Məhkəmə qərarları › İş №2-2(103)-1044/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1044/2022

24.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1044/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X2 Gıda Hayvancılık Sanayi ve Ticaret Anonim Şirketi”nin Cavabdeh MMCyə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X2 Gıda Hayvancılık Sanayi ve Ticaret Anonim Şirketi”nin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 891/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü vurulmuş xx.xx.2016cı il tarixli sənəddə bildirilmişdir ki, ümumi dəyəri 7,843,682 Avro təşkil edən 4 fabrik (Tovuz-Tərtər-Zaqatala-Ağcabədi)(GE160), Qəbələ fabriki (GE125), Soyudulmuş süd alış mərkəzi (GE161), Süd zavodlarına əlavə işçilər (GE179), Ağcabədi əlavə razılaşma (GE174), Süd daşıma tankeri bağlantısının bərpası (GE172), Homojenizator (GE196- 2011), Süd zavodlarına əlavə məhsullar (GE180) və Xam duz satışı (4 TİR) layihələri təyin edilmiş müqavilə nömrələri ilə birlikdə X3 San. Tic. LTD. ŞTİ. tərəfindən müvafiq müqaviləyə uyğun olaraq tam şəkildə tamamlanmışdır. Cavabdeh kimi göstərilmiş layihələrin təsdiqi olaraq Alfa Tek şirkətinə 400.000 Avro məbləğində ödəniş etməyi qəbul edir və öhdəsinə götürür. GE160 saylı müqavilə istisna olmaqla, hamısı tam ödənilib, 400.000 Avro ödənilməmiş qalmışdır. 400.000 Avro məbləğində borcun hər ay 100.000 avro olmaqla xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə ödənilməsini öhdəsinə götürür.

2. Cavabdeh birinci instansiya məhkəməsinə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.

3. Türkiyə Ticarət Reyestri Qəzetinin xx.xx.2017-ci il tarixli 9320 nömrəsindən görünür ki, “X2 San Ticaret Limited Şirketi”nin adı dəyişdirilərək, “X2 Gıda Hayvancılık Sanayi ve Ticaret Anonim Şirketi” kimi qeydiyyata alınmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2016cı il tarixli öhdəlik bildirişinə əsasən 400.000 Avro borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı X1 şəhərində fəaliyyət göstərən, süd və süd məhsullarının emalı, istehsalı ilə məşğul olmaq istəyən şirkətlərə fabriklərin tikintisində və qurulmasında yardım göstərən bir şirkətdir. 2006-cı il tarixdən başlayaraq iddiaçı cavabdehlə müqavilə bağlayaraq Azərbaycan Respublikasının Qəbələ, Tərtər, Tovuz, Zaqatala və Ağcabədi rayonlarında süd emalı fabrikləri tikmiş, avadanlıqlarla təchiz etmiş və tam işlək vəziyyətdə cavabdehin sərəncamına vermişdir. Qeyd edilən fabriklərin tikintisi, avadanlıqlarla təchiz edilməsi, süd məhsullarını emal edən avadanlıqların tam işlək vəziyyətdə verilməsinə görə 7.843.682 Avronun ödənilməsi razılaşdırılmış, cavabdeh 2016-cı ilin 26 dekabr tarixinə qədər iddiaçının hesabına 7.443.682 Avro pul ödəmişdir. Həmin tarixdə hesablaşma aparılmış və cavabdeh hər rüb üçün 100.000 Avro, 15 dekabr 2017-ci il tarixinə qədər 400.000 Avro ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin 28 dekabr 2016-cı il tarixli anlaşmadan sonra cavabdeh, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, bu günə qədər heç bir vəsait ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə, “Məhkəmə, İddiaçının iddia müddətinin tətbiq edilməsinə qarşı etiraz ərizəsində qeyd etdiyi (tərəflər arasında yaranan öhdəliyin daşınmaz əmlakla bağlı olması və buna görə hazırkı iddia tələbinə 6 illik müddətinin şamil edilə biləcəyinə dair) dəlili əsaslı hesab etmir. Belə ki, MM-in 373.2-ci maddəsində “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi öz əksini tapsa da, qanunverici buna anlayış verməmişdir. Daşınmaz əşyanın anlayışı MM-in 135.4-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur. Buna görə, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu mənada, “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsini predmetini daşınmaz əşyanın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) və ya müvəqqəti istifadəsinə (icarə, əvəzsiz istifadə, kirayə) yönəlmiş müqavilə olaraq başa düşmək mümkündür. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin bu növ müqavilə olmadığı şübhəsizdir. Digər tərəfdən, daşınmaz əşya ilə bağlı müqavilələrə daha ciddi tələblər (notariat qaydasında təsdiqlənmə, yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı) irəli sürülür (MM m. 144.1, m. 178.1 və s.). İddiaçı pul tələbinin daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəldiyini irəli sürsə də, tələbinin hüquqi əsasını təşkil edən həmin müqavilənin sadalanan imperativ şərtlərə uyğun olaraq bağlandığını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, İddiaçının bu dəlilinin əsaslı hesab edilməsi ehtimalında, pul tələbinin müqavilədən irəli gəldiyini deməsi mümkün olmazdı. Çünki notariat formasına əməl edilməmiş müqavilə əhəmiyyətsiz hesab edilir, əhəmiyyətsiz müqavilədən isə, pul tələbi (yəni müqavilədən doğan) pul tələbi əmələ gələ bilməz (MM m. 337.1, m. 337.3, m. 337.4). Bu hal isə, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 6 illik iddia müddətinin tərəflər arasındakı münasibətlərə tətbiqini istisna edərdi. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən, Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim olunduğundan məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir.”

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 373.2, 377.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qənaətinə görə Mülki Məcəllənin 373.2-ci maddəsində “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi öz əksini tapsa da, qanunverici buna anlayış verməmişdir. Daşınmaz əşyanın anlayışı Mülki Məcəllənin 135.4-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixli borc öhdəliyini əks etdirən sənəddə aydın göstərilir ki, öhdəlik Tovuz, Qəbələ, Zaqatala və Ağcabədidə tiklimiş süd və süd məhsullarının emal edilməsi fabriklərinin (zavodların) tikilməsindən yaranan borcu nəzərdə tutur. Yəni, tərəflər arasında yaranan öhdəlik daşınmaz əmalakın tikilməsi, avadanlıqlarla təchiz edilməsi və açar-təhvil cavabdehə verilməsindən ibarətdir. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bundan əlavə, tərəflər arasında Tovuz, Qəbələ, Zaqatala və Ağcabədidə tiklimiş süd və süd məhsullarının emal edilməsi fabriklərinin tikilib təhvil verilməsindən başqa işçilərə ödənə biləcək əlavə pul, xam duz satışı, süd zavodlarına əlavə məhsulların verilməsi, homojenizator, süd daşıma tankerinin bağlantısının bərpası kimi işlər də həyata keçirilmişdir. Amma təqdim etdiyi borc bildirişinin qeyd hissəsində bütün digər müqavilə öhdəliklərinin yerinə yetirildiyi, yalnız 6.000.000 Avro dəyərində olan G160 müqaviləsinin yerinə yetirilmədiyi qeyd edilib. Həmin müqavilə isə yuxarıda qeyd edildiyi kimi dörd zavodun tikintisi, qurğu və avadanlıqlarla təchis edilməsi və zavodu tam işlək vəziyyətdə cavabdehin mülkiyyətinə verilməsini nəzərdə tutur. İddianın təmin edilməməsinə əsas kimi notariat qaydada təsdiq edilmə tələbi tamamilə absurd bir yanaşmadır. Notariat qaydada təsdiqləmə daşınmaz əşya ilə bağlı eyni zamanda rəsmi reyestrdə qeydiyyatda olan daşınar əşyalara da aiddir. Hazırkı iş üzrə daşınmaz əşyanın tikintisinə dair müqavilə bağlanıb. Qanunvericiliyin daşınmaz əşyalara dair iddia müddətinin 3 il yox, 6 il müəyyən etməsinin əsas səbəbi müqavilə öhdəliklərinin həm uzun zaman icra olunması (tikilməsi, quraşdırılması və s.), həm daşınmaz əşyaların keyfiyyətinə dair uzun zaman müddət vermək və eyni zamanda daşınmaz əşyaların daha yüksək qiymət verilməsi ilə bağlı olmasından yaranıb. Göründüyü kimi, tərəflər arasında məbləğ kifayət qədər yüksəkdir, eyni zamanda pulun ödənilməsi ilə bağlı cavabdeh tərəf ilə uzun müddət danışıqlar həyata həyata keçirilib, ödəməyi əmin edib. Daşınmaz əşya müqavilələri ilə bağlı mülki qanunvericilikdə anlayış verilməsə də Mülki Məcəllənin 134.4-cü maddəsində nəzərdə tutulmuş daşınmaz əşyaların tikintisi, quraşdırılıması, onların istismarına, pulun ödənilməsinə və ümumumilikdə götürdükdə tərəflər arasında nzərdə tutulmuş öhdəlikləri tam formada özündə ehtiva edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçının apellyasiya şikayətinə qarşı cavabdehin etirazının dəlillərinə görə, “İddiaçı tərəf son tarixdən, yəni xx.xx.2017-ci ildən 3 il 7 ay 14 gün sonra, yəni xx.xx.2021ci il tarixdə onun müqavilə üzrə hüquqlarının pozulması barədə cavabdehə rəsmi pretenziya göndərmişdir və bununla da iddiaçı öz iddia müddətini hər hansı bir üzrlü səbəb olmadan ötürmüşdür. Halbu ki, AR MM-nə əsasən müqavilə üzrə iddia müddəti 3 ildir.”

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İş üzrə mübahisəli hal ondan ibarətdir ki, cavabdeh müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını, iddiaçı isə mübahisəyə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. İddiaçının mülahizəsinə görə, cavabdehdən tələb edilən borc məbləği daşınmaz əşyanın (emal-istehsal müəssisəsinin) tikintisinə dair müqavilədən irəli gəlmişdir.

19. İş materialları ilə təsdiq olunur ki, cavabdehin yerinə yetirilməsi ondan tələb olunan borc məbləğini ödəmək öhdəliyi yaranmış, sonuncu bu öhdəliyini icra etməmişdir, cavabdeh öhdəliyinin yarandığını və onu pozduğunu mübahisə etmir.

20. Bununla da, cavabdehin 400.000 Avro borcun hər ay 100.000 Avro olmaqla ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. İddiaçının subyektiv hüquqa malik olması müəyyən edilsə də, sonuncu iddianı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürməklə qaldırmışdır. Belə ki, müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulan müddət xx.xx.2017-ci il tarixdə bitmiş, növbəti gündən iddia müddəti başlamış, xx.xx.2022-ci il tarixdə isə iddia qaldırılmış, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar müəyyən edilməmişdir.

22. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında yaranan öhdəliyin daşınmaz əmlakla bağlı olması və buna görə iddia tələbinə 6 illik iddia müddətinin şamil edilməsinə dair dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsində öz əksini tapan “daşınmaz əşyalarla bağlı müqavilə” ifadəsi predmetini daşınmaz əşyanın özgəninkiləşdirilməsinə (alqı-satqı, bağışlama və sair) və ya müvəqqəti istifadəsinə (icarə, əvəzsiz istifadə, kirayə) yönəlmiş əqd olaraq başa düşülməlidir. Hazırkı işdə isə tərəflər arasında bu növ müqavilə bağlanmamışdır.

23. Digər tərəfdən, qanunvericilik daşınmaz əşya ilə bağlı müqavilələrə daha ciddi tələblər (notariat qaydasında təsdiqlənmə, yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) irəli sürür. İddiaçı pul tələbinin daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəldiyini irəli sürsə də, tələbinin faktiki əsasını təşkil edən həmin müqavilənin sadalanan imperativ göstərişlərə uyğun bağlandığını təsdiqləyən hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. İddiaçının bu dəlilinin əsaslılığı fərz olunsa, o halda pul tələbinin müqavilədən yarandığı irəli sürülə bilməzdi. Çünki, notariat qaydasında təsdiqlənmə formasına əməl edilməyən müqavilə əhəmiyyətsizdir, əhəmiyyətsiz müqavilədən isə pul tələbi əmələ gələ bilməz, bu hal isə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddətinin tərəflər arasındakı münasibətlərə tətbiqini istisna edərdi.

24. Həmçinin, iddiaçı da qəbul edir ki, xx.xx.2016-cı il tarixli öhdəlik bildirişində istinad olunan, 400.000 Avro ödənilməmiş qalmış 4 fabrikin (Tovuz-Tərtər-Zaqatala- Ağcabədi) quraşdırılması ilə bağlı GE160 nömrəli müqavilə podrat müqaviləsidir, həmin müqavilədən irəli gələn pul tələblərinə isə Mülki Məcəllənin 373.2-ci maddəsində təsbit edilən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti şamil olunur.

25. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-891/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “X2 Gıda Hayvancılık Sanayi ve Ticaret Anonim Şirketi”nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar