Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1038/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, zəbt olunan sahələrin boşaldılması və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-144/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə icrarəyə verilməsi razılaşdırılmış 857 kv.m. qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və zəbt olunan sahələrin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC ilə "xxxx" MMC arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. 07.06.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən binanın icarəyə verilməsi razılaşdırılmış 857 kv.m. qeyri-yaşayış sahəsindən əlavə, zəbt olunmuş 223,3 kv.m. sahənin Cavabdeh tərəfindən boşaldılaraq mülkiyyətçi İddiaçı MMC-yə təhvil verilməsi, o cümlədən Cavabdeh icarəsində binanın zirzəmisi, 1-ci, 2-ci mərtəbələrindən başqa, binanın Texniki Pasportuna əsasən 3-cü mərtəbə sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələrin saxlanılması, binanın 3-cü mərtəbəsinin qalan digər sahələrinin boşaldılaraq mülkiyyətçi İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC ilə "xxxx" MMC arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-144/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən binanın texniki pasportuna əsasən 3-cü mərtəbəsində yerləşən sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələri istisna olmaqla binanın 3-cü mərtəbəsinin qalan sahələrin Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi., iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-144/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-144/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
6. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məsələ bundan ibarətdir ki, cavabdeh faktiki olaraq mülkiyyətçinin əmlakından istifadə etməklə öz üzərinə öhdəliklər götürmüşdür (icarə haqqının ödənilməsi, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və sairə). Nəzərə qeydiyyata alınmalıdır ki, bu öhdəlikləri cavabdeh icarəçi öz üzərinə könüllü olaraq götürmüşdür. Qanunverici müqavilə bağlamaq vəzifəsinin bu məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla müqavilə bağlamağa məcburetməyə yol verilmədiyini təsbit etmişdir. Həmçinin, qətnamədə istinad olunmuş Mülki Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Göründüyü kimi, mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olması onu yeni mülkiyyətçi ilə eyni şərtlərlə müqavilə bağlamağını istisna etmir. Nəticədə, tərəflər arasında müqavilə münasibətlərinin olmaması mülkiyyətçinin hüquqlarını pozmuş olur. Belə ki iddia tələbindən də aydındır ki, iddiaçı mülkiyyətçi olaraq İddiaçıMMC ilə "xxxx"MMC arasında, qüvvədə olan icarə müqaviləsi ilə ("xxxx" MMC ilə L.A.Fərzəliyevaarasında bağlanmış müqavilə) müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Yəni, eyni şərtlərlə yeni mülkiyyətçi ilə icarə müqaviləsinin bağlanması cavabdehin hüquqlarını pozmur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka(əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “Azərbaycan Respublikasında mülkiyyət haqqında ”Qanunun 2-ci maddəsinə əsasən, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv və subyektiv mənada. Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir. Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünü müdafiə tədbirlərindən də istifadə edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununn 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə(istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məlum olduğu kimi iş materiallarında icarə hüququnun (əvvəlki mülkiyyətçi ilə icarə müqaviləsinin) dövlət qeydiyyatına alınması barədə heç bir məlumat ya sübut növü yoxdur. Göstərilənlər iddia tələblərinin İddiaçıMMC ilə "xxxx" MMC arasında, qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin "xxxx" MMC-nin üzərinə qoyulması” hissəsində dətəmin olunması nəticəsinə gəlir. Göstərilənlər, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 390.1, 390.3, 699.1-ci maddələrinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununn 19.1-cimaddəsinin tələblərinin düzgün tətbiq edilməməsi qətnamənin apellyaiya şikayəti üzrə mübahisələndirilən hissəsində ləğv edilməsi üçün əsasdır.
7. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, X3 ilə mübahisəli qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC arasında xx.xx.2019-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən binanın 3- cü mərtəbəsinin qətnamə ilə çıxarılmağı qət edilən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələrindən, başqa sahələr də icarəyə verilmiş və ona təhvil veilmişdir. Həmin sahələri özbaşına tutmayıb, bu sahələr əmlakın əvvəlki sahibi tərəfindən onlara təhvil verilmiş və onlarda olmuş, fəaliyyətini qeyri-yaşayış sahələrinin digər hissələri ilə bərabər orada da həyata keçirib. Bununla bağlı əmlakın onunla müqavilə bağlayan əvvəlki mülkiyyətçisi 3 il ondan icarə haqqı alıb, aralarında hər hansı narazılıq olmayıb. Eyni zamanda yeni mülkiyyətçi, hazırkı iş üzrə iddiaçının da ona hər hansı pretenziyası olub, o da icarə haqqını qəbul edib, əmlakın ona təhvil verildiyini görüb, bunu bilib və bu vəziyyətdə, yəni mübahisəli hissələr icarədə ola-ola əvvəlki mülkiyyətçidən alıb. Bütün sadalanan hərəkətlər həm əvvəlki mülkiyyətçinin mübahisəli sahələrin icarə müqaviləsinin tərkib hissəsi kimi tanıdığı və qəbul etdiklərini göstərir. Əks təqdirdə hazırkı iddia və ya müqavilənin ləğvi haqqında iddia illər əvvəl, müqavilə bağlanandan sonra qaldırılmalı idi. 5 ildən sonra bu iddianı qaldırmaq absurddur. Yəni, məhkəmə təkcə müqaviləni hərfi mənasına diqqət yetirməməli, onu təfsir edərkən tərəflərin sonrakı davranışlarını, aralarında yaranmış işgüzar praktikanı aydınlaşdırmalı idi. Təssüf ki, məhkəmə bunu etməyib, qərəzli olaraq işə birtərəfli baxıb və iddiaçının əsassız iddiasında göstərdiklərini həqiqət kimi qəbul edib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
16. Həmin Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur.
17. Həmin Məcəllənin 700.3-ci maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1225.10 m 2 qeyri-yaşayış binasının 857 m2 hissəsi həmin qeyri-yaşayış binasının mülkiyyətçisi-icarəyə verən X3 ilə icarəçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə mübahisəli qeyri-yaşayış binasının mülkiyyətçisi dəyişərək yeni mülkiyyətçi İddiaçı MMC olmuşdur. Mülkiyyətçi dəyişdikdən sonra icarə münasibətləri icarəyə verən qismində yeni mülkiyyətçi ilə davam etmişdir.
25. Hazırda İddiaçı MMC əvvəlki mülkiyyətçi ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən binanın 857 m2 hissəsi icarəyə verildiyi halda cavabdehin faktiki sahibliyində və istifadəsində olan sahənin 1080,3 m2 təşkil etməsini əsas göstərərək zəbt olunmuş 223,3 kv.m. sahənin (o cümlədən Cavabdeh icarəsində binanın zirzəmisi, 1-ci, 2-ci mərtəbələrindən başqa, binanın Texniki Pasportuna əsasən 3-cü mərtəbə sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələrin saxlanılması, binanın 3-cü mərtəbəsinin qalan digər sahələrinin boşaldılaraq mülkiyyətçi İddiaçı MMC-yə təhvil verilməsi) cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi və İddiaçı MMC ilə "xxxx" MMC arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını tələb edir.
26. Məhkəmə zəbt edilmiş sahədən boşaldılması tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin faktiki sahibliyində olan qeyri-yaşayış sahəsinin sahəsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə 1225,1 kv.m olan qeyri-yaşayış binasının 1080,3 kv.m hissəsinin (ümumi sahəsi 249,9 kv.m olan zirzəminin, ümumi sahələri 254,9 kv.m, 287,2 kv.m, 288,3 kv.m olan 1,2 və 3-cü mərtəbələrin) Cavabdeh MMC-nin faktiki sahiblik və istifadəsində olduğu müəyyən edilmişdir.
27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin Əhməd Rəcəbli küçəsi, 40 ünvanında yerləşən binanın yalnız 857 m2 hissəsindən istifadə etmək hüququ olduğu halda cavabdeh faktiki olaraq həmin binanın 1080,3 m2- hissəsinə sahiblik edir.
28. Qeyd edilənlərə əsaslanan məhkəmə hesab etmişdir ki, cavabdeh icarə müqaviləsi əsasında, yəni qanuni əsaslarla sahiblik etdiyi 857 m2 sahə ilə yanaşı binanın 223.3 m2 hissəsinə (1080,3-857) heç bir qanuni əsas və ya müqavilə əsası olmadan sahiblik etdiyindən mübahisəli qeyri-yaşayış binasının mülkiyyətçisi olan İddiaçı MMC Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən binanın cavabdehin qanunsuz sahibliyində olan hissəsinin qaytarılmasını tələb etməkdə haqlıdır.
29. Digər tərəfdən binanın cavabdehin sahibliyində olan 1080,3 m2 qeyri-yaşayış sahəsinin konkret hansı hissəsinin iddiaçıya qaytarılmalı olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı texniki pasporta əsasən binanın 3-cü mərtəbədə yerləşən sol tərəfdən 28,1 m2, 16,8 m2, 16,6 m2, 2,2 m2, 2,2 m2 sahələri istisna olmaqla 3-cü mərtəbəsinin qalan hissəsinin boşaldılmasını tələb etmişdir.
30. Məhkəmə qeyd etmişdir ki, binanın 3-cü mərtəbəsinin sahəsi ekspert rəyinə əsasən 288,3 m2 təşkil edir. Odur ki, iddiaçının 3-cü mərtəbədə boşaldılmasını tələb etdiyi sahə 222,4 m2 (288,3-28.1-16,8-16,6-2,2-2,2) təşkil etməklə cavabdehin qanunsuz sahibliyində olan sahədən artıq deyildir. İkincisi, iş materiallarına əsasən iddiaçının boşaldılması tələb etdiyi sahənin (3-cü mərtəbədə yerləşən sol tərəfdən 28,1 m2, 16,8 m2, 16,6 m2, 2,2 m2, 2,2 m2 sahələri istisna olmaqla 3-cü mərtəbəsinin qalan hissəsinin) icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş 857 m2 sahəyə daxil olması, eləcə də cavabdehin həmin sahəyə sahiblik və ondan istifadə etməsi üçün digər qanuni və ya müqavilə əsasının mövcud olması müəyyən edilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, zəbt edilmiş sahənin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.
31. Tələbin ikinci hissəsi, yəni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipi mülki hüququn təməl prinsiplərindən biri olmaqla həmin prinsipin birinci elementi tərəflərin müqavilə bağlamaqda və ya bağlamamaqla sərbəst olmalarını ehtiva edir. Odur ki, hazırkı halda cavabdehin müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllənin tələblərindən irəli gəlmədiyindən və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulmadından cavabdeh Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbləri baxımından müqavilə bağlamağa məcbur edilə bilməz.
32. İddiaçı qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı artıq qüvvədə olan müqavilənin məcburi bağlanmasını xahiş etmişdir. Məcburi müqavilə bağlanması yalnız qüvvədə olmayan müqavilələrə şamil oluna bilər.
33. İddiaçı şikayətdə cavabdehin faktiki icarə münasibətlərini (icarə haqqını ödəməsi və digər faktik sahiblik) davam etməsini Mülki Məcəllənin 390.3-cü maddəsində qeyd edilən könüllü götürülmüş öhdəlik hesab etmişdir. Lakin həmin maddə hazırkı mübahisəyə tətbiq edilə bilməz və iddiaçı həmin maddəni düzgün şərh etmir. Cavabdehin qeyd edilən hərəkətləri gələcəkdə müqavilə bağlanmasını imperativ edən iradə ifadəsi hesab edilə bilməz. Cavabdehin bu hərəkətləri etməkdə məqsədi onu qane edən şəraitin davam etdirilməsi və gəlir əldə etməsidir. Bundan başqa Mülki Məcəllənin 699.1-ci maddəsinin də həmin məcəllənin 390.3-cü maddəsi ilə bağlılığı yoxdur. Həmin normaların tənzimetmə predmetləri fərqlidir.
34. Cavabdehin mövqeyindən aydın olur ki, əvvəlki mülkiyyətçi ilə cavabdeh arasında müqavilədə qeyd olunmadan şifahi qaydada 222,4 m2 sahənin icarəyə verilməsi barədə razılıq olmuşdur. İşdən görünür ki, cavabdeh yalnız əvvəlki vəziyyətdə müqavilənin davam etdirilməsini istəyir. İddiaçı isə bu razılığı tanımır, həmin sahənin boşaldılmasını tələb edir, eyni zamanda müqavilənin məcburi bağlanmasını tələb edir. Belə vəziyyətdə məcburi müqavilə məcburi bağlanması iradə sərbəstliyi prinsipindən başqa tərəflərin bərabərliyi prinsipinə də zidd olardı.
35. Cavabdeh iddianın rədd edilməsini xahiş etsə də, müqavilədən kənar obyektdən istifadə etdiyini qəbul etmiş, lakin bunun əvvəlki mülkiyyətçi ilə şifahi qaydada razılaşdırıldığını, yeni mülkiyyətçinin bununla razı olduğunu, işgüzar adətin məhkəmə tərəfindən nəzərə alınmadığını şikayətdə bildirmişdir.
36. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh müqavilədən kənar istifadə etdiyi sahənin əvvəlki mülkiyyətçi və ya yeni mülkiyyətçinin razılıq verməsi faktını sübuta yetirə bilməmişdir. İddiaçı bunu inkar etdiyi halda sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. İşguzar adətin mövcudluğu da sübut edilməlidir. Cavabdehin vəkilinin apellyasiya icraatı zamanı təqdim etdiyi yeni sübutlar qəbul edilənlik şərtinə riayət edilmədiyi üçün nəzərə alına bilməz (Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsi).
37. Qeyd edilənlərdən aydın olur ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlar əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən tərəflərin apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-144/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.