Məhkəmə qərarları › İş №2-2(103)-1041/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1041/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1041/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3224/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh1 ASC) və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh2 QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2017-ci tarixli xidmət müqaviləsi üzrə 29000 manat əsas borcun, Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3224/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi Gəncə şəhərində aparılacaq təmir işləri ilə bağlı Cavabdeh1 ASC-nin tərkibində fəaliyyət göstərən "xxxx" MMC ilə 01 avqust 2017-ci ildə görüləcək bordur və tamet işləri ilə əlaqədar müqavilə bağladı. Bundan əlavə, Cavabdeh1 ilə tametlərin sökülüb qoyulmasına dair müqavilə bağladılar. Əmək haqqı iyirmi beş min otuz manat məbləğində müqavilə bağladılar və həmin işi gördülər və təhvil verdilər. Təhvil-təslim arayışına da həmin şirkətin sahə rəisi X5 və o, öz imzası ilə təsdiqlədilər. Lakin işçilərin görülməsinə dair təhvil-təslim aktı imzalansa da, bu günə kimi pul ödənilməmişdir. Bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən görülmüş işlərin dəyəri ödənilmədən müqaviləyə xitam verilə bilməz. Lakin məhkəmə Müqavilənin 6.1-ci maddəsini əsas götürmüş, təhvil-təslim aktına imza atmış sahə rəisi X4 məhkəməyə dəvət etməmiş, onun imza ilə təsdiq etdiyi arayışı qəbul etməmişdir və Cavabdeh1 şirkətinin Gəncə filialının direktoru Gülməmmədov Maqsudu məhkəməyə dəvət etməmişdir. 2-ci halda: Prezidentin Gəncə şəhərinə gələcəyi ərəfəsində təmir işlərinin aparılması üçün təcili Yevlax şəhərində yerləşən “Azinşaaf ’ şirkətindən "xxxx" tamet alışı ilə əlaqədar müqavilə bağladılar. 7000 kv. m. tamet onun adıyla alındı, tametin daşınması 16.000 min manat nəqliyyat xərci tutdu, 70000 (yetmiş min) manat isə tametə ödəniləcək pulu şirkətin vəsaiti olmadığına görə o, “Azinşaaf” şirkətindən onlarla daim iş birliyində olduğuna görə ona etibar edib verdilər. Ancaq "xxxx" həmin şirkətə 20000 (iyirmi min) manat pul ödəmişdi. Yerdə qalan vəsaiti isə o, evini banka girov qoyaraq kredit götürüb ödəyir. Lakin hələ də onun çəkdiyi xərci ödəmirlər. Lakin məhkəmə bunun üstündən sükutla keçmişdir. Bu halda da məhkəmə bu işlərdə iştirak edən cavabdeh şəxsləri məhkəməyə dəvət etməmişdir. Axırıncı halda məhkəmə iclasının keçirilməsini xx.xx.2024-cü il tarixə, saat 15:30-da keçiriləcəyini bildirmişdir. Ancaq iclası 14:00-da onsuz keçirmişdir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qətnamədən göründüyü kimi, məhkəmə işə baxarkən qanunun maddəsinin tələblərini pozmaqla, qərar qəbul edərək maddi hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinin işin hallarına aid olan 5-ci bəndində bununla əlaqədar mən öz fikrimi əsaslandırmışam. Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsinə əsasən prosessual hüquq normalarının və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qətnamədən göründüyü kimi, məhkəmə işə baxarkən qanunun həmin maddəsinin tələblərini pozmaqla, qərar qəbul edərək prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinin işin hallarına aid olan 5-ci bəndində bununla əlaqədar o, öz fikrini əsaslandırıb. Əslində, məhkəmə sənədlər və müvafiq şəxslər iştirak etmədiyi halda, nəyi araşdıra bilərdi. Yalnız, cavabdeh tərəfin qanuni təmsilçisinin tərəflər arasında bağlanmış müqavilənin 6.1.-ci maddəsində göstərilən müddəa ilə bağlı göndərdiyi elektron etiraza əsaslanmışdır. Məhkəmə göstərilən iddialar ilə bağlı cavabdeh tərəfdən, vergi orqanlarından, Dövlət Sosial Müdafiə Fondundan, Dövlət Arxivindən müvafiq sənədlərin gətirilməsini təmin etməmişdir. Məhkəmə, bağlanmış müqavilənin 6.1-ci maddəsini rəhbər tutmuş, 6.4cü maddəsini görməməzliyə vurmuş, maddi-məsul şəxslərin məhkəməyə çağrılmasını təmin etməmişdir. İşlərin təhvil-təsliminə imza atmış, Cavabdeh1 ASCnin sahə rəisi Məmmədzadə Kamal oğlunun və Gülməmmədov Maqsudun məhkəməyə dəvət edilməsi, Tametin Yevlax şəhərindən alınıb-gətirilməsində iştirak etmiş şəxslərin məhkəməyə dəvət edilməsi məhkəmə tərəfindən yerinə yetirilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

9. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

10. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

11. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

12. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

13. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" X2 (VÖEN – **********; hazırkı Cavabdeh2 QSC) arasında 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsində Gəncə şəhəri, Heydər Əliyev prospektində tamet işlərinin yerinə yetirilməsini, Cavabdeh2 QSC isə yerinə yetiriləcək işləri qəbul edərək dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavə olan razılaşma protokoluna əsasən, 1 kv.m tametin vurulması üçün qiymət şərtləşdirilmiş, 31 avqust 2017-ci il tarixli aktla 15000 manat, 20 noyabr 2017-ci il tarixli aktla 14250 manat, 15 dekabr 2017-ci il tarixli aktla 14250 manat dəyərində görülmüş iş təhvil alınmışdır. Həmçinin Gəncə şəhərində Cavabdeh1 ASC tərəfindən kanalizasiya və su xətlərinin çəkilişi ilə əlaqədar səki daşlarının sökülüb yenidən döşənməsi haqqında 16 avqust 2017-ci il tarixli iddiaçı və Cavabdeh1 ASC-nin sahə rəisi qismində X5 tərəfindən imzalanan arayışda əmək haqqı kimi 25030 manat əks olunmuşdur.

21. İddiaçı Cavabdeh2 QSC-nin Cavabdeh1 ASC-nin törəmə şirkəti olduğunu göstərir və 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 15 dekabr 2017-ci il tarixli aktda göstərilən işlərin dəyərindən 10000 manatın ödənildiyini bildirərək qalan 4250 manat, 16 avqust 2017-ci il tarixli arayışda göstərilən 25030 manat, tametlərin dəyəri olan 70000 manat, onların daşınması xərci olan 16000 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb etmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır.

23. Əvvəla, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsindən Cavabdeh1 ASC üçün hər hansı öhdəliyin yaranıb-yaranmamasına münasibətdə göstərilməlidir ki, mülki hüquq nəzəriyyəsində öhdəlik hüququ əşya hüququndan fərqli olaraq nisbi hüquq hesab edilir. Başqa sözlə, öhdəlik bir qayda olaraq yalnız onun tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir, müqavilə iştirakçısının tələb etmək hüququ əşya hüquqlarında olduğu kimi hamı və hər kəs üçün deyil, yalnız kontragent üçün vəzifələr yaradır. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən də öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

24. Lakin mülki qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 67.3-cü maddəsinə əsasən, törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.

25. Mülki Məcəllənin 67.1-ci maddəsində isə törəmə cəmiyyətə anlayış verilmişdir. Həmin anlayışa görə, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.

26. Göründüyü kimi, törəmə cəmiyyətin öhdəliyindən irəli gələn əsas cəmiyyətə qarşı tələblərdə, əvvəla, hüquqi şəxslərin əsas cəmiyyət və törəmə cəmiyyət statusuna malik olub-olmaması, daha sonra isə əsas cəmiyyətin törəmə cəmiyyətinin bağladığı əqdlər üçün birgə məsuliyyət daşıyıb-daşımaması müəyyən olunmalıdır.

27. Hazırkı halda Cavabdeh1 ASC-nin əsas, Cavabdeh2 QSC-nin törəmə cəmiyyət olduğu, Cavabdeh1 ASC ilə Cavabdeh2 QSC arasında birincinin sonuncuya məcburi göstərişlər vermək hüququnun nəzərdə tutulduğu müqavilənin mövcud olduğu, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsinin Cavabdeh1 ASC-nin göstərişlərinin icrası üçün bağlandığı kimi hallar iş materialları ilə təsdiq olunmur. Belə olan halda isə qanuna görə Cavabdeh1 ASC-nin 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə birgə məsuliyyət daşıması istisna olunur.

28. Digər tərəfdən, Mülki Məcəllənin 67.2-ci maddəsinə əsasən, törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir. Bu isə Cavabdeh1 ASCnin əsas, Cavabdeh2 QSC-nin törəmə cəmiyyət kimi statusu təsdiqlənsə belə, Cavabdeh2 QSC-nin Cavabdeh1 ASC-nin öhdəlikləri üçün məsuliyyətini istisna edir. Başqa sözlə, Cavabdeh2 QSC və Cavabdeh1 ASC biri digərinin öhdəlikləri üçün hər hansı məsuliyyət daşımır.

29. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, iddia tələbi 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 4250 manat məbləğində pulun tutulması hissəsində yalnız Cavabdeh2 QSC-yə, 16 avqust 2017-ci il tarixli arayış üzrə 25030 manat pulun tutulması hissəsində yalnız Cavabdeh1 ASC-yə, Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun tutulması hissəsində isə hər iki cavabdehə münasibətdə qiymətləndirilməlidir.

30. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Məhkəmə qeyd etmişdir ki, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi mahiyyəti etibarilə işlərin təhvil verilməsi nəzərdə tutulan, hüquqi məqsədini konkret işin görülməsi təşkil edən podrat müqaviləsidir. Həmçinin 16 avqust 2017-ci il tarixli arayış üzrə tələb edilən məbləğ də şifahi podrat müqaviləsi üzrə görülmüş işlərinin dəyərinin ödənilməsi tələbidir.

34. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

35. Həmin Məcəllənin 753.1-ci maddəsində əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

36. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

37. 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 15 dekabr 2017-ci il tarixli aktla təhvil alınmış işlərin dəyərinin ödənilməsinə münasibətdə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

38. Hazırkı halda isə Cavabdeh2 QSC 15 dekabr 2017-ci il tarixli aktla təhvil alınmış işlərin dəyərinin tam ödənildiyini sübut edə bilməmişdir. Lakin Cavabdeh2 QSC iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

39. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).

40. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, hazırda 01 avqust 2017-ci il tarixli podrat müqaviləsi üzrə 4250 manat məbləğində pulun tutulması hissəsində iddiaçı subyektiv hüquqa malikdir, həmin subyektiv hüquq isə Cavabdeh2 QSC tərəfindən pozulmuşdur.

41. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

42. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

43. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

44. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

45. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).

46. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

47. 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsinin 5.2 – 5.3-cü bəndlərinə əsasən, işlərin dəyərinin 50%-ə qədəri avans kimi ödənilə bilər. İşlərin dəyərinin qalan hissəsi faktiki yerinə yetirilmiş işlər üzrə tərtib edilən, “Sifarişçi” və “İcraçı” tərəfindən imzalanmış, görülmüş işlərin qəbul aktlarına uyğun olaraq köçürmə yolu ilə ödənilir. Avans qarşılıqlı razılıqla hissə-hissə tutulur.

48. İş materiallarında olan 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə sonuncu təhvil-qəbul aktı 15 dekabr 2017-ci il tarixdə imzalanmış, beləliklə, həmin tarixdən hesablanmaqla tələb hüquq üçün iddia müddəti 15 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Həmçinin iddia müddətinin axımının dayanması və ya kəsilməsi halı da müəyyən edilmir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia verməklə iddia müddətini ötürmüşdür.

49. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 01 avqust 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 4250 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi iddia müddəti ötdüyündən rədd edilməlidir.

51. İddiaçının Cavabdeh1 ASC-dən 25030 manat məbləğində pulun tutulması tələbi barədə yeganə sübutu isə 16 avqust 2017-ci il tarixli iddiaçı və Cavabdeh1 ASC-nin sahə rəisi qismində X5 tərəfindən imzalanan arayışdır. Cavabdeh1 ASC X5 şəxsin əməkdaşı olduğunu inkar etdiyindən həmin halı sübutetmə vəzifəsini iddiaçı daşımışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

52. Hazırkı halda isə iddiaçı Cavabdeh1 ASC ilə podrat münasibətlərinin mövcud olduğunu, X3 Cavabdeh1 ASC-nin nümayəndəsi olduğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 ASC-dən 25030 manat məbləğində pulun tutulması hissəsində də rədd edilməlidir.

53. Məhkəmə Yevlax rayonundan alınmış 7000 kv.m tametin dəyəri olaraq 70000 manat və tametin Yevlax rayonundan Gəncə şəhərinə daşınması üçün 16000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsində isə göstərir ki, həmin hissədə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatından ibarətdir. Məhkəmə nəzərə almışdır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

54. Lakin iddiaçı həmin hissədə də sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir.

55. Apellyatorun şikayətdə göstərdiyi dəlillər iddia müddətinin keçməsinə və məhkəmənin onu işə tətbiq etməsinə maneə yaratmır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq emiş, prosessual pozuntulara yol verməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.

56. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3224/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar