Məhkəmə qərarları › İş №2-2(103)-1061/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1061/2025

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1061/2025 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ekspert rəyi, apellyasiya şikayətinin həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov İbrahim Alim oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə cavabdeh4 arasında ## ###### 2023-cü il tarixdə bağlanmış ********-*********L saylı “Kredit limitinin açılmasına dair razılaşma”ya əsasən, bank tərəfindən cavabdeh4 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 120 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılması barədə razılıq əldə olunmuş, həmin razılaşmanın şərtlərinə uyğun olaraq adı çəkilən şəxsə 24 ay müddətinə, illik 20% dərəcəsi ilə 30 000 manat məbləğində kredit verilmişdir.

2. ## ###### 2023-cü il tarixli 25FİZAM109300103 saylı zaminlik müqaviləsinə görə, zamin cavabdeh2 bank qarşısında borcalanın (cavabdeh4) ## ###### 2023-cü il tarixli ********- *********L saylı “Kredit limitinin açılmasına dair razılaşma”sı üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

3. ## ###### 2023-cü il tarixli 25FİZAM134935003 saylı zaminlik müqaviləsinə görə, zamin cavabdeh3 bank qarşısında borcalanın (cavabdeh4) ## ###### 2023-cü il tarixli ********- *********L saylı “Kredit limitinin açılmasına dair razılaşma”sı üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

4. ## ###### 2023-cü il tarixli 25FİZAM134934303 saylı zaminlik müqaviləsinə görə, zamin cavabdeh5 bank qarşısında borcalanın (cavabdeh4) ## ###### 2023-cü il tarixli ********- *********L saylı “Kredit limitinin açılmasına dair razılaşma”sı üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

5. ## ###### 2023-cü il tarixli 25FİZAM179199306 saylı zaminlik müqaviləsinə görə, zamin cavabdeh1 bank qarşısında borcalanın (cavabdeh4) ## ###### 2023-cü il tarixli ********- *********L saylı “Kredit limitinin açılmasına dair razılaşma”sı üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

6. ## ###### 2024-cü il tarixli maliyyə arayışına görə, cavabdeh4 ## ###### 2023-cü il tarixli ********-*********L saylı “Kredit limitinin açılmasına dair razılaşma” üzrə ##.##.2024-cü il tarixinə banka 22 640,88 manat əsas kredit borcu, 946,27 manat hesablanmış faiz borcu, 268,08 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 23 855,23 manat məbləğində borcu vardır.

7. Bank tərəfindən ##.##.2024-cü il tarixdə əsas borcluya və zaminlərə məktub göndərilmiş, kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunduğu, 22 640,88 manat əsas, 841,21 manat faiz və 142,24 manat cərimə borcu olmaqla cəmi 23 624,33 manat borcun qaytarılması tələb olunaraq, əks təqdirdə kredit bocunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 22 640,88 manat əsas kredit borcunun, 946,27 manat faiz borcunun, 268,08 manat cərimə borcunun, yəni cəmi 23 855,23 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 161,57 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixli ********-*********L saylı “Kredit limitinin açılmasına dair razılaşma”ya əsasən cavabdeh4 120 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmış, razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər cavabdeh5, cavabdeh1, cavabdeh3 və cavabdeh2 ilə ##.##.2023cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq bank tərəfindən cavabdeh4 24 ay müddətinə, illik 20% dərəcəsi ilə 30 000 manat məbləğində kredit verilmişdir. cavabdeh4 onunla bağlanmış razılaşmaların şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zaminlər cavabdeh5, cavabdeh1, cavabdeh3 və cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmalardan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh4 ##.##.2024-cü il tarixə banka 22 640.88 manat məbləğində əsas kredit borcu, 946.27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 268.08 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 23 855,23 manat məbləğində borcu qalmaqdadır.

10. İddiaçının nümayəndəsi elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasnı xahiş etmiş, cavabdehlər cavabdeh3 və cavabdeh2 göndərilmiş bildirişlər ünvanlarına çatdırılsa da, onlar məhkəməyə gəlməmiş, digər cavabdehlərə göndərilən bildirişlər isə çatdırılmadan geri qaytarılmışdır.

11. Birinci instansiya məhkəməsi tərəflərin lazımi qaydada məlumatlandırılmış olduğu qənaətinə gələrək işə baxmış və ## ##### 2025-ci il tarixli qətnamə ilə iddianın təmin olunmasını qət etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci, 740.1ci, 740.2-ci, 740.5-ci, 743.1-ci, 743.2-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsinin ## ### 2018-ci il tarixli Qərarına istinadla belə əsaslandırmışdır ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Məhkəmə vurğulamışdır ki, ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən, ##.##.2023-cü il tarixli müqavilə üzrə cavabdehin əsas borc üzrə 22 640,8 manat, faiz borcu üzrə 946,27 manat borcu vardır və dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır.

14. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, borc məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı, borc məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etmədiyi, işə onun iştirakı olmadan baxdığı, zaminliyə xitam üçün əsasların mövcudluğunu araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı, izahatlar

15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin qismən əsaslı olduğunu, qətnamə çıxarılana qədər ödənilmiş 1300 manat ödənişin nəzərə alınmadığını bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

16. Apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsinin (vəkilinin) vəsatəti təmin olunaraq iş üzrə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- ##.##.2023-cü il tarixli ********-*********L saylı “Kredit limitinin açılmasına dair razılaşma” əsasında cavabdeh4 hansı məbləğdə kredit verilmişdir və bu müqavilə üzrə onun ## ###### 2024-cü il tarixinə əsas və faiz borcu hansı məbləğdə olmuşdur?

- ## ###### 2023-cü il tarixli ********-*********L saylı müqavilə üzrə ## ###### 2024cü il tarixindən sonra ödənişlər həyata keçirilmişdirmi? Əgər həyata keçirilmişdirsə həmin ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcunun silinməsinə yönəldilmişdir və bu ödənişlərdən sonra cavabdeh4 hansı məbləğdə əsas və faiz borcu qalmışdır?

17. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir ki, İddiaçı ASC-nin Masallı filialı ilə cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli, “Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair” Razılaşma üzrə cavabdeh4 hansı məbləğdə kreditin verilməsinə Məhkəmə tərəfindən qiymət verilməlidir. Verilmiş kredit məbləği 30 000,00 manat nəzərə alındıqda cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları, 16.11,2023-cü il tarixli ********-*********L saylı “Kredit limitinin açılmasına dair” Razılaşmanın və ##.##.2023-cü il tarixli “Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair” Razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdeh4 ##.##.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 23 768,09 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 23 455,35 manat, faiz borcu üzrə 312,74 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 16.11,2023-cü il tarixli ********-*********L saylı “Kredit limitinin açılmasına dair” Razılaşma və ##.##.2023-cü il tarixli “Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair” Razılaşma üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən ##.##.2024-cü il tarixdən (sualda göstərilən tarix) sonra ##.##.2025-ci il tarixədək 6056,50 manat məbləğində ödəniş edilmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarında kredit hesabları göstərilmədiyindən həmin vəsaitin Bank tərəfindən hansı hissəsini faiz borca və hansı hissəsini əsas borca silinməsini müəyyən etmək mümkün olmur. Hazırki tədqiqatla müqavilə üzrə ##.##.2024-cü il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 23 768,09 manat məbləğində kredit borcundan sonradan ödənilən 6056,50 manat məbləğində ödəniş çıxıldıqda cavabdeh4 Banka olan borcu 17 711,59 manat əsas borc olaraq müəyyən edilir (6056,50 - 312,74 = 5743,76 —- 23 455,35 - 5743,76 = 17 711,59).

18. Ekspert rəyi növbəti məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi bildirmişdir ki, qətnamənin çıxarılmasına qədər aparılmış 1300 manat ödənişin nəzərə alınmasına etiraz etmirlər, qətnamədən sonrakı ödənişlər isə icra prosesi zamanı nəzərə alınacaqdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının borcun məbləği ilə bağlı hissədə tam yoxlanılması təşkil edir. Çünkü cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 qətnamədən şikayət verməsələr də, iddianın zaminlərə və əsas borcluya qarşı yönəlmiş hissəsi borcun məbləği ilə bağlı hissədə bölünməz xarakterlidir və cavabdeh1 şikayətinin dəlilləri qətnamənin müvafiq hissədə onlara aid hissədə də yoxlanılmasını zəruri edir.

Məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə cavabdehlərdən 946,27 manat faiz borcunun tutulması hissəsində ləğv olunmalı, 22 640,88 manat əsas kredit borcunun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

44. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdeh cavabdeh4 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

45. cavabdeh1 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.

46. Tələb edilən borcun düzgün hesablanmadığı arqumentini kollegiya əsaslı hesab edir; belə ki, apellyasiya baxışı zamanı müvafiq ekspertiza keçirilməklə kredit borcunun məbləği dəqiqləşdirilmiş, cavabdeh4 ##.##.2024-cü il tarixinə (kredit müqaviləsinin müddətinin bitməsindən əvvəlki tarix olsa da, bank özü borc məbləğini bu tarixədək hesablamış, ##.##.2024cü il tarixdə isə cavabdehlərə müqavilənin ləğvi mahiyyətində olan bildiriş göndərmişdir) 23 455,35 manat əsas, 312,74 manat faiz borcunun yarandığı, ##.##.2024-cü il tarixdən sonra ##.##.2025-ci il tarixədək 6056,50 manat ödəniş həyata keçirildiyi, ekspert rəyinin verildiyi tarixdə yalnız 17 711,59 manat əsas borcunun qaldığı müəyyənləşdirilmişdir.

47. Bununla belə nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflərin arasında yaranmış vəziyyətə uyğun (sonradan həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla) qətnamə çıxara bilməz. Belə ki, iddia ərizəsində ##.##.2024-cü il tarixinə yaranmış borc məbləği tələb olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ##.##.2025-ci il tarixdə çıxarılmışdır.

48. Birinci instansiya məhkəməsi cavabdehin (borcalanın) borcunun məbləğini qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi və qətnamədən sonrakı ödənişləri nəzərə alması mümkün deyildir. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPMin 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır.

49. Baxılan iddia tələbi cavabdeh cavabdeh4 (o cümlədən zaminlərin) məhkəməyə müraciət edilənə qədər yaranmış borcunun tutulması barədədir və məhkəmə, işə baxdığı dövrdə həyata keçirilən ödənişləri də nəzərə almaqla qətnamə çıxarılan günə olan borcu tutmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin borcun bir qismini ödəməsi və buna əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini və ya dəyişdirilməsini tələb etməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyənlik xüsusiyyətinə xələl gətirir və apellyasiyanın məqsədlərinə uyğun gəlmir.

50. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.

51. Bu kontekstdə kollegiya hesab edir ki, ##.##.2024-cü il tarixdən sonra ödənilən bütün ödənişlər (6056,50 manat) deyil, yalnız qətnamə çıxarılana qədər həyata keçirilən ödənişlər borc məbləğinin hesablanması zamanı nəzərə alına bilər – hansı ki, ekspert rəyinin tədqiqat hissəsindən həmin ödənişlərin cəmi 1300 manat olduğu aydın olur (##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 400 manat).

52. Müqavilənin birtərəfli qaydada ləğv olunduğu barədə cavabdehə göndərilən ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunda faiz borcunun məbləğinin 841,21 manat göstərilməsini də nəzərə alan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən 946,27 manat faiz borcunun tutulması hissəsində ləğv olunmalı, əsas borcun məbləği 22 182,09 manat müəyyənləşdirilməli (1300 – 841,21 = 458,79 manat; 22 640,88 manat – 458,79 manat = 22 182,09), qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Bununla belə qeyd olunmalıdır ki, göstərilən borc məbləği (22 182,09 manat) ##.##.2025-ci il tarixinə qalan borcdur və hazırkı qətnamənin icrası zamanı nəzərə alınmalıdır ki, ##.##.2025-ci il tarixindən sonra ##.##.2025-ci il tarixindək 4756,50 manat daha ödəniş həyata keçirilmişdir.

54. Kollegiya həmçinin hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tələb olunan dəbbə pulunun məbləğini ağlabatan və ədalətli hesab etməkdə haqlı olmuşdur.

55. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir; belə ki, iş materiallarından onun məlum olan ünvanına bildiriş göndərildiyi, qeydiyyatda olduğu ünvanın tapılmaması səbəbilə bildirişin geri qaytarıldığı aydın olur müqavilədə göstərdiyi ünvanın tapılmaması səbəbilə məhkəmə bildirişini almamasının məsuliyyətini isə apellyator daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

56. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsi “cavabdehlərdən 946,27 manat faiz borcunun tutulması” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “cavabdehlərdən 22 640,88 manat əsas kredit borcunun tutulması” hissəsində dəyişdirilsin. cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutulmalı olan əsas kredit borcunun məbləği 22 182,09 manat müəyyənləşdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manatı cavabdeh1, 100 (yüz) manatı İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X5, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ01360100000003003944, SWIFT-BIK CTREAZ22) köçürülsün. Qətnamədən cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar