Məhkəmə qərarları › İş №2-2(103)-1049/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1049/2021

17.08.2021 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1049/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı 27 iyun 2007-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində X6 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı 27 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı “Nazim” kiçik müəssisəsinin iddiası təmin edilərək Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsinin qərbindəki ərazidə yerləşən “Nazim” kiçik müəssisəsinin qanuni istifadəsində olan 0,8 ha və müəssisənin faktiki istifadəsində olan 0,7 ha-ümumilikdə 1,5 ha torpaq sahəsinə iddiaçının daimi istifadə hüququnun tanınması , “Nazim” kiçik müəssisəsinə məxsus 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Həmin qətnamədən 27.11.2020-ci il tarixdə maraqlarına toxunan şəxs qismində X6 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İstinad edilən normaların tələblərinə əsasən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apelyasiya şikayəti vermək hüququna malikdirlər. Hazırkı halda məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən və icra edilməsindən 10 ildən artıq müddət keçdikdən sonra X6 həmin qətnamədən şikayətə apelyasiya qaydasında baxılmasını xahiş edir. X6 apelyasiya şikayətində mübahisələndirilən qətnamə ilə iddiaçı “Nazim” kiçik müəssisəsinin daimi istifadə hüququnun tanındığı torpaq sahəsinin onun babasının mülkiyyətində olduğunu və vərəsəlik qaydasında ona keçdiyini iddia etsə də apelyasiya şikayətinə əlavə edilmiş sənədlərlə bu hal təsdiq edilmir. Şikayətə əlavə edilmiş arxiv arayışında “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Mərdəkan kəndində nadel torpaq sahələrinə malik torpaq sahiblərinin 08.05.1916-cı il tarixli siyahısında Mirzə X2 10 desyatinə bərabər torpaqda əkin sahəsi, sahəsi 2 desyatinə bərabər torpaqda bağı və evi olduğu qeyd edilmişdir. 7 saylı xüsusi notariat ofisinin DƏ DRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23.01.2020-ci il tarixli məktubunda X3 23.10.1937-ci ildə vəfat etmiş X1 vərəsəsi olduğu, vərəsəlik işinin 23.01.2020-ci ildə açıldığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə iddiaçının babası olduğu qeyd edilən Mirzə X4 məxsus olmuş Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin hazırkı iş üzrə “Nazim” kiçik müəssisəsinin daimi istifadə hüququnun tanındığı torpaq sahəsi olduğu və iddiaçının atasına, atasından isə ona vərəsəlik qaydasında keçdiyi təsdiq olunmadığından iddiaçının 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı 27 iyun 2007-ci il tarixli qətnaməsini apelyasiya qaydasında mübahisələndirməyə subyektiv hüququ olduğu müəyyən olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı 27 iyun 2007-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində X6 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 357, 403, 423, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı 27 iyun 2007-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində X6 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar