Məhkəmə qərarları › İş №2-2(103)-1054/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1054/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1054/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-485/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 sentyabr 2024-cü il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 27488.2 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-189/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X4 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-485/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-485/2023 saylı qərardadı ilə X4 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. X4 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Eyni Məcəllənin 364.2-ci maddəsinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şikayətçi qeyd etmişdir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, əldə etdiyi gəlirlər ər-arvadın ümumi gəlirləri sayılır. Buna əsasən də, qəbul edilmiş qətnamə bilavasitə onun mənafeyinə toxunur. Məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, X4 Cavabdeh əldə etdiyi gəlirlərin ər-arvadın ümumi gəlirləri sayıldığını bildirsə də, həmin halları təsdiq edən sübutlarını təqdim etməmişdir. Bundan əlavə, iş materiallardan görünür ki, hazırkı mübahisə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gəlmiş, razılaşma Cavabdeh özünün həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olmuş və X4 bu müqavilə münasibətlərinin tərəfi qismində çıxış etməmişdir. Buna görə qəbul edilmiş yekun məhkəmə aktı onun hər hansı hüquq və mənafelərinə toxunmur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-485/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar