Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1048/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair Açar söz: əsassız hesablanmış borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3270/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında iddiaçı barəsində ******* saylı xx.xx.2021 tarixli aktda qeyd olunmuşdur ki, 83047667 saylı sayğacın elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur.
2. İddiaçı MMC (istixana) adlı **********00000 saylı, Bakı, Xəzər, Hövsan südçülük sovxozu, Bina: 003 ünvanda qeyd olunan abonentin saldosunda cəmi 2021-ci ilin noyabr ayına 23.733,82 manat məbləğində borc qeyd olunmuşdur.
3. 30 noyabr 2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli 29/1640- 01376-6 nömrəli aktına əsasən G-1000 markalı 83047667 nömrəli sayğacda korrektorun parametr göstəricilərində baza tempraturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfi düzgün qeyd alınmayıb.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 23733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində ziyanın silinməsi və hazırkı iddianın verilməsi ilə bağlı çəkilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 900 (doqquz yüz) manat məbləğində vəkilə ödənilmiş qonorar, ümumilikdə 1100 (bir min yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları 2020-ci ilin əvvəlindən başlayaraq bir neçə dəfə İddiaçı MMCnin Xəzər rayonunda yerləşən xidmət sahəsinə gələrək bayırda quraşdırılmış qaz sayğacının yenisi ilə əvəz edilməsini təklif etmişlər. Qaz sayğacının işləməsində hər hansı problem olmadığı üçün cavabdehin əməkdaşlarının bu təklifi rədd edilmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh əməkdaşları tərəfindən növbəti dəfə iddiaçıya məxsus xidmət sahəsinə gələrək bayırda quraşdırılmış G1000 markalı 83047667 nömrəli turbin tipli “Elster” qaz sayğacına baxış keçirilmiş, heç bir zərurət olmadan həmin tarixdə qaz sayğacı yoxlamaya göndərilməsi üçün xətdən çıxarılmışdır. Qaz sayğacı xətdən çıxarılan zamanı sayğacın üzərində olan plomb bütöv və salamat olmuşdur. Cavabdeh X1 departamenti tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq etdiyi SS № 29/1640-01376-6 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” Aktına əsasən “ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edildi. Sayğacın mexaniki hissəsi işləkdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün vəziyyəti normaldır. Baza temperatur qazın sıxılma əmsalı və CO2 standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində, keçən qazın sərfi düzgün qeydə alınmayıb”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğundur. Batareya tələb olunur.” Beləliklə, yoxlama zamanı müəyyən olunan qüsur kənardan mexaniki və digər təsir vasitəsilə olmamış, istehlakçı tərəfindən müdaxilə olmadan sayğacın daxili elektron hissəsində baş vermiş xətadır. Cavabdeh tərtib etdiyi xx.xx.2021-ci il tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə”yə əsasən, “sayğacın korrektorun parametr göstəricilərində baza temperaturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfi düzgün qeydə alınmayıbdır”. Cavabdeh tərtib etdiyi ******* saylı xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”a əsasən, 83047667 saylı sayğacda elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur. Nəticədə İddiaçı MMCyə 107881 m2 həcmdə əlavə qazın istifadəsi, onun əsasında isə 23733 manat məbləğində ziyan hesablanmışdır. Cavabdehİstehsalat Birliyi tərəfindən İddiaçı MMC-yə tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında ”Aktı, xx.xx.2021ci il tarixli“ Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə” və xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ı əsassız və qanunsuzdur, ona görə də İddiaçı MMC-yə hesablanmış 23733 manat məbləğində ziyan silinməlidir. Borcun silinməsi ilə bağlı Cavabdehnə edilən şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Məsələni məhkəmədən kənar həll edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya göndərilmiş və mübahisəni məhkəməyədək həll edilməsini və əsassız yazılmış borcun silinməsi xahiş edilmişdir. Pretenziya ilə bağlı cavabdeh heç bir fikir bildirməmişdir. Pretenziya nəticəsiz qaldığı üçün mübahisəni məhkəməyədək həll edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və mediasiya xərcləri ödənilmişdir. Mediator tərəfindən cavabdehə mediasiya sessiyasında iştirak edilməsi barədə təklif göndərilmiş, lakin cavabdeh təyin olunmuş vaxtda mediasiya sessiyasına gəlməmişdir. Bu barədə 5 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Beləliklə, mübahisənin məhkəməyədək həll olunması üçün bütün mövcud qanuni addımlar atılsa da, bunun heç bir nəticəsi olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, e-2-2(113)- 3270/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından , cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3270/2022 saylı qətnaməsini ləğv edilməsini və İddiaçı MMC-nin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənaye tipli, iri həcmli qaz sayğacları həm mexaniki həmdə elektron tablolarla təchiz edilmişdir. Bu tip sayğaclar vasitəsi ilə sərf edilən qazın həcmi elektron hissədə qeyd edilən göstəricilərə əsasən müəyyən edilir. Elektron hissə mexaniki hissənin impuls ötürməsi əsasında çalışır. İddiaçının istifadəsində olmuş G-1000 tipli, 83047667 nömrəli qaz sayğacının elektron hissəsinin dayanması nəticəsində faktiki istifadə edilmiş qazın həcmi qeydə alınmamışdır. Bu səbəbdən 2021-ci ilin noyabr ayında iddiaçı tərəfindən sərf edilən təbii qazın dəyəri mexaniki göstəricilərə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi 2021-ci ilin noyabr ayı üzrə hesablanmış borc məbləği ötən illərin müvafiq dövrlərinə uyğundur. Belə ki, 2018-ci ilin noyabr ayında 75366,80 manat, 2019-cu ilin noyabr ayında 59105,60 manat, 2020-ci ilin noyabr ayında 63628,40 manat və 2021-ci ilin noyabr ayında 69901,92 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Qeyd edilən borcların illər üzrə müvafiq dövrlərdə dəyişmə dinamikasına nəzər saldıqda məhkəmə tərəfindən silinməsi qət edilmiş borc məbləğinin real sərf edilən qazın dəyərini təşkil etdiyini görmək olar. Qaz sayğacına müdaxilə və ya qazdan qanunsuz istifadə halları ilə bağlı sahibkarlıq subyektində hər hansı yoxlama aparılmamış və bu səbəbdən akt tərtib edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir
11. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
12. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 13.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
14. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3270/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, iddiaçının istifadəsində olmuş G-1000 tipli, 83047667 nömrəli qaz sayğacının elektron hissəsinin dayanması nəticəsində faktiki istifadə edilmiş qazın həcmi qeydə alınmamış, bu səbəbdən 2021-ci ilin noyabr ayında iddiaçı tərəfindən sərf edilən təbii qazın dəyəri mexaniki göstəricilərə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi 2021-ci ilin noyabr ayı üzrə hesablanmış borc məbləği ötən illərin müvafiq dövrlərinə uyğundur. Belə ki, 2018-ci ilin noyabr ayında 75366,80 manat, 2019-cu ilin noyabr ayında 59105,60 manat, 2020-ci ilin noyabr ayında 63628,40 manat və 2021-ci ilin noyabr ayında 69901,92 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaz sayğacına müdaxilə və ya qazdan qanunsuz istifadə halları ilə bağlı sahibkarlıq subyektində hər hansı yoxlama aparılmamış və bu səbəbdən akt tərtib edilməmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli olduğundan birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.
17. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3270/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3270/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.