Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1039/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" QSC-yə qarşı yeni icarə müqavilələrinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair Açar söz: müqavilənin bağlanması öhdəliyinin həvalə edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" QSC-yə qarşı yeni icarə müqavilələrinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2977/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materiallarından görünür ki, tərəflər arasında “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 07 oktyabr 2011-ci il tarixli, 1447 nömrəli və 06 dekabr 2011-ci il tarixli, 1579 nömrəli icarə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında qeyri – yaşayış binasının yerləşdiyi 1869,7 kv.m torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı məbləği 4412,49 manat, aylıq icarə haqqı məbləği isə 367,71 manat, müqavilənin müddəti isə 07 oktyabr 2011-ci il tarixdən 07 oktyabr 2105-ci il tarixədək müəyyən edilmişdir. Digər müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 2 ünvanında qeyri – yaşayış binasının yerləşdiyi 2600 kv.m torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı məbləği 3952 manat, aylıq icarə haqqı məbləği isə 329,33 manat, müqavilənin müddəti isə 06 dekabr 2011-ci il tarixdən 06 dekabr 2105-ci il tarixədək müəyyən edilmişdir.
2. Tərəflər arasında bağlanmış müqavilələrin 3.3-cü bəndində qeyd olunmuşdur ki, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişildikdə icarə haqqının məbləği yeni tariflər tətbiq edilməklə hesablanır.
3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 2021-ci ildə tərtib edilmş rəylərə əssə ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsinin bazar dəyəri ******* manat, ünvan 3 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsinin bazar dəyəri ******* manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək - ünvan 4 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsinin aylıq icarə haqqı məbləğinin 14022,75 manat və ünvan 3 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsinin aylıq icarə haqqı məbləğinin 13000 manat olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə yeni icarə müqavilələrinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə "xxxx" MMC arasında bağlanılmış 07 oktyabr 2011-ci il tarixli, 1447 nömrəli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 4412,49 manat, aylıq icarə haqqı məbləği isə 367,71 manat müəyyən edilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" MMC arasında bağlanılmış 06 dekabr 2011-ci il tarixli, 1579 nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 3952 manat, aylıq icarə haqqı məbləği isə 329,33 manat müəyyən edilmişdir. İcarə müqavilələri bağlanılarkən icarə haqqı məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinin həmin zaman qüvvədə olmuş redaksiyasına uyğun müəyyən edilmişdir. Belə ki, icarə müqavilələri bağlanılan zaman Əsasnamənin 8-ci bəndinin qüvvədə olmuş redaksiyasına əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi, respublikanın digər şəhər və rayonlarında isə icarə haqqı torpağın normativ qiymətlərin 5 faizi həcmində müəyyən edilmişdir. Əsasnamənin 8-ci bəndinin 3-cü abzasına əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı həmin Əsasnaməyə uyğun müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli, 377 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci hissənin ikinci cümləsində “normativ qiymətinin 10 faizi” sözləri “bazar dəyərinin 3 faizi” sözləri ilə, üçüncü cümləsində “normativ qiymətlərin 5 faizi” sözləri “bazar dəyərinin 2 faizi” sözləri ilə əvəz edilmişdir. Beləliklə, icarə müqavilələri bağlanılan zaman qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş) torpaq sahələri icarəyə verilərkən icarə haqqının məbləği torpağın normativ qiyməti əsasında müəyyən edilirdisə, hazırda icarə haqqı məbləği torpağın bazar dəyəri əsasında müəyyən edilir. Torpaqların normativ qiyməti onların real dəyərini əks etdirmir və torpaqların bazar dəyərindən dəfələrlə aşağıdır. İcarə haqları məbləğlərinin belə aşağı olması, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmini əhəmiyyətli dərəcədə azaldır ki, bu da öz növbəsində dövlətin iqtisadi maraqlarına ziyanla nəticələnir. Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinə əsasən müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 23 sentyabr 2021-ci il tarixli, UNİ/S 170 -768/21 nömrəli rəyə əsasən ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsinin bazar dəyəri ******* manat təşkil edir ki, bununla da qeyd edilən torpaq sahəsinin aylıq icarə haqqı məbləği 14022,75 manat təşkil edir. Eyni zamanda, "xxxx" MMC tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 23 sentyabr 2021-ci il tarixli, UNİ/S 169 -767/21 nömrəli rəyə əsasən ünvan 3 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsinin bazar dəyəri ******* manat təşkil edir ki, bununla da qeyd edilən torpaq sahəsinin aylıq icarə haqqı məbləği 13000 manat təşkil edir. Bunu nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə qeyd edilən torpaq sahələrinə dair yeni icarə müqavilələrinin bağlanılması üçün 18 may 2021-ci il tarixli, **********05 nömrəli və 21 may 2021-ci il tarixli, **********57 nömrəli məktublarla müraciət edilsə, də cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində məhkəmənin qərarı ilə tərəflərdən birinin razılığı olmadan müqavilə dəyişdirilə bilər. "xxxx" MMC ilə 2011-ci ildə icarə müqavilələri bağlanarkən torpaq sahələrinin icarə haqları normativ qiymətə əsasən müəyyən edilməklə aylıq 329,33 manat və 367,71 manat olmuşdur. Hazırda isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (torpağın dəyərinin normativ qiymətlə deyil, bazar dəyərinə əsasən hesablanması) nəticəsində qeyd edilən torpaq sahələrinin aylıq icarə haqqı məbləğləri müvafiq olaraq 13000 manat və 14022,75 manat təşkil edir ki, bu da icarə haqqı məbləğinə aid hissədə icarə müqavilələrinin şərtlərinin dəyişdirilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsasdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2977/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbin faktiki əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci hissənin ikinci cümləsində “normativ qiymətinin 10 faizi” sözləri “bazar dəyərinin 3 faizi” sözləri ilə, üçüncü cümləsində “normativ qiymətlərin 5 faizi” sözləri “bazar dəyərinin 2 faizi” sözləri ilə əvəz edilməsinə istinad edərək bu xüsusatı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirmiş, hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.2, 421, 422-ci maddələrinə istinad etmişdir. Lakin tələb cavabdehin üzərinə yeni icarə müqaviləsinin bağlanması vəzifəsinin qoyulması ilə bağlı olduğundan məhkəmə hesab edir ki, hazırkı tələb ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələbi baxımından aydınlaşdırılmalıdır. Həmin normanın məzmununa əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir, yəni, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsi o halda qoyula bilər ki, bu vəzifə könüllü götürülmüş öhdəlikdə və Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulsun. Tərəflər arasında bağlanmış 07 oktyabr 2011-ci il tarixli, 1447 nömrəli və 06 dekabr 2011-ci il tarixli, 1579 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələri nəzərdən keçirərkən görünür ki, həmin müqavilələrdə cavabdeh tərəfindən belə bir öhdəlik götürülməmişdir. Hüquqi əsas kimi istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsi isə şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi ilə bağlı müqavilənin dəyişdirilməsinin əsaslarını müəyyən edir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsi (əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.) ilə əsaslandırılmışdır. Həmin normaya əsasən bu qaydadan yeganə istisna yeni qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması barədə qeydin nəzərdə tutulması, yəni yeni qanunun mətnində onun geriyə qüvvəsinin olması barədə müddəanın mövcud olmasıdır. Əsasnaməyə müvafiq dəyişiklikləri nəzərdə tutan 377 nömrəli qərarın mətnində həmin qərarın geriyə qüvvəsinin olması (yəni həmin dəyişikliyin qüvvəyə minməsindən əvvəl bağlanılmış icarə müqavilələrinə şamil edilməsi) barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Əsasnaməyə dəyişiklikləri nəzərdə tutan 377 nömrəli qərarın mətnində həmin qərarın geriyə qüvvəsinin olması barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2000- ci il tarixli 226 nömrəli qərarında qeyd edilmiş normanın məzmunundan göründüyü kimi, müqavilələr bağlandıqdan sonra icarə haqqının minimum həddinin dəyişdirilməsi ilə bağlı hər hansı dəyişiklik edilməmiş, yəni, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı baş verməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2977/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə (əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir) əsaslanaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarında həmin qərarın geriyə qüvvəsinin olması barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bununla əlaqədar bildiririk ki, məhkəmə işin bu halı üzrə də qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd edilən mülki hüquq norması müqavilə bağlanandan sonra qanunvericilikdə edilmiş dəyişikliyin həmin müqaviləyə şamil olunub-olunmamasını tənzimləyir. Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə tərəflər arasında bağlanılmış və hazırda qüvvədə olan icarə müqavilələrinin dəyişdirilməsini deyil, yeni icarə müqavilələrinin bağlanılmasını tələb edir. Beləliklə, məhkəmənin Mülki Məcəllənin 390.2-ci maddəsinə əsaslanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarının özündən əvvəl bağlanılmış müqavilələrə şamil edilməməsini hazırkı iddianın rədd edilməsi üçün səbəblərdən biri kimi qeyd etməsi əsassız olmuşdur. Çünki qeyd edildiyi kimi, Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə qanunvericilikdə edilmiş dəyişiklik əsas götürülməklə həmin Qərarın müddəaları qüvvədə olan müqavilələrə şamil edilərək müqavilələrin dəyişdirilməsi deyil, yeni müqavilələrin bağlanılması tələb edilmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qanunvericiliyin tətbiqində səhvlərə yol verməklə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddianın rədd edilməsi üçün əsaslardan biri kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə istinad edərək, qanunvericiliklə müqavilə bağlamağa məcbur etməyə yol verilmədiyini qeyd etmişdir. Tərəflər arasında qeyd edilən torpaq sahələrinə dair icarə müqavilələri bağlanılmaqla artıq icarə münasibətləri mövcuddur. Qeyd edilən icarə müqavilələri tərəflərin iradəsinə uyğun bağlanılmışdır və hər iki tərəf hazırda müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdədir. Hazırkı mübahisə üzrə tərəflər arasındakı ixtilaf icarə müqaviləsinin bağlanılması ilə əlaqədar deyil, bağlanılacaq müqavilə üzrə müəyyən edilmiş icarə haqqının məbləği barədədir. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidmətinin hazırkı tələbinin məhkəmə tərəfindən müqavilə bağlamağa məcburetmə kimi qəbul edilməsi yanlışdır. Çünki müqavilə onsuz da tərəflər arasında bağlanılıb və hazırda qüvvədədir. Xidmətin tələbi o halda müqavilə bağlamağa məcburetmə kimi qiymətləndirilə bilərdi ki, tərəflər arasında bu vaxta qədər yuxarıda qeyd edilən torpaq sahələrinə dair hər hansı icarə müqaviləsi bağlanılmamış olsun və cavabdeh həmin torpaq sahələrindən icarə müqaviləsi əsasında istifadə olunmasından imtina etmiş olsun. Xidmətin hazırkı tələbi cavabdehin üzərinə sadəcə icarə müqaviləsinin bağlanılması deyil, torpaq sahələrinin bazar dəyərinə uyğun müəyyən edilmiş məbləğlərdə icarə haqqı nəzərə alınmaqla yeni icarə müqavilələrinin bağlanılması barədədir. Burda Xidmətin tələbinin əsasını icarə müqaviləsinin bağlanılması deyil, icarə haqqının məbləği təşkil edir. Çünki icarə müqavilələri artıq bağlanılıb və Xidmətin cavabdehi müqavilə bağlamağa məcbur etməsinə ehtiyac yoxdur. Cavabdehin etirazı da icarə müqaviləsinin bağlanılmasına deyil, icarə haqqının məbləğinə dairdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi mülki hüquq normasını düzgün təfsir etməmiş, hüququn tətbiqində səhvə yol verməklə yanlış olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin tələbini müqavilə bağlamağa məcburetmə kimi qiymətləndirmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını xahiş etmişdir.
13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 149-cu maddəsinin Vİİ hissəsi- fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddə- müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddə-müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 398.1-ci maddə- müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə: 8-ci bənd- (xx.xx.2016-cı il tarixli qanunla edilmiş dəyişiklikdən sonrakı redaksiya) torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü bəndinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2000ci il tarixli 226 nömrəli qərarında qeyd olunmuşdur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır) müəyyən edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2977/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh "xxxx" QSC ilə 2011-ci ildə bağlanmış 201447 nömrəli və 1579 nömrəli icarə müqavilələri həmin dövrdə qüvvədə olan qaydaların-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinin tələbinə uyğun bağlanmışdır. Əsasnamənin 8-ci bəndinin həmin dövrdə qüvvədə olmuş redaksiyasında qeyd edilirdi ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahəsinin illik icarə haqqı Bakı şəhəri üzrə 1-3 zonalar üçün həmin torpağın normativ qiymətinin 10 faizi, 4-12-ci zonalar üçün isə 5 faizi həcmində müəyyən edilir.
17. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçının hazırkı iddianı qaldırmaqla əldə etmək istədiyi hüquqi nəticə cavabdehlə bağlanmış icarə müqavilələri ilə müəyyən edilmiş qiymətin artırılmasıdır. Belə olduğu təqdirdə müəyyən olunur ki, iddiaçı iddia qaldırarkən tələbini düzgün ifadə etməmiş, tərəflər arasında qüvvədə olan icarə müqavilələrinin qiymətinin dəyişdirilməsini tələb etmək əvəzinə yeni icarə müqavilələrinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Halbuki bu tələblərin qanuni əsasları tam fərqlidir. Qarşı tərəfin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının hüquqi əsası MM-nin 390.3-cü maddəsində, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinin əsasları isə Mülki Məcəllənin 398.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada qeyd edilir ki, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
18. Qeyd edildiyi kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə müdaxilənin qanuni əsasları Mülki Məcəllənin 390 və 398-ci maddələri ilə tənzimlənir. MM-nin 390.3-cü maddəsinin tələbinə əsasən yalnız qanunda nəzərdə tutulmuş iki halda qarşı tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilər: -bu vəzifə Mülki Məcəllədə nəzərdə tutulduğu halda; -bu vəzifə könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu halda. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı halda bu əsaslardan heç biri olmadığından qarşı tərəfin üzərinə iddiaçı ilə yeni qiymətlə müqavilə bağlamaq öhdəliyi qoyula bilməz.
19. Məhkəmə tərəfindən müəyyən edlmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.3-cü bəndində icarə haqqının məbləğinin gələcəkdə dəyişdirilməsi əsası nəzərdə tutulmuş və qeyd edilmişdir ki, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişildikdə icarə haqqının məbləği yeni tariflər tətbiq edilməklə hesablanır. Hazırkı halda tərəflər arasında icarə müqavilələri bağlandıqdan sonra dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişməmişdir.
20. Tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətin onların razılığından asılı olmayaraq sonradan dəyişdirilməsinin qanuni əsası isə MM-nin 390.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada qeyd edilmişdir ki, əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
21. Apellyasiya şikayətinin və iddia ərizəsinin əsas dəlili bundan ibarətdir ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinə xx.xx.2016-cı il tarixli qanunla edilmiş dəyişikliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinə görə illik icarə haqqının məbləğinin hesablanmasının yeni qaydası müəyyən edildiyindən cavabdehin üzərinə yeni qaydalarla hesablanmış qiymətlə yeni müqavilələr bağlamaq öhdəliyi qoyulmalıdır.
22. Məhkəmə qeyd edir ki, MM-nin 390.2-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edildiyi təqdirdə həmin qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması qeyd edilməmişsə bu qanun bağlanmış müqavilələrin şərtlərinin dəyişdirilməsi üçün əsas ola bilməz. Hazırkı halda iddiaçının istinad etdiyi “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli qanunda bu dəyişikliyin qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması nəzərdə tutulmadığından, eyni zamanda bu dəyişikliklə müəyyən edilmiş dövlət torpaqlarının icarə haqqının hesablanmasının yeni qaydası cavabdehin hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyası 149-cu maddəsinin Vİİ hissəsinə müvafiq olaraq geriyə şamil edilə və tərəflər arasında yeni qiymətlə müqavilə bağlaması üçün əsas ola bilməz.
23. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2977/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2977/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.