Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1038/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə X1 məruzəsi ilə, hakimlər Elnur Məmmədsaat oğlu Həsənov və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynli Adilə Adil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4540/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı (icarəyə verən) və "xxxx" MMC (icarədar) (VÖEN -**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CNL-AS-04/22 saylı icarə müqaviləsinə görə “İcarəyəverən”in mülkiyyətində olan, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də siyahı üzrə göstərilən xüsusi texniki vasitələri “İcarədar”a müvəqqəti sahiblik və istifadə üçün icarəyə verir.
2. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada icarə haqqını ödəmək icarədarın vəzifəsidir.
3. Müqavilənin 4.2-ci bəndinə əsasən hər ayın 5-dən gec olmayaraq «İcarəyəverən» işlərin görülmə aktını icarədara təqdim etməlidir. İşlərin görülmə aktı icarədarın müvafiq struktur rəhbəri tərəfindən imzalandıqda sonra 5 (beş) iş günü ərzində icarəyəverənin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
4. Müqavilənin 1 nömrəli əlavəsi ilə avadanlıqların icarə qiyməti razılaşdırılmışdır.
5. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan hüquqi şəxs "xxxx" MMCnin hazırkı adı Cavabdehdir.
6. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 6750 manat ödəməlidir.
7. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 10X526 DNN-lı Cat 432 F markalı ekskovator yükləyici üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 12250 manat ödəməlidir.
8. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 10X526 DNN-lı Cat 432 F markalı ekskovator yükləyici üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 5180 manat ödəməlidir.
9. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 9160 manat ödəməlidir.
10. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 50T635 DNN-lı Case CX 350B markalı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 17654 manat ödəməlidir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 50T635 DNN-lı Case CX 350B markalı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 21257 manat ödəməlidir.
12. İddiaçı tərəfindən Euro-Asia Construction” MMC-yə xx.xx.2022-ci il tarixli EBBR 555773 nömrəli 7965 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 954885 nömrəli 14455 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV 652579 nömrəli 12866,54 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBX 474457 nömrəli 24886,38 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 209449 nömrəli 25083,26 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 6750 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat, xx.xx.2022-ci il tapşırığına əsasən 5000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 10903,85 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 8474,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 1200 manat məbləğində pul Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən İddiaçınə ödənilmişdir.
14. İddiaçınə məxsus ədv sub-uçot hesabından çıxarışa əsasən Euro-Asia Construction” MMC tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 1215 manat, xx.xx.2022-ci il tarixdə 405 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1962,69 manat, xx.xx.2022-ci il tarixdə 1525,42 manat məbləğində ƏDV ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
15. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli CNLAS-04/22 №-li İcarə müqaviləsinə görə ödənilməli olan ƏDV xaric 24 672,57 manat (ƏDV daxil 29 869,64 manat) məbləğində icarə haqqının, pul vəsaitinin ödənilməsini saxlamaqla gecikdirməyə görə 5973,93 manat faiz məbləğinin, iddia ərizəsi ilə bağlı ödənilmiş 198,00 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "Euro-Asia Construction” MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə texnikaların icarəsinə dair CNLAS- 04/22 №-li İcarə müqaviləsi bağlanmışdır. Texnikalar "Euro-Asia Construction” MMC-yə təhvil verilmiş və 2023-cü ilin iyun ayının sonunda geri qaytarılmışdır. Müqavilələrin 1.1- ci maddəsinə müvafiq olaraq “İcarəyə verən” mülkiyyətində olan texnikaları “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə müqavilənin 2.2.3-cü bəndinə müvafiq olaraq nəzərdə tutulmuş icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Texnikaların icarəsinə dair tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akt üzrə 6 750,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 12 250,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 5 180,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 9 160,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 17 654,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 21 257,00 manat olmaqla ümumilikdə ƏDV xaric 72 251,00 manat məbləğində icarə haqqı məbləği təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş ƏDV xaric: 6 700,00 manat məbləğində xx.xx.2022-cü il tarixli EBBR Seriyalı 555773 №-li, 12 250,00 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBT Seriyalı 954885 №-li, 10 903,85 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBV Seriyalı 652579 №-li, 21 090,15 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBX Seriyalı 474457 №-li 21 257,00 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBZ Seriyalı 209449 №-li cəmi ƏDV xaric 72 251,00 mana məbləğində elektron qaimələrn təsdiqlənmişdir. Ötən müddət ərzində icarə haqqı olaraq ƏDV xaric 47 578,43 manat ödəniş edilmiş, ƏDV xaric 24 672,57 manat borc ödənilməmiş qalmaqdadır. Tərəflərindən edilmiş müraciətlərə baxmayaraq cavabdeh borcu ödəməmiş, ödəməmə səbəbinə izah verməmişdir. Cavabdehin ünvanına hazırlanmış 6 №-li pretenziya məktubu xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə cavabdeh "EuroAsia Construction” MMC-yə göndərilmişdir. Müqavilələrin 4.2-ci maddəsində ödənişlərin işlərin görülmə aktı təsdiqləndikdən sonra 5 (beş) iş günü ərzində “İcarəyə verən”in bank hesabına köçürülməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ƏDV xaric 72 251,00 manat icarə haqqı məbləğinin təsdiq edilməsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1200,00 manat məbləğində sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş, qalan 24 672,57 manat borc məbləğinin bağlanması üçün son iki il ərzində heç bir ödəniş edilməmişdir. Ötən müdət ərzində enerji daşıyıcılarının qiymətində baş vermiş artım və bu artımın ölkə iqtisadiyyatının digər sahələrinə olan təsiri nəzərə alınmaqla cərimə faizi hesablanmalıdır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən öhdəlikləri yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəfin buna görə məsuliyyət daşıdığı müəyyən edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4540/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 29869,64 manat məbləğində pul, 179,61 manat dövlət rüsumu, ümumilikdə 30049,25 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, CNL-AS-04/22 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus avadanlıqlar cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, yaranmış ümumilikdə 72251 manat (ƏDV daxil olmadan) icarə haqqı borcundan ümumilikdə 24672,57 manat (ƏDV daxil olmadan) vəsait ödənilmiş, qalıq 24672,57 manat (ƏDV daxil olmadan) ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı hazırda yaranmış icarə haqqı borcunu cavabdehdən tələb etməklə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1, 675, 700.1-ci, maddələrinə istinadla əsaslandırmışdır.
20. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4540/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə uyğun olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Lakin məhkəmə işi hərtərəfli araşdırmadan işə birtərəfli mövqe ilə yanaşmışdır. Bakı Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Tərəflərindən məhkəmə qətnaməsində qeyd olunan müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, ərizəçi tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Bakı Kommersiya Məhkəməsinin qərarı cavabdehin Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozmaqla yanaşı, bərabərlik prinsipinə riayət etmədən qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Həmçinin məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə cavabdeh olan "xxxx" MMC-nin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də hansı səbəbdən məhkəmə iclasına gələ bilmədiyini ərizəsində göstərməmişdir. Bu baxımdan belə bir səbəbin mövcud olub-olmaması bəlli olmadığından, həmin səbəbin üzrlü hesab edilməsi də mümkün deyildir.
26. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5 Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, iddiaçı bu qətnaməni mübahisələndirmədiyindən, cavabdeh isə qətnamənin ləğv edilərək iddianın bütövlükdə rədd eidlməsini tələb etdiyindən qətnamənin əsaslılığı iddianın təmin edildiyi hissəyə münasibətdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, CNL-AS-04/22 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus avadanlıqlar cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, yaranmış ümumilikdə 72251 manat (ƏDV daxil olmadan) icarə haqqı borcundan ümumilikdə 47578,43 manat (ƏDV daxil olmadan) vəsait ödənilmiş, qalıq 24672,57 manat (ƏDV daxil olmadan) ödənilməmişdir. İddiaçı həmin müqaviləyə istinad etməklə 24672,57 manat (ƏDV ilə birlikdə 29869,64 manat) icarə haqqı borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etmişdir.
34. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
35. İddiaçının ödənilməsini tələb etdiyi icarə haqqı borcunun məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya icarə müqaviləsi üzrə 24672,57 manat məbləğində borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş icarə müqaviləsi, aktlar və elektron qaimə-fakturalarla öz təsdiqini tapır.
36. İcarə haqqı borcundan mütəmadi ödəniş edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh icarə müqaviləsi üzrə iddiaçının özünün qəbul etdiyi 47578,43 manat ödənişdən əlavə ödəniş etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya həmin dəlili əsassız hesab edir.
37. Yuxarıda göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən cavabdehdən 24672,57 manat (ƏDV daxil olmaqla 29869,64 manat) məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır.
38. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntularına yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4540/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov
Səməd Cəfərov