Məhkəmə qərarları › İş №2-2(103)-105/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-105/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-105/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdehnə qarşı kommersiya işi Açar söz: əldən çıxmış fayda, mənəvi ziyan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı X6 Cavabdehnə qarşı pul tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1851/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İcarəyəverən olaraq Cavabdeh MMC ilə icarəçi X9 arasında 18 aprel 2020-ci il tarixli, 762/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan “DONG FENG A30” markalı minik nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü) öz istifadəsinə qəbul edir. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə müqaviləsi üzrə əldə edilən icarə obyektinin qiyməti 22620 manat təşkil edir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini icarəyəverənə 400 manat depozit olmaqla 300 manat nağd ödəyir, qalıq borcu 100 manat xx.xx.2020-ci il tarixində ödəməyi öhdəliyinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 26 manat məbləğində icarə haqqı ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə 29 ay müddətinə, 18 aprel 2020-ci il tarixindən 18 sentyabr 2022-ci il tarixinədək bağlanır. Müqavilənin 5.3-cü bəndinə əsasən icarəyə verilmiş avtonəqliyyat vasitəsi icarəçiyə təhvil verildikdən sonra, (bir) il qeydşərtsiz icarədə qalmalıdır. İcarəçi 1 (bir) il müddətdən öncə müqavilənin pozulmasına təşəbbüs göstərərsə, depozit məbləği geri qaytarılmır. İcarəçi 1 (bir) il müddətdən sonra, müqavilənin pozulması təşəbbüsü ilə çıxış edərsə, bu barədə 1 (bir) ay öncə icarəyəverəni xəbərdar etməlidir, bu halda depozit məbləği geri qaytarılır.

2. 18 aprel 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsinə 0030/İR saylı razılaşmanın 2.2.15-ci maddəsinə əsasən avtomaşın protokol və ya mmx cərimələrinə (qərarlı və ya qərarsız) düşdüyü andan, "İcarəçi" tərəfindən cərimə məbləğləri 7 (yeddi) gün ərzində ödənilməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın “İcarəçi" dən alınır müqaviləyə xitam verilir.

3. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və cərimə olunmuşdur.

4. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 3(060)-2790/2021 saylı qərarına əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X15 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X11 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarına əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)184/2022 saylı qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarı ləğv olunmuş və X9 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

8. Cavabdeh MMC-nin arayışından görünür ki, Cavabdeh MMC-yə məxsus olan “DONG FENG A30” markalı, **-PL-*** nömrəli avtomaşının müqavilə əsasında sürən X1 vəsiqəsi məhrum edilmiş və bunun əsasında avtomaşın Cavabdeh MMC-nin dayanacağında saxlanılmışdır.

9. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli maliyyə arayışından görünür ki, X9 "Dong Feng" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin şərtlərinə görə (həmin müqavilənin 2.1.2; 3.1; 4.1 ci bəndlərinə müvafiq), X3 xx.xx.2020-ci il tarixdən 29 (iyirmi doqquz) ay müddətinə, icarəyəverən "xxxx" MMC-yə 1 (bir) təqvim günü üçün icarə haqqı olaraq 26 (iyirmi altı) manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı tarixdən, xx.xx.2021-ci il tarixinədək ümumilikdə 12159 (on iki min bir yüz əlli doqquz) manat icarə haqqı ödəmişdir. X3 xx.xx.2021 tarixdən icarə haqqı ödənişini dayandırmışdır.

10. X9 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMCyə ödənilmiş 16052 manat məbləğində pulun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. İcarəyəverən olaraq Cavabdeh MMC ilə icarəçi X10 arasında 20 fevral 2023-cü il tarixli, 0030/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus olan “DONG FENG A30” markalı, **-PL- *** nömrəli nəqliyyat vasitəsi X7 icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı X9 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcmini artıraraq cavabdehdən 16052 (on altı min əlli iki) manatın, eləcə də ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumunun, o cümlədən 100 (yüz) manat hüquqi yardım göstərilməsi ilə bağlı vəsaitin, ödənilmiş 5 (beş) manat dövlət rüsumu, əldən çıxmış faydaya görə 12000 (on iki min) manat, dəymiş mənəvi ziyana görə 10000 (on min) manat, cəmi 38357 (otuz səkkiz min üç yüz əlli yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş olunur.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 aprel 2020-ci ildə tarixində X9 (icarəyəgötürən) və Cavabdeh MMC (icarəyəverən) arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən 29 ay ərzində ona məxsus “Dong Fen A30” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili icarəyə verir, o isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edərək, ona 1 (bir) təqvim günü müddətinə icarə üçün 26 (iyirmi altı) manat verməyi öhdəliyinə götürür. Avtomobili təhvil aldıqda müqavilə şərtlərinə görə 400 manat pulu dərhal şirkətə ödəmiş, ümumilikdə isə xx.xx.2021-ci il tarixədək üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmiş və 16052 manat Cavabdeh şirkətinə onun tərəfindən pul ödənilmişdir. xx.xx.2021-ci il tarixdə onu şirkətə dəvət edərək sürücülük hüququndan məhrum edildiyi üçün avtomobili onlara təhvil verməyi bildirib, əlindən aldılar. Belə ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində guya işıqforun qadağanedici işığında hərəkəti davam etdirdiyi üçün onun barəsində inzibati protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin sonradan həmin protokol və müvafiq qərar müvafiq məhkəmə orqanları tərəfindən ləğv edilmişdir. Həmin qərarları Cavabdeh şirkətinə təqdim etsə də, ona səbirli olmağı və avtomaşını ona geri qaytaracaqlarını dəfələrlə vəd etmiş, lakin hazırkı vaxtadək bunu etməmişlər. Sonradan bilmişdir ki, həmin avtomobili başqa bir şəxsə satmışlar, halbuki müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra sözügedən avtomobil onun mülkiyyətinə verilməli idi. Faktiki olaraq Cavabdeh şirkəti müqavilə şərtlərini heç bir səbəb olmadan birtərəfli qaydada pozmuş buna görə də 16052 (on altı min əlli iki) manatın cavabdehdən alınaraq ödənilməsi zərurəti vardır. Həmçinin, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi 165 (yüz altmış beş) manat pul vəsaitini dövlət büdcəsinə və hüquqi yardımın göstərilməsi üçün 100 (yüz) manat məbləğində müqavilə haqqı ödəmişdir. Bu məbləğlər onun xeyrimə cavabdehdən tutulmalıdır. Günəmuzd fəaliyyət növü ilə məşğuldur və ailəsini taksi xidmətləri göstərməklə saxlayır. 30 sentyabr 2021-ci ildən taksi xidmətləri göstərməkdən məhrumdur. Bu günə kimi gəlirdən tam məhrumdur və maddi cəhətdən acınacaqlı vəziyyətdə yaşayır. Başqa gəlir mənbəyi olmadığından və ailəni dolandırmaq üçün heç bir qazanc əldə edə bilmədiyi üçün maddi təminatı dözülməz həddə çatmışdır. Avtomobillə taksi xidmətləri göstərərkən hər gün orta hesabla 20 (iyirmi) manat gəlir əldə edirdi ki, bu da ailəsinin zəruri tələblərini ödəmək üçün yetərli idi. Hal-hazırkı dövrə qədər əldən çıxmış qazanc 12000 (on iki min) manat təşkil edir. Bu prosesin nə qədər davam edəcəyi və bundan sonra ona daha nə qədər maddi ziyan dəyərək əldə edəcəyi qazancı itirəcəkdir. Avtomobilin bu günə qədər qaytarılmaması, işləməməyi və bundan sonra da hələ neçə müddət işləməyəcəyi qeyrimüəyyən olduğu üçün, habelə qazanc əldə edə bilmədiyi və ailəsinin iqtisadi cəhətdən acınacaqlı duruma düşməsi onu mənəvi-psixoloji cəhətdən sarsıtmış və ovqatını tamamilə pozaraq səhhətində problemlər yaranmasına gətirib çıxarmışdır. Hal-hazırda avtomobilinin itirilməsi onun özünün və ailəsinin maddi durumunu pis vəziyyətə salmışdır. Eyni zamanda, avtomobilin olmaması ailəsinin və özünün sərbəst hərəkətini və istirahətini pozmuşdur. Belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanı 10000 (on min min) manat miqdarında dəyərləndirir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1851/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdehndən 400 (dörd yüz) manat pul vəsaiti, 100 (yüz) manat mediasiya xərci və 50 (əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pul iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir.

15. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, daha sonra icarə münasibətlərinə xitam verilmişdir.

16. Məhkəmə iddianın 16052 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında 18 aprel 2020-ci il tarixli, 762/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyəverən minik nəqliyyat vasitəsini icarəyə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü öz istifadəsinə qəbul etmiş və avtomobilin onun istifadəsində olduğu müddətdə icarə haqlarını ödəmişdir. Avtomobilin iddiaçının istifadəsində olduğu müddətdə icarə haqlarının tam ödənilməsi işin mübahisəsiz halıdır. Həmin müddət ərzində icarə haqlarından əlavə məbləğlərin ödənilməsi halı müəyyən edilməmişdir. İddia tələbi ödənilmiş icarə haqqının geri qaytarılması hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı icarə predmetindən istifadə etmiş və onun qarşılığında icarə haqlarını ödəmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında icarə münasibətlərinə xitam verildiyindən, 400 manat məbləğində depozit cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Belə qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarı ləğv olunmuş və X9 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

18. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 12000 manat, dəymiş mənəvi ziyana görə 10000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin həmin hissəsi ilə bağlı, həmin hissəyə dair iddia ərizəsində göstərilən hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin hissələrdə də rədd olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1851/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o halda ki, qanuni əsaslar olmadan müqaviləyə birtərəfli qaydada xitam verilməsi və ödənilmiş pulun geri qaytarmaması-əsassız varlanmaya gətirib çıxarır. Müqavilə pozularkən çox vaxt lizinq şirkətlərinin öz köhnə müştərilərinə nəyə görə pulu qaytarmalı olmalarını anlamaq üçün bir az lizinq mahiyyətinə nəzər salmalıyıq. Bir tərəfdən lizinq icarədir, amma adi deyil, müddətin sonunda satın alma hüququ olan icarədir. Yəni növbəti ödənişi edərrkən lizinq şirkətinin müştərisi həm icarə həm də görülmüş lizinq obyektinin satın alınması üçün pul ödəyir. Beləliklə, əgər lizinq şirkəti müqavilə pozulduqdan sonra avtomobil və həmin avtomobilin hesabına ödənilmiş pul vəsaitini özündə saxlayırsa, bu zaman onun tərəfindən əsassız varlanma mövcuddur. Lizinq alan pul vəsaitinin geri tələb etmək hüququna malikdir. Bakı Kommersiya Məhkəməsi mənəvi ziyanın ödənilməsi hissəsində rədd cavabını onunla əsaslandırdı ki, “sağlamlığın pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür”. Yəni məhkəmə aydın şəkildə bunu izah etmədi. Güman edirəm ki, məhkəmə mənəvi ziyanı insanda hərarətin, təzyiqin qalxması ilə əlaqələndirir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab edir ki, bəzi mənəvi ziyanların forması, qanqaraçılıq da daxil olmaqla öz təbiəti etibarilə həmişə hər hansı bir sübutla təsdiq oluna bilməz (Abdulaziz, Kabales və X4rşı xx.xx.1986-cı il).Bu halda ərizəçilərin ruh düşkünlüyü, narahatçılığı və depressiya halları ilə üzləşdiyini məhkəmənin güman etməyi daha məntiqə uyğun olardı. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Beləki nə müqavilədə, nədə ki, qanunvericilikdə İnzibati tənbehvermə haqqında qərarın mövcud olması lizinq müqaviləsinə lizinqverənin birtərəfli qaydad öz təşəbbüsü ilə xitam verilməsi nəzərdə tutulmamışdır. Lizinq müqaviləsinə əsasən öhdəliklərin icra edilməməsi cavabdeh tərəfindən sübut edilməmişdir. 2020-ci ilərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini göstərmişdir. Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qaşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığızəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərir. Bütün bunlara baxmayaraq mən vaxtı-vaxtında ödənişləri tam şəkildə icra etmişəm.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı X9 məhkəmə iclaslarında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir.

22. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında iştirak edərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

23. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddə- əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 747.1-ci maddə-lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddə-maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 751-ci maddə-lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. 424.4-cü maddə-əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-ci maddə-əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə- zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddə- əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 21.1-ci maddə- zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə- zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

24. Qətnamə iddiaçı tərəfindən qismən – iddianın təmin edilmədiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1851/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. İşdən görünür ki, iddiaçının təmin edilməyən iddia tələbləri aşağıdakılardır: 15652 manat cavabdehə ödənilmiş icarə haqqının tutulması, əldən çıxmış faydaya görə 12.000 manat, dəymiş mənəvi ziyana görə 10000 manat pulun tutulması.

27. İşin mübahisəsiz halıdır ki tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilsə də, tərəflər arasında icarə münasibətlərinə 2021-ci ilin sentyabr ayında faktiki xitam verilərək icarəyə verilmiş nəqliyyat vasitəsi cavabdeh tərəfindən geri götürülmüşdür.

28. Məhkəmə iddiaçının müqavilə üzrə cavabdehə ödədiyi 15652 manat pulun geri qaytarılması tələbi ilə bağlı qeyd edir ki, əvvəla iddiaçı tərəfindən cavabdehə “DONG FENG A30” markalı minik nəqliyyat vasitəsinin icarəsinə görə 15652 manat ödənildiyinə dair sübut təqdim etməmişdir. Müqavilənin 3.1-ci bəndində 1 təqvim günü üçün 26 manat icarə haqqı ödənişi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışında isə xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən müqavilə üzrə cəmi 12159 manat ödənildiyi qeyd olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin icarəsinə görə qarşı tərəfə ödənilmiş vəsaitin geri qaytarılması üçün qanuni əsaslar olmadığından tələb bu hissədə əsassızdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilsə də, MM-nin 424.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin iddiaçının icarəsində olduğu müddət üçün ödədiyi icarə haqqı geri tələb edilə bilməz.

29. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə icarəçi icarə obyektini öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün icarəçi icarə müqaviləsi müddətinin bitməsinə ən azı 1 ay qalmış və ya öhdəliyi tam icra etdikdən sonra icarəyə verənə icarə obyektinin öz mülkiyyətinə hazır olmasını yazılı qaydada təsdiq etməlidir. Yuxarıda göstərilmiş şərtlərin yerinə yetirilməsi şərtilə icarəyə verən əlavə ödəniş olmadan müqavilənin icra olunması haqqında aktı imzalamaqla və ödənilmiş depoziti geri icarəçiyə qaytarmaqla icarə obyektinə mülkiyyət hüququnu verməyi öhdəsinə götürür. İddiaçı işə apellyasiya qaydasında baxılarkən müqavilənin qeyd edilən normasına istinad edərək bildirir ki, nəqliyyat vasitəsi onun mülkiyyətinə verilmədiyi üçün ödədiyi vəsait geri qaytarılmalıdır. Məhkəmə müqavilənin qeyd edilən bəndi ilə bağlı hesab edir ki, qeyd edilən bəndin müqavilədə mövcud olması belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlandırılsa da, əslində əmlakı satın almaq hüququnu da özündə ehtiva edən maliyyə lizinqi müqaviləsi olmuşdur. Lakin hətta belə olsa belə, MM-nin 751-ci maddəsində nəzərdə tutulur ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.Yəni, lizinq münasibətlərində də icarə münasibətlərində olduğu kimi, müqaviləyə vaxtından əvvəl xitam verilməsi əmlakdan müqavilə əsasında istifadə etmiş tərəfə ödənişlərini geri tələb etmək hüququ vermir.

30. İddiaçının əldən çıxmış fayda və mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, bu tələblər halda təmin edilə bilərdi ki, iddiaçı müqaviləyə vaxtından əvvəl xitam verilməsində özünün hər hansı bir təqsiri olmadığını, məhz cavabdehin təqsirli olduğunu sübut etmiş olsun. Hazırkı halda işdən göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarına əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, bundan sonra cavabdeh iddiaçıya icarəyə verdiyi nəqliyyat vasitəsini 2021-ci ilin sentyabr ayında geri götürmüşdür. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı cavabdehə rəsmi təqdim edildikdən sonra nəqliyyat vasitəsi cavabdehə geri qaytarılmasaydı yalnız bundan sonra avtomobilin icarəyəverən tərəfindən geri qaytarılmadığı müddət üçün müqavilənin qüvvədə olma müddətinin sonunadək iddiaçının xeyrinə əldən çıxmış faydaya görə ziyan hesablana bilərdi. Lakin hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi iş materialları ilə təsdiq edilmir. İddiaçının cavabdehə göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilən qərara istinad edilsə də, qərar məktuba qoşma olaraq əlavə edilmədiyindən cavabdehin iddiaçıya dəymiş maddi ziyana (əldən çıxmış faydaya) görə təqsirli olduğu müəyyən olunmur. 31.Mənəvi ziyan tələbi ilə bağlı hissədə isə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi fərdi sahibkar olan iddiaçıya mənəvi ziyan vurulmasına səbəb olan hərəkət kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehlə bağlanmış müqavilə xitam olunduqdan sonra iddiaçının digər hüquqi şəxslərlə yeni müqavilə bağlamaq və digər nəqliyyat vasitəsini eyni qaydada icarəyə götürmək hüququ və imkanı olmuşdur.

32. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmuş məhkəmə xərcləri və hüquqi xidmətə görə haqqın məbləği düzgün müəyyən edildiyindən həmin hissədə də qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1851/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1851/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar