Məhkəmə qərarları › İş №2-2(103)-1062/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1062/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1062/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, ilk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTRK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə ilk, iddiaçı Cavabdeh MTRK-nin İddiaçı qarşı pul tələbinə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli, e-2-2(113)-490/2021 saylı qətnaməsindən Cavabdeh MTRK tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTRK-ya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcmini artıraraq onunla Cavabdeh MTRK arasında bağlanılmış 07 sentyabr 2020-ci il tarixli hər iki əməkdaşlıq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, yəni bir il müddət ərzində hər gün ayrı-ayrılıqda saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək radio efirinin ona təqdim olunması və həmin müqavilələrdən irəli gələn hüquqların məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsi, müqavilələrdə nəzərdə tutulmuş 1 (bir) il müddətinin axımının başlanğıcının qətnamənin faktiki icra olunacağı tarixdən hesablanması və Cavabdeh MTRK-dan əldən çıxmış fayda qismində 105000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20000 manat məbləğində, cəmi, 145000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MTRK ilə iddiaçı arasında bağlanılmış 07 sentyabr 2020-ci il tarixli əməkdaşlıq müqavilələrinin 1-ci bəndinin şərtlərinə əsasən, iddiaçı, «Sifarişçi» qismində cavabdeh («İcraçı») tərəfindən ayrıayrılıqda saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək təqdim olunan radio efirində radioverilişlərin, layihələrin hazırlanmasını, aparılmasını və nəzarət etməli, cavabdeh isə öz növbəsində müqavilədə göstərilən müddət ərzində radio efiri təmin etməlidir. Hər iki müqavilələrinin 3-cü bəndinin tələblərinə əsasən müqavilələr imzalandığı tarixdən, yəni 07 sentyabr 2020-ci il tarixdən qüvvəyə minmiş və 07 sentyabr 2021-ci il tarixədək qüvvəsi müəyyən edilmişdir. Bu müqavilələrin bitməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Müqavilələrin maddələrinin və ya digər tərəfdən yerinə yetirilməsinə görə tərəflər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 5.2-ci bəndinə əsasən, hazırkı müqavilələr hər iki tərəf imza atdıqdan sonra qüvvəyə minir. Cavabdeh MTRK ilə iddiaçı arasında bağlanılmış 07 sentyabr 2020-ci il tarixli hər iki əməkdaşlıq müqavilələri elə 07 sentyabr 2020-ci il tarixdə həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış və 5.2-ci bəndinin tələblərinə uyğun olaraq həmin tarixdən qüvvəyə minmişlər. Sözügedən müqavilələrin qüvvəyə minməsinə baxmayaraq, Cavabdeh MTRK üzərinə götürdüyü öhdəlikləri 23 sentyabr 2020-ci il tarixdən yerinə yetirməkdən imtina edir və razılaşdırılmış radio efiri vaxtlarını ona təqdim etməkdən boyun qaçırır. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində iddiaçıya ciddi maddi zərər yetirilir. Cavabdeh MTRK-nın müqavilə şərtlərinin pozması nəticəsində iddiaçıya ciddi maddi zərər yetirilir. Cavabdeh MTRK ilə sözügedən əməkdaşlıq müqavilənin bağlanması razılaşdırılan ərəfədə "xxxx" MMC ilə baş sponsor qismində 22 avqust 2020-ci il tarixdə «Reklam işlərinin görülməsi bardə» № 01-2020 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin şərtlərinə əsasən, həmin müqavilə imzalandığı tarixdən qüvvədə olma müddəti üç ildir, müqavilənin vaxtı bitdikdən sonra «Alıcının» tələb etdiyi müddətə yenidən uzadılır. Müqavilənin 2.2-ci bəndinin şərtlərinə əsasən isə, "xxxx" MMC ilə baş sponsor qismində müqavilənin qüvvədə olduğu müddətin ilk üç ayda İddiaçı hər ay 2000 manat ödəməli, müddətin sonrakı aylıq ödənişləri 3000 manata qədər artırma planlaşdırılırdı. Cavabdeh MTRK tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində "xxxx" MMC müqavilə münasibətlərinə xitam vermiş, bu da öz növbəsində 22 avqust 2020-ci il tarixli xidmət müqaviləsi üzrə gözlənilən gəlirlərdən məhrum edilməyinə birbaşa səbəb olmuşdur. "xxxx" MMC ilə bağlanmış 22 avqust 2020-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş 3 (üç) illik müddətin ilk 3 (üç) aylıq ödənişlərinin 2000 manat, qalan ayların isə 3000 manat hesabı ilə əldən çıxmış faydanın cəmisi 105000 manat məbləğini təşkil edir. Cavabdeh MTRK-nın məsul şəxslərin hüquqa zidd davranışı digər əməkdaşlıq müqavilələrinin müsbət həllinin qeyri-mümkünlüyünə səbəb olmuş və cavabdehin təqsiri ucbatından işgüzar nüfuzuna xələl gəlmiş, mənəvi zərər də yetirilmişdir. Cavabdeh MTRK-nin hüquqazidd hərəkətləri nəticəsində İddiaçı yetirilmiş mənəvi zərər 20.000 manat miqdarında qiymətləndirilir. Cavabdeh MTRK qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MTRK-nın xeyrinə 2574,52 manat məbləğində borcun və ona 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbənin, habelə hüquqi xidmətlərə görə 1500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 4158,12 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTRK (“Cavabdeh”) ilə İddiaçı (“İddiaçı”) arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli əməkdaşlıq müqavilələrinin (“Müqavilələr”) şərtlərinə əsasən, cavabdeh iddiaçını müqavilələrdə göstərilən müddət ərzində radio efiri ilə təmin etməli (1.2-ci bənd), iddiaçı isə cavabdehə hər ayın 15-dən gec olmayaraq (2.4-cü bənd) müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuş müvafiq ödənişləri hesab fakturalar əsasında (2.2-ci bənd) həyata keçirməli idi. Müqavilələrin 2.4-cü bəndinə əsasən, iddiaçı ilkin ödənişləri 15.09.2020-ci il tarixinədək həyata keçirməli idi. 16.09.2020-ci il tarixdə iddiaçıya ödənişlərin həyata keçirilməsi üçün cavabdeh tərəfindən müvafiq hesab fakturalar təqdim edilmişdir, elə həmin gündə də bir müqavilə üzrə elektron qaimə-faktura da təqdim edilmişdir. Cavabdeh tərəfindən öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə baxmayaraq, iddiaçı tərəfindən qeyd olunan öhdəlik kobud şəkildə pozulmuş, müvafiq ödənişlər (2360+2360=4720 manat ƏDV daxil) həyata keçirilməmişdir. Beləliklə, 07.09.2020-ci il tarixindən 22.09.2020-ci il tarixinədək iddiaçının müqavilələrin 2.1-ci bəndi ilə müəyyən olunmuş borcu hər bir müqavilə üzrə 1287,26 manat olmaqla, bütövlükdə 2574,52 manat (ƏDV daxil) təşkil etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ötən 5 ay üçün bu faiz məbləği (2574,52X5%=128,72/12=10,72x5=53,6) 53,6 manat təşkil edir. Əslində, cavabdehin itkisi daha çoxdur, çünki iddiaçı daha böyük məbləği ödəməmiş və nəticədə cavabdehə əldən çıxmış fayda formasında zərər dəymişdir. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-2(113)-490/2021 saylı qətnaməsi ilə ilk iddia qismən qətnamənin faktiki icra olunma tarixdən başlayaraq 07 sentyabr 2020-ci il tarixli iki əməkdaşlıq müqavilələrin şərtlərinə uyğun olaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək Cavabdeh MTRK tərəfindən İddiaçı radio efir təqdim olunması hissəsində təmin edilmiş, qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən -İddiaçı 2574,52 manat, habelə hüquqi xidmətlərə görə 200 manat və dövlət rüsumu kimi ödənilmiş 20,16 manat cəmi 2794,68 manat məbləğində pulun tutularaq “Antenn“MTRK-yə ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh MTRK apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30.03.2021-ci il tarixli son iclas günü elektron məhkəmə sistemində qarşılıqlı iddianın qismən təmin edildiyi qeyd edilsə də, sonradan dərc edilən qətnamədə ilk iddianın da qismən təmin edildiyi təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 216.5-ci maddəsində deyilir: ““Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.” Göründüyü kimi, bu ilkin nəticə ilə qətnamədəki yekun nəticə arasında kəskin fərq var. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır: “Məhkəmə qanunvericiliyin tələblərinə diqqət yetirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin birtərəfli ləğv edilməsi yalnız tərəflərin razılığı ilə mümkündür, əks təqdirdə isə təşəbbüskar tərəf bununla bağlı məhkəməyə müraciət etməlidir. Həmçinin tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulan digər əsasla ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi hal-hazıradək qüvvədə olan tərəflər arasında bağlanmış əməkdaşlıq müqavilələrində təqdim olunan efir üçün ödənişin hər ayın 15-dək dedikdə məhz bir aylıq radio efirin təqdim edilməsindən sonra və ya əvvəl həyata keçirilməsi müqavilədə öz əksini tapmamışdır. Lakin məhkəmə İddiaçı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı iddiasını qanunvericiliyin tələblərinə əsasən əsaslı hesab edir, yəni, 23 sentyabr 2020-ci il tarixdə müqavilə Cavabdeh MTRK tərəfindən birtərəfli ləğv oluna bilməzdi, belə ki, bununla bağlı İddiaçı razılığı alınmamış, həmçinin bir il üçün bağlanmış müqavilə ilə bağlı 16 gün üçün ödənişlərin edilməməsi əhəmiyyətli pozuntu sayıla bilməz, yəni Cavabdeh MTRK dəymiş zərərə görə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmamışdır.” Əvvəla, Məhkəmənin “ödənişin hər ayın 15-dək dedikdə məhz bir aylıq radio efirin təqdim edilməsindən sonra və ya əvvəl həyata keçirilməsi müqavilədə öz əksini tapmamışdır” qeydi faktiki olaraq nəticədə iddiaçının mövqeyini dəstəkləmək deməkdir (yəni məhkəmənin guya bu məsələdə mövqeyinin olmaması həqiqətə uyğun deyil). Halbuki, nə müqavilə, nə də işin halları, o cümlədən iddiaçının məhkəməyə verdiyi izahat bu mövqeyi təsdiqləmir. Cavabdeh və iddiaçı arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli əməkdaşlıq müqavilələrinin şərtlərinə əsasən, cavabdeh iddiaçını müqavilələrdə göstərilən müddət ərzində radio efiri ilə təmin etməli (1.2-ci bənd), iddiaçı isə cavabdehə hər ayın 15dən gec olmayaraq (2.4-cü bənd) müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuş müvafiq ödənişləri hesab fakturalar əsasında (2.2-ci bənd) həyata keçirməli idi. Müqavilələrin 2.4cü bəndinə əsasən, iddiaçı ilkin ödənişləri 15.09.2020-ci il tarixinədək (“hər ayın 15-cən”) həyata keçirməli idi. 16.09.2020-ci il tarixdə iddiaçıya ödənişlərin həyata keçirilməsi üçün cavabdeh tərəfindən müvafiq hesab fakturalar təqdim edilmişdir. Elə həmin gündə də bir müqavilə üzrə elektron qaimə-faktura da təqdim edilmişdir. İddiaçının ödəniş üzrə öhdəlik vaxtının guya 15 oktyabr 2020-ci il tarixdən başlanmasını bildirməsi nə müqavilələrə, nə də işgüzar dövriyyə adətlərinə uyğun deyil. Belə ki, müqavilələr 7 sentyabr 2020-ci ildə bağlanıb. Ondan sonra gələn “ayın 15-i” oktyabrda deyil, sentyabr ayındadır (bu baxımdan məhkəmənin ödəniş vaxtının qeyri-müəyyənliyi haqda qənaəti yalnız təəccüb doğurur. Digər tərəfdən, müqavilələr üzrə müəyyən edilmiş ödəniş məbləği sabitdir. Buna görə də onun ayın sonunda ödənilməsi ehtiva olunsaydı, işgüzar dövriyyə adətlərinə uyğun olaraq hər ayın 15-i deyil, hər ayın 7-i, uzağı 8-i nəzərdə tutulardı. Ödəniləcək məbləğ qabaqcadan məlumdursa, ayın 15-i gözləməyin heç bir mənası yoxdur. İşə apelyasiya qaydasında baxılması 03.11.2021-ci il tarixə təyin edilmiş, ilk iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh MTRK-nın apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissələrdə yoxlayaraq hesab edir ki, qətnamənin qeyd edilən hissələrdə ləğv edilməsi üçün əsaslar mövcud deyil. Təmin edilmiş ilk iddia tələbi-qətnamənin faktiki icra olunma tarixdən başlayaraq 07 sentyabr 2020-ci il tarixli iki əməkdaşlıq müqavilələrin şərtlərinə uyğun olaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək Cavabdeh MTRK tərəfindən İddiaçı radio efir təqdim olunması, rədd edilmiş qarşılıqlı iddia tələblər-5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbənin, hüquqi xidmətlərə görə 1300 manat məbləğində pul vəsaitinin tutulması barədə tələblərdir. İş materiallarından görünür ki, tərəflər arasında 07 sentyabr 2020-ci il tarixdə iki əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilələrin birində sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 14:00-dan 15:00-dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir. Müqavilədə sifarişçinin icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2360 manat ödəməli olduğu, ödənişin hər ayın 15-dək həyata keçirilməli olduğu nəzərdə tutulmuşdur. Müqavilənin imzalandığı tarixdən, yəni 07.09.2020-ci il tarixindən qüvvəyə minməsi və 07.09.2021-ci il tarixinədək etibarlı olduğu nəzərdə tutulmuşdur. Digər əməkdaşlıq müqaviləsindən görünür ki, sifarişçi –İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 17:00-dan 18:00-dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2360 manat ödəməlidir, ödəniş hər ayın 15-dək həyata keçirilməlidir. Müqavilənin imzalandığı tarixdən, yəni 07.09.2020-ci il tarixindən qüvvəyə minməsi və 07.09.2021-ci il tarixinədək etibarlı olduğu nəzərdə tutulmuşdur. 23 sentyabr 2020-ci il tarixli Cavabdeh MTRK-nin səlahiyyətli əməkdaşı ilə İddiaçı arasında elektron poçt (e-mail) vasitəsilə aparılan yazışmanın sürətindən görünür ki, Cavabdeh MTRK İddiaçı müraciət edərək, 07.09.2020-ci il tarixli müqavilələrin 2.4-cü bəndi (ödəniş hər ayın 15-dək həyata keçirilməldir) əsas gətirilərək 23.09.2020-ci il tarixdən etibarən saat 17:00-18:00-dək, sabahdan etibarən isə saat 14:00-dan 15:00-dək yayımlanan verilişlərin yayımı dayandırılır və hər iki efir saatı üçün 07.09.2020-ci il tarixində imzalanan müqavilələrə Cavabdeh MTRK tərəfindən birtərəfli xitam verilməli olduqlarını bildirmişlər. Müqavilənin birtərəfli ləğv edilməsi ilə razılaşmayan İddiaçı hüquqlarını müdafiə etmək üçün hazırki tələblə 22.10.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, ərizə geri qaytarıldığına görə təkrarən məhkəməyə 16.11.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə müqavilələrin 2.4-cü bəndinin iddiaçı və cavabdeh tərəfindən fərqli şərh edilməsi ilə əlaqədar yaranmışdır. Cavabdeh MTRK tərəfindən 15.09.2020-ci il tarixdən sonra müqavilə şərtlərinə görə İddiaçı ödənişin edilməsi təklif edilmiş, sonuncu tam bir aylıq efir təqdim edilməməsi əsası ilə imtina etmişdir. Cavabdeh MTRK-nın mövqeyinə görə, qarşı tərəf müqavilələr üzrə birinci ödənişi müqavilələrin 2.4-cü bəndinə əsasən 15.09.2020-ci il tarixdə, müqavilənin qüvvəyə mindiyi tarixdən 8 gün sonra həyata keçirməli idi. İddiaçı həmin tələbə etirazı bununla əsaslandırılır ki, müqavilələrdə aylıq efir vaxtına görə ödənişin ayın əvvəlində ödənilməsi nəzərdə tutulmamışdır. Müqavilə 07.09.2020-ci ildə qüvvəyə mindiyindən ona 07.10.2020ci il tarixədək efir vaxtı təqdim edilməli və bundan sonra ödəniş tələb edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 369.10-cu maddəsinə əsasən ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır. Əməkdaşlıq müqavilələrinin 2.1-ci bəndində qeyd edilir ki, “sifarişçi” “icraçı”ya təqdim olunan efir üçün hər ay ƏDV daxil 2360 manat ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilələrdə ödənişin hər ayın ortasında həyata keçirilməli olduğu qeyd edilsə də, xidmətin dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulmadığından ödənişlər yalnız bir aylıq xidmət tam göstərildikdən (bir ay ərzində efir vaxtı təqdim edildikdən) sonra tələb oluna bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 15.09.2020-ci il tarixdə-yəni müqavilə imzalandığı tarixdən bir ay keçməmiş İddiaçı tərəfindən Cavabdeh MTRK-ya ödəniş edilməməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu hesab edilə və bu əsasla müqavilə 23 sentyabr 2020-ci il tarixdə birtərəfli qaydada ləğv edilə bilməzdi. Buna görə də ilk iddia tələbi İddiaçı qətnamə faktiki icra olunacağı tarixdən başlayaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00dək və saat 17:00-dan 18:00-dək olan radio efirinin təqdim edilməsi hissəsində əsaslı hesab edilərək təmin edilmişdir. İşdəki 04.12.2020-ci il tarixli, 275 nömrəli və 09.12.2020-ci il tarixli, 281 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına hüquqi xidmətə görə 1500 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə“mütənasib“olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda qarşılıqlı iddia qismən təmin edildiyindən Cavabdeh MTRK-nın tərəfindən ödənilmiş hüquqi xidmət xərcinin qarşı tərəfdən tam tutulması barədə apelyatorun tələbi əmin edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi xidmət xərci tələbi 200 manat məbləğində təmin edilmişdir. Məhkəmə kollegiyası işin halları nəzərə alınmaqla hesab edir ki, hüquqi xidmət xərcinin birinci instansiya məhkəməsi tərəfindən tutulmuş məbləği ağlabatan və qarşılıqlı iddia üzrə qarşı tərəfdən tutulmuş məbləğə mütənasibdir. Cavabdeh MTRK-nın rədd edilmiş qarşılıqlı iddia tələblərindən biri də 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbə pulunun tutulması barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması nəticəsində İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinin pozulduğu müəyyən edilmədiyindən dəbbə pulu tələbi hissəsində qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MTRK-nın apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MTRK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar