Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1045/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı BOKT ASC-nin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-296/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tariхli 2022/00346-01 №- li müqavilə imzalanmış və həmin müqaviləyə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 (on bir min səkkiz yüz) ABŞ dolları məbləğində krеdit vеrilmişdir.
2. Kreditin təminatı qismində İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 3M-4571 reyestr nömrəli sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Kredit müqaviləsi və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №-li kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 kreditin əsas borcu üzrə 11.800 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.330,03 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1.652,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14.011 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 162 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun və dövlət rüsumu kimi ödənilmiş 162 manat məbləğində pulun İddiaçı Bokt ASC-yə ödənilməsi; ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kreditin təminatı qismində ipoteka saxlayan İddiaçı BOKT ASC ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağladığı 16 dekabr 2022-ci il tarixli, 3M-4571 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonrakı İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində **********28-05101-093019 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-296/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilmiş,xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.800 (on bir min səkkiz yüz) ABŞ dolları, faiz borcu üzrə 1.330 (bir min üç yüz otuz) ABŞ dolları, 03 (üç) sent, cərimə borcu üzrə 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 13.730 (on üç min yeddi yüz otuz) ABŞ dolları, 03 (üç) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 98.000 (doxsan min) manat olmaqla Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilmiş, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin dəyəri olaraq 400 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" MMCyə ödənilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, əlavə olunmuş xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda borc alanın müqavilə üzrə borcverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək borcverənin hüquqlarından biridir, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə, İddiaçı BOKT ASC borcun ödənilməsini tələb etməklə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini Cavabdeh2 çatdırmışdır. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sifarişindən görünür ki, 11.800 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür Cavabdeh2 ona verilmiş olan puldan ümumiyyətlə hər hansı bir ödəniş etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tariхli, 2022/00346- 01 №- li kredit müqaviləsi üzrə borcalanın borcverənə 11.800 ABŞ dolları əsas, 1.330,03 ABŞ dolları faiz, 1.652 ABŞ dolları cərimə borcu vardır, ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh2 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tariхli, 2022/00346- 01 №- li kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və qeyd edilən müqavilə üzrə əsas borc 11.800 ABŞ dolları, faiz borcu üzrə 1.330,03 ABŞ dolları olmaqla, cəmi 13,130,03 ABŞ dolları Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 98.000 manat müəyyən edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 98.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Bakı 11 saylı Mediasiya təşkilatına ödənmişdir. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-2227/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 73 manat pulun tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin kredit müqaviləsinə dair faiz borcu üzrə 1.330 ABŞ dolları, 03 sent, cərimə borcu üzrə 600 ABŞ dollarının Cavabdeh2 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini qət etməsi tamamilə əsassızdır. Belə ki, məhkəmə faiz və cərimə borcunu yanlış hesablamaqla yekunda cavabdehdən həddən artıq yüksək borc məbləğinin tutulmasını müəyyən etmişdir. Həmçinin şikayətçi bildirir ki, iş üzrə təqdim edilmiş ekspert rəyləri həqiqəti əks etdirmir. Buna baxmayaraq məhkəmə həmin rəyləri digər sübutlarla yanaşı düzgün və hərtərəfli qiymətləndirməyərək sadəcə rəydə qeyd olunanlara istinad etməklə kifayətlənmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 74.79 kv.ümumi sahədən ibarət 67 nömrəli mənzilin likvid dəyəri 98.000 manat, bazar dəyəri 115.000 manat müəyyən edilmişdir. Bunun əsasında da məhkəmə belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 98.000 manat müəyyən edilsin. Məhkəmə ekspertin rəyinə əsaslanmaqla yanılmışdır. Çünki ipoteka predmeti olan həmin evin dəyəri rəydə göstəriləndən daha artıqdır. Belə olan halda evin qat-qat aşağı qiymətə hərracda satılması cavabdehin mülkiyyət hüquqlarının pozulması deməkdir. Beləliklə də məhkəmənin iş üzrə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv qiymətləndirməməsi qəbul edilmiş qətnamənin əsassızlığına səbəb olmaqla, onun ləğvi üçün ciddi səbəbdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
12. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi qətnamə faiz və dəbbə pulu borcu hissəsində və ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı kredit müqaviləsi üzrə tutulacaq faiz və dəbbə pulunun məbləği və ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi hissələrində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaldır.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən İddiaçı BOKT ASC Cavabdeh2 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 ABŞ dolları məbləğində krеdit vеrməklə müqavilə üzrə öhdəliklərini icra etmiş, Cavabdeh2 isə ödəniş qrafikinə uyğun ödənişlər etməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Kredit müqaviləsi üzrə borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki. Cavabdeh2 11.800 ABŞ dolları məbləğində kredit verildikdən sonra sonuncu tərəfindən ümumiyyətlə ödəniş həyata keçirilməmiş, odur ki, cavabdehin əsas borcun 11.800 ABŞ dolları məbləğində qalmışdır. Cavabdeh özü əsas borc məbləğini apellyasiya şikayətində mübahisəlndirməmişdir.
18. Faiz borcunun hesablanmalı olduğu müddətə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlərə ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə kreditin verilmə müddəti başa çatmadan BOKT tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanılması ona dəlalət edir ki, iddiaçının iradəsi məhz kredit müqaviləsinin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsinə yönəldilmişdir. Göründüyü kimi iddiaçı ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildiriş göndərməklə müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini qarşı tərəfə çatdırmış, bununla da müqaviləni vaxtından əvvəl ləğv etmişdir. Odur ki, iddiaçı tərəfindən müqavilə üzrə kreditin istifadəyə görə faizlər həmin tarixədək, yəni xx.xx.2023-cü ilədək olan müddət üçün tələb edilə bilər.
19. Faiz məbləğinə gəldikdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən heç bir ödəniş edilmədiyindən həmin kredit müqaviləsi üzrə faiz borcu sadə riyazi hesablama ilə müəyyən edilə bilər.
20. Belə ki, kreditin cavabdehə verildiyi tarixdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 172 günlük müddət üçün illik 24% hesabı ilə faiz borcu aşağıdakı kimi müəyyən edilməlidir.
21. 11800 ABŞ dollarıx24%/365gün x172 gün =1334,53
22. Odur ki, birinci instansiya məhkəməsi ipotekaya tutma yönəldilməsi barədə bildirişdə qeyd edilmiş həmin tarixə olan faiz məbləğini əsas götürərək cavabdehdən tutulacaq faiz borcunun məbləğini 1330,03 manat məbləğində müəyyən etmişdir. Odur ki, iddianın faiz borcunun tutulmasına dair rədd edilmiş hissəsinin apellyasiya baxışının predmeti olmadığını nəzərə alaraq kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
23. Dəbbə pulunun tutulmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 11.800 ABŞ dolları məbləğində əsas borcun gecikdirilməsinə görə 1652 ABŞ dolları məbləğində dəbbə pulu tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı qismən təmin edərək dəbbə pulunu 600 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir.
24. Kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun 600 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Bununla yanaşı iş materiallarından da göründüyü kimi cavabdeh apellyasiya şikayətində qətnamədə müəyyən edilmiş ipoteka predmetinin ilkin satış dəyərinin (98.000 manat) həmin əmlakın real dəyərindən dəfələrlə aşağı olmasını bildirərək ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində qətnamənin əsaslılığını mübahisələndirmişdir. Həmin dəlillərlə bağlı kollegiya qeyd edir ki, birincisi, apellyator birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində müəyyən edilmiş ipoteka predmetinin likvid qiymətini şübhə altına ala biləcək hər hansı faktiki hala istinad etməmişdir. İkincisi, o da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsində sonrakı ipoteka predmetinin likvid dəyəri 70.000 manat, yəni məhkəmənin müəyyənləşdirdiyi likvid dəyərdən daha aşağı həddə müəyyən edilmiş və cavabdehlər müqaviləni imzalamaqla həmin məbləğlə razılaşmışlar. Odur ki, məhkəmə kollegiyası ipoteka predmetinin düzgün qiymətləndirilməməsi barədə cavabdehin dəlillərini də əsassız hesab edir.
26. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-296/2024 saylı qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov