Məhkəmə qərarları › İş №2-2(103)-1060/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1060/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1060/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2-2(113)-4377/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Scanex Enterprises Limited" şirkətinin Azərbaycan Respublikasındakı Filialı (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli 13TC/2023 saylı müqavilə bağlanmışdır.

2. Müqavilənin 1-ci bəndinə əsasən icarəyəverən müqavilənin Əlavələrində göstərilmiş nəqliyyat vasitələrini icarəyə verir, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi götürür.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının həcmi və dəyəri, çəkilmiş xərclərin əvəzinin ödənilməsi, digər əlavə ödənişlər, ödəmə şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Razılaşdırma Protokollarında göstərilir.

4. 03 oktyabr 2023-cü il tarixli 13TC/2023 saylı İcarə müqaviləsinin 01 saylı Razılaşdırma Protokoluna əsasən tərəflər HO29947 dövlət qeydiyyat nişanlı, 2014-cü il “Mitsubishi L200” markalı nəqliyyat vasitəsinin aylıq icarə haqqının 2000+18%ƏDV AZN məbləğində olması ilə bağlı razılığa gəlmişlər.

5. Müqavilə və Razılaşdırma Protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Scanex Enterprises Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 03 oktyabr 2023-cü il tarixində 13TC/2023 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə üzrə yaranmış cəmi ƏDV daxil 10.059,13 manat icarə haqqı borcunun Cavabdeh MMC-dən tutularaq “Scanex Enterprises Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC arasında 03 oktyabr 2023-cü il tarixində 13TC/2023 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə imzalanmışdır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə müqavilənin ayrılmaz tərkib hissəsi olan 03 oktyabr 2023-cü il tarixli 1 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 2000 AZN + 18% ƏDV olan H029947 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı nəqliyyat vasitəsini icarəyə vermişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirərək Cavabdeh MMC-ni nəqliyyat vasitələri ilə təmin etməsinə baxmayaraq, Cavabdeh MMC ödəniş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2-2(113)- 4377/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10.059 (on min əlli doqquz) manat 13 (on üç) qəpik məbləğində pulun Cavabdehndən tutularaq "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 12.419,12 manat təşkil edir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 2.000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmiş, sadəcə xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə məhkəmə ərizə göndərərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının (ilk hazırlıq iclası) təxirə salınmasını xahiş etməklə kifayətlənmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, 10.059,13 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-4377/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə üzrə öhdəlik tam olmasa da bir hissəsi elektron bir hissəsi isə nəğd qaydada iddiaçıya ödənilmişdir. Belə ki, götürülmüş nəqliyyat vasitələrinin icarəsi ilə bağlı tərəflərindən müvafiq ödəniş 2000 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Tələb olunan qalan məbləğ ilə bağlı isə tərəflərindən nəqliyyat vasitələri istifadə edilmədiyindən cavabdehə ödənilməmişdir. Cavabdeh tərəfindən 10.059,13 manat icarə məbləği isə istifadə edilmədiyindən iddiaçıya ödənilməmişdir. Məhkəmənin istinad etdiyi e-qaimələr sübut kimi istinad edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, e-qaimədən əvvəl görülmüş ilərlə bağlı təhvil-təslim aktları mövcud olmalıdır. Hazırda məhkəmə yeganə sübut olaraq istinad etdiyi e-qaimələr əsasında qətnamə qəbul etməsi əsassızdır. Burada diqqət yetirilməli məqam həmin nəqliyyat vasitələrinin həqiqətən icarəyə verilməsi ilə bağlı e-qaimələrdən başqa hansısa sübutun olmasıdır. Lakin məhkəmə sadəcə elektron qaimələrə istinad etmişdir. İddiaçı tərəfindən nəqliyyat vasitələrinin icarəsi ilə bağlı ancaq 2.000 manatlıq icarə olmuşdur ki, həmin məbləğdə tərəflərindən iddiaçıya ödənilmişdir. İşə baxan məhkəmə iclasda onların iştirakını təmin etmədiyi üçün həmin ödənişlər məhkəməyə təqdim edilməmişdir. Bu da onların məhkəmədə müdafiə və çatımlılıq hüququnu pozmuşdur. Bundan əlavə bocr məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün də iş üzrə mühasibatlıq ekspertizası belə təyin etməmişdir. Bu pozuntular isə apellyasiya qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etiraz:

12. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı etiraz vermişdir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2023-cü il tarixli 13TC/2023 saylı müqavilədən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC arasında nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə imzalanmışdır. Müqavilə və Razılaşdırma Protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Elektron qaimə fakturalardan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə cəmi ƏDV daxil 12059.13 AZN (on iki min əlli doqquz manat on üç qəpik) məbləğində icarə haqqı ödənişinin həyata keçirilməsi ilə bağlı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli 674164 nömrəli, xx.xx.2023-cü il tarixli 077947 nömrəli, xx.xx.2024-cü il tarixli 552442 nömrəli, xx.xx.2024-cü il tarixli 930207 nömrəli, xx.xx.2024cü il tarixli 619608 nömrəli, xx.xx.2024-cü il tarixli 00037581 nömrəli, xx.xx.2024-cü il tarixli 11410865 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına təkcə 2000 AZN (iki min manat) məbləğində avans ödəniş həyata keçirilmişdir. 2023-cü il 03 oktyabr tarixli razılaşma protokolundan aydın olur ki, Cavabdeh MMC-yə aylıq icarə haqqı 2000 AZN + 18% ƏDV olan H029947 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı nəqliyyat vasitəsi təhvil verilmiş və Cavabdeh MMC tərəfindən faktiki istifadə həyata keçirilmişdir. Həmin protokolda əks olunan məlumatlar göstərir ki, icarə müqaviləsi faktiki olaraq icra edilmiş, yəni icarəyə verilmiş nəqliyyat vasitəsi (“Mitsubishi L200”, H029947 dövlət qeydiyyat nişanlı) müvafiq aylarda Cavabdeh MMC tərəfindən istifadə olunmuşdur. 03 oktyabr 2023-cü il tarixli 13TC/2023 saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən nağd şəkildə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh MMC ödənişlərin bir hissəsini nağd şəkildə həyata keçirildiyini iddia edir, lakin müvafiq dövr üzrə təqdim olunmuş maliyyə və uçot sənədlərində bu müqavilə çərçivəsində nağd pul köçürmələrinə dair heç bir təsdiqedici məlumat mövcud deyildir. Belə ki, Cavabdeh MMCnin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına cəmi ƏDV daxil 10059.13 AZN (on min əlli doqquz manat on üç qəpik) olan icarə haqqı borcu vardır. Borcun ödənilməsinə dair Cavabdeh MMC-yə dəfələrlə müraciət etmələrinə baxmayaraq, bu günə kimi cəmi ƏDV daxil 10059.13 AZN (on min əlli doqquz manat on üç qəpik) olan icarə haqqı borcunu ödəməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

15. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2-2(113)-4377/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13TC/2023 saylı müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirərək Cavabdeh MMC-ni nəqliyyat vasitələri ilə təmin etsə də, cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdüyü icarə haqqının vaxtında və tam həcmdə ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə icarə haqqı borcu yaranmışdır.

23. İddiaçı mübahisəli müqavilə üzrə cavabdehin 10.059,13 manat məbləğində borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə apellyasiya şikayətində nəqliyyat vasitələrinin icarəsi ilə bağlı ancaq 2.000 manatlıq icarə olması əsasında həmin məbləğin iddiaçıya ödənildiyini bildirmişdir.

24. Hazırda icarə haqqının tutulması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya 10.059,13 manat məbləğində borcunun olması faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar, həmin qaimə-fakturalar üzrə qismən cavabdehin ödənişləri təsdiq edən hesabdan çıxarışla öz təsdiqini tapmışdır.

26. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDR seriyalı 674164 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.207,87 manat, EBDU seriyalı 077947 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.360 manat, EBDW seriyalı 552442 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.305,72 manat, EBDX seriyalı, 930207 xx.xx.2024-cü il tarixli dəyəri 2.306,90 manat, EBDZ seriyalı, 619608 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2.306,90 manat, MT2404 seriyalı 00037581 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 837,33 manat, MT2410 seriyalı, 11410865 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 94,4 manat olan elektron qaimələr göndərilmişdir.

27. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023cü il tarixdə 2.000 manat məbləğində ödəniş edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim olunsa da, cavabdeh tərəfindən hazırda ödənilməsi tələb edilən elektron qaimələrə, həmçinin iddiaya hər hansı etiraz verilməmişdir.

29. Bundan başqa, Cavabdeh MMC ödənişlərin bir hissəsinin nağd şəkildə həyata keçirildiyini iddia etsə də, həmin nağd pul köçürmələrinə dair hər hansı bir təsdiqedici məlumatı məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.

30. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin məhkəmə iclasında onların iştirakını təmin etməməsi” ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri “elektron məhkəmə informasiya sistemi” vasitəsilə tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh MMC yalnız xx.xx.2025-ci il tarixdə “elektron məhkəmə informasiya sistemi” vasitəsilə məhkəməyə ərizə göndərərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, digər məhkəmə iclaslarına isə heç bir üzrlü səbəb təqdim etmədən gəlməmişdir. Belə olduğu halda, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2- 2(113)-4377/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2-2(113)-4377/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar