Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1044/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X4 X1 publik hüquqi şəxsin nümayəndəsi X2, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-3242/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 151.200 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, iddiaçının hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, cavabdehə Bakı şəhəri Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən Dağ-mədən ayırması aktı olmadan faydalı qazıntı çıxarılmasının qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.07.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdeh “Şahqaya” əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan qanunsuz olaraq faydalı qazıntı hasilatı aparır. Müvafiq sahədə dövlət nəzarətini həyata keçirən inzibati orqan olaraq Agentlik cavabdehin qazıntı işləri apardığı sahəyə baxış keçirmiş, inzibati protokol tərtib etmiş və tənbeh verilməsi üçün toplanmış materialları məhkəməyə göndərmişdir. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 5.000 manat məbləğdə inzibati cərimə tətbiq edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Cavabdehə bir neçə dəfə qanunsuz hasilatı, dövlətə ziyan vurmağı dayandırması ilə bağlı şifahi xəbərdarlıqlar və yazılı bildirişlər göndərilmişdir. Lakin cavabdeh inzibati orqanın heç bir göstərişinə məhəl qoymadan dövlətə məxsus faydalı qazıntıları hasil etməkdə davam etmişdir. Bu gün də öz qanunsuz fəaliyyətini davam etdirməklə, həmin fəaliyyət nəticəsində dövlətə dəyən ziyanın artmasına səbəb olur. Birinci instansiya məhkəməsi isə hesab edir ki, cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan hasilat işlərinin aparılması icraatında olan mülki işlə bağlı deyil və sözügedən iddianı təmin etməyə yönəlməyibdir. Cavabdeh qanunsuz olaraq dövlətin sərvəti olan faydalı qazıntıları (mişardaşı) yerin təkindən çıxarır və satır. İcazə sənədi olmadan yerin təkindən hasil edilmiş faydalı qazıntıların həcmi dövlətə dəymiş ziyanı təşkil edir. Bu gün cavabdehə həmin fəaliyyət qadağan edilməsə, gələcəkdə iddia məbləği (dəymiş ziyan) kəskin artacaqdır. Yer təki sahəsində nəzarət funksiyasını həyata keçirən orqan olaraq iddiaçının qeyd edilən iddianın qaldırılmasında məqsədlərindən biri faydalı qazıntı yataqlarının qanunsuz işlənməsinin qarşısının alınmasıdır. Bu səbəbdən məhkəmə cavabdehə sözügedən faydalı qazıntı yatağının qanunsuz işlənməsinə qadağa qoymamaqla dövlətə, xalqa vurulacaq zərərin artmasına şərait yaradır. Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki işlər və kommersiya mübahisələri üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tədbiq edilən tədbirdir, lakin hazırki iddianın təmin etmə tədbiri qanunvericiliyinin tələblərinə cavab vermədiyinə görə təmin edilə bilməz, belə ki, “Bakı şəhəri, Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən “Dağ-mədən ayırması” aktı olmadan faydalı qazıntı çıxarılmasının cavabdehə qadağan edilməsi” iddianı təmin etmə tədbiri gələcəkdə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı qətnamənin icrasını təmin edən tədbir deyil.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, iddia ərizəsinin faktiki əsaslandırılmasından və şikayətin dəlillərindən aydın olduğu kimi, “cavabdehdən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 151.200 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, iddiaçının hesabına ödənilməsi” tələbinə dair iddianın qaldırılmasından iddiaçının iki məqsədi olmuşdur: 1. faydalı qazıntı yataqlarının qanunsuz işlənməsinin qarşısının alınması; 2. faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi. Bu mənada, əgər faydalı qazıntı yataqlarının qanunsuz işlənməsinin qarşısı alınmazsa və sözügedən proses dayandırılmazsa, yataqların qanunsuz işlənməsi nəticəsində maddi zərərin vurulması da davam edəcək və vurulmuş maddi zərər də artacaqdır. Başqa sözlə, yataqların qanunsuz işlənməsinin qarşısının alınması ilə qanunsuz işlənmə nəticəsində dövlətə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi iddiaçının ehtiyac duyduğu vahid hüquqi müdafiənin ayrılmaz elementləridir. "xxxx" ASC-nin işdə olan 04.08.2021-ci il tarixli 7-01/3780 nömrəli məktubuna əlavə olunan cavabdehin daş karxanasında elektrik enerjisi istehlakı haqqında məlumatdan da görünür ki, cavabdeh dağ-mədən ayırmasının müddətinin bitdiyi 06.05.2020-ci il tarixdən sonra da bu yöndə fəaliyyətini davam etdirmişdir. Odur ki, iş üzrə faydalı qazıntı çıxarılmasının cavabdehə qadağan edilməsi növündə iddianı təmin tədbiri bilavasitə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə yönəlmişdir, tədbirlə qorunan maraq iddianın hədlərini aşmır və onunla üst-üstə düşür. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanunsuz və əsassızdır, şikayətin dəlilləri qərardadın ləğvinə və ərizənin təmininə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, ərizə təmin olunmalı, şikayət təmin edilməlidir (MPM-in 398.0.3-cü maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3242/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X4 X1 publik hüquqi şəxsin iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilsin. Cavabdeh MMC-yə Bakı şəhəri Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən Dağ-mədən ayırması aktı olmadan faydalı qazıntı çıxarılması qadağan edilsin. İddiaçının şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-1044/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1044/2021
30.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver