdır. Onun qalan borcu xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Ərizə üzrə isə 20 000 manat və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı Ərizə üzrə isə 15 000 manat, cəmi 35 000 manatdır. Buna baxmayaraq cavabdeh X9 Səhmdar Cəmiyyəti, X6 Xidmət Mərkəzinin Notariat Ofisində (Xüsusi X1 imzası ilə) xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Ərizə üzrə xx.xx.2023-cü il tarixli 8İ-7687 saylı İcra qeydini tərtib etdirib və iddiaçılardan 37 935 manat 56 qəpik əsas borc, 542 manat 90 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 38 503 manat 46 qəpik pulun ödənilməsini tələb edir. Yenə cavabdeh X9 Səhmdar Cəmiyyəti, X6 Xidmət Mərkəzinin Notariat Ofisində (Xüsusi X1 imzası ilə) xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı Ərizə üzrə xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı İcra qeydini tərtib etdirib və iddiaçılardan 27 314 manat 60 qəpik əsas borc, 363 manat 89 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 27 703 manat 49 qəpik pulun ödənilməsi tələb edir. Hər iki İcra qeydindən iddiaçıların Sabirabad rayon icra şöbəsində 2024-ci ilin aprel ayında məlumat olub. Həmin icra qeydləri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb bu səbəblə ləğv olunmalıdır. Məhz Notariat haqqında AR Qanunun 76-cı maddəsinə görə, “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Hesab edirik ki, İcra qeydləri veriləndə bu qaydalar pozulub. Belə ki, həmin normadan məlum olur ki, icra qeydi tərəflər arasındakı “borcun mübahisəsiz olduğu” hallarda verilir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3437/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 120 manat hüquqi yardımla bağlı xərcin iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 özlərinə aid edilməsi qət edilmişdir.
4. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin hüquqi və faktiki əsası yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizələr ilə İddiaçı1 MMC-yə kreditlər verilmiş, bu kreditlərin təminatı qismində Cavabdeh2 ASC ilə İddiaçı2 arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, DG**********768 nömrəli və xx.xx.2022-ci il tarixli, DG**********025 nömrəli zaminlik müqavilələri bağlanılmış, İddiaçı1 MMC-nin Cavabdeh2 ASC qarşısında icra edilməyən pul öhdəlikləri qalmış, bununla bağlı olaraq isə xx.xx.2023-cü il tarixli 8i-7687 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 8i-7686 reyestr nömrəli İcra Qeydləri tərtib edilmiş, onlar əsasında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarları ilə icra üzrə icraata başlanılmışdır. İddiaçılar iddia ərizəsində icra qeydlərindən yalnız icra sənədləri üzrə icraata başlandıqdan sonra xəbər tutduqlarını, tələb edilən borcun mübahisəli olduğunu göstərmişlər. Məhkəmə iddiaçıların həmin arqumentləri ilə bağlı bildirmişdir ki, icra qeydlərinin aparılmasından əvvəl tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Belə ki, tələbkar tərəfindən həm İddiaçı1 MMC-nin və İddiaçı2 qeydiyyat ünvanlarına müvafiq bildirişlər göndərilmiş, lakin kuryer tərəfindən qeyd olunan ünvanda olarkən şirkətin və şəxsin həmin ünvanda yerləşmədiyi müəyyən edildiyi üçün bildirişlərin onlara çatdırılması mümkün olmamış, bununla da bank öz üzərinə düşən öhdəliyi icra etmişdir. Məhkəmə qeyd etmişdir ki, borcun mövcudluğu işin mübahisəsiz halı olmaqla birlikdə, icra qeydlərinin tərtib olunması üçün qanunvericilikdə göstərilən zəruri əsaslar mövcud olmuş və bu zaman heç bir pozuntuya yol verilməmiş, beləliklə də icra qeydlərinin ləğvi üçün əsas müəyyən edilməmişdir. İddiaçılar tələb edilən borcların reallığı əks etdirmədiyini, hazırkı iş üzrə borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olduğunu iddia etsələr də, iddiaçılar tərəfindən məhkəməyə Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda öz əksini tapmayan ödənişlərin də olması, habelə borcun icra qeydlərində göstərilən məbləğlərdən aşağı olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
5. İşdə iştirak edən şəxslər məhkəmə iclasında mübahisənin kommersiya mübahisəsi olduğunu və işə kommersiya məhkəmələrində baxılmalı olduğunu bildirirlər.
Tətbiq edilən hüquq
6. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020 tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarda həmçinin qeyd edilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə dair tələblərə ümumi məhkəmələrdə baxılır. 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinin tələbinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
Məhkəmənin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyatı üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir.
9. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən aidiyyat qaydalarını pozmuş, prosessual pozuntuya yol vermişdir.
10. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə dair tələblərə ümumi məhkəmələrdə baxılır. Hazırkı tələb notariusun icra qeydinin ləğvi olduğu üçün hazırkı mübahisəyə mülki icraat qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır.
11. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iş aidiyyati üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3437/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3437/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.