Məhkəmə qərarları › İş №2-2(103)-1036/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1036/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1036/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: lizinq müqaviləsi, tələbin güzəşti, öhdəliyin pozulması, maddi ziyanın ödənilməsi, əldən çıxmış fayda, subyektiv hüquq) X4 Qocayevin sədrliyi ilə, hakimlər E və S ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2805/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan X3 arasında bağlanılmış 23 oktyabr 2019-cu il tarixli, 06/2157/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd 2011-ci il buraxılışlı olan, Shacman SX3315DV326 markalı, mühərrik 1408E001314, ban № LZGJRDR638X025740-1İ olan nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən “lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti “lizinq verən”in mülkiyyətindədir.

3. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ lizinq ödənişlərinin verilməsi və “lizinq alan”ın “lizinq verən” qarşısında mövcud olan digər bütün öhdəlikləri icra etdikdən sonra “lizinq alan”a keçir.

4. Həmin müqavilənin 5.9-cu bəndinə əsasən maliyyə lizinqinin müddəti bitdikdən sonra, habelə lizinq obyekti “lizinq alan”ın istifadəsində olduğu müddətdə lizinq obyekti ilə bağlı yaranmış bütün cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə “lizinq alan” və ya sublizinq əsasında lizinq obyektini istifadə edən şəxs lizinq obyektini öz mülkiyyətinə qəbul edə bilər.

5. xx.xx.2019-cü il tarixli təhvil-təslim aktına əsasən Shacman SX3315DV326 markalı, mühərrik 1408E001314, ban № LZGJRDR638X025740-1İ olan avtomobil müştəriyə (X3) təhvil verilib.

6. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan X3 arasında olan xx.xx.2019-cu il tarixdə 06/2157/DLİZ saylı lizinq müqaviləsinin restrukturizasiyasına dair 03 noyabr 2020ci il tarixli sazişin 1.1.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra 23 ay müddətində qüvvədədir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış 1300 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda cavabdehin mülkiyyətində olan “SHACMAN SX3315DV326” markalı, mühərrik: 1408E001314, şassi LZGJRDR638X025740 olan, 99- JU-828 avtomobilini xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə, etibarnamə əsasında idarə edən ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı müvafiq lizinq müqaviləsi üzrə borcunu tam ödədiyi, bu səbəbdən həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədikləri qeyd olunmuşdur. Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140 000 (yüz qırx min) manat pulun və ödənilmiş 430 (dörd yüz otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “SHACMAN SX3315DV326 YÜK” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Xətai rayonu Babək prospektində fəaliyyət göstərən Cavabdeh MMC-dən (VÖEN: № **********) lizinq müqaviləsi əsasında əldə etmişdir. O avtomobilin dəyərini tam ödədiyindən mülkiyyətçisinə çevrilmişdir. Bununla bağlı cavabdeh təşkilat Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə №1300, xx.xx.2023-cü il tarixli məktub ünvanlamışdır. Lakin başqa mülki işlə əlaqədar nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, İddiaçı şikayəti əsasında özgəninkiləşdirilmə ilə bağlı qadağa götürüldükdən sonra isə cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri nəqliyyat vasitəsini İddiaçı verməkdən imtina etmişlər. Qeyd olunanlara əsasən iddiaçı “SHACMAN SX3315DV326” markalı, **- JU-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi hesab edilir. Lakin buna baxmayaraq cavabdeh təşkilatın vəzifəli şəxsləri qeyd olunan avtomobili özbaşnalıq edərək qanunsuz olaraq sahiblənmiş və başqa şəxsə satmışlar. Qeyd olunanlara əsasən iddiaçıya maddi zərərin cavabdeh təşkilatın qanunsuz hərəkəti nəticəsində vurulması işin mübahisəsiz hallarıdır. Ona görə də hesab edir ki, baş vermiş delikt nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

10. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, lizinq müqaviləsi üzrə ödənilmiş 55000 manat pul vəsaitinin cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməsi, cavabdeh təşkilatın özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində iddia qaldırılan günə əldən çıxmış fayda olaraq 90000 manat pulun və ödənilmiş 445 (dörd qırx beş) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz verib iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, verilmiş iddianı və cavabdehdən tələb olunan məbləğləri ağlasığmaz hesab edirlər. Həmçinin xx.xx.2019-cu il tarixli 06/2157/DLİZ saylı müqavilə xitam olunaraq, müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətçiyə qaytarılmışdır. Hesab edir ki, iddia rədd edilməlidir, belə ki iddiaçının bu iddianı verməyə hüququ yoxdur.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2805/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 445 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, adıçəkilən nəqliyyat vasitəsi lizinq verən Cavabdeh MMC ilə lizinq alan X3 arasında bağlanılmış 23 oktyabr 2019-cu il tarixli, 06/2157/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi əsasında üçüncü şəxs X2 lizinqə verilmişdir. Müqavilə müddəti ərzində lizinq ödənişləri materiallarda olan ödəniş qəbzlərinə əsasən lizinq alan R.Terçiyevin adından həyata keçirilmişdir. İddiaçı həmin müqavilənin tərəfi olmamış, müqavilə onun xeyrinə bağlanmamış, müqavilə üzrə hüquq və öhdəliklər sonradan ona ötürülməmişdir. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliyi olduğundan həmin ödənişlərin qaytarılmalı olması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. İddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2805/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən apellyasiya şikayət verilmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “SHACMAN SX3315DV326” markalı, mühərrik: 1408E001314, Şassi LZGJRDR638X025740 olan, **-JU-*** avtomobilə dair lizinq verən Cavabdeh MMC ilə lizinq alan X3 arasında bağlanılmış 23 oktyabr 2019cu il tarixli, 06/2157/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi əsasında üçüncü şəxs X2 lizinqə verilmişdir. Müqavilə müddəti ərzində lizinq ödənişləri İddiaçı tərəfindən həyata keçirildiyindən X1 ərizəsi əsasında qeyd edilən lizinq müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. Bu səbəbdən də cavabdeh təşkilat Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış №1300, xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, mülkiyyətlərində olan “SHACMAN SX3315DV326” markalı, mühərrik: 1408E001314, Şassi LZGJRDR638X025740 olan, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019 il tarixli lizinq müqaviləsi üzrə, etibarnamə əsasında idarə edən, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı müvafiq lizinq müqaviləsi üzrə borcunu tam ödəmişdir, həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Qeyd edilən avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi üçün lizing müqaviləsinin onun adına rəsmiləşdirilməsi şərtdir. Bununla bağlı məhkəmə iclas zalında üçüncü şəxs X3 qeyd etmişdir ki, ərizəsi əsasında üçtərəfli müqavilə bağlanmışdır ki, avtomobil İddiaçı adına keçsin. “Shacman SX3315DV326” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bu günə real dəyəri 55 000 manat təşkil etsə də, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə 50 000 manat cavabdeh təşkilata ödənilmişdir. Cavabdeh təşkilatın özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində 90 000 manat qazancından məhrum olmuşdur. Həmin avtomobilin istifadəsindən və ya icarəsindən hər gün təxminən 250 manat, aya 7500 manat qazanc əldə edirdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. ... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 387. Öhdəliyin tərəfləri 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. ... Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ... Maddə 747. Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ... Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). ... Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri ... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. ...

Maddə 747-4. Sublizinq 747-4.1. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. 747-4.2. Sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır.

Maddə 748. Lizinq müqaviləsinin forması 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. ...

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarı

... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. ...

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən tərəfindən tam şəkildə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən Cavabdeh MMC ilə X3 arasında lizinq müqaviləsi bağlanılmış və müqavilə üzrə ödənişlər X1 adından edilmişdir.

26. Apellyasiya şikayətində ödənişlərin İddiaçı tərəfindən həyata keçirildiyi, X1 ərizəsi əsasında qeyd edilən lizinq müqaviləsinin iddiaçının adına dəyişdirildiyi qeyd edilsə də bu barədə sübutlar təqdim edilməmişdir. İş materiallarından görünür ki, lizinq müqaviləsi Cavabdeh MMC ilə X3 arasında bağlanmış və xx.xx.2019-cü il tarixli təhviltəslim aktına əsasən lizinq obyekti olan nəqliyyat vasitəsi X2 təhvil verilmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış məktubu təqdim edərək ödənişlərin İddiaçı tərəfindən edildiyini qeyd etsə də, iş materiallarına əlavə edilən mədaxil qəbzlərindən müəyyən edilir ki, ödənişlər X1 adından edilmişdir.

27. Öhdəliyin tərəfləri kreditor və borcludur. Bir qayda olaraq öhdəlik yalnız onun tərəfləri üçün hüquq və vəzifələr yaradır (üçüncü şəxsin xeyrinə bağlanan müqavilə istisna olmaqla). Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa şəxs eyni öhdəlik üzrə həm borclu, həm də kreditor ola bilər (Mülki Məcəllə, maddə 387.2). Hazırkı mübahisə üzrə lizinq müqaviləsində Cavabdeh MMC və R.Terçiyev arasında belə münasibət mövcud olmuşdur. R.Terçiyev lizinq ödənişlərinin vaxtında ödənilməsi və s. öhdəliklər üzrə borclu, lizinqə verilmiş əmlakın sahibliyinə və istifadəsinə verilməsi, habelə lizinq ödənişləri başa çatdıqdan sonra əmlakı mülkiyyətinə əldə etmək hüququ üzrə kreditor olmuşdur.

28. R.Terçiyevə kreditor kimi məxsus olan bu hüquqların İddiaçı keçməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri olmalıdır.

29. İlk, olaraq apellyasiya şikayətinin dəlili kimi göstərilmiş, lizinq müqaviləsi üzrə ödənişlərin İddiaçı tərəfindən edilməsinə qiymət verilməlidir. Lizinq ödənişlərinin ödənilməsi öhdəliyi şəxsən icra edilməli öhdəlik deyildir. Bu öhdəliyin üçüncü şəxs tərəfindən icrasına qanunla və ya müqavilə ilə hər hansı məhdudiyyət qoyulmamışdır. Odur ki, istər İddiaçı, istərsə də hər hansı başqa şəxs tərəfindən öhdəlik icra edilə bilərdi. Bu isə özlüyündə R.Terçiyevin lizinq müqaviləsindən irəli gələn hüquqlarının öhdəliyi icra etmiş şəxsə keçdiyini ehtimal etmək üçün əsas ola bilməz.

30. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən R.Terçiyevin lizinq müqaviləsindən irəli gələn öhdəliyinin iddiaçıya ötürüldüyünü fərz etsək, yenə də öhdəliyin verilməsi həm də hüquqların verilməsini (tələbin güzəşti) ehtiva etmədiyindən, İddiaçı öhdəliyin pozulmasına görə cavabdehdən nəyisə tələb etməyə hüququ yaranmır.

31. İddiaçı lizinq müqaviləsindən irəli gələn hüquqları əldə edə bilməsi üçün müqavilə şərtlərinə və Mülki Məcəllənin 747-4, 748.1-ci maddələrinə əsasən cavabdehin yazılı razılığı ilə R.Terçiyevlə İddiaçı arasında yazılı sublizinq müqaviləsi bağlana bilərdi. Bu halda İddiaçı lizinq ödənişlərini etdikdən sonra lizinq predmetini öz mülkiyyətinə keçirməyə hüququ yaranacaqdı və bu hüququn həyata keçirilməsinə mane olan pozuntuya görə zərərin əvəzini də tələb edə bilərdi. Lakin belə bir sublizinq müqaviləsinin mövcud olması öz təsdiqini tapmamışdır.

32. Digər əsas isə R.Terçiyevlə İddiaçı arasında bağlanmış tələbin güzəşti haqında müqavilə ola bilərdi. Lizinq müqaviləsi sadə yazılı formada bağlanmış olduğundan, tələbin güzəşti haqqında müqavilə də sadə yazılı formada bağlanmalı idi (Mülki Məcəllə, maddə 194.4). İş materiallarında R.Terçiyev və İddiaçı arasında tələbin güzəşti haqqında yazılı müqavilə yoxdur.

33. Beləliklə, müəyyən edilir ki, Meqalizinq MMC ilə R.Terçiyev arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn, R.Terçiyevə məxsus hüquqların İddiaçı keçməsi üçün hər hansı əsas mövcud deyildir. Ona görə də İddiaçı hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq hazırkı iddianı qaldırmaq üçün iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişdir.

34. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

35. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i :

İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2805/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu appelyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Qocayev Hakimlər: Elnur Həsənov Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar