Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1063/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2289/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 111.600 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 2.500 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6.000 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, rədd edilən hissədə ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə hansı sübutlara istinad edərək cavabdehin həqiqətən də həmin dövrdə icarə sahəsindən istifadə etməməsini mötəbər sübut kimi qəbul etməsini açıqlamır. Məhkəmə yalnız cavabdehin nümayəndəsinin izahatını əsas götürür. Halbuki, məhkəmə cavabdehdən sahənin istifadə edilməməsi ilə bağlı heç olmasa iddiaçıya hər hansı bir formada məlumat verilib-verilməməsini müəyyənləşdirməli idi. Çünki müqavilə üzrə sahə icarəçiyə verilmişdir və əksini sübut edin heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. 13.12.2017-ci il tarixli icarə müqaviləsinə 0001 nömrəli əlavə razılaşmanın 2.1-ci bəndi ilə tərəflər icarəçinin müqaviləyə birtərəfli qaydada xitam verəcəyi halda, icarəyəverənə xitam tarixindən gec olmayaraq bütün vergilər istisna olmaqla 36.000 manat məbləğdə birdəfəlik ödəniş etməyi öz üzərinə götürmüşdür. Məhkəmə isə hesab etmişdir ki, qeyd edilən ödəniş icra edilmişdir. Lakin bu zaman məhkəmə unutmuşdur ki, müqavilənin 10.1-ci maddəsində tərəflərin icarəyə xitam verilməsinin 3 ay xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Xəbərdarlıq müddəti cavabdeh tərəfindən gözlənilməmiş, cavabdeh 01.07.2018-ci il tarixli məktubla müqaviləyə elə həmin tarixdən xitam verilməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, həmin hissədə iddiaçı tələbini izah edə və əsaslandırma bilməmişdir. Belə ki, müqavilə şərtlərinə əsasən icarə haqqı 12.000 manatdır. Cavabdeh müqaviləyə xitam verməsi üçün 3 ay qabaqcadan xəbərdarlıq etməlidir və həmin 3 aylıq müddət ərzində icarə haqıqını və vergiləri ödəməlidir. Bunun əksi müqavilədə nəzərdə tutulmamışdır. Lakin məhkəmə belə hesab etmişdir ki, cavabdeh 01.07.2018-ci il tarixli məktubla müqaviləyə xitam vermiş və 36.000 manat birdəfəlik ödəməni etmişdir. Amma hansı səbəbdən xəbərdarlıq müddətinə və həmin müddət ərzində icarə haqqının ödənilməməsinə dair nə cavabdeh, nə də məhkəmə heç bir əsaslandırma verməmişdir. Faktiki olaraq cavabdeh xəbərdarlıq müddətinə əməl etmədiyindən iddiaçı 3 aylıq icarə müddəti ərzində əldə edəcəyi gəlirdən məhrum olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin rədd olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də təmin olunması xahiş edildiyi, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia rədd olunan hissədə apellyasiya şikayətinin dəlilləri həddə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işin mübahisəsiz hallarına görə, tərəflər arasında bağlanmış 13.12.2017-ci il tarixli icarə müqaviləsi ilə cavabdehə iddiaçıya məxsus Bakı şəhəri Binə qəsəbəsi Donuzkökəltmə ərazisində yerləşən ümumi sahəsi 6.000 kv.m. olan anbar sahəsi icarəyə verilmiş, icarə hüquq münasibətlərinə 01.07.2018-ci il tarixdən xitam verilmiş, icarəçi tərəfindən icarəyə verənə cəmi 65.400 manat məbləğdə pul ödənilmişdir. İddiaçı məhkəməyə müracət edərək cavabdehdən 111.600 manat borcun ödənilməsini tələb edir və bildirir ki, cavabdeh 13.12.2017-ci il tarixdən 01.07.2018-ci il tarixdədək 78.000 icarə haqqı borcu, 3 ay qabaqcadan xəbərdarlıq etmə müddətindən sonrakı 3 ay üçün 36.000 manat icarə haqqı, müqavilənin vaxtından əvvəl xitam edildiyi üçün əlavə olaraq 36.000 manat məbləğdə kompensasiya və qeyd edilən məbləğlərin ƏDV-si kimi 27.000 manat ödəməlidir. Lakin işdən görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndində müqavilə üzrə icarə haqqının hesablanmasına 13.12.2017-ci il tarixdən deyil, 01.03.2018-ci il tarixdən başlanacağı əksini tapmışdır. Həmçinin, icarə müqaviləsinə 0001 nömrəli əlavə razılaşmanın 2.1-ci bəndi ilə əsas müqavilənin 3.2-ci bəndi yeni mətndə verilərək, tərəflər 2018-ci ilin aprel, may, iyun ayları ərzində icarəyə verilən əmlakın icarəçi tərəfindən istifadə edilmədiyi təqdirdə aylıq icarə haqqı güzəştli qiymətlərlə, yəni icarə haqqının yarı hissəsi həcmində aylıq 6.000 manat təşkil edəcəyi barədə razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan, iddiaçının cavabdehə ünvanladığı 19.09.2018-ci il tarixli İR 05/18 nömrəli bildirişdə qeyd olunmuşdur ki, “Beləliklə, tərəfinizdən bildirişin təqdim edildiyi tarixə qədər Sizin İcarəyə verən qarşısında yuxarıda göstərilən Əlavə Razılaşmaya görə 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 (altı min manat) güzəştli icarə haqqından və xitam tarixindən etibarən bütün vergilər istisna olmaqla ödənilməli olan 36.000 AZN (otuz altı min manat) məbləğində birdəfəlik ödənişdən yığılıb qalmış və ödənilməmiş, cəmi 42.000 AZN (qırx iki min manat) bütün vergilər istisna olmaqla məbləğdə borc öhdəliyiniz mövcuddur”. Bildirişdən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehdən icarə müqaviləsi üzrə yaranmış yalnız 2 növ və məbləğdə borcunun ödənilməsini tələb etmişdir: 1. 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 manat məbləğdə güzəştli icarə haqqı; 2. 36.000 manat məbləğdə birdəfəlik ödəniş. Məhkəmə kollegiyası 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 manat güzəştli icarə haqqına münasibətdə bildirir ki, həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, cavabdehin 3 ay anbardan istifadə etmədiyi müddət üçün cəmi 18.000 manat məbləğdə icarə haqqı borcu yaranmışdır ki, o da sonrakı qaydada tam ödənilmişdir: aprel ayı üçün 17.05.2018-ci il tarixli 981737 nömrəli 6.000 manat məbləğdə ödəniş tapşırığı; may ayı üçün 28.06.2018-ci il tarixli ******* nömrəli 6.000 manat məbləğdə ödəniş tapşırığı; iyun ayı üçün 05.04.2019-cu il tarixli ******* nömrəli 6.000 manat məbləğdə ödəniş tapşırığı. X1 ƏDV üzrə ödənilmiş 3.240 manat da nəzərə alınmaqla, 2018-ci ilin güzəştli icarə haqqı hesablanan aprel, may və iyun ayları üzrə cavabdeh tərəfindən ödənilmiş cəmi məbləğ 21.240 manat təşkil edir. Digər tərəfdən, sözügedən 6.000 manat icarə haqqının 19.09.2018-ci il tarixli bildirişdə də iddiaçı tərəfindən Əlavə Razılaşmaya, yəni 13.12.2017-ci il tarixli İcarə müqaviləsinə 30.04.2018-ci il tarixli 0001 nömrəli Əlavənin 3.2-ci bəndinə istinad edilərək və doğru olaraq da güzəştli icarə haqqı kimi xarakterizə edilməsinin özü apellyasiya şikayətinin “... məhkəmə hansı sübutlara istinad edərək cavabdehin həqiqətən də həmin dövrdə icarə sahəsindən istifadə etməməsini mötəbər sübut kimi qəbul etməsini açıqlamır.” məzmunlu dəlilinin tam əsassızlığına dəlalət edir. Bildirişdə tələb olunan 36.000 manat məbləğdə birdəfəlik ödəniş isə yenə eyni 13.12.2017-ci il tarixli İcarə müqaviləsinə 30.04.2018-ci il tarixli 0001 nömrəli Əlavənin 3.2ci bəndində nəzərdə tutulmuşdur ki, həmin məbləğin iddiaçı tərəfindən tələb edilməsi üçün də cavabdeh icarə müqaviləsinə “... 01 iyul 2018-ci il tarixdən sonra ... birtərəfli qaydada xitam vermək qərarına ...” gəlməli idi ki, bu şərtə iş üzrə əməl olunmur. Belə ki, cavabdehin icarə müqaviləsinə məhz 01.07.2018-ci il tarixdə birtərəfli qaydada xitam verməsi işin iddiaçının da mübahisə etmədiyi halıdır. İddiaçının vəkili və nümayəndəsi də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 6.000 manatdan əlavə olaraq 36.000 manat da tutularsa, belə bir nəticə onları qane edəcək. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin xəbərdarlıq müddətinə və həmin müddət ərzində icarə haqqının ödənilməməsinə dair nə cavabdeh, nə də məhkəmə heç bir əsaslandırma verməməsi barədə dəlilini də əsaslı hesab etmir. Çünki, qeyd olunduğu kimi, 19.09.2018-ci il tarixli bildirişdə iddiaçı yalnız 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 manat güzəştli icarə haqqını və 36.000 manat məbləğdə birdəfəlik ödənişi tələb etmişdi. 19.09.2018-ci il tarixli bildirişdə iddiaçının xəbərdarlıq müddətinə və həmin müddət ərzində icarə haqqının ödənilməsini tələb etdiyi fərz olunsa, o halda eyni dəlil mübahisələndirilən 36.000 manat icarə haqqından 30.000 manat hissəsinin ödənilməsi, qalan 6.000 manatının isə birinci instansiya məhkəməsi tərəfindən tutulan məbləğ olması səbəbindən, əsassız sayılmalı idi. Belə ki, işdə olan 24.10.2018-ci il tarixli ******* nömrəli, 21.11.2018-ci il tarixli ******* nömrəli, 19.12.2018-ci il tarixli ******* nömrəli, 25.01.2019-cu il tarixli ******* nömrəli və 22.02.2019-ci il tarixli ******* nömrəli ödəniş sənədlərindən görünür ki, həmin ödəniş tapşırıqlarından hər biri ilə iddiaçıya 6.000 manat ödənilmişdir. Lakin hər bir halda, iddiaçı 19.09.2018-ci il tarixli bildirişdə qeyd olunan məbləği tələb etmədiyindən, onun bu tələbi və dəlili əsaslı deyil. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2289/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1063/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1063/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver