Məhkəmə qərarları › İş №2-2(103)-1048/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1048/2021

13.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1048/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 Cavabdeh iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1865/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 94976,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 130278,6 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1865/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1865/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) hazırkı iş üzrə ödənilməmiş qalan 80 manat borcunu (maliyyə saksiyası üzrə) ödədiyini və cavabdehin hazırkı iş üzrə vergi borcunun olmamasını əsas götürmüşdür. Lakin məhkəməyə müraciət edilməsinə səbəb olmuş icraat vərəqəsi üzrə cavabdehin 80 manat borcu (maliyyə sanksiyası üzrə) bu günki gün üzrə mövcuddur. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 13.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1865/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 may 2021-ci il tarixli **********711500 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə 11.03.2021-ci və 15.04.2021-ci il tarixli inzibati şikayətlərinin təmin edilməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26.10.2020-ci il tarixli **********849300 nömrəli, 13.04.2020-ci il tarixli **********238800 nömrəli və 23.04.2021-ci il tarixli **********442000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tapşırılması, bu qərarın 2-ci bəndinin icrası ilə bağlı Cavabdeh şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmısinin təmin edilməsi, Cavabdeh tərəfindən 18.05.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin nəzərə alınması, Cavabdeh gələcək vergi öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə fəaliyyətinin nəzarətdə saxlanılmasını, eyni zamanda fərdi sahibkarın real gəlirlərinin aşkar edilməsi, işçi sayının müəyyən edilməsi, həmçinin mal qalığının faktiki mövcudluğunun yoxlanılması məqsədi ilə fərdi sahibkara məxsus təsərrüfat subyektində (obyektində) Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsinin təmin edilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən 30.06.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin dövlət büdcəsinə cəmi 80 manat ödənilməmiş borcu qaldığını bildirmişdir. 30.06.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 14349500 təsnifat kodu üzrə Dövlət Vergi Xidmətinə 85 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən 30.06.2021-ci il tarixə olan 80 manat borcun dövlət büdcəsinə ödənildiyinə dair sübut təqdim edildiyini nəzərə alaraq iddianı rədd etmişdir. İddiaçı apelyasiya şikayətində cavabdehin dövlət büdcəsinə iddia olunan vergi borcundan 80 manat maliyyə sanksiyası üzrə borc qaldığını qeyd etsə də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin şəxsi vərəqəsindən çıxarışdan görünür ki, 02.07.2021-ci il tarixdə 85 manat ödəniş edilməsi şəxsi vərəqədə öz əksini tapmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin əsaslı olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1865/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1865/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar