Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1045/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dəbbə pulu, zərər) X1 məruzəsi ilə, hakimlər və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, iddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, iddiaçı cavabdeh qarşı podrat müqaviləsi üzrə muzdun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 1 avqust 2025-ci il tarixli, e-2- 2(113)-2372/2025 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında 3 noyabr 2023-cü il tarixdə SN-DF/128-23 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin: • 2.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, X3 İdman Kompleksinin əsas korpusunun dam örtüyünün əsaslı təmir işlərinin satın alınması üçün İcraçının 398062,47 manat məbləğində tender təklifinin qəbul etmişdir. • 2.2-ci bəndinə əsasən, İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında X3 İdman Kompleksinin əsas korpusunun dam örtüyünün əsaslı təmir işlərini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. • 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. • 2.5-ci bəndinə əsasən, müqavilənin xüsusi şərtləri (müqavilənin şərtlərini dəqiqləşdirən sənəd) müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. • 18.1-ci bəndinə əsasən, müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurları haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. • 18.2-ci bəndinə əsasən, İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. • 18.3-cü bəndinə əsasən, İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. • 20.1-ci bəndinə əsasən İcraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qayda və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır.
3. Müqavilənin xüsusi şərtləri adlanan müqaviləyə 1 saylı Əlavənin: • 2.2.1-ci bəndinə əsasən, İcraçı tərəfindən yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin qarşılığında müqavilədə nəzərdə tutulan tarixdə ödəmələri həyata keçirmə Sifarişçinin vəzifəsidir. • 3.2-ci bəndinə əsasən Xidmətlərin təhvil-təslim aktı İcraçının və Sifarişçinin məsul nümayəndələri tərəfindən təsdiq edildikdən və aşağıdakı sənədlərin əsilləri Sifarişçiyə təqdim edildikdən sonra 15 (on beş) bank günündən gec olmayaraq Sifarişçi İcraçının hesabına maliyyə vəsaiti köçürəcək: - Hesab faktura, elektron qaimə; - Xidmətlərin təhvil-təslim aktı. • 4-cü bəndinə əsasən Müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir, 30 dekabr 2023-cü il tarixədək qüvvədədir. • 6.1-ci bəndinə əsasən İcraçı müaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qayda və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə) sifarişçi icraçıdan gecikdirilmiş hər təqvim günü üçün yerinə yetirilməmiş (gecikdirilmiş) malların (işlər və xidmətlərin) dəyərinin 0,2 faizi məbləğində penya (dəbbə pulu) ödənilməsini tələb edə bilər.
4. Qiymət razılaşdırılması protokolu adlanan müqaviləyə 2 saylı Əlavədə görüləcək işlər 21 adda ayrı ayrılıqda ətraflı təsvir edilmiş, hər bir işin ölçü vahidi, həcmi (miqdarı), qiyməti və yekun qiyməti ayrı-ayrılıqda göstərilməklə, işlərin ümumi dəyəri ƏDV daxil 398.062,50 manat müəyyən edilmişdir.
5. xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 137.150,83 manat dəyərində işlər icra edilmişdir. Qeyd edilmiş akt üzrə iddiaçı tərəfindən cavabdehə dəyəri 137.150,83 manat olan EBDV 121209 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir.
6. xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 103.229,94 manat dəyərində işlər icra edilmişdir. Qeyd edilmiş akt üzrə iddiaçı tərəfindən cavabdehə dəyəri 103.229,94 manat olan EBDX 102512 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.
7. 07.05.2024-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 117.764,24 manat dəyərində işlər icra edilmişdir. Qeyd edilmiş akt üzrə iddiaçı tərəfindən cavabdehə dəyəri 117.764,24 manat olan MT2405 10707031 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.
8. xx.xx.2024-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 16564,59 manat dəyərində işlər icra edilmişdir.
9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən Dirçəliş-FM Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 29 dekabr 2024-cü il tarixli bildirişdə müqavilənin 20.1-ci bəndinə əsasən, işlər müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədiyi üçün İddiaçınə 39806,20 manat məbləğində cərimə tətbiq olunduğu bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən 43.497,55 manat müqavilə üzrə ödənişlər, 320 manat vəkilə ödənilən vəsait, 277 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
11. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə "xxxx" MMC arasında 03 noyabr 2023-cü il tarixdə SN-DF/128-23 nömrəli Malların (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi X7 Kompleksinin əsas korpusunun dam örtüyünün əsaslı təmir işlərinin satın alınması üçün İcraçının 398.062,47 manat məbləğində tender təklifini qəbul etmişdir. "xxxx" MMC tenderin qalibi olaraq podratçı təşkilat kimi işə başlamış və bütün işləri yerinə yetirdikdən sonra təhvil-təslim aktı və forma 2-lərlə işlər təhvil verilmişdir. Eyni zamanda, "xxxx" MMC tərəfindən elektron qaimələr vurulmuş və elektron qaimələr Nazirlik tərəfindən təsdiq edilmişdir. Lakin Gənclər və İdman Nazirliyi tərəfindən 43.497.55 manat vəsait bu günədək ödənilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2372/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 43.497 (qırx üç min dörd yüz doxsan yeddi) manat 55 (əlli beş) qəpik məbləğində pulun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat 48 (qırx səkkiz) qəpik məbləğində pulun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən tutularaq İddiaçınə ödənilməsi. hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pulun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə işlərin gecikdirilməsinin iddiaçının təqsiri üzündən baş verməsi iş materialları ilə sübuta yetirilmir. Podrat müqaviləsi və yaxud digər müqavilələr üzrə müqavilənin bəndinə istinad edərək, müqavilə tərəflərin özlərinin məhkəməyə müraciət etmədən cərimə tətbiq etməsi mülki dövriyyənin sabitliyi baxımından təhlükəli praktikadır. Belə ki, nəzərə alınmalıdır ki, müqavilənin cərimə məbləğinin tətbiqi ilə bağlı bəndə istinad edərək, tərəflər hətta görülmüş işlərin, verilmiş malların dəyərindən də çox cərimə tətbiq edə bilərlər. Mülki dövriyyənin sabitliyi və hüquqdan sui-istifadənin qarşısını almaq baxımından tərəflər cərimə borcunun tətbiq olunması barədə əsasın olması qənaətindədirlərsə, bu cərimə borcunu məhkəmə qaydasında tələb etməsi məqsədəmüvafiqdir. Aktlar üzrə görülmüş işlər təhvil alınarkən, heç birində qüsurların olması barədə hər hansı bir qeyd yoxdur. İşlər qüsursuz icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır. Görülmüş işlərin dəyərinin 374.709,6 manat, ödənilmiş pulun isə 331.212,05 manat olmasını nəzərə alaraq 43.497,55 (374.709,6-331.212,05) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 752.1, 753.1ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2372/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikinti quraşdırma işlərinin qəbulu aktına əsasən 374.709,60 manat dəyərində işlərin görüldüyü 23.352, 87 manat dəyərində işlərin yerinə yetirilmədiyi müəyyən olunur. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 20.1-ci bəndində qeyd edilir ki, icraçı tərəfindən əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddətdə öhdəlik icra edilmədikdə cərimə tətbiq edilir. Həmin cərimə məbləğinin yuxarı həddi müqavilə qiymətinin 10 faizindən çox olmamaqla şərtləndirilmişdir. Məhz qeyd edilənlər nəzərə alınaraq icraçıya icra müddətini (icra müddəti xx.xx.2023) gecikdirdiyi üçün 39.806,20 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmçinin əlavə olaraq xx.xx.2023-cü il tarixli,xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Aktlara əsasən təmir bərpa işləri zamanı olimpiya kompleksinin dam örtüyündəki qüsurlar zamanı axan yağış suları nəticəsində universal zalın döşəməsinin 60 kv.m hissəsi, 21 ədəd oturacaq, 3 m2 pəncərə şüşəsi, idman zalında 4 m2 ayna paket, 2 ədəd işıq projektoru yararsız vəziyyətə düşmüşdür. Müvafiq hissələrə dəymiş zərər 3691,35 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, SNDF/128-23 nömrəli sözügedən müqavilənin dövlət satınalması müqaviləsi olması nəzərə alınmamışdır. xx.xx.2024-cü i tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 28 fevral 2003-cü il 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin cərimələri tənzimləyən 20.1-ci bəndində də məhz “müqavilə qiyməti” ifadəsindən istifadə edilmişdir. Göründüyü kimi, cavabdeh tərəf cərimələri nümunəvi formaya uyğun şəkildə tətbiq etmişdir. Belə ki, müqaviləyə əlavənin 6-cı bəndinə əsasən icraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,2%-i həcmində icraçıya cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edə bilir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10%-dən çox olmamalıdır. İş üzrə icraat materillarına əlavə edilmiş icranın gecikdirilməsi barədə məktublar və görülmüş işlərdəki qüsurlar barədə Aktlar təsdiq edir ki, iddiaçı öz öhdəliyini pozmuş, yəni müqavilədə göstərilən müddətdə icra etməmişdir. Buna görə də cavabdeh tərəf cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Öhdəliyin icra müddəti iddiaçının təqdim etdiyi ərizəyə əsasən xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli SN-DF/128-23 nömrəli müqaviləyə əsasən icraçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tam şəkildə təhvil verməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan və iddiaçı tərəfin istinad olunan xx.xx.2024-cü il tarixli görülmüş işlərin təhvil aktından aşkar şəkildə müəyyən olunur ki, sifarişçi öhdəliyi müəyyən edilmiş müddətdən 11 ay sonra qüsurlu şəkildə yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş 23,352, 87 manat dəyərində işlərin yerinə yetirməmişdir. Həmçinin 11.012.024-cü il tarixli 3-19/2-0081-R/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-19/2- 4882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-19/2-0081-R/2024 nömrəli, xx.xx.2024 tarixli 3-19/2- 2406/2024 nömrəli məktublardan müəyyən olunur ki, sifarişçi tərəfindən öhdəliyin icrası gecikdirilmişdir. Bundan əlavə iş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli,xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Aktlara əsasən təmir bərpa işləri zamanı olimpiya kompleksinin dam örtüyündəki qüsurlar mövcudluğu iş icraçısının öz imzası ilə təsdiq edilməsinə baxmayaraq qeyd olunan sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
17. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə və X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. ... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. ... Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. ... Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. ... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. ... Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ... Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. ... 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. ... Maddə 771. Sifarişçinin əmlakının məhv olması üçün podratçının məsuliyyəti Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
Apellyasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən, cavabdeh bu qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
27. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 374709,6 manat dəyərində işlər iddiaçı tərəfindən yerinə yetirilmişdir. Yerinə yetirilmiş işlər üzrə iddiaçıya 331212,05 manat ödəniş edilmiş, 43497,55 manat pul ödənilməmişdir. Yerinə yetirilmiş işlərin dəyəri və ödənilmiş məbləğlər iş üzrə iddiaçı və ya cavabdeh tərəfindən mübahisələndilməmişdir.
28. İddiaçı yerinə yetirilmiş işə görə cavabdeh tərəfindən ödənilməmiş pulun ona ödənilməsini tələb edir. İddiaçının tələbi müqaviləyə və Mülki Məcəllənin 753.1-ci maddəsinə uyğun tələbdir.
29. Cavabdeh həmin məbləğin ödənilməməsi üçün iki əsasa – iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirilməsi, və öhdəliyin tam icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun 39806,20 manat cərimə tətbiq etdiyinə və iddiaçı tərəfindən işlər yerinə yetirilərkən cavabdehin əmlakına 3691,35 manat zərər vurulmasına istinad edir. Cavabdehin etirazı müqaviləyə, Mülki Məcəllənin 442, 443, 462, 773-cü maddələrinə uyğundur.
30. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin dəbbə pulunun tətbiqinin qanuni və əsaslı olması ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən dəbbə pulunun məhkəmədən kənar qaydada tətbiqinin qanuni olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası isə qeyd edir ki, dəbbə pulunun yalnız məhkəmə tərəfindən tutulmasına dair yanaşmanın heç bir hüquqi əsası yoxdur. Dəbbə pulu ya qanunla, ya da tərəflərin razılaşması ilə yazılı şəkildə təsbit olunur. Dəbbə pulunun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyəti yoxdur. Dəbbə pulunu ödəməli olan şəxs onu ödəməkdən boyun qaçırarsa, məhkəməyə müraciət etməklə dəbbə pulunun məcburi qaydada tutulmasını tələb etmək mümkündür. Hazırkı işdə də olduğu kimi, dəbbə pulu ödəməli şəxs qarşılıqlı öhdəlik üzrə digər tərəfdən pul məbləği almalıdırsa, dəbbə puluna hüququ olan şəxs dəbbə pulu miqdarında ödəniş etməkdən imtina edə bilər.
31. Bu halda dəbbə pulunun tutulmasının qanunun tələblərinə və müqaviləyə uyğun olub-olmaması, miqdarı, tənasübsüzlüyü və s. məhkəmə qaydasında mübahisələndirilə bilər.
32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işdə Mülki Məcəllənin 462.1-ci maddəsini səhv təfsir etmişdir.
33. Cavabdeh dəbbə pulunu tətbiq etməsinin əsası kimi öhdəliyin müqavilə ilə müəyyən edilmiş müddətdə icra edilməməsinə və öhdəliyin tam icra edilməməsinə istinad etmişdir. Qeyd edilən hallar Mülki Məcəllənin 442 və 762.3-cü maddələrinə (§ 21) əsasən öhdəliyin pozulması hesab olunur.
34. Öhdəliyin tam icra edilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin fakt öz təsdiqini tapmır. Bağlanmış podrat müqaviləsi və onun əlavələrində görüləcək işlərin dəyəri 398062,47 manat göstərilmiş, iddiaçı tərəfindən isə 374709,6 manat dəyərində işlər yerinə yetirilmişdir.
35. İddiaçının nümayəndəsi məbləğlər arasındakı fərqi belə izah etmişdir ki, söküntü işlərinə başlandıqdan sonra bəzi dəmir konsturksiyaların kifayət qədər möhkəm və keyfiyyətli olmasını aşkar etmiş və bu barədə sifarişçiyə məlumat vermişlər. Sifarişçi isə həmin dəmir konstruksiyaların əvəzlənməməsinə razılığını bildirmişdir. Buna görə də müqavilədə ilkin olaraq razılaşdırılmış məbləğdən daha az həcmdə işlər görülmüşdür.
36. Cavabdeh isə görülməmiş işlərin nədən ibarət olması barədə məhkəməyə heç bir məlumat təqdim edə bilməmişdir. Cavabdehin iddiaçıya göndərdiyi bildirişdə 23352,87 manat dəyərində iş həcmlərinin yerinə yetirilmədiyi bildirilmişdir. Halbuki, işin həcmi pul vahidi ilə yox, konkret olaraq yerinə yetirilməli işin adı ilə ifadə olunmalıdır. Müqavilənin 2 saylı əlavəsində müqavilə üzrə görüləcək işlərin ətraflı təsviri, həcmi və miqdarı öz əksini tapıdğından cavabdeh üçün hansı işin görülmədiyini dəqiq ifadə etmək rahat olmalı idi. Buna baxmayaraq, cavabdehin yerinə yetirilməmiş işlərin nədən ibarət olması, həmin işlərin görülməməsinin nəticələrinin hansı qaydada aradan qaldırılması barədə məlumatının olmaması iddiaçı tərəfin verdiyi izahatın ağlabatn olduğunu təsdiq edir.
37. Dəbbə pulu məbləğinin müqavilə şərtlərinə uyğun olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh dəbbə pulunu müqavilə şərtlərinə uyğun olaraq hesablamışdır. Müqavilənin 1 saylı əlavəsi olan xüsusi şərtlərdə dəbbə pulu məbləğinin gecikdirilmiş hər təqvim günü üçün yerinə yetirilməmiş (gecikdirilmiş) malların (işlər, xidmətlər) dəyərinin 0,2 faizi məbləğində olacağı, müqavilədə isə dəbbə pulu məbləğinin müqavilənin qiymətinin 10 faizindən çox olmayacağı göstərilmişdir.
38. Cavabdeh müqavilənin qiymətinin 10 faizi miqdarında dəbbə pulu tətbiq etmişdir. İddiaçı görülməli iş həcmindən 240380,77 manat dəyərində olan hissəsini xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil təslim aktlarına əsasən öhdəliyin icrası müddəti daxilində yerinə yetirmişdir. 117764,24 manat dəyərində işlər 30 dekabr 2023-cü il tarixdən 7 may 2023-cü il tarixədək 128 gün, 16564,59 manat dəyərində işlər isə 30 dekabr 2023-cü il tarixdən 7 noyabr 2024-cü il tarixədək 313 gün gecikdirilmişdir. Müvafiq olaraq gecikdirilən iş həcminə görə tətbiq edilməli dəbbə pulunun cəmi məbləği 40517,08 manat olacaqdır. Bu məbləğ müqavilənin ümumi qiymətinin 10 faizindən (39806,27 manat) çox olduğundan dəbbə pulunun yuxarı həddi müqavilənin 10 faizi kimi hesablanmalıdır.
39. İddiaçının nümayəndəsi dəbbə pulunun tutulmalı olmasına etiraz edərək bildirmişdir ki, öhdəliyin icrasının gecikməsi iddiaçının təqsiri üzündən baş verməmişdir. İşin icra edilməsi üçün müəyyən edilmiş müddət çox qısa olmuş, həmin işləri bu qədər qısa müddətdə yerinə yetirməyin mümkün olmadığı əvvəldən bəlli olmuşdur. Həmçinin, Zaqatala rayonunda yağış mövsümü olduğu üçün dekabr ayında işlər dayandırılmış, yaz aylarında davam etdirilmişdir. Buna cavabdeh tərəfindən razılıq verilmişdir.
40. İddiaçı öhdəliyin pozulmasının onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə dəbbə pulunun ödənilməsindən azad edilə bilərdi (Mülki Məcəllə, maddə 466.1). Lakin tərəflərin qarşılıqlı razılığı ilə öhdəliyin icra müddətinin uzadılmasına dair iş materiallarında heç bir sübut yoxdur. Cavabdeh tərəf isə bu faktı təkzib etmiş və əksinə iddiaçıdan işləri müqavilə müddətində yerinə yetirməsini tələb etdiklərini bildirmişdir. Müqavilədə öhdəliyin icrası üçün konkret müddət təyin edildiyindən, həmin müddətin sonradan uzadılmasını isə iddiaçı irəli sürdüyündən bu faktı sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı istinad etdiyi halı sübuta yetirə bilməmişdir.
41. İddiaçının digər dəlili – işin qeyd edilən müddətdə yerinə yetirilməsinin mümkün olmamasının əvvəldən bəlli olmasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər müqaviləni bağlayarkən azad surətdə müqavilənin şərtlərini təyin edirlər. Əgər iddiaçı qeyd edilən müddətdə işlərin icra edilməsinin mümkün olmayacağını bilirdisə, bu müqavilə ilə ümumiyyətlə razılaşmamalı, yaxud işi qeyd edilən müddətdə yerinə yetirəcəyi barədə təklif verməməli idi.
42. İşlərin icrasının yağışlı hava şəraiti ilə bağlı ləngiməsinə gəldikdə isə kollegiya bildirir ki, iddiaçının bu arqumentini gecikmə ağlabatan müddətlə məhdudlaşsa və müvafiq sübutlar təqdim olunsa idi, qəbul etmək mümkün idi. Lakin işlərin təxminən 2/3 hissəsinin 1 ay ərzində yekunlaşmasına baxmayaraq, qalan hissəsinin 1 ilə yaxın müddətdə uzanmasını hava şəraiti ilə izah etmək mümkün deyildir.
43. Mülki Məcəllənin 448.4-cü və 462.2-ci maddələrinin birgə şərhindən müəyyən edilir ki, öhdəliyin pozulmasında borclunun təqsirliliyi prezumpsiyası mövcuddur. Yəni, əgər borclu öhdəliyin pozulmasında təqsirli olmadığını sübuta yetirə bilmirsə, o zaman öhdəliyin borclunun təqsiri üzündən pozulduğu qəbul edilməlidir. İddiaçı öhdəliyin icrasının gecikdirilməsində təqsirinin olmadığını sübuta yetirə bilməmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə öhdəlik pozulmuşdur, yəni öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuş müddət 1 ilə yaxın ötürülməklə gecikdirilmişdir. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya dəbbə pulu tətbiq etməkdə haqlı olmuşdur.
45. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tətbiq edilmiş dəbbə pulunun müqavilə şərtlərinə uyğun olması ilə bağlı qeyd edir ki, cavabdeh iddia ərizəsində hansı həcmdə işlərin gecikdirilməsinə görə hansı qaydada dəbbə pulu hesabladığını göstərməmişdir.
46. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinin hazırkı mübahisəyə tətbiqini ədalətli hesab edir. Cavabdeh tərəfindən tətbiq edilən dəbbə pulu məbləği müqavilə şərtlərinə uyğun olsa da, məhkəmə kollegiyası bu məbləği tənasübsüz dərəcədə yüksək hesab edir. Məhkəmə kollegiyası cavabdehin əmlak mənafelərini də nəzərə alaraq hesab edir ki, dəbbə pulu məbləğinin azaldılaraq 20 000 manat müəyyən edilməsi işin hallarına daha uğundur.
47. İddiaçı tərəfindən işlər icra edilərkən cavabdehin əmlakına zərər vurulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icraçının sifarişçinin əmlakına qayğı ilə yanaşmaq vəzifəsi və əmlaka vurulmuş zərərə görə məsuliyyəti Mülki Məcəllənin 771-ci maddəsindən irəli gəlir.
48. Lakin kollegiya zərərə görə cavabdehin 3691 manat pulu ödəməkdən imtina etməsini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, zərərin vurulmasını təsdiq edən aktlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim edilmişdir. Cavabdeh sübutların vaxtında təqdim ediləməsinin səbəbləri barədə heç bir sübut təqdim etməmişdir. İkincisi, cavabdeh zərərin miqdarı barədə hər hansı sübut təqdim etməmişdir.
49. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, zərərin cavabdeh tərəfindən tələb edilən miqdarı nəzərə alındıqda hətta bu zərərin mövcudluğu sübuta yetirilsə idi belə, həmin zərərin tutulması üçün əsas olmayacaqdı. Çünki, cavabdehin həm də dəbbə pulu tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466.1-ci maddəsinə əsasən zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Tərəflər müqavilə bağlayarkən Mülki Məcəllənin 466.2.2-ci maddəsində nəzərdə tutulmuş dispozitiv imkandan istifadə edərək həm zərər, həm də dəbbə pulunun tutulması barədə razılığa gəlmədiklərindən qeyd edilən mübahisə Mülki Məcəllənin 466.1-ci maddəsinə uğun həll edilir. İş materiallarından da göründüyü kimi, müəyyən edilən dəbbə pulu vurulduğu iddia edilən zərərdən çoxdur. Belə olan halda zərərin vurulduğu qəbul edilsə belə, dəbbə pulu həmin zərər məbləğini də əhatə edir.
50. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən podrat müqaviləsi üzrə muzd qismində 23.497,55 manat pul tutularaq “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
51. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayətin verilməsi üçün ödənilməli olan və cavabdehin azad edildiyi dövlət rüsumunun 50 manat hissəsi iddiaçı “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
52. Həmçinin qətnamə ləğv edilərək yeni qətnamə çıxarıldığından birinci instansiya məhkəməsi tərəfindən bölüşdürülmüş məhkəmə xərcləri yenidən bölüşdürülməldir. İddia qismən təmin edildiyindən təmin edilmiş tələblərə mütənasib olaraq birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119 manat pul və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 173 manat pul cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən tutularaq iddiaçı “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
53. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402, 404, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutaraq, q ə t e t d i:
Bakı Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2-2(113)-2372/2025 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2-2(113)-2372/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı podrat müqaviləsi üzrə pulun tutulmasına dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən podrat müqaviləsi üzrə muzd qismində 23.497,55 manat (iyirmi üç min dörd yüz doxan yeddi manat, əlli beş qəpik) pul tutularaq “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən 119 (yüz on doqquz) manat pul iddiaçı “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 173 (yüz yetmiş üç) manat pul cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən tutularaq iddiaçı “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan və cavabdehin azad edildiyi dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçı “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.