Məhkəmə qərarları › İş №2-2(103)-1063/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1063/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1063/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-310/2023 nömrəli qətnaməsi ilə İddiaçı şirkətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada 250000 ABŞ dolları əsas borc və 22954,17 ABŞ dolları faiz borcu, 7045,83 ABŞ dolları cərimə cəmi 280000 ABŞ dolları iddiaçı “İddiaçı”a ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 94,52 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada, 5,48 manatı isə İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə, ödənilmiş 394 manat məbləğində dövlət rüsumunun 372,40 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-310/2023 nömrəli qərardadı ilə dövlət rüsumu tam həcmdə ödənilmədiyinə görə apelyasiya şikayəti və 198 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz geri qaytarılmışdır. Cavabdeh1 MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-310/2023 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti dövlət rüsumu tam həcmdə ödənilmədiyindən məhkəmə tərəfindən geri qaytarılmışdır. Hazırda dövlət rüsumunun ödənilməmiş hissəsi (199 manat) ********** nömrəli qəbzlə ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-310/2023 nömrəli qərardadı ilə buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh1 MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qeyd olunmuşdur ki, şikayətin verilməsi zamanı yol verilmiş nöqsan aradan qaldırılmış və dövlət rüsumu tam ödənilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsi apellyasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur. Həmin Məcəllənin 363.4-cü maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” apellyasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar