Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1051/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının yenidən baxılması, inflyasiya və icarə haqqı, müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2433/2025 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli, 17 saylı icarə müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilənin: 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1.600 manat məbləğində müəyyən olunmuşdur. 5.1-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 13 iyun 2022-ci il tarixindən başlanılacaqdır və 2022- ci ilin iyun ayı da daxil olmaqla, hər ayın 12-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir.
2. İddiaçı ASC tərəfindən Cavabdeh2 EBBY 453014 saylı, xx.xx.2022-ci il tarixli, 2022-ci ilin iyun ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan, EBCA 271924 saylı, xx.xx.2022-ci il tarixli, 2022-ci ilin iyul ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan, EBEB 339486 saylı, xx.xx.2024-ci il tarixli, 2024-cü ilin aprel ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan, EBED 762410 saylı, xx.xx.2024- cü il tarixli, 2024-cü ilin iyun ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan elektron qaimələr göndərilmişdir.
3. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən 2022-ci ilin avqust ayının icarə haqqısı üzrə 1.600 manat məbləğində pul İddiaçı ASC-yə ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin iyun ayı üzrə 1600 manat, iyul ayı üzrə 1600 manat və 2024-cü ilin aprel ayı üzrə 900 manat və iyun ayı üzrə 700 manat olmaqla, ümumilikdə 4800 manat məbləğində pulun Cavabdeh2, 1600 manat məbləğində zərərin əvəzinin Cavabdeh1 tutulması, vəkilə ödənilmiş 500 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 121 manat məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh2 İlham oğlu ilə xx.xx.2022-ci il tarixində bağlanılmış icarə müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə 6.400 manat məbləğində borc İddiaçı ASC-nin hesabına mədaxil edilməmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixlii kassa mədaxil orderində qeyd edilmiş 1.600 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ASC-nin hesabına mədaxil edilmədiyindən hesab edir ki, həmin pul vəsaiti Cavabdeh1 tutulmalıdır. Bunu məhkəməyə təqdim etdikləri bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASCnin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edir ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2433/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4.800 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 68 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, hazırkı iddia şərti olaraq 2 hissədən, yəni 2022-ci ilin iyun ayı üzrə 1600 manat, iyul ayı üzrə 1600 manat və 2024-cü ilin aprel ayı üzrə 900 manat və iyun ayı üzrə 700 manat olmaqla, ümumilikdə 4800 manat məbləğində icarə haqqı borcunun Cavabdeh2 tələb edilməsi, Cavabdeh2 tərəfindən ödənilmiş ancaq, həmin zaman hüquqi şəxsin direktoru olmuş Cavabdeh1 tərəfindən iddiaçının hesabına mədaxil edilməyən 1.600 manat pulun Cavabdeh1 tələb edilməsindən ibarətdir. İşin digər müəyyən olunmuş halı ondan ibarət olub ki, Cavabdeh2 hal-hazırda da, qeyd edilən icarə sahəsindən istifadə etməklə, qeyd edilmiş ünvanda fəaliyyət göstərir. Bu qeyd edilmiş elektron qaimələr məhz mübahisəli aylara aiddir. İddiaçı tərəf 2024-ci ilin aprel ayının icarə haqqından 700 manat ödənildiyi və 900 manat qaldığını, 2024-cü ilin iyun ayının icarə haqqından 900 manat ödənildiyini və 700 manat borcun qaldığını bildirir. Göründüyü kimi, iddiaçının tələb etdiyi 4.800 manat məbləğində pul məhz bu qeyd edilmiş aylara aiddir. Bundan başqa iddiaçı tərəf, cavabdehə göndərilmiş olan 2022-2024-cü illərə aid elektron qaimələri və qeyd edilmiş icarə haqqlarının ödənilməsi ilə bağlı bank hesabından çıxarışları və terminallardan ödəmə barədə qəbzləri işə əlavə etmişdir. Məhkəmə iclasında Cavabdeh2 yuxarıda qeyd edilmiş 4 ay üzrə icarə haqqının ödənib-ödənilməməsi halı soruşulmuş, sonuncu da, ödədiyini bildirsə də, bu barədə hər hansı bir sənədi Məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək, İddiaçı ASC-də kargüzar işlədiyini, Cavabdeh2 bəzi vaxtlar icarə haqqı götürdüyünü və götürdüyü pulu da, ancaq mühasib X2 verdiyini, sonradan o pulun taleyini bilmədiyini, cavabdehin ona vermiş olduğu icarə haqlarının hansı aylara aid olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da, icarə haqqını əvvəllər X3 verdiyini, ödəmə terminalları vasitəsi ilə ödəniş etmədiyini, sonradan direktor dəyişdikdən sonra onlayn qaydada ödədiyini bildirmişdir. Qeyd edilənlərdən Məhkəmə bu nəticəyə gəlib ki, ödənişlər əvvəllər iddiaçıya nağd qaydada edilmiş və bu pulların da, hüquqi şəxsin hesabına kimin tərəfindən mədaxil edilməsi məlum deyildir. Göründüyü kimi Cavabdeh2 qeyd edilmiş mübahisəli 4 ay üzrə icarə haqqı borcunu ödədiyini bildirsə də, bu barədə hər hansı bir sənədi təqdim edə bilməmişdir. Ona görə də, Məhkəmə hesab etmişdir ki, icarə haqqı borcu üzrə 4.800 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməldir. Bundan sonra Məhkəmə hesab etmişdir ki, iddianın digər hissəsi yəni, Cavabdeh2 tərəfindən ödənilmiş ancaq, həmin zaman hüquqi şəxsin direktoru olmuş Cavabdeh1 tərəfindən iddiaçının hesabına mədaxil edilməyən 1.600 manat pulun Cavabdeh1 tələb edilməsinə qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünüb ki, Cavabdeh2 tərəfindən 2022-ci ilin avqust ayının icarə haqqısı üzrə 1.600 manat məbləğində pul İddiaçı ASC-yə ödənilmişdir. İddiaçı tərəf bu pulun keçmiş direktor Cavabdeh1 tərəfindən götürüldüyünü və hüquqi şəxsin hesabına mədaxil edilmədiyini bildirir. Məhkəmə qeyd etmişdir ki, hazırkı hissədə iddia təmin edilə bilməz. Belə ki, qeyd edilmiş pulun məhz Cavabdeh1 tərəfindən götürülməsi (“mənimsənilməsi”) iş materiallarından öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da, götürmüş olduğu pulları mühasib X2 vermişdir. Bundan başqa da, Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC, iri ticarət obyektinə sahib olan kommersiya hüquqi şəxsidir və o, kommersiya hüquqi şəxsi kimi, vergi orqanında qeydiyyatdan keçmişdir. Ona görə də, iddiaçının qeyd etmiş olduğu İddiaçı ASC-nin kassasının olmaması dəlili inandırıcı deyildir. Göründüyü kimi, Vergi Məcəlləsinin 16.1.8.1-16.1.8.6-cı maddələrində kassa aparatının məcburi olmadığı fəaliyyət növləri qeyd edilmişdir. Ancaq hazırkı halda, yəni iddiaçının fəaliyyəti qeyd edilmiş maddələrdə əks olunmuş heç bir fəaliyyət növləri ilə üst-üstə düşmür. Yəni iddiaçının fəaliyyət istiqaməti üzrə kassa aparatının qurulması məcburidir. Bu baxımdan Məhkəmə bir daha qeyd etmişdir ki, hazırkı icraat çərçivəsində hüquqi şəxsə mədaxil olunmuş pulların kim tərəfindən götürülməsini müəyyən etmək mümkün deyildir. İddiaçıya izah edilməlidir ki, bu cür halların olub-olmamasını müəyyən etmək üçün müvafiq istintaq orqanına müraciət edə bilər. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 21, 675, 700.1, 700.2, 700.3-ü maddələrinə və AR Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə istinad etmişdir.
9. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməyən hissəsində təmin edilməsi, xx.xx.2022-ci il tarixli, icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBCC 304418 nömrəli elektron qaimə və xx.xx.2022-ci il tarixli, 112156 nömrəli kassa mədaxil orderi üzrə 1600 manat pul vəsaitinin və məhkəmə və vəkil xərclərinin qalan hissəsinin Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderində qeyd edilmiş 1.600 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ASCnin hesabına mədaxil edilmədiyindən hesab edir ki, həmin pul vəsaiti Cavabdeh1 tutulmalıdır. Bunu məhkəməyə təqdim etdikləri bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edir ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır. Məhkəmənin bu iş üzrə mövqeyini, çıxarmış olduğu qətnaməsini səhv, qanunsuz və yanlış hesab edir, məhkəmə iddiaçıya əsassız olaraq haqq qazandırmış, iş üzrə məhkəmə təqdim olunmuş hüquqi sənədlərə və sübutlara düzgün hüquqi qiymət vermədən, qeyri-hüquqi, özbaşınalıgı təlqin edən məhkəmə təcrübəsi yaratmış, cavabdeh şəxsi əsassız şəkildə borcla qanunsuz şəkildə yükləmiş, məhkəmə bu işə baxarkən birbaşa ədalət mühakiməsi prinsiplərini kobud surətdə pozmuş, hakim qətnamədə işə baxılma tərzini nümayiş etdirmişdir. Buna görə də qətnamə qanunsuzdur, maddi və prosessual hüquq normalarına ziddir, apellyasiya qaydasında işə tam, hərtərəfli baxılmalı, iş üzrə təqdimedilmiş sübutlar düzgün və ətraflı qiymətləndirilməli, bununlada qətnamə ləgv edilməli iş üzrə düzgün,ədalətli və qanuni bir qətnamə qəbul olunmalıdır. Belə ki, bu iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi və aradırmadığı hallar bundan ibarətdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbində cavabdehdən 10300 manat məbləğində pul tələb edir, tələbdən öncə cavabdehə 10300 manat məbləğində pretenziya göndərir, işin gedişində iddia tələbinin həcmini azaldaraq cavabdehdən cəmi olaraq 4800 manat pul tələb edir. Məhkəmə isə iddiaçının bu manevrini (iddia tələbinin həcminin azaldılması barəsində ərizəsini) nə məntiqi nədəki hüquqi cəhətdən araşdırmadan qanunsuz qətnaməni qəbul edir. Hansı ki, iş materiallarında məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cavabdehin borc məbləği 10300 manat göstərilmişdir ki, (daha sonra 6400 manat tələb formasında) iddiaçı məhkəmədə iddia qaldırana qədər cavabdehin konkret borcunun olub-olmadığını və nə qədər olduğunu belə müəyyən edə bilmədiyi bir halda məhkəmə də işə baxan zaman buna xüsusi diqqət yetirəcəyi bir halda həmin diqqəti yetirməmişdir, borcun birdən birə bu qədər azalmasının əsl səbəbinin nədən ibarət olmasını araşdırmamışdır. Görünür ki, iddiaçı özü belə cavabdehin borclu olduğu qənaətinə belə gəlməmiş, hüquqi şəxsin direktorunun dəyişməsi halından sui-istifadə edərək mövcud qanunsuz iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunsuz qətnamənin çıxarılmasına nail olmuş, məhkəmə isə bu işdə iş üzrə sübutlara hüquqi qiymət vermədən iddiaçının “tam xidmətində” olmaqla qanunsuz qətnaməni qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 17 saylı icarə müqaviləsinin 3-cü bəndində qeyd olunmuş və hər iki tərəfdən (İcarəçi və İcrarəyə verən tərəfindən) təsdiqlənmiş və qəbul olunmuşdur ki, həmin müqavilənin 3-cü bəndinə əsasən “İcarəçi” tərəfindən aylıq icarə haqqı “İcarəyə verənə”nəğd qaydada və ya Banka köçürmək yolu ilə ödənilir. Diqqətə çatdırır ki, o vergi ödəyiçisi olaraq 2022-ci il tarixdən bu günə kimi həmin səhədə fəaliyyət göstərməklə DVX-yə vergi hesabatı təqdim edir, aylıq icarə haqqından müəyyən olunmuş qaydada vergi ödəyir. Bu bütün hesabatlarda açıq və mübahisəsiz qaydada görünür. İcarə müqaviləsinin şərtinə görə o aylıq icarə haqqını göründüyü kimi nəğd şəkildə və ya bank vasitəsi ilə İcarəyə verənə ödəyə bilər və ödəmişdir. Əmlakın icarə öhdəliyi bunu ehtiva edir ki, əmlakı icarəyə verənə hər hansı bir ay üçün borclu qaldığı halda növbəti ayda icarəçinin həmin əmlakdan istifadəsi icarəyə verən tərəfindən məhdudlaşdırıla və ya oradan çıxarıla bilər. (sadə məntiq). Məhkəmə qətnaməsinin 1-ci səhifə 2-ci bəndində qeyd olunur ki, (iddia ərizəsinin əsaslandırma hissəsi) “Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki (faktiki) olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edir ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır. Belə olan bir halda iddiaçı ASC-nin ona qarşı hazırki iddia tələbi əsasızdır, qanunsuzdur və qanunsuz yükləmədir. Bu hal birbaşa sübuta yetirir ki, onun icarə müqaviləsi üzrə iddiaçı ASC-yə heç bir məbləğdə borcu yoxdur və ödənilmişdir. Birbaşa və dolayısı ilə bu hal bir daha sübuta yetirilir. İşdən və dəyişən haldan aydın olur ki, ASC-də direktor dəyişikliyi baş vermiş, keçmiş direktor ilə yeni direktor arasında maliyyə ödəmə ziddiyyəti yarandığından bu ziddiyəti iddiaçı (yeni direktor) İcarəçinin hesabına həll etmək fikrindədir. İşdən (iddiadan və qətnamədən) görünür ki, əslində məhkəmə mübahisəsi köhnə və yeni direktor arasında olmalıdır. Bu iş üzrə məhkəmə bütün bu halların araşdırılmasını təmin etməmiş, işin əsl mahiyyətini araşdırmadan icraata götürdüyü iddia tələbi üzrə qanunsuz qətnamə qəbul etmişdir. Bu kimi araşdırmalar məhkəmə və ədalət mühakimə icraatını nüfuzdan salır, məhkəməyə etimadı və inamı azaldır. Məhkəmə heç bir vəchlə belə qanunsuz hallara yol açmamalı, icraatda olan bu kimi qanunsuz tələbləri təmin etməməlidir. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, bu iş üzrə qəbul edilmiş qətnamə ləğv olunmalı, iddia tələbi rədd olunmalı, iş üzrə yeni qanuni və ədalətli qətnamə qəbul olunmalıdır. xx.xx.2022-ci il tarixli, 17 saylı icarə müqaviləsinin 3-cü bəndində qeyd olunmuş və hər iki tərəfdən (İcarəçi və İcarəyə verən tərəfindən ) təsdiqlənmiş və qəbul olunmuşdur ki, həmin müqavilənin 3-cü bəndinə əsasən icarəçi tərəfindən aylıq icarə haqqı icarəyə verənə nəğd qaydada və ya Banka köçürmək yolu ilə ödənilir. Onun hazırki vaxtadək həmin sahədə fəaliyyət göstərməsi bir daha onu sübuta yetirir ki, birbaşa və dolayısı ilə cavabdehin icarəyə verənə icarə haqqı borcu yoxdur. Borcu olsa idi cavabdehin orada fəaliyyətinə hec bir vaxt imkan verilməzdi və yaxud hər hansı bir qaydada tələb olunardı, yeni direktor dəyişikliyizamanı bu tələb baş verdiyindən bu iş üzrə mən əsl cavabdeh deyil. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən hesab edir ki, barəsində şikayət olunan məhkəmə qətnaməsi qanunsuz və əsasızdır.
12. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, №17 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1600 manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 13 iyun 2022-ci il tarixindən başlanılacaqdır və 2022-ci ilin iyun ayı da daxil olmaqla, hər ayın 12-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edir ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderində qeyd edilmiş 1600 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ASC-nin hesabına mədaxil edilmədiyindən hesab edir ki, həmin pul vəsaiti Cavabdeh1 tutulmalıdır. Bunu məhkəməyə təqdim etdiyi bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edir ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır. Belə ki, həmin kassa mədaxil orderi həmin dövrdə ASC-nin direktoru Cavabdeh1 tərəfindən verilmişdir. Belə ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-yə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-yə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Hazırda birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 aid hissədə təmin etsə də, Cavabdeh1 aid hissədə təmin etməməsi hesab edirlər ki, aşağıdakı əsaslara görə qanunsuz və ədalətsizdir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş 2022-ci ilin avqust ayı üzrə 1600 manat icarə haqqına dair xx.xx.2022-ci il tarixli, 112156 nömrəli kassa mədaxil orderi həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1sa oğlu tərəfindən imzalanmış, lakin orada qeyd edilən məbləğ ASC-nin hesabına mədaxil edilməmişdir. Bunu məhkəməyə təqdim etdiyi bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Lakin buna baxmayaraq Cavabdeh1 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icarəçiyə kassa mədaxil orderi təqdim etmiş, orada qeyd olunan məbləği isə ASC-nin hesabına köçürməmişdir. Buna görə də hesab edirlər ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır və iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Qeyd edir ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 1600 manat məbləğində ziyan vurulması məhkəmə prosesi dövründə öz təsdiqini tapsa da, məhkəmə sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş kassa mədaxil orderindən və hesabdan çıxarışdan açıq aşkar görünüb ki, ASC-nin keçmiş direktoru həmin sənədlərə imza çəkib və möhürlə təsdiq etmiş, lakin həmin məbləğlər hesaba mədaxil edilməmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, vəkil xərci və dövlət rüsumunu da qismən Cavabdeh2 tutmuşdur. Hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də təmin ediməli və məhkəmə və vəkil xərcləri ilə bağlı tələbi tam təmin edilərək, cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Qeyd edir ki, iş üzrə təqdim edilmiş sənədlər əsasında Cavabdeh1 İddiaçı ASC-yə 1600 manat məbləğində ziyan vurması öz təsdiqini tapsa da, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halları nəzərə almamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili verdikləri apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin issə rədd edilməsini, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər.
15. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 verdiyi apellyasiya şikayətini müdafiə etmiş və iddiaçının verdiyi apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin qismən ləğv edilməsini, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. -49.4-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: -49.4.5-ci maddəsinə əsasən özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən iddianın rədd edilmiş hissəsində, Cavabdeh2 tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli, 17 saylı icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Hazırda İddiaçı ASC həmin müqavilə üzrə 2022-ci ilin iyun ayı üzrə 1600 manat, iyul ayı üzrə 1600 manat və 2024-cü ilin aprel ayı üzrə 900 manat və iyun ayı üzrə 700 manat olmaqla, ümumilikdə 4800 manat məbləğində icarə haqqı borcunun Cavabdeh2 tərəfindən ödənilmədiyini, eləcə də 2022-ci ilin avqust ayının icarəsi olaraq Cavabdeh2 nağd şəkildə alınmış 1600 manat məbləğində pul vəsaitinin ASC-nin keçmiş direktoru -iş üzrə ikinci Cavabdeh1 tərəfindən şirkətin kassasına mədaxil edilmədiyini, həmin dövrdə ASC-nin kassa aparatının olmadığını əsas göstərərək 4800 manat məbləğində pul vəsaitinin Cavabdeh2, 1600 manat məbləğində pul vəsaitinin isə Cavabdeh1 tutulmasını xahiş edir. Cavabdeh2 mübahisəli aylar üzrə icarə haqqını ASCnin direktoru Cavabdeh1 ödədiyini bildirir və ona münasibətdə iddianın rədd edilməsini xahiş edir.
23. Kollegiya qeyd edir ki, Cavabdeh2 münasibətdə iddianın qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
24. Bu tələblə bağlı kollegiya qeyd edir ki, Cavabdeh2 mübahisəli dövr üzrə icarə haqqını həmin dövrdə nağd şəkildə iddiaçının direktoru olmuş Cavabdeh1 ödəməsini iddia etsə də, istinad etdiyi halı təsdiq edən sübutları (qəbz, kassa məsaxil orderi və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesablardan çıxarışlardan da mübahisəli aylar üzrə icarə haqlarının ASC-nin bank hesablarına ödənilməsi müəyyən edilmir. Odur ki, həmin hissədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. İddianın Cavabdeh1 qarşı yönəldilmiş hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 49.4-cü maddəsi təşkil edir.
26. Kollegiya qeyd edir ki, iddiaçı həmin hissədə tələbini Cavabdeh2 tərəfindən 2022-ci ilin avqust ayı üçün ödənilmiş pul vəsaiti ilə bağlı Cavabdeh2 kassa mədaxil orderi verilsə də, həmin vəsaitin ASC-nin direktoru Cavabdeh1 tərəfindən şirkətin kassasına mədaxil edilməməsi, yəni həmin vəsaiti mənimsəməsi ilə əsaslandırsa da, göstərilən halları sübuta yetirə bilməmişdir.
27. Həmin dövrdə şirkətin kassa aparatı olmadığından ödənilmiş vəsaitinin kassaya mədaxil edilməsinin qeyri-mümkünlüyü barədə dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan istisnalara pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir.
28. Bununla bağlı kollegiya qeyd edir ki, vergi ödəyicisi olan şəxsin nəzarət-kassa aparatının olmaması hələ nağd pul kassasının mövcud olmaması anlamına gəlmir, belə ki, fəaliyyət növü yuxarıda göstərilən sahələrə aid edilməyən şəxslər tərəfindən nağd pul hesablaşmaları nəzarət-kassa aparatı olmadan və kassa çeki verilmədən pul vəsaitlərinin kassaya mədaxil və kassadan məxaric edilməsi yolu ilə həyata keçirilir. İddiaçının vergi orqanında qeydə alınmış fəaliyyət növü, eləcə də mübahisəli hüquq münasibətlərinin aid olduğu fəaliyyət növü (əmlakın icarəyə verilməsi) isə nəzarət-kassa aparatının olması tələb edilən yuxarıda göstərilən sahələrə daxil deyildir.
29. Odur ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2433/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumları apellyatorların özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Səməd Cəfərov