Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1036/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3720/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci hissəsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır. Kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi; uzunmüddətli kredit xəttinin məbləği – 500 000 manat; kreditin maksimum müddəti 120 ay; kreditin son müddəti – kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 26 avqust 2032-ci il; FİFDin yuxarı həddi – 30 faiz; aylıq ödənişin yuxarı həddi – 50000 manat. Verilən hər bir kredit üzrə kredit məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtlər hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.
2. Kredit və təminat müqaviləsinin 11-ci hissəsinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır (11.1). Kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə, zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur.
3. İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 50000 manat olan krediti illik faiz dərəcəsi 19 (on doqquz) % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir.
4. xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 05 oktyabr 2022-ci il, son ödəniş tarixi isə 05 sentyabr 2025-ci il olmaqla 50000 manat kredit məbləği və 16579,66 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
5. Maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borcu 48212,56 manat, faiz borcu 4066,25 manatdır.
6. xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərini əhatə edən Cavabdeh1 məxsus AZ05ACAB******************** nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş 1850 manat ödənişdən 794,44 manat əsas, 1055,56 manat faiz, xx.xx.2022-ci il tarixdə edilmiş 1910 manat ödənişdən 993 manat əsas, 857 manat və 0,95 manat (xx.xx.2022-ci il tarixdə) faiz borcuna olmaqla ümumilikdə 1787,44 manat əsas, 1913,51 manat faiz borcuna silinmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48212,56 manat əsas borc, 4066,25 manat faiz borcu və 1321,02 manat cərimə olmaqla ümumilikdə 53599,83 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500 000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Lakin Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin tələblərini pоzaraq ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit bоrcundan 1787,44 manat ödəmiş, onun 48212,56 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, onun xx.xx.2023-cü il tarixə 137 gün üçün hesablanmış faiz borcu 4066,25 manat, kredit bоrcunu və faiz borcunu iddiaçıya qaytarmadığı üçün cərimə borcu isə 1321,02 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alanın həmin müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmçinin Cavabdeh2 müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Belə olan halda qeyd edilən məbləğlər cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2646/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində imzalanmış 26 avqust 2022-ci il tarixli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 48212 (qırx səkkiz min iki yüz on iki) manat 56 (əlli altı) qəpik əsas borc, 4066 (dörd min altmış altı) manat 25 (iyirmi beş) qəpik faiz borcu, 88 (səksən səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 52 366 (əlli iki min üç yüz altmış altı) manat 81 (səksən bir) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissəhissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasına Cavabdeh2 həmin müqaviləyə imza etməklə zaminə durmuşdur. Cavabdeh1 kredit məbləğini təşkil edən 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 2023-cü ilin may ayında mediasiya təklifi yollayaraq həmin tarixə kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən (razılaşmadan) imtinaya yönəlmişdir və təklifin cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 017R********** saylı razılaşmaya xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək gecikdirilmiş faiz borcunu və kreditin əsas məbəğini tam şəkildə tələb edə bilər. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2023-cü il tarixə olan faiz borcunu tələb edir.
12. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşması üzrə əsas borc məbləği 48212,56 (50000 – 1787,44) manat, faiz məbləği isə 4066,25 manat təşkil edir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli 017L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma uzunmüddətli kredit və təminat müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də Cavabdeh2 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.
14. Məhkəmə kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir və iddiaçının tələb etdiyi tarixə ödənilməsi gecikdirilən əsas kredit məbləği 6416,13 manat olmuşdur. Eləcə də xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşması üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2-2(113)-3720/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın tam rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçı öz mülki hüquqlarından sui istifadə edərək, həddən artıq şişirdilmiş məbləğin cavabdehdən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, iş üzrə digər cavabdeh və kredit müqaviləsini bağlamış Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışdır. Cavabdehlər iddiaçının Xırdalan filialına yaxınlaşaraq, həmçinin mediatorla əlaqə saxlayaraq razılıq əldə etməyə çalışsalar da, iddiaçı bundan imtina etmişdir. Belə ki, mövcud maddi çətinliklərlə bağlı kredit razılaşması üzrə öhdəliklərin restrukturizasiyasını təklif etmişlər lakin iddiaçı razı olmamışdır. Halbuki bank qarşı tərəfin təqsiri olmadan baş vermiş halı nəzərə alaraq, kredit müqaviləsinin şərtlərinin mövcud şəraitə uyğunlaşdırılmasını təmin edə bilərdi. Lakin iddiaçı mülki hüquqlarından sui istifadə etmiş, nəticədə isə iddiaçıya maddi ziyan vurulmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərini pozulmasına səbəb olmuşdur. Məhkəmə müvafiq mühasibatlıq ekspertizası təyin edərək, faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. İddiaçı və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddə- (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 447.1-ci maddə- əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddə- zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Azərbaycan Respublikası Mülki Prosessulal Məcəlləsi 52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3720/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il traixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmış, cavabdehə aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla 50.000 manat kredit verilmiş, cavabdeh tərəfindən ödənişlər müqavilə şərtlərinə uyğun həyata keçirilmədiyindən müqavilə bank tərəfindən birtərəfli qaydada ləğv edilərək borcun qaytarılması üçün məhkəməyə müraciət edilmişdir.
23. İş materiallarından görünür ki, hazırda apellyasiya şikayəti vermiş Cavabdeh1 işə birinci instansiya qaydasında baxılarkən 24.07.202-cü il tarixli məhkəmə iclasında iddia ilə razı olduğunu və borcu qəbul etdiyini bildirmiş, nə faiz, nə də cərimə borcuna etiraz etməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın etiraf edilməsi iddia tələbinin təmin edilməsi üçün əsas olduğundan qəbul edilmiş iddia tələblərinə cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində etiraz edilməsi yolverilməzdir.
24. Cavabdehin işə birinci instansiya qaydasında baxılarkən faiz borcunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatəti olmadığından və ümumiyyətlə faiz borcu mübahisələndirilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməməsi pozuntu kimi qəbul edilə bilməz.
25. Müqavilə üzrə faizlərin xəbərdarlıq məktubu göndərildiyi tarixədək hesablanmalı olduğuna dair cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında şifahi olaraq irəli sürdüyü mülahizə ilə bağlı məhkəmə qeyd edir ki, bank tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda yalnız gecikdirilmiş borcun ödənilməsi tələb edildiyindən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qalıq kredit borcunun məbləği ilk dəfə cavabdehdən xx.xx.2023-cü il tarixdə-mediasiya prosesində tələb edilmişdir. İddiaçı hazırda cavabdehdən xx.xx.2023-cü il tarixədək yaranmış faiz borcunu tələb etdiyindən tələb edilən faiz borcunun bankın müqavilədən imtina edildiyi tarixədək hesablandığı müəyyən olunur. Göstərilənlərə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət olmadığı və işə baxmış məhkəmə tərəfindən mübahisənin işdəki sübutlara əsasən düzgün müəyyən edildiyi, hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3720/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3720/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.