Məhkəmə qərarları › İş №2-2(103)-1036/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1036/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1036/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X3 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, faiz və cərimə borcunun düzgün hesablanmaması, müqavilə müddətinin bitmə tarixinə yaranan borc, cərimə borcunun azaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 X3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 X2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (MMC) arasında “İnvoysların Diskontlaşdırılması” üzrə 20 oktyabr 2023-cü il tarixli İDK0659 saylı Kredit Limiti Müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən kredit limitinin məbləği 300 000 manat müəyyənləşdirilmişdir.

2. Müqavilənin 2.1-ci bəndində razılaşdırılmışdır ki, bank müştərinin üçüncü şəxsə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında müştəriyə müqavilənin 1.1-ci və 1.2-ci bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan İD üzrə kredit limiti açır, kredit limiti çərçivəsində invoys əsasında maliyyələşdirmənin tərəflər arasında imzalanacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olacaq müvafiq maliyyələşdirmə üçün ərizə formasında göstərilən şərtlər əsasında icra ediləcəkdir.

3. Bankla Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ZF0684 saylı zaminlik müqaviləsinə əsasən, zamin bankla bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında imzalanacaq müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürür.

4. xx.xx.2023-cü il tarixli İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən "Real Procurement” MMC-yə xx.xx.2023-cü ilə kimi illik 14,50% olmaqla 27 867,11 manat məbləğində, eyni tarixli İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 573,95 manat, xx.xx.2023-cü il tarixli İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37 108,24 manat, xx.xx.2023-cü il tarixli İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinə kimi 14 118,11 manat, xx.xx.2023-cü il tarixli İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinə kimi 11 942,87 manat məbləğində kredit verilmişdir.

5. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə banka İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 867,11 manat əsas, 695,90 manat faiz, 4214,53 manat cərimə borcu olmaqla cəmi 32 777,54 manat borcu var, gecikmə günü 211; İDK.0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 573,95 manat əsas, 438,86 manat faiz borcu, 2995,38 manat cərimə borcu olmaqla cəmi 21 008,19 manat borcu var, gecikmə günü 211; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,108.24 manat əsas, 851,94 manat faiz borcu, 6324,89 manat cərimə borcu olmaqla cəmi 44 285,07 manat borcu var, gecikmə günü 211; İDK.0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 118,11 manat əsas, 329,81 manat faiz borcu, 2371,65 manat cərimə borcu olmaqla cəmi 16 819,57 manat borcu var, gecikmə günü 207; İDK.0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 942,87 manat əsas, 288,62 manat faiz, 1976,88 manat cərimə borcu olmaqla cəmi 14 208,37 manat borcu var, gecikmə günü 204 gün təşkil edir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən MMC-nə və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı ASC (iddiaçı) Cavabdeh1nə və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 867,11 manat əsas borc, 695.90 manat faiz borcu, 4214.53 manat cərimə borcu olmaqla, cəmi 32 777,54 manat məbləğində borcun; - İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 573,95 manat əsas borc, 438,86 manat faiz borcu, 2995,38 manat cərimə borcu olmaqla, cəmi 21 008,19 manat məbləğində borcun; - İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37 108,24 manat əsas borc, 851,94 manat faiz borcu, 6324,89 manat cərimə borcu olmaqla, cəmi 44 285,07 manat məbləğində borcun; - İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 118,11 manat əsas borc, 329,81 manat faiz borcu, 2371,65 manat cərimə borcu olmaqla, cəmi 16 819,57 manat məbləğində borcun; - İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 942,87 manat əsas borc, 288,62 manat faiz borcu, 1976,88 manat cərimə borcu olmaqla, cəmi 14 208,37 manat məbləğində borcun, iddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında 20 oktyabr 2023-cü il tarixdə İnvoysların Diskontlaşdırılması üzrə İDK0659 saylı Kredit Limiti Müqaviləsi imzalanmış, müqavilənin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli ZF0684 saylı zaminlik müqaviləsi bağlanmışdır. İnvoysların Diskontlaşdırılması üzrə İDK0659 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində bankla “REAL PROCUREMENT" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla borcalana illik faiz dərəcəsi 14,50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29,50% olmaqla xx.xx.2023-cü il tarixədək 27 867,11 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2023-cü il tarixdə İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla borcalana illik faiz dərəcəsi 14,50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29,50% olmaqla xx.xx.2023-cü il tarixədək 17 573,95 manat məbləğində pul vəsaiti verilmişdir. Bankla “REAL PROCUREMENT" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla borcalana illik faiz dərəcəsi 14,50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29,50% olmaqla xx.xx.2023-cü il tarixədək 37 108,24 manat məbləğində pul vəsaiti verilmişdir. Bankla Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla borcalana illik faiz dərəcəsi 14,50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29,50% olmaqla xx.xx.2023-cü il tarixədək 14,118.11 manat məbləğində pul vəsaiti verilmişdir. Bankla “REAL PROCUREMENT" MMC arasında xx.xx.2023-cü il tarixdə İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla borcalana illik faiz dərəcəsi 14,50%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29,50% olmaqla xx.xx.2023-cü il tarixədək 11 924,87 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin borclular qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişlər. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə bank qarşısında öhdəlikləri: - İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 867,11 manat əsas borc, 695,90 manat faiz borcu, 4214,53 manat cərimə borcu olmaqla cəmi 32 777,54 manat təşkil edir, gecikmə günü: 211 - İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 573.95 manat əsas borc, 438.86 manat faiz borcu, 2995,38 manatı cərimə borcu olmaqla, cəmi 21 008,19 manat təşkil edir, gecikmə günü: 211 - İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37 108,24 manat vəsas borc, 851,94 manatı faiz borcu, 6324,89 manat cərimə borcu olmaqla cəmi 44 285,07 manat təşkil edir, gecikmə günü: 211 - İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 118,11 manat əsas borc, 329,81 manat faiz borcu, 2371,65 manat cərimə borcu olmaqla cəmi 16 819,57 manat təşkil edir, gecikmə günü: 207 - İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 942,87 manat əsas borc, 288,62 manat faiz borcu, 1976,88 manat cərimə borcu olmaqla cəmi 14 208,37 manatı təşkil edir. gecikmə günü: 204. Bank tərəfindən iddia ərzəsinin verilməsi üçün 420 manat məbləğində dövlət rüsumu ödənilmişdir. X7 4-cü bölümünün 3.11 -ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və "Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə "Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X7 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmiş, iddiaya qarşı etiraz da göndərməmişlər.

10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin müqavilə müddətinin sonuna xx.xx.2023-cü il tarixli İDK.0659/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 27 867,11 manat, faiz borcu 662,23 manat, xx.xx.2023-cü il tarixli İDK.0659/14 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 17 573,95 manat, faiz borcu 424,70 manat, xx.xx.2023-cü il taixli İDK.0659/15 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 37 108,24 manat, faiz borcu 851,94 manat, xx.xx.2023-cü il tarixli İDK.0659/16 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 14 118,11 manat, faiz borcu 341,19 manat, xx.xx.2023-cü il tarixli İDK.0659/17 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 11 942,87 manat, faiz borcu 283,81 manat təşkil edir.

11. Birinci instansiya məhkəməsinin 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 867,11 manat əsas borc, 662,23 manat faiz borcu, 1394 manat cərimə borcu, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 573,95 manat əsas borc, 424,70 manat faiz borcu, 879 manatı cərimə borcu; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37 108,24 manat əsas borc, 851,94 manatı faiz borcu, 1855 manat cərimə borcu, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 118,11 manat əsas borc, 329,81 manat faiz borcu, 706 manat cərimə borcu; İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 942,87 manat əsas borc, 283,81 manat faiz borcu, 597 manat cərimə borcu və dövlət rüsumunun əvəzi olaraq 407 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manatın cavabdehlər "Real Procurement” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir, cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçının maliyyə arayışında göstərilən tarixlərə yaranmış borc tutularkən İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu ekspert rəyində daha aşağı həddə müəyyən edildiyi üçün rəyə uyğun, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə ekspert rəyi daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas və faiz borcu həm iddia tələbində, həmdə ekspert rəyində eyni olduğu üçün iddia tələbinə uyğun, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə iddia tələbinə əsasında (ekspert rəyi ilə daha yuxarı həddə müəyyən edilib), İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc iddia tələbinə uyğun (ekspert rəyi ilə eynilik təşkil edir), faiz borcu isə iddia tələbinə uyğun (ekspert rəyi ilə daha yuxarı hədd götürülb) müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

14. Bununla belə məhkəmə hesab etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi nəzərə alınaraq, cavabdehdən tutulması tələb olunan cərimə pulları tənasübsüz şəkildə yüksək olduğundan İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1394 manat, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 879 manatı, İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1855 manat, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 706 manat, İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 597 manat məbləğində cərimə pulları cavabdehlərdən tutulmalıdır.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 399.1-ci, 442-ci, 462-ci, 467-ci, 470-ci, 472-ci, 739-cu, 741-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən Cavabdeh1 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, faiz və cərimə borcu məbləğlərini azaltmadığı, sübutlara düzgün qiymət vermədiyi, cavabdehlərlə ayrı-ayrı illərdə hansı səbəblə müxtəlif müqavilələr bağlandığını araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

24. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

39. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

40. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə tam yoxlanılması təşkil edir. Çünkü iddianın zaminə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və Cavabdeh1 şikayətinin dəlilləri qətnamənin zaminə aid hissədə də yoxlanılmasını zəruri edir.

45. Qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilməmişdir, buna görə də iddianın təmin olunmayan hissəsində qətnamə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

49. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq kredit müqavilələrinin müddətlərinin başa çatdığı tarixlərə yarandığı müəyyənləşdirilən borc məbləğlərinin cavabdehlərdən tutulması qənaətinə gəlmişdir.

50. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğlərini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.

51. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

52. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.

53. Kollegiya məhkəmənin, cavabdehlərdən müvafiq məbləğlərdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

54. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

55. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borclarının məbləğlərini mütənasib şəkildə azaltmışdır.

56. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2184/2024 saylı iş üzrə 22 avqust 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada İDK0659/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 867,11 manat əsas borc, 662,23 manat faiz borcu, 1394 manat cərimə borcu, İDK0659/14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 573,95 manat əsas borc, 424,70 manat faiz borcu, 879 manatı cərimə borcu; İDK0659/15 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37 108,24 manat əsas borc, 851,94 manatı faiz borcu, 1855 manat cərimə borcu, İDK0659/16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 118,11 manat əsas borc, 329,81 manat faiz borcu, 706 manat cərimə borcu; İDK0659/17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 942,87 manat əsas borc, 283,81 manat faiz borcu, 597 manat cərimə borcu və dövlət rüsumunun əvəzi olaraq 407 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manatın cavabdehlər "Real Procurement” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar