Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1038/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2403/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə Kürdəmir dəmiryol stansiyasında stansiya xidmətləri göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən Aveta” MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 19871,67 manat (on doqquz min səkkiz yüz yetmiş bir manat altmış yeddi qəpik) və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu, cəmi 20071,67 manat (iyirmi min yetmiş bir manat altmış yeddi qəpik) məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Kürdəmir stansiyasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilibgötürülməsi”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMCyə 19871,67 manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "xxxx" QSC Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan Kürdəmir stansiyasında göstərilmiş xidmətlərə dair elektron qəbzləri və ödəniş tapşırıqları elektron sistemə əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, qeyd olunan tarixlərlə bağlı Cavabdeh MMC-nin "xxxx" QSC-yə heç bir borcu yoxdur. Belə ki, həmin sənədlərə əsasən Cavabdeh MMC "xxxx" QSC-yə stansiya xidmətlərinə görə 18324,48 manat pul ödəmişdir. Yaranan fərqlə bağlı isə yığım vərəqəsi və elektron qaimə təqdim etməmişlər. İddia tələbində olan dövrü əhatə edən xidmət haqqı ödənilmiş və sübutlar təqdim edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2403/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı "xxxx" QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
15. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
18. Belə ki, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir.
19. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
20. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
21. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
22. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
23. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
24. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
25. Belə ki, iddiaçı Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 19871,67 manat vəsaitin tutulmasını tələb edir.
26. İddiaçı həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış təqdim etmişdir.
27. İddia ərizəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzrə göstərilmiş xidmətlərə görə yaranmış borcun cavabdehdən tutulması xahiş olunsa da, həmin arayışda göstərilən borcun xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə etdiyi qeyd edilmişdir.
28. Bu uyğunsuzluq birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin iddia ərizəsində göstərilən dövr ərzində yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir.
29. Cavabdeh qeyd olunan dövr, eləcə də digər dövrlər üzrə göstərilən xidmətlərə görə iddiaçıya borcunun olmadığını bildirmişdir.
30. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədləri ilə qeyd olunan dövr üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan elektron qaimələr üzrə 18324,48 manat məbləğində ödəniş edildiyi təsdiq olunur.
31. Belə ki, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 548523 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin yanvar ayı üçün ümumi məbləği 10924,66 manat təşkil edir.
32. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 799658 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin fevral ayı üçün ümumi məbləği 7399,81 manat təşkil edir.
33. 26.02.2021-ci il tarixli, AZ0000219 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 548523 nömrəli hesaba əsasən 1666,47 manat məbləğində ödəniş edilmişdir.
34. 26.02.2021-ci il tarixli, AZ0000242 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 548523 nömrəli hesaba əsasən 9258,19 manat məbləğində ödəniş edilmişdir.
35. 17.03.2021-ci il tarixli, AZ0000223 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 799658 nömrəli hesaba əsasən 1128,79 manat məbləğində ödəniş edilmişdir.
36. 17.03.2021-ci il tarixli, AZ0000248 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 799658 nömrəli hesaba əsasən 6271,03 manat məbləğində ödəniş edilmişdir
37. Göründüyü kimi iddia tələbində qeyd olunan 19871,67 manat məbləğdən 1547,19 manat ödənilməmişdir (19871,67–18324,48=1547,19).
38. Cavabdeh qeyd olunan məbləğdə yaranan fərqlə bağlı bildirmişdir ki, həmin məbləğdə xidmət göstərilməmiş, yığım vərəqəsi və elektron qaimə təqdim edilməmişdir.
39. Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həm də 1547,19 manat məbləğində xidmətlər göstərmişdir.
40. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
41. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 781643 nömrəli və xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 303841 nömrəli elektron qaimələr isə mübahisənin predmetinə aid deyil.
1. Çünki həmin elektron qaimələr "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin noyabr və dekabr ayları üçün tərtib edilmişdir.
2. Hazırkı iddianın predmetini isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzrə göstərilmiş xidmətlərə görə yaranmış borcun cavabdehdən tutulması tələb edir.
3. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir.
4. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
5. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2403/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova