Məhkəmə qərarları › İş №2-2(103)-1042/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1042/2022

02.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1042/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əsassız varlanma qaydasında pulun tutulması Açar söz: əsassız varlanma Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əsassız varlanma qaydasında pulun əsassız varlanma qaydasında tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 246/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışla təsdiq edilir ki, “A+A Şirkətlər Qrupu” MMC-yə məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, H.Əliyev prospekti ünvannında yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3244/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, qeyd edilən sahə ilə bağlı iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “İ- DƏ-0002/21” saylı icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə üzrə cavabdeh İddiaçı MMC tərəfindən alınmış ümumilikdə 30.251,29 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat 3.. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 85.000 manat məbləğində pulun, 400 (manat məbləğində mediasiya xərcinin, 100 manat məbləğində hüquqi yardım xərcinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını (Mərkəzi Plaza) mülkiyyətçi “A+A Şirkətlər Qrupu” MMC-dən icarəyə götürmüş və cəmiyyətin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Qeyd edilən qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 566 kv.m. sahə 07 yanvar 2021-ci il tarixli İ-DƏ-0002/21 nömrəli icarə müqaviləsinə əsasən subicarə qaydasında cavabdehə icarəyə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti əvvəlcə xx.xx.2023-cü il tarixinə qədər müəyyən edilsə də, sonradan cavabdehin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixinə qədər uzadılmışdır. Lakin cavabdeh xx.xx.2021-ci il tarixində bildiriş göndərərək xx.xx.2021-ci il tarixində birtərəfli qaydada müqaviləyə xitam verəcəyi, daha sonra isə müqavilənin etibarsızlığı barədə barədə onlara xəbərdarlıq göndərmişdir. Bundan sonra cavabdeh aralarında bağlanmış müqavilənin etibarsızlığı onlar isə icra edilməmiş ödənişin alınması ilə bağlı məhkəməyə müraciət etmişlər. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3244/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli İ-DƏ-0002/21 nömrəli icarə müqaviləsi etibarsız hesab edilmiş və onların iddiası təmin edilməmişdir. Bununla da tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilmişdir. Bundan sonra İddiaçı MMC əsassız varlanma ilə bağlı vurulmuş zərərin ödənilməsi barədə pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanın verilməsindən sonra da cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin könüllü şəkildə icrasından imtina etmişdir. Mediasiya prosesinin tətbiqi ilə bağlı tərəflərindən göndərilmiş bildiriş də heç bir nəticə verməmişdir. Bunun da nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulduğu üçün onlar pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-246/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 82.166 (səksən iki min yüz altmış altı) manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 380 (üç yüz səksən) manat məbləğində və vəkil xərclərinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 6.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İ-DƏ-0002/21 tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Sumqayıt şəhəri 36-cı məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən icarə hüququ üzrə icarəyə verənin sahibliyində olan (“A+A Şirkətlər Qrupu” MMC ilə "xxxx" MMC arasında imzalanmış və Bakı şəhəri, 12 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-12 reyestr nömrəli icarə müqaviləsinə əsasən) ümumi sahəsi 7169,20 kv.m olan qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 566 kv.m olan hissəsini ikinci əldən icarəyə vermişdir. İcarə haqqı 17.000 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Həmçinin işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur: - İcarə obyektinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-nin istifadəsində olması və icarə obyektinin xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilməsi. Məhkəmə qətnaməsində həmçinin icarəyə verilmiş obyektin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də olması işin mübahisəsiz halı kimi müəyyən edildiyindən qarşılıqlı iddia üzrə İddiaçı MMC-yə ona dəymiş ziyanı Cavabdeh MMC-dən tələb etmək hüququna malik olması izah edilmişdir.

7. Hazırki iş üzrə İddiaçı MMC Cavabdeh MMC-nin iddiaçının icarəsində olan mübahisəli qeyri-yaşayış sahəsindən 5 ay ərzində istifadə və sahiblik etməklə əsassız varlandığını əsas göstərərək əsassız varlanmaya görə 85.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə icarə hüququ əsasında İddiaçı MMC-yə məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-nin istifadəsində olması ( 4 ay 25 gün) və xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilməsi müəyyən edilmişdir.

9. Cavabdeh MMC tərəfindən özgəsinin əmlakından istifadəyə görə İddiaçı MMC-yə hər hansı pul vəsaitinin ödəməsi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə qanun qüvvədə məhkəmə qətnaməsi ilə Cavabdeh MMC tərəfindən icarə haqqı olaraq ödənilmiş pul vəsaitinin ona qaytarılması qət edilmişdir.

10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı halda cavabdeh tərəflər arasında müqavilə və ya hər hansı qanuni əsas olmadan icarə hüququ ilə iddiaçıya məxsus olan əmlakdan haqqını ödəmədən istifadə etdiyindən iddiaçının tələbi əsaslıdır. 1091.1-ci maddəsinin tələbləri baxımından əsassız varlanma yalnız “başqasının hesabına əmlak əldə etməsi“ anlayışı yalnız yeni əmlak əldə edilməsini deyil, başqasının əmlakı hesabına əmlakına qənaət etməsini də ehtiva edir.

11. Məhkəmə cavabdehin əmlakdan istifadə etməsi nəticəsində əmlak əldə etməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi barədə dəlillinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qanuni əsas olmadan əmlakdan istifadəsi nəticəsində yeni əmlak əldə etməsi iş materialları ilə müəyyən edilməsə də, sonuncu özgəsinin əmlakından haqqı ödənilmədən istifadə etməsi nəticəsində adi mülki dövriyyə şəraitində həmin əmlakdan istifadə etməyə görə ödəməli olduğu məbləği özündə saxlamış, həmin məbləğə qənaət etmişdir.

12. Əsassız varlanmanın məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində aylıq icarə haqqı 17.000 manat (ƏDV xaric) məbləğində olduğundan, müqavilədə iradə qüsurunun olması (müqavilənin Cavabdeh MMC-nin iradəsinə zidd olaraq bağlanması) aşkar edilmədiyindən əsassız varlanma məbləği müəyyən edilərkən həmin məbləğin əsas götürülməsi ağlabatandır, belə olan halda cavabdehin qeyri-yaşayış sahəsindən 4 ay 25 gün istifadə etməsinə görə əsassız varlandığı məbləğ 4x17.000 + 17.000/30x25= 82.166 manat təşkil edir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MM-nin 1091-ci maddəsini düzgün şərh etməmişdir. iddiaçı tərəf əsassız varlanmaya dair sübutlar təqdim edə bilməmişdir. Qeyd edilən aylıq 17.000 manat, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-3244/2021 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş icarə müqaviləsinə istinadən iddiaçının iddia etdiyi məbləğdir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, Bakı Kommersiya Məhkəməsi sübut edilməmiş hallara əsasən qətnamə qəbul etmişdir. İddiaçı əsassız varlanmanı məhz 85.000 manat olmasını heç bir sübutla əsaslandıra bilməmişdir, məhkəmə isə qətnaməsində bu məbləği təmin etməyi qərara alarkən heç bir sübuta istinad etməmişdir. İşə baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmamasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi X3 oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. .

17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddə- əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə- varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 157.5-ci maddə-mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddə-mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə- bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 18.Cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qeyd edilənlərə əsasən qətnamə qismən- iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-246/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 20.İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3244/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız (qanunda nəzərdə tutulmuş formada bağlanmadığı üçün) hesab edilmiş xx.xx.2021-ci il tarixli, “İ-DƏ-0002/21” saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasının (Mərkəzi Plaza) 1ci mərtəbəsində yerləşən 566 kv.m. sahədən istifadə etmişdir. Qeyd edilən sahənin aylıq icarə haqqı 17.000 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, cavabdeh iddiaçıya icarəyə verilmiş sahədən 4 ay 25 gün istifadə etdiyindən və bu istifadənin qanuni əsası sonradan aradan qalxdığından iddiaçı dəymiş ziyanı əsassız varlanma qadasında tələb etməyə haqlıdır.

22. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən MM-nin 1091.1-ci maddəsinin düzgün şərh edilmədiyini, cavabdehin etibarsız müqavilə əsasında icarə obyektində istifadə etməsinə əsassız varlanma kimi hüquqi qiymət verilməsinin düzgün olmadığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edərək birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, MM-nin 1092.1ci maddəsinin məzmununa əsasən qanuni əsaslar olmadan və ya sonradan aradan qalxmış hüquqi əsasla başqasının əmlakından istifadə etmək və faydalanmaq da MM-nin 1091.1-ci maddəsinin təsiri dairəsinə düşür və əsassız varlanma hesab edilir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. 24.Cavabdehin apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, əsassız varlanmanın məbləğinin icarəyə verilmiş obyektin aylıq icarə haqqı əsas götürülməklə müəyyənləşdirilməsi düzgün deyil. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsi ilə razılaşır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış subicarə müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində cavabdeh hər ay ödəməli olduğu icarə haqqı məbləğində fayda əldə etmiş olduğundan cavabdehin əsassız varlandığı məbləğ obyektin icarəsində olduğu dövr üçün ödəməli olduğu icarə haqqı məbləğidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin hər iki dəlili məhkəmə tərəfindən əsassız hesab edilir.

25. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğvinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyi müəyyən edilir.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 246/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-246/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar