Məhkəmə qərarları › İş №2-2(103)-104/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-104/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-104/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3241/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixli müqaviləsi üzrə xidmət haqqı kimi nəzərdə tutulmuş 134453,57 manat məbləğində vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3241/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 xx.xx.2016-cı il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövr üçün 28584,72 manat xidmət haqqı, 2019-cu il üzrə 20595,08 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 49209,8 (qırx doqquz min iki yüz doqquz manat səksən qəpik) manatın tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" KB ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə2, X8, Nümayəndə5, Nümayəndə6 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İlk olaraq kollegiya qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 qoşulma nəticəsində yenidən təşkil edildiyinə görə onun hüquq varisi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC ilə əvəz edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “X9” ASC, "xxxx" MMC və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 arasında xx.xx.2016-cı il tarixli MK/UNİ/MHM/E-Com nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmetini Xidmət Mərkəzinin informasiya sistemlərindən istifadə edilməklə, Şirkət ilə müvafiq müqavilə bağlamış kommunal xidmət müəssisələri, mobil operatorlar, internetprovayderlər, kabel TV, dövlət orqanları və sair bu kimi təşkilatların xeyrinə aparılan ödənişlərin şirkətin internet saytı vasitəsilə müştərilərdən qəbul edilməsi və təhlükəsiz qaydada şirkətin müvafiq bankdakı hesabına köçürülməsinin təmin edilməsinə dair tərəflər arasında münasibətlərin tənzimlənməsi təşkil etmişdir. Göstərilən xidmətlərin müqabilində banka ödənilməli olan xidmət haqqı isə özündə 3 hissəni ehtiva etmişdir 1) 2.1.1-ci bəndə əsasən banka çatacaq xidmət haqqı Xidmət Mərkəzində xidmət olunan və xidmət olunmayan banklara məxsus ödəniş kartları ilə təchizatçıların xeyrinə həyata keçirilən və şirkətin müvafiq hesabına köçürüləcək ödənişlərin (kredit ödənişləri, mal alış-verişi üzrə ödənişlər istisna olmaqla) ümumi dövriyyəsinin həcmində 0,3 % komissiya haqqı 2) 2.3.2-ci bəndə əsasən aparılmış əməliyyatlara görə banka daxil olmuş vəsait şirkətin tələbinə əsasən respublika daxilində fəaliyyət göstərən digər bankda mövcud olan hesaba köçürüldükdə isə 0,1 % köçürmə haqqı 3) müqavilənin 2.4-cü bəndinə əsasən bankdan tutulan və daha sonra şirkət tərəfindən banka ödənilməli olan interchange haqqı. İddiaçı bildirir ki, onun tərəfindən müvafiq xidmətlərin həyata keçirilməsinə baxmayaraq cavabdeh hələ də müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni 2017-ci il üzrə 35.86 manat köçürmə haqqı, 134.89 manat komissiya haqqı və 264.36 manat interchange haqqı olmaqla, cəmi 435.11 manat; 2018-ci il üzrə 7,806.22 manat köçürmə haqqı, 26278.15 manat komissiya haqqı və 65999.96 manat interchange haqqı olmaqla, cəmi 100084.33 manat və 2019-cu il üzrə 4468.83 manat köçürmə haqqı, 15946.25 manat komissiya haqqı və 13339.05 manat interchange haqqı olmaqla, cəmi 33934.14 manat, ümumilikdə cəmi 134453.57 manat məbləğində xidmət haqqı iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək, xx.xx.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli Müqavilənin 3.1.4-ci bəndinə əsasən Bank Xidmət Mərkəzi (Xidmət Mərkəzi dedikdə - MilliKart) tərəfindən verilmiş hesablaşma məlumatı əsasında Şirkətin (Şirkət dedikdə - X6) internet saytında ödəniş kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə müvafiq məbləğləri (müqavilə ilə nəzərdə tutulmuş tutulmalar istisna olmaqla) gündəlik tam şəkildə Şirkətin müvafiq bank hesabına köçürülməsini təmin etməlidir. Yəni Bankla hesablaşmalar hər hansı ayın və ya ilin sonunda deyil, məhz gündəlik olaraq həyata keçirilməlidir. Bu cür hesablaşma isə Banka aid xidmət haqlarını məhz Bankın özü tərəfindən gündəlik dövriyyədən tutulmalı və ondan sonra qalan məbləğ köçürülməlidir. Hesablaşmaların gündəlik aparılmalı olduğunu nəzərə alaraq, Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbləri Banka çatacaq ödənişlərin tutulmasında nəzərə alınmalıdır. Məcəllənin həmin maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən xx.xx.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli Müqavilənin 2.1 -ci maddəsi (2.1.1 -ci və 2.1.2-ci) üzrə xidmət haqqından (komissiya haqqından) 2017-ci il üzrə 134.89 manat xidmət haqqının və 2018-ci il iyun ayına qədər (iyun ayı daxil olmaqla) 4261.59 manat, ümumilikdə 4396.48 manat iddia tələbindən çıxılmalıdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən iddia müddəti tələblərinə əsasən xx.xx.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli müqavilənin 2.3.2ci maddəsi üzrə köçürmə haqqından iddia müddəti tələblərinə əsasən 2017-ci il üzrə 35.43 manat köçürmə haqqının və 2018-ci il iyun ayına qədər (iyun ayı daxil olmaqla) 1010.36 manat, ümumilikdə 1045.78 manat iddia tələbindən çıxılmalıdır. xx.xx.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli müqavilənin 2.4-cü maddəsi üzrə tətbiq edilən faizlər və Bankdan tutulan xidmət haqqlar Bank tərəfindən təqdim edilən sənədlərdə öz əksini tapmadığı üçün interchange haqqı kimi göstərilən 79966.89 manat iddia tələbindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən hazırki iş üzrə iddia müddəti barədə müddəalar tətbiq edilməklə 2084.05 manat köçürmə haqqının, 37962.81 manat komissiya haqqının, ümumilikdə 40046.86 manat məbləğin cavabdehdən tutulmasını və interchange haqqının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz təqdim edərək bildirir ki, cavabdeh tərəf müqavilənin 3.1.4-cü bəndinə görə Bankın öhdəliyi Şirkətin internet saytında ödəniş kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə müvafiq məbləğlərin şirkətin müvafiq bank hesabına köçürülməsinə təmin etməkdən ibarətdir. İddiaçının tələbi müqavilənin 2.1, 2.4, 2.3.2, 3.3.3-cü və s. bəndlərinə əsasən formalaşıb. Hal-hazırda tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən və tərəflər arasındakı müqavilə ləğv edilmədiyindən hazırki işə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Bundan əlavə onların iddia tələbi xidmət haqqının ödənilməsi ilə bağlıdır. Xidmət haqqı isə özündə 3 haqqı: köçürmə haqqı, komissiya haqqı və interchange haqqını birləşdirir. Komissiya haqqı müqavilənin 2.1.1 və 2.1.3-cü bəndlərində öz əksini tapmışdır. Köçürmə haqqı müqavilənin 2.3.2-ci bəndində, interchange haqqı isə 2.4-cü bəndində öz əksini tapıb. Həmin bəndin özü də 3 elementi özündə birləşdirir. Birincisi Xidmət Mərkəzində xidmət olunan banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə, o, 1 sentyabr 2015-ci il tarixli “Bankomat və postterminallar şəbəkəsində və elektron vasitələrdə əməliyyatların aparılmasına dair kollektiv sazişlə tənzimlənir. Bu hissədə aparılan əməliyyatlar Milli Kart vasitəsilə aparılan əməliyyatlardır. Ona görə bankdan çıxan pulu Milli Kart öz məktubu ilə təsdiq edə bilər. İkinci hissə xidmət mərkəzində xidmət olunmayan kartlarla bağlıdır. Həmin kartlar isə Mərkəzi Bankın tətbiq etdiyi normalar ilə müəyyən olunan tarif əsasında müəyyən edilir. Hansı ki, tərəflər bununla bağlı razılaşa bilməzlər ki, tarifi, faizi nə qədər olacaq. X7ndə əməliyyatların aparılmasına dair kollektiv saziş və ona əlavə olunan protokollarla tənzimlənir. Üçüncü hissə isə beynəlxalq kartlar vasitəsilə aparılan əməliyyatlara aiddir. Bu da beynəlxalq sazişlər əsasında tutulur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli MK/UNİ/MHM/E-Com nömrəli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə bank xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də xidmət haqqının ödənilməsi üçün əsaslar qismən mövcuddur. Belə ki, tərəflər arasındakı müqavilənin xx.xx.2016-cı il tarixdə bağlanması və xidmət haqqının 2017-ci ilin yanvar ayından başlayaraq hesablanması işin mübahisəsiz halıdır. Eyni zamanda müqavilənin məzmunundan aydın olur ki, hesablaşmalar gündəlik olaraq həyata keçirilməli idi (3.1.4-cü bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 mart tarixli 3 nömrəli qərarında da məhkəmələrə tövsif edilmişdir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. İddiaçı isə yalnız xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 2017-ci il və xx.xx.2018-ci il tarixədək olan dövr üzrə öhdəliyin icra müddəti bitmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə 2017-ci il və xx.xx.2018-ci il tarixədək olan dövr üzrə xidmət haqqının tutulması hissəsində iddia təmin edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, komissiya və köçürmə haqqının təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Bununla yanaşı kollegiya hesab edir ki, interchange haqqının tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən bankdan tutulan və daha sonra şirkət tərəfindən banka ödənilməli olan interchange haqqı xidmət haqqının tərkibinə daxildir. İş materiallarında olan MilliKart Group tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 17 sentyabr 2021-ci il tarixli, 31/215 nömrəli məktubla bildirilmişdir ki, MK/UNİ/MHM/E-COM saylı müqaviləyə əsasən 2017-2018-2019-cu illər üzrə “Smartpay merchant” üzrə Xidmət mərkəzində xidmət olunan banklar üzrə həyata keçirilən əməliyyatlara görə 01 sentyabr 2015-ci il tarixli “Bankomat və POS-terminal şəbəkəsində, həmçinin elektron vasitələrdə əməliyyatların aparılmasına dair Kollektiv Saziş”ə əsasən hesablanmış “interchange fee” 3347.5 manat təşkil edir. Xidmət Mərkəzində xidmət olunmayan və AR-da fəaliyyət göstərən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə Azərbaycan Respublikasının Mərkəzi Bankı BKM kollektiv sazişinə əsasən “interchange fee” hesablanır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 11-00530-2021 nömrəli məktubla bildirilmişdir ki, AR Mərkəzi Bankının operatoru olduğu X7 sistemi üzərindən aparılan kart əməliyyatları üzrə, banklararası hesablaşmalar 25 fevral 2016-cı il tarixli “X12 üzərindən” əməliyyatların aparılmasına dair kollektiv Saziş” in 3.2-ci bəndinə əsasən KS-ə Əlavə 1-də müəyyən edilmiş reqlamentə uyğun olaraq icra edilir. KS-nin 2.1.11-ci bəndinə əsasən Milli və xarici valyutada aparılan əməliyyatlar üzrə xalis mövqelər bankların müxbir hesablarından akseptsiz qaydada silinir və ya daxil edilir. Xalis mövqelərin hesablanması zamanı KS-ə Əlavə 3-də müəyyən edilmiş cədvələ uyğun olaraq interchange xidmət haqları nəzərə alınır. İştirakçı bankların Mərkəzi Bank qarşısında maliyyə öhdəlikləri, yalnız KS-ə Əlavə 2də müəyyən edilmiş tarif cədvəlində tarif cədvəlində qeyd olunan bəndlərə əsasən həyata keçirilir. Bundan irəli gələrək bildirilir ki, "xxxx" KB ASC-nin qeyd olunan dövrlər (2017- 2019-cu illər) üzrə, Mərkəzi Bank və KS-nın iştirakçısı olan digər banklar qarşısında maliyyə öhdəliyi olmamışdır. Göründüyü kimi Xidmət Mərkəzində xidmət olunmayan və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə Azərbaycan Respublikasının Mərkəzi Bankı BKM kollektiv sazişinə əsasən “interchange fee” hesablanır. Eyni zamanda, "xxxx" KB ASC-nin 2017-2019-cu illər üzrə Mərkəzi Bank və Kollektiv Sazişin iştirakçısı olan digər banklar qarşısında maliyyə öhdəliyi olmamışdır. Bu isə onun tərəfindən lazımi ödəmələrin həyata keçirildiyini təsdiq edir. Hazırki işdə də iddiaçıdan qeyd olunan xidmət haqqının tutulması tam təsdiq olunur. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X10 və "xxxx" MMC-nin nümayəndələri X11 və X3 mütəxəssis qismində məhkəmədə dindirilmişlər və onlar da öz izahatlarında bildirmişlər ki, hal-hazıradək kart əməliyyatları beynəlxalq kart təşkilatları olan “Visa” və “Mastercard” vasitəsilə həyata keçirilirdi. Əməliyyatları xarici kartlara ötürməmək və pulun daxildə qalmasını təmin etmək məqsədilə X7 (BKM) yaradıldı. Milli və xarici valyutada (USD, EUR, GBP) aparılaraq emal olunan əməliyyatlar üzrə hesablaşmalar BKM-də həyata keçirilir. “İnterchenge fee” adlı kart əməliyyatı həyata keçirilərkən xidmət haqqı tutulur. "xxxx" KB ASC ilə aparılan əməliyyatlara görə də sonuncudan məbləğ tutulub. Bununla bağlı mütəxəssis tərəfindən “İnterchenge fee” əməliyyatı üzrə məlumatlar məhkəməyə təqdim edilmiş və tərəflər arasında bağlanmış müqavilə üzrə “interchange fee” haqqının müəyyən edilməsi üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyul 2022-ci il tarixli 9/1138 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə Azərbaycan Respublikası Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Kart ödənişləri üzrə Milli şəbəkənin təminatı şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəmə tərəfindən nəzərə alındıqda aşağıdakılar müəyyən olunur: 1.“smartpay_2017.xls” sənədi üzrə 1722 kart əməliyyatı təqdim edilmiş, bu əməliyyatlardan 1272-si BKM üzərindən aparılmış, "xxxx" KB ASC-nin 273.11 AZN interçeync xidmət haqqı ödədiyi, 2. “smartpay_2018.xls” sənədi üzrə 488339 kart əməliyyatı təqdim edilmiş, bu əməliyyatlardan 298664-ü BKM üzərindən aparılmış, "xxxx" KB ASC-nin 13682.99 AZN İnterçeync xidmət haqqı ödədiyi, 3. “smartpay_2019.xls” sənədi üzrə 74311 kart əməliyyatı təqdim edilmiş, bu əməliyyatlardan 49758-i BKM üzərindən aparılmış, "xxxx" KB ASC-nin 6263.98 AZN interçeync xidmət haqqı ödədiyi təyin edilmişdir. Təqdim edilmiş sənədlər üzrə BKM infrastrukturunda 349694 əməliyyat aparılmış və hesablaşması təşkil edilmişdir. "xxxx" KB ASC-dən interçeync xidmət haqları üzrə ümumilikdə 20.220,08 manat vəsait tutularaq, emitent banklara ödənilmişdir. Məhkəmə kollegiysaı hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Çünki həmin ekspert rəyi Azərbaycan Respublikası Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Kart ödənişləri üzrə Milli şəbəkənin təminatı şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş və kifayət qədər əsaslandırılmış mütəxəssis rəyinə əsasən verilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin mütəxəssisi həmin rəyin verilməsində iştirak etmədiyinə görə cavabdehin nümayəndəsinin həmin mütəxəssisə etiraz etməsi əsassızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı “interchange fee” haqqı üçün 20.220,08 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia qismən əsaslıdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə cəmi 49209,8 manat pul vəsaitindən əlavə əlavə 20220,08 manat məbləğində pul vəsaiti də tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3241/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin və cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 49209,8 manat pul vəsaitindən əlavə 20220,08 manat, cəmi isə 69429,88 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti bərabər hissələrdə iddiaçı "xxxx" KB ASC və cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar