Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1054/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin icarəyə verilmiş sahədən çıxarılması, icarə müqaviləsinin ləğv olunması, icarə haqqı borcu və digər məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli e-2-2(113)-1487/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəyə verilmiş sahədən çıxarılması, icarə müqaviləsinin ləğv olunması, icarə haqqı borcu və digər məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli 2-2(113)-1487/2021 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkilinin işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə vermiş olduğu vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə vəsatəti rədd edərkən nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi tək hüquqi şəxsə vurulmuş zərərlə bağlı deyil. İddiaçı cavabdehin icarəyə verilmiş sahədən çıxarılması iddiasını da irəli sürmüşdür. Məhkəmə iddianın bu hissəsinə diqqət yetirməmişdir. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39- cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Şikayətə apelyasiya qaydasında baxılması 08.09.2021-ci il tarixə təyin edilmiş, işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli e-2-2(113)- 1487/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh hesab edir ki, iddia tələblərindən biri cavabdehin icarəyə verilmiş sahədən çıxarılması, yəni daşınmaz əmlakla bağlı olduğundan MPM-nin 39.1-ci maddəsinə əsasən iş ərazi aidiyyəti üzrə daşınmaz əmlakın olduğu yer üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətlə bağlı qeyd edilən normada işə tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yer üzrə baxılması üçün üç iddia növü müəyyən edilmişdir:
1. tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması;
2. tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası);
3. mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia (neqator iddia) Birinci instansiya düzgün olaraq hesab etmişdir ki, hazırkı halda iddiaçının irəli sürdüyü iddia tələbləri arasında MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı biri mövcud deyil. Belə ki, iddiaçı tərəfindən cavabdehin icarəyə verilmiş daşınmaz əmlakdan çıxarılması barədə iddia tələbi irəli sürülsə də, cavabdehin həmin əmlaka sahibliyi qanuni əsasla, yəni müqavilə əsasında yarandığından tələb əmlakın qeyri-qanuni sahiblikdən götürülməsi barədə iddia növünə aid olmadığı üçün cavabdehin işin ərazı aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti əsassızdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli e-2-2(113)-1487/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli e-2-2(113)-1487/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardad dərhal qanuni qüvvəyə minir.