Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1046/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: zərərin ödənilməsi, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2297/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 və Cavabdeh2 (icarəyə verən) ilə X1 (icarəçi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 40 ünvanda yerləşən ümumi sahəsi 277,3 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin: - 3. İcarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir; - 4. İcarəyə götürən X1 icarəyə verən Cavabdeh1 və Cavabdeh2 aylıq 300 manat icarə haqqı ödəyir; - 8. İcarəçilər icarəyə verən(lər)in razılığı olmadan icarəçilərə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.
2. Cavabdeh1 və Cavabdeh2 (icarəyə verən) ilə X1 (icarəçi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 40 nömrəli binanın 1-ci zirzəmi qatı 277,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 300 manat olmaqla 5 il müddətinə icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan müəyyən edilir ki, hakim, iddiaçı tərəfə hazırkı iddia ərizəsinin İddiaçı adından verildiyini, müqavilə tərəfinin isə Arif Səlimov olduğunu, İddiaçı hazırkı iddianı A.Səlimovun nümayəndəsi qismində imzaladığı halda iddia ərizəsində iddiaçı qismində A.Səlimovun adının göstərilməli olmasını izah etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan məlum olur ki, hakim, müqavilənin A.Səlimov ilə bağlandığı halda iddianın İddiaçı adından qaldırılması barədə əvvəlki hazırlıq iclasında müzakirə edilən məsələyə iddiaçı tərəfindən münasibət bildirilməsini xahiş etmiş, iddiaçı mövqeyini “A.Səlimov yaşlı insandır, bununla bağlı iddia tələbini İddiaçı adından qaldırmışıq, bütün səlahiyyətlər İddiaçıdır” məzmunda açıqlamışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi 113.715 manat məbləğdə xərclərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 403 manat məbləğdə pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddianın əsaslarına görə, xx.xx.2012-ci il tarixli və xx.xx.2017-ci il tarixli icarə müqavilələrinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 40 ünvanda yerləşən ümumi sahəsi 277,3 kv.m. olan qeyri-yaşayış sahəsi icarəyə verənlər (cavabdehlər) tərəfindən xx.xx.2027-ci ilə qədər icarəçiyə (iddiaçıya) icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə və aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində icarəçinin oğlu və etibarnamə ilə nümayəndəsi İddiaçı tərəfindən əvvəlcə “Philomena”, sonra isə “White Rabbit” adlı restoran işlədilmiş və hər ay icarə haqqı olaraq 3-4 min manat pul ödənilmişdir. Məlum Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı restoran 2021-ci ilin iyun ayına kimi işləməmişdir. Həmin dövrdə icarəyə verən cavabdehlər ilə icarəçi İddiaçı arasında əldə edilmiş şifahi razılığa əsasən sonuncu 2020-ci ilin mart-aprel aylarından 2021-ci ilin may ayına kimi şəxsi vəsaiti hesabına restoranda təmir işləri aparmışdır. Ümumi razılıq əsasında restoran 2021-ci ilin iyun, iyul, avqust aylarında əvvəlki qaydada işləmiş, sentyabr ayından başlayaraq icarə haqqının 4.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin xx.xx.2021-ci ildə cavabdehlərin atası Baxış Babayev heç bir əsas göstərmədən restoranı bağlayaraq açarları İddiaçı alıb, işi dayandırmışdır. Bununla bağlı iddiaçının hüquqları pozulmuş, ona maddi ziyan vurulmuşdur. İcarəyə verənlə icarəçi arasında olan razılığa əsasən restoranda İddiaçı tərəfindən aşağıda göstərilən materiallar alınmış, təmir-abadlıq işləri aparılmışdır: Dekorasiya işləri 7.700 manat, “Daş dövrü” mağazasından alınmış metlax və digər materiallar 7.000 manat, divar kağızları və aksesuarları 9.800 manat, mebel və aksesuarlar 21.700 manat, şüşə və aksesuarlar 2.500 manat, havalandırma sistemləri 6.500 manat, təmir işlərini aparan ustalara əmək haqqı 9.600 manat, elektrik işləri 950 manat, yaşıllıq-dekor işləri 4.500 manat, şkaf-mebel 1.000 manat, çılçıraq-spotlar 3.500 manat, rəsmlər 3.500 manat, xırda işlər 500 manat, sanitar qovşaq 2.000 manat, aksesuarlar 800 manat, masalar 4.400 manat, mərmər masalar 1.680 manat, yumşaq mebel 15.000 manat, “Santemaxs”dan materiallar 1.385 manat, kamera sistemi 1.000 manat, təmizlik işləri 1.500 manat, nəzarətçiyə əmək haqqı 7.000 manat, çöl pilləkən mərməri 3.700 manat təşkil etməklə, cəmi 103.715 manat məbləğdə pul xərclənmişdir. Bundan başqa, restoran heç bir xəbərdarlıq edilmədən, qəflətən bağlandığı üçün İddiaçı tərəfindən əvvəlcədən alınmış 10.000 manat dəyərində ərzaq məhsulları korlanmış və vurulmuş maddi ziyan cəmi 113.715 manat təşkil etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə, “... mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsində icarəçi qismində İddiaçı deyil, X1 çıxış etdiyindən, yəni İddiaçı həmin müqavilənin tərəfi olmağından sözügedən müqavilədən irəli gələn tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. ... Odur ki, təmirə çəkilmiş xərclərin ödənilməsinə dair hazırkı iddia tələbinə icarə verənə qarşı icarə müqaviləsinə əsaslanaraq irəli sürülmüş tələb kimi qiymət verildiyi və həmin tələbə icarə müqaviləsindən irəli gələn mülki hüquq normalarını tətbiq edildiyi təqdirdə həmin tələb iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. ... İddianın qeyri-yaşayış sahəsindən xəbərdarlıq edilmədən çıxarılması ilə əlaqədar ərzaqların xarab olması nəticəsində dəymiş 10.000 manat məbləğində zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-1097-ci maddələri təşkil edir. ... Məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.”
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.6, 157.7, 1096.1 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, atası A.Səlimov tərəfindən verilmiş etibarnaməyə əsasən İddiaçı onu təmsil etmək hüququ verilmişdir. Həmin etibarnamə məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən bu fakta qiymət verilməmişdir. Etibarnamə əsasında çıxış edən İddiaçı istəyi və yaratdığı biznes plana uyğun olaraq onun üçün, lakin atası A.Səlimovla Abutalıb və Cavabdeh2 qardaşları ilə həm 2012-ci və həm də 2017-ci illərdə icarə müqavilələri bağlanmış, biznes onun tərəfindən yaradılmış, idarə olunmuş, bütün lazımı sənədləşmələr və hesabatlar aparılmışdır. A.Səlimovun qeyd olunan icarə müqavilələri ilə bağlı heç bir fəaliyyəti olmamışdır, bu sahədən uzaq və anlayışı olmayan bir şəxsdir. Bütün sənədləşmələr, maliyyə əməliyyatları, işin təşkili və biznesin idarə olunması, həmçinin VÖEN-lə bağlı əməliyyatlar qeyd olunan etibarnaməyə müvafiq olaraq İddiaçı tərəfindən aparıldığı, təmirin aparılması və maliyyələşdirilməsi üçün iddia ərizəsində qeyd olunan məbləğ onun tərəfindən ödənildiyi üçün iddia ərizəsi də onun adından verilmişdir. Həmçinin, A.Səlimovun adına olan VÖEN-lə restoranın işləməsi və ya ödənişlərin aparılması yerinə yetirilsə də, təmir abadlaşma işlərinin aparılmasının həmin VÖEN-ə heç bir aidiyyəti olmamışdır. Lakin qeyd olunanlardan fərqli olaraq məhkəmə icarə müqavilələrinin Abutalıb və Cavabdeh2 qardaşları tərəfindən bağlandığına baxmayaraq, həmin müqavilə və biznesə heç bir aidiyyəti olmayan Baxış Babayev tərəfindən işin dayandırılması və restoranın bağlanması faktına heç bir münasibət bildirməmişdir. Məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinin tələbləri pozularaq, iddiaçının əsl iddiaçı ilə əvəz olunması hətta təklif olunmamışdır. Adları qeyd olunan şəxslər tərəfindən həmin sənədlərin şəxsən və əl ilə yazıb imzalamalarına baxmayaraq, məhkəmə təqdim edilmiş sözügedən sənədlərin mötəbərliyinin şübhə doğurduğunu qeyd edərək, sübut kimi qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, Cavabdeh1 vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Ə.Baxışov (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. MPM: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). ... Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. ... Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. İşdən müəyyən olunur ki, iddia tələbinin əsası iki hissədən ibarətdir: 1. icarə obyekti olmuş Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmirinə çəkilmiş 103.715 manat məbləğdə pulun ödənilməsi; 2. həmin restoranın xəbərdar edilmədən bağlanması nəticəsində korlanmış ərzaq məhsullarının dəyəri 10.000 manat məbləğdə pulun ödənilməsi.
22. İddia tələbinin hər iki hissəsinin faktiki əsası kimi cavabdehlər (icarəyə verən) ilə iddiaçının atası X1 (icarəçi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə istinad edilir.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sözügedən icarə müqaviəsinə əsaslanan hazırkı iddianı iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin icarəçi qismində tərəfi olan iddiaçının atası A.Səlimov həmin müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu üçün, onun bu hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət etdiyi halda məhkəmədə iş başlana, bu iddianı səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilən nümayəndəsi (yaxın qohumu və ya vəkil) vasitəsi ilə verə bilərdi.
24. Lakin işdən görünür ki, hazırkı iddia xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin tərəfi olan A.Səlimov və ya onun adından sonuncunun qanuna uyğun olaraq verdiyi və rəsmiləşdirdiyi etibarnamə əsasında yaxın qohumu yaxud vəkil tərəfindən qaldırılmamış, iddia onun oğlu İddiaçı tərəfindən, lakin A.Səlimovun adından deyil, öz adından qaldırılmışdır.
25. Bu səbəbdən iddianın birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququnun mövcud olmaması əsası ilə rədd edilməsi düzgün olmuşdur. Fərz olunsa ki, restoranın xəbərdar edilmədən bağlanması nəticəsində korlanmış ərzaq məhsullarının dəyəri 10.000 manat məbləğdə pulun ödənilməsi tələbinin faktiki əsasını xx.xx.2017-ci il tarixli icarə müqaviləsi yox, müstəqil əsas kimi delikt nəticəsində əmlaka vurulmuş zərər təşkil edir, o halda həmin hissədə iddia ümumiyətlə heç bir mötəbər sübut təqdim olunmadığı üçün rədd edilməlidir.
26. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
27. İlk olaraq, icarə müqaviləsi üzrə tərəf A.Səlimov tərəfindən iş üzrə İddiaçı müvafiq təmsilçilik barədə etibarnamə verilməsi barədə dəlilə münasibətdə qeyd edilməlidir ki, əgər iddia A.Səlimovun özü tərəfindən yaxud onun adından qaldırılsa idi, bu halda İddiaçı həmin etibarnamə ilə onu təmsil etməkdə haqlı olardı. Lakin hazırkı iddia A.Səlimov tərəfindən və ya onun adından yox, müqavilə üzrə tərəf olmayan İddiaçı tərəfindən qaldırılmışdır.
28. Restoranın faktiki fəaliyyətinin icarə müqaviləsi üzrə tərəf olmayan Baxış Babayev tərəfindən dayandırılması faktını da icarə müqaviləsi üzrə tərəf olmayan İddiaçı yox, müqavilə tərəfi A.Səlimov mübahisələndirə bilərdi.
29. Məhkəmənin MPM-in 54.1-ci maddəsinin tələblərini pozaraq əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin təklif etməməsi barədə dəlil də əsassızdır. Belə ki, işdə olan məhkəmə iclasının protokollarından müəyyən olunur ki, həm xx.xx.2022-ci il tarixli, həm də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında hakim iddiaçı tərəfə hazırkı iddianın İddiaçı adından verildiyini, müqavilə tərəfinin isə Arif Səlimov olduğunu, İddiaçı hazırkı iddianı A.Səlimovun nümayəndəsi qismində imzaladığı halda iddia ərizəsində iddiaçı qismində A.Səlimovun adının göstərilməli olmasını izah etmişdir.
30. Məhkəmə kollegiyası iş materiallarına sübut kimi əlavə edilmiş dekor və sair işlərin görülməsi ilə məşğul olan sahibkarlar tərəfindən verilmiş sənədlərin mötəbər sayılmalı olması barədə dəlillə bağlı qeyd edir ki, həmin dəlil işin mahiyyəti ilə bağlı olduğundan, adıçəkilən sənədlərin mötəbərliyinə iddiaçının subyektiv hüququ olduğu halda qiymət verilə bilərdi.
31. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2297/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova