Məhkəmə qərarları › İş №2-2(103)-1047/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1047/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1047/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, zaminlik müqaviləsi, tutmanın yönəldilməsi, prosessual hüquq varisliyi, borcun vərəsələrdən tutulması) X15 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, 10L000005553 saylı kredit xətti müqaviləsinə əsasən banka tərəfindən 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, borcalan əsas məbləği, faizləri və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına əsasən 300.000 manat məbləğində, aylıq 1,2917% faiz dərəcəsi ilə 36 ay müddətinə kredit verilmiş, gecikmə halında kredit qalığının hər günü üçün 0,1% dəbbə pulu nəzərdə tutulmuşdur.

3. 24.04.2020–xx.xx.2022-ci illər ərzində bağlanmış bir sıra sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir.

4. xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcalanın öhdəliklərinin icrasına görə müştərək məsuliyyət daşımış, gecikmə üçün gündəlik 0,5% dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi öhdəliyini götürmüşlər.

5. xx.xx.2013-cü il tarixli 10M000001243 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 79V saylı fərdi yaşayış evini borcalanın öhdəliklərinin təminatı kimi banka ipoteka ilə yüklü etmiş, tərəflər əmlakın dəyərini 277 677 manat müəyyən etmişlər. Həmin əmlak xx.xx.2013-cü il tarixdə kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi dövlət reyestrində ipoteka ilə yüklü edilmişdir (RX seriyalı, ******* nömrəli çıxarış).

6. 22.05.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas borc 195 676,63 manat, faiz borcu 21 162,69 manat olmaqla, cəmi 216 839,32 manat müəyyən edilmişdir.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 avqust 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 525 000 manat, likvid qiyməti 446 000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 fevral 2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən isə bazar dəyəri 530 000 manat, likvid qiyməti 455 000 manat müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli, 9/42xx-xx/3952 nömrəli ekspert rəyinə əsasən tədqiq olunan evin sahəsinə, təmirinə və s. uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində və ya həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair məlumat olmadığından həmin ev üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, Mustafayeva (Abdullayeva) Lalə Abdulla qızı (xx.xx.2024-cü il tarixdə vəfat etmişdir) ilə X4 (xx.xx.2005-ci il tarixdə vəfat etmişdir) xx.xx.1959-cu ildə qeydə alınan nikahlarından Cavabdeh1, Nümayəndə3, Cavabdeh4, Cavabdeh2, Təranə Mustafayeva və Gültəkin Mustafayeva adlı övladları doğulmuşdur. Həmçinin, Cavabdeh3 ölümü haqqında akt qeydinə baxış keçirilərkən doğum tarixinin 1939-cu il kimi qeyd edildiyi müəyyən edilmişdir (doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədiyindən valideynlərinə dair məlumat üzrə axtarışın aparılması mümkün olmamışdır). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlərdən kredit razılaşması üzrə 195.673,63 manat əsas borc, 22.840,03 manat faiz və 15.037,10 manat dəbbə pulu olmaqla ümumilikdə 233.550,76 manatın tutulmasını, ipoteka predmetinə tutma yönəldilməsini və əmlakın açıq hərracdan satılmasını tələb etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 195.673,63 manat əsas borc, 21.162,69 manat faiz və 9.000 manat dəbbə pulu tutulmuş, tutma ipoteka predmetinə yönəldilmiş və ilkin satış qiyməti 446.000 manat müəyyən edilmişdir.

12. Məhkəmə nəticəyə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq gəlmiş, tutulacaq dəbbə pulu miqdarını azaldaraq tənasüb prinsipini tətbiq etmiş, zaminlərdən Cavabdeh2 və Cavabdeh3 borclu ilə birgə məsuliyyətini qəbul etmiş, Cavabdeh4 münasibətdə isə zaminliyə xitam verildiyini göstərmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1799/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi doğru şəkildə aparılmamışdır. Qiymətləndirmə ilə bağlı mütəxəssislər yaşayış sahəsinə gəlib baxış keçirməmiş, ümumiyyətlə cavabdehdən fərdi yaşayış sahəsində ekspertizanın keçirilməsi üçün şərait yaradılmasını tələb etməmişlər.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi əsas götürülməklə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi qismən dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 455 000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat:

16. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2-2(103)-16/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən məhkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə təkrar ekspertizanın keçirilməsini tələb etmək və ya ekspertizanın keçirilməsini Azərbaycan Qiymətləndiricilər Palatasının reyestrində qeydiyyatdan keçmiş "X7" MMC-yə həvalə etməmişdir. Məhkəmə, "xxxx" MMC-nin fotoşəkillər əsasında, evə baxış keçirmədən, real vəziyyəti nəzərə almadan verdiyi qiymətləndirmə rəyinin etibarlılığını araşdırmamış və qətnamə qəbul etmişdir. Kredit götürülən zaman Cavabdeh3 əmlakın yüklü edilməsinə razılıq versə də, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilən zaman onun razılığı alınmamışdır. Qiymətləndirmənin aparılması ilə bağlı xərclər əsassız olaraq cavabdehdən tutulmuş, məhkəmə tərəfindən məhkəmə iclaslarının keçirilməsi ilə bağlı cavabdeh məlumatlandırılmamışdır. Digər tərəfdən, cavabdehlərdən Cavabdeh3 vəfat etmiş, lakin məhkəmə varisləri müəyyən etmədən qətnamə çıxarmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 avqust 2025-ci il tarixli, 2-2(102)-346/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 fevral tarixli, 2-2(103)-16/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

19. Cavabdehin kassasiya şikayətinin yalnız prosessual hüquq varisliyinin müəyyən edilməməsinə dair dəlilini əsaslı hesab edən Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan sənədlərə əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Lakin, məhkəmə onun hüquqi varislərini müəyyən etmədən qətnamə qəbul etmişdir. Cavabdeh3 həm zamin, həm də ipoteka qoyan olduğundan onun prosessual hüquq varisliyinin həlli borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələblərin düzgün icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə əvvəl maddi, sonra isə prosessual hüquq varisliyini həll etməlidir.

20. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri əsassız hesab edilmişdir. Təkrar apellyasiya baxışı:

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-1047/2025 saylı qərardadı ilə iş üzrə icraatın Cavabdeh3 prosessual hüquq varisləri müəyyən edilənədək dayandırılması qərara alınmışdır.

22. Kollegiya Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 ölmüş Cavabdeh3 prosessual hüquq varisləri qismində işdə iştirak etməyə cəlb etmişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər və ölmüş cavabdeh L.Abdullayevanın prosessual hüquq varisləri məhkəmə iclasına gəlməmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Prosessual hüquq varislərindən Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququndan imtina etdiklərini bildirərək, hüquqi varis kimi tanınmamalarını məhkəmədən xahiş etmişlər.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinə MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlər və prosessual hüquq varislərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya):

Maddə 472. Zaminin məsuliyyəti

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. ... Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). ... Maddə 1255. Mirasın əldə edilməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. ... Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2- 2(102)-346/2025 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsə də, cavabdehin kassasiya şikayətinin dəlilləri yalnız Cavabdeh3 hüquqi varislərinin müəyyən edilməməsi hissəsində əsaslı hesab edilmiş, digər dəlilləri isə əsassız hesab edilmişdir. Odur ki, hazırkı apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh3 prosessual hüquq varislərinin işdə iştirak etməyə cəlb edilməsi məsələsi ilə əlaqəli şəkildə yoxlanılır. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi:

32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-346/2025 nömrəli qərarında olan göstərişləri yerinə yetirərək, hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 saylı qətnaməsi dəyişdirilməlidir.

33. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh3 mübahisəli hüquq münasibətlərində həm zamin, həm də ipoteka qoyan qismində çıxış etmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə onun barəsində həm borcun tutulması, həm də ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin edilmişdir.

34. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq, mübahisəli maddi hüquq münasibətində onun hüquq və vəzifələrinin taleyi məsələsi həll edilməli olmuşdur. Pul öhdəliyi və ipoteka yüklülüyü şəxsin ölümü ilə xitam tapmadığından, bu öhdəliklər universal hüquq varisliyi qaydasında vərəsələrə keçir.

35. Vərəsəlik münasibətləri mirasın açıldığı – mirasqoyanın öldüyü an yaranır. Odur ki, hazırkı iş üzrə hüquq varisliyi ilə bağlı məsələ Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalarının Cavabdeh3 öldüyü zaman qüvvədə olan redaksiyasına və Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun şəkildə həll edilməlidir.

36. İş materiallarındakı sənədlərlə mərhumun birinci növbə vərəsələri kimi onun uşaqlarının müəyyən edildiyi təsdiq olunur. Cavabdeh3 birinci dərəcə vərəsəsi ola biləcək əri özündən əvvəl ölmüş, valideynləri barədə isə qeyd aşkar edilməmişdir.

37. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, qanunla müəyyən edilmiş müddətdə mirasdan notariat qaydasında imtina edilmədikdə miras qəbul edilmiş hesab olunur. Vərəsələrin susması hüquqi qeyri-müəyyənlik yarada bilməz və mirasın qəbul edilməsi kimi qiymətləndirilməlidir.

38. Prosessual hüquq varislərindən üçü tərəfindən məhkəməyə təqdim edilmiş mirasdan imtina xarakterli ərizələr (§ 28) maddi hüquqi nəticə doğuran imtina sayıla bilməz, çünki Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasdan imtina yalnız notariat qaydasında və miras açıldığı vaxtdan üç ay ərzində rəsmiləşdirilməlidir. Bu qaydalara riayət edilmədiyindən həmin şəxslər mirası qəbul etmiş vərəsələr hesab edilir və prosessual hüquq varisi qismində işdə iştirak etməlidirlər.

39. Zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Qeyd olunan normaya əsasən zaminin ölməsi zaminliyə xitam verilməsi üçün əsas hesab olunmur. İpoteka isə ipoteka saxlayanın məhdud əşya hüququ olmaqla şəxsə yox, əşyaya bağlı olduğundan ipoteka qoyanın ölümü bu hüququn itirilməsinə səbəb olmur. Odur ki, Cavabdeh3 vərəsələri həm zaminlik, həm də ipoteka müqaviləsi üzrə mirasqoyanın kreditoru qarşısında məsuliyyət daşıyırlar.

40. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1307-ci maddəsinə görə miras qoyanın borclarının miras əmlakının dəyərindən artıq olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə düşür. Vərəsələr buna dair sübut təqdim etməmişdir. Eyni zamanda, iş materialları ilə hazırkı iş üzrə ipoteka predmeti olan miras əmlakın bazar dəyərinin (530 000 manat) tələb edilən borc məbləğindən (233 550,76 manat) artıq olması müəyyən edilir.

41. Qeyd olunan əsaslarla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh3 münasibətdə təmin edilmiş hissələrində onu prosessual hüquq varisləri ilə əvəz etməklə dəyişdirilməlidir.

42. İpoteka predmetinin ilkin satış qiymətinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin əvvəlki hüquqi mövqeyi kassasiya instansiyası məhkəməsi tərəfindən düzgün hesab edilmişdir. Bu səbəbdən həmin hissədə sübutların yenidən qiymətləndirilməsi üçün əsas mövcud olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və ilkin satış qiyməti 455 000 manat məbləğində müəyyən edilməlidir.

43. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsaitin 90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

44. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan çox olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 195 673,63 manat (yüz doxsan beş min altı yüz yetmiş üç manat, altmış üç qəpik) məbləğində əsas borc, 21 162,69 manat (iyirmi bir min yüz altmış iki manat, altmış doqquz qəpik) məbləğində faiz borcu, 9 000 manat (doqquz min) məbləğində dəbbə pulu olmaqla, cəmi 225 836,32 manat (iki yüz iyirmi beş min səkkiz yüz otuz altı manat, otuz iki qəpik) məbləğində pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu, mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma ölmüş Cavabdeh3 adına qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79V nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 455000 (dörd yüz əlli beş min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 müştərək qaydada tutulsun. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79V nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 evdən çıxarılsın, ev boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin 45 (qırx beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 müştərək qaydada, 5 (beş) manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qiymətləndirmə rəyinin alınmasına görə 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 müştərək qaydada və 20 (iyirmi) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat vəsaitin 90 (doxsan) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, ölmüş Cavabdeh3 vərəsələri Cavabdeh4, Nümayəndə3, Nümayəndə4 və Nümayəndə5 müştərək qaydada, 10 (on) manat hissəsi isə İddiaçı QSCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar