Məhkəmə qərarları › İş №2-2(103)-106/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-106/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-106/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesində) Cavabdeh MMC-yə qarşı kredit üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əldən çıxmış faydanın tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2- 2(113)-2339/2021 nömrəli qətnaməsindən (hakim Kənan Hüseynov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesində olan) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 03 avqust 2017-ci il tarixli DSF0001A nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 18.142,97 manat məbləğində əsas kredit borcunun, ona hesablanmış 9.652,05 manat məbləğində faiz borcunun, müqavilə üzrə borcu gecikdirdiyinə görə 2.687,65 manat məbləğində cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 408,24 manat faiz borcunun, cəmi 30.890,91 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, BanJTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehindən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin (ləğv prosesindədir) “Dostluq” filialı ilə Cavabdeh MMC arasında bağlanmış 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə “Toyota RAV 4” minik markalı (Tip: Universal, buraxılış ili 2017, ban- JTMWDREV20J114311) avtomobilin alınması məqsədilə 36 ay müddətinə illik 20% hesablanmaq şərti 24.000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh MMC-nin mülkiyyətində olan “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması ilə bağlı 03 avqust 2017-ci il tariхli, DSF0001A №- li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 03.08.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan Şöbəsi ÇİXARİŞ AA, № 137519). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 47.700 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələr lazımınca yerinə yetirilməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 29 aprel 2021-ci il tarixinə 18.142,97 manat məbləğində əsas kredit borcunun, ona hesablanmış 9.652,05 manat məbləğində faiz borcunun, müqavilə üzrə borcu gecikdirdiyinə görə 2.687,65 manat məbləğində məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 408,24 manat faiz borcunun, cəmi 30.890,91 manat məbləğində borc yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-2339/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 03.08.2017-ci il tarixli, DSF0001A saylı kredit müqaviləsinə görə əsas borc üzrə 17.927,95 manat, faiz borcu üzrə 7.469,98 manat, 200 manat cərimə, ödənilməmiş əsas borca illlik 5 % hesablanmaqla 408,24 manat, cəmi 26.006 (iyirmi altı min altı) manat, 17 (on yeddi) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi, 03.08.2017-ci il tarixli, DSF0001A saylı kredit müqaviləsi üzrə tutmanın “Toyota RAV 4” markalı (Tip:UNİVERSAL, Buraxılış ili-2017, BanJTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcununun ödənilməsinə yönəldilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manat hissəsinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi, qalan 10 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 manat məbləğində hissəsinin Cavabdeh MMC-dən, 20 manat məbləğində hissəsinin İddiaçı ASC-dən (ləğv prosesindədir) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-2339/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, DSF0001A saylı, 03.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə 18142.97 manat əsas, 9652.05 manat faiz və 2687.65 manat cərimə borcunun tam təmin edilməsi barədə yeni qətnamə qəbul edəsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə əsas və faiz məbləğinin müvafiq olaraq 17927,95 manat və 7469,98 manat müəyyən edilməsi barədə gəldiyi nəticəni ekspert rəyi ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyi əsassızdır. Belə ki, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatlarını, maliyyə arayışını, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və iş üçün zəruri olan digər sənədləri ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspert 03 avqust 2017-ci il tarixli DSF0001A nömrəli kredit müqaviləsi üzrə kredit borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Görünən odur ki, sözügedən ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. Ekspert rəyində ekspertin gəldiyi nəticə üzrə qeyd olunan faiz məbləğini əsaslı hesab etmək olmaz. Məhkəmə eyni zamanda iddia tələbini cərimə məbləğinə aid hissədə də qismən, yəni 200 manat təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 03 avqust 2017-ci il tarixli DSF0001A nömrəli kredit müqaviləsinin 5.3-cü bəndində borclu tərəfindən ödənişlərin gecikdiriləcəyi təqdirdə ona 200 manat məbləğində cərimənin hesablanması şərt kimi qeyd olunmuşdur. Ona görə də bankın cavabdeh hüquqi şəxsdən yalnız sabit məbləğdə - 200 manat məbləğində cərimə tələb etmək hüququ vardır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyilllər. Belə ki, borcludan sabit pul məbləği kimi 200 manat cərimənin tutulması ilə bağlı bənd kreditor İddiaçı ASC-nin yalnız avtomobil girovu ilə təmin edilmiş kredit müqavilələrində qeyd olunmuşdur. Bu cərimə yalnız kredit alan tərəfindən öhdəliklərin icrasının gecikdirildiyi, bank tərəfindən hüquq mühafizə orqanlarına müraciət edildiyi, ipoteka predmetinin axtarışına və tutulub banka təhvil verilməsinə bankın çəkdiyi “əlavə” xərclərin qarşılığıdır. Məhkəmə qətnaməsində Mülki Məcəllənin 462.1-ci maddəsinə istinad etmiş və qanunun tətbiqində yanlışlığa yol verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə əgər cərimənin sabit məbləği qeyd edilmişdirsə, kreditor borcludan daha artıq cərimə tələb edə bilməz. Məhkəmənin bu mövqeyi ilə də razı deyillər. Əslində tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndi elə öhdəliyin gecikdirilməsi halında cərimənin hesablanması qaydasını göstərir. Həmin bənddə qeyd olunur ki, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca 3.4. bəndi ilə müəyyən olunan faizlər iki misli miqdarında hesablanacaqdır. Eləcə də, Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Eyni zamanda dəbbə pulunun müəyyən edilməsində tək borclunun yox, həmçinin kreditorun da qanunla qorunan maraqları nəzərə alınmalıdır. Borclu uzun müddətdir ki, kredit öhdəliyini icra etmir. Bu hissədə hesab edirlər ki, cərimə borcu tam təmin edilməlidir. Məhkəmə Mülki Məcəllənin 462.1, 467-ci maddələrini, Mülki Prosessual Məcəllənin 88, 102.1, 217.4, 390-cu maddələrini pozmuş, düzgün tətbiq etməmişdir. İşə apellyasiya qaydasında baxılması 30.03.2022-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi(qanuni təmsilçi) Qanuni nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)- 2339/2021saylı qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən İddiaçı ASCnin xeyrinə 896,35 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir. İşin sübutlar əsasında müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə Cavabdeh arasında 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li krеdit müqaviləsi bağlanmış və sonuncuya “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, BanJTMWDREV20J114311) avtomobilin alınması məqsədilə 36 ay müddətinə, illik 20% hesablanmaq şərti 24.000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı AZİDMAN SERVİCES” MMC-nin mülkiyyətində olan “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin dövlət qeydiyyatına alınması barədə bildiriş iş materiallarına əlavə edilmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 03.07.2018ci il tarixdə həyata keçirilmişdir. Bank tərəfindən 15.02.2021-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, 29.04.2022-ci il tarixdə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsində cavabdehin borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4216 saylı, 10 avqust 2021-ci il tarixli rəyindən görünür ki, 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) borcu müqavilə müddətinin bitmə tarixinə (03.08.2020) və iddia ərizəsinin verilmə tarixinə (29.04.2021) əsas borc üzrə 17.927,95 manat, faiz borcu üzrə müqavilə müddətinin bitmə tarixinə (03.08.2020) 7.469,98 manat borcu vardır. Həmçinin həmin rəydə ekspert əsas borca illik 5 faiz hesablanmaqla olan məbləği ayrıca göstərməmiş və 29.04.2021-ci il tarixə illik 5 faiz hesablanmaqla, müqavilə ilə nəzərdə tutulmuş faiz məbləği ilə birgə hesablamiş və 8132,32 manat qeyd etmişdir. Belə olan halda illik 5 faiz hesablanmaqla olan məbləğ 662,34 (8132,32-7469,98) manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 741-ci maddələrinə istinad edərək ekspert rəyini əsas götürməklə əsas borc üzrə 17.927,95 manat, faiz borcu üzrə 7469,98 manatın, MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 408,24 manat əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən olunduğundan və məhkəmənin həmin rəylə razılaşmaması üçün əsaslar olmadığından qətnamə əsas borc və faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Cərimə borcunun tutulması hissəsində isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi cərimə borcunun tutulması hissəsində iddia tələbini qismən təmin edərək, cavabdehdən 200 manat cərimə tutulması barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 03 avqust 2017-ci il tariхli krеdit müqaviləsinin 5.3-cü bəndindən görünür ki, kredit alan tərəfindən ödənişlərin gecikdirilmiş olduğu təqdirdə 200 manat məbləğində cərimə hesablanacağı birbaşa göstərilmişdir. Buna görə iddiaçının 2687,65 manat cərimə tələbi əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3 bəndində göstərilən vəzifənin (kreditin ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim günü bitdiyi sonuncu günü nağd və köçürmə yolu ilə ödənilməsi) icra müddəti “kredit alan“ tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc nəbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlər ikiqat həcmdə hesablanacaqdır. Müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan tərəfindən kreditdən istifadəyə görə kredit verənə illik 20 % faiz ödəyir. Birinci instansiya məhkəməsi cavabdehdən 200 manat dəbbə pulu tutulması barədə nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə istinad edərək həmin müqavilənin 5.2-ci bəndini nəzərə almamışdır. Halbuki iddiaçının müqavilənin həm 5.2, həm də 5.3-cü bəndlərinə əsasən cavabdehə dəbbə pulu hesablamaq hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Müqavilə ilə şərtləşdirilmiş dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəfin mənafeyi və mövcud məhkəmə praktikası nəzərə alınmaqla cavabdehdən tutulmalı olan dəbbə pulu məbləği 17.927,95 manat əsas borcun 5%-i miqdarında- yəni 896,35 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-2339/2021 saylı qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 896.35 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)- 2339/2021 saylı qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 896.35 manat cərimə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (electron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə qanunla nəzərdə tutulmuş halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar