Məhkəmə qərarları › İş №2-2(103)-1064/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1064/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1064/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-807/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdеh Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc kimi 507.000 manat məbləğinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 (dörd yüz) manat pul vəsaitinin, vəkil xidməti üçün ödənimiş 221 manat məbləğindəki pulun əvəzinin, ümumilikdə isə 78.621 (yetmiş səkkiz min altı yüz iyirmi bir) manat məbləğindəki pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-807/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37.169 (otuz yeddi min bir yüz altmış doqquz) manat, 66 (altmış altı) qəpik məbləğində pulun və mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdehin nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-807/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.2-ci bəndində göstərilir ki, icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir. Buna baxmayaraq texnikalar Cavabdeh MMC-yə təhvil verilməmiş, bu səbəbdən də tərəflər arasında işə hər hansı təhvil təslim sənədi imzalanmamışdır. İş üzrə 4 dəfə məhkəmə hazırlıq, 5 dəfə baxış iclası keçirilib. 4 hazırlıq və 2 baxış iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində olduğunu təsdiq edərək bildirib ki, cavabdehə icarəyə texnikalar verilib. Məhkəmə bununla bağlı iddiaçıya şərait yaradıb və hazırlıq iclaslarını təxirə alıb ki, bu haqda sübutlar versin, iddiaçı sübut verməyib. Eyni şərait yaradılmaq məqsədi ilə baxış iclasları da təxir olub. İddiaçının nümayəndəsi mənim sualıma cavab olaraq hazırlıq iclaslarında bildirib ki, texnikalar cavabdehə Bakı şəhərində təhvil verilib. Mən bu haqda sənədləri, yol vərəqləri tələb etdim, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə hakim bildirdi ki, yol vərəqlərini DYP-da qala bilər və iddiaçıya şərait yaratdı ki, yol vərəqlərini oradan alıb, məhkəməyə verin. İddiaçı xx.xx.2024-cü il tarixli iclasda DYP-da yol vərəqlərinin də olmadığını bildirdi. xx.xx.2024-ü il tarixli 3-cü baxış iclasında iddiaçının direktoru tamamilə yeni dəlil irəli sürdü ki, biz iddiaçıya hər hansı texnika təhvil verməmişik, biz əslində torpaq işi görmüşük. İddaçı yeni düşünülmüş bu dəlili ona görə irəli sürdü ki, texnikaların təhvil verilmədiyi üçün sübutu yoxdur, məcburən yeni dəlil irəli sürüm. İddiaçının torpaq işi barədə dəlilləri həqiqəti əks etdirmir və hazırkı işlə qətiyyən uzlaşmır. Ona görə ki, əgər torpaq işi görülmüşdüsə onda niyə pretenziyada, iddia ərizəsində, iddia ərizəsində əlavələrdə, hazırlıq və baxış iclaslarında bildirilirdi ki, cavabdehə icarəyə texnika vermişik. Belə çıxır ki, iddianın həmin dedikləri həqiqəti əks etdirmirmiş və iddiaçı həmin ana kimi məhkəməni aldadır, yalan məumat verirmiş? Əgər yalan idisə, biz tərəflər və məhkəmə niyə bu boyda müddət düşmüşdük yol qaiməsi axtarışına? Axı həmin qaimənin olmadığını iddiaçı bilirdi. Bütün bunlar iddiaçının məhkəmə ilə qeyri-səmimi olduğunu, “A” planı alınmadığı üçün “B” planına keçdiyini göstərir. Məhkəmə xx.xx.2021-ci il tarixli müqaviləni necə rəhbər tutub, cavabdehdən pul tutur? Belə çıxır torpaq işi görülməsi haqqında başqa bir müqavilə olub. Bu halda sual yaranır: hanı o müqavilə? Onun şərtlərini kim müəyyən edib? Harada yazılıb o şərtlər? Belə bir müqavilə olmadığı halda məhkəmə qiyməti necə müəyyən edib? Haradan götürülüb 37.169 manat vəsait? Belə çıxır ki, məhkəmə xx.xx.2021-ci il tarixli müqavilənin qiymətlərini tətbiq edib? əvvəla 37169 manat qiymət heç xx.xx.2021-ci il tarixli müqavilə ilə də uyğun gəlmir. Məhkəmə hansı qiyməti tətbiq edib? Bəlli de yil və qeyri müəyyəndir. Məhkəmə özü də bilm ir bu sualların cavabını, bilsəydi zatən qətnamədə yazardı. Qətnamədə göstərilir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının direktoru X5 nəqliyyat vasitələrinin, yanvar ayı ərzində 7 gün, fevral ayı ərzində 15 gün, mart ayı ərzində 20 gün xidmət göstərildiyini bildirmişdir. Tutaq ki, iddiaçının dedikləri həqiqətdir, axı xx.xx.2021-ci il tarixli müqavilənin qiymət razılaşması protokoluna görə 17 ədəd özüboşaldanın cəmi aylıq qiyməti 9500 manat təşkil edir. 10 ədədinin aylıq icarə qiyməti isə təxmini 5000 manat təşkil edir. 42 gün – 1 ay yarımdan azdır. Bu isə 7500 manatdan az edir. Məhkəmə 37000 manatı necə tapdı? Digər tərəfdən isə icarə ilə xidmət arasında qiymət fərqi var, icarə daha bahadır, çünki əmlak bütün təhvil verilir və icarəçidə qalır. Digər tərəfdən isə iddiaçının direktoru xx.xx.2024-cü il tarixli iclasda bildirib ki, texnikalar yanvar, mart, aprel aylarında işləyib. Sual yaranır: axı xx.xx.2021-ci il tarixli müqavilənin müddəti ilin sonunda bitirdi və mart, aprel aylarında artıq qüvvədə deyildi, siz necə o müqaviləyə əsasən iş gördüz? Axımüqavilə avqust, sentyabr, oktyabr ayları üçün lazım idi, martda o müqavilə və texnika cavabdehə lazım deyildi, müqavilə mənasını itirmişdi. 37170 manat borca görə dövlət rüsumu 201.5 manat təşkil etdiyi halda məhkəmə MPM-nin 124.3-cü maddəsinə zidd olaraq cavabdehdən 400 manat mediasiya xərci tutub. Bu rəqəm 201.5 manatdan çox olmamalı idi. İddiaya etirazda qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli müqavilənin 2.2-ci bəndində göstərilir ki, icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir. Buna baxmayaraq texnikalar Cavabdeh MMC-yə təhvil verilməmiş, bu səbəbdən də tərəflər arasında işə hər hansı təhvil təslim sənədi imzalanmamışdır. Sübutlar məhkəmə hazırlıq iclasında verilməli olduğu halda iddiaçı bu haqda hər hansı sübutu məhkəməyə verə bilməmişdir. Eyni zamanda kommersiya işinə iddiaçıya məxsus 10 ədəd özüboşaldanın cavabdehin sifarişinə əsasən işləməsi barədə sənəd əlavə edilməyib. Bu dəlilləri iddiaçi tərəfdən sonradan düşünülüb irəli sürülüb. Bu dəlillərin daha əvvəl irəli sürülməməsinin səbəblərinə aydınlıq gətirilmib. Bu dəlillərlə iddiaçı təsdiq edir ki, onlar irəli sürülənədək məhkəmədə həqiqəti təhrif edib (texnikaları icarəyə vermişəm deməklə). Belə iddiaçının səmimiliyə məhkəmə necə inana bilər? Qətnamədə yalnız iddiaçının direktoru X3 şifahı izahatı sübut kimi qəbul edilib. Bu haqda hər hansı sənəd məhkəməyə verilməyib. İddia ərizəsinə etirazımızda qeyd etməyimizə baxmayaraq komersiya işinə vəkilə ödənilmiş kimi göstərilən 221 manat vəsaitə və mediasiya üçün ödənilmiş kimi göstərilən 400 manat vəsaitə dair hər hansı qəbz əlavə edilməyib. Bu halda həmin xərclər cavabdehdən tutula bilməz. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının direktoru etiraf etdi ki, cavabdehdən 200000 manat alıb, bu hal məhkəmə iclasında tədqiq olunub. Onda niyə məhkəmə bu halı nəzərə almıb? İddiaçının bu rəqəmləri iddiayə əlavədə hesablama aparmaqla göstərməsi və xx.xx.2024 iclasda direktorunun etiraf etməsi bizim sübutumuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

9. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

10. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

12. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

13. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu nəzərə alaraq, kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx/xx/2021 №-li, xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokolu imzalanmışdır.

22. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil və dəmir yolunun tikintisi layihəsi üzrə lazım olan texnikaları 6 ay müddətində icarəyə götürmüşdür. Ay ərzində icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir.

23. Müqavilənin 2.5-ci bəndinə əsasən ödənişlər ay ərzində faktiki yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən təsdiq edilən aylıq xidmətlərin təhvili cədvəli əsasında növbəti ayın 30 günü ərzində köçürmə yolu ilə yerinə yetiriləcəkdir.

24. xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokolu ilə 17 ədəd özüboşaldan texnikanın icarə haqqı məbləği 1 ay üçün 4.700 manat, 3 ədəd ekskavatorun icarə haqqı məbləği 1 ay üçün 9.500 manat, 1 ədəd buldozerin bir ay üçün icarə haqqı məbləği 9.500 manat razılaşdırılmışdır.

25. Müqavilə və qiymətlərin razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.

26. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, nəqliyyat vasitələri ilə cavabdehin sifarişinə əsasən torpaq, qum, şebel daşınmasının həyata keçirildiyini, 21 ədəd nəqliyyat vasitələri barədə razılaşma olsada, 10 ədəd özüboşaldan verildiyini bildirmişdir.

27. Həmçinin də, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının direktoru X5 nəqliyyat vasitələrinin, yanvar ayı ərzində 7 gün, fevral ayı ərzində 15 gün, mart ayı ərzində 20 gün xidmət göstərildiyini bildirmişdir.

28. Məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını, 37.000 manat miqdarında borcun olduğu qəbul edilsə belə, iddiaçı tərəfindən qeyd olunan cavabdeh tərəfindən ödənilmiş 200.000 manatla həmin borcun tam əhatə olunduğunu qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.

29. Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pulun ödənilib-ödənilməməsi məhkəmə iclasında iddiaçı tərəfdən soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş pulun texniki səhv olaraq iddianın dəyişdirilməsinə dair ərizəyə daxil edildiyini və qeyd edilmiş pulun başqa müqaviləyə əsasən Kalyon şirkəti tərəfindən ödənildiyini, cavabdehə göstərilmiş xidmətlərə görə isə, hər hansı bir pulun ödənilmədiyini bildirmişdir.

30. İş materiallarına əlavə olunmuş, EBBN seriyalı, 787465 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 23.262,83 manat olan elektron elektron qaimə Cavabdeh tərəfindən "xxxx" Firmasına, EBBV seriyalı, 016293 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 29.499,76 manat olan elektron qaimə Cavabdeh tərəfindən "xxxx" MMC-yə, EBBV seriyalı, 016421 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 17.699,86 manat olan elektron qaimə Cavabdeh tərəfindən "xxxx" MMC-yə, EBCB seriyalı, 166518 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 37.169,66 manat olan elektron qaimə İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmişdir.

31. Göründüyü kimi, yuxarıda sadalanan elektron qaimələrdən yalnız biri EBCB seriyalı, 166518 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 37.169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimə İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş, cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

33. Məhkəmə kollegiyası məhkəmənin yuxarıda müəyyən etdiyi işin halları və iş üzrə mövqeyi ilə (iddianın təmin edilən hissəsində) razılaşaraq qeyd edir ki, cavabdeh müqavilənin təhvil-təslim aktları ilə bağlı şərtinə əsaslansa da, müqavilə üzrə borcun qaytarılmasını və borcunun olmamasını birinci instansiya məhkəməsində bildirmişdir. Eqaimənin ləğv edilməməsi nəzərə alındıqda borcun bağlanmasının bildirilməsi təhviltəslimin qəbul edilməsi deməkdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

35. Məhkəmə qeyd edilən qərardakı hüquqi mövqeyi nəzərə almış və e-qaiməni tərəflərin izahatları və işin hallarına uyğun qiymətləndirmişdir. Cavabdehin ödənişləri məhz mübahisə predmeti olan müqavilə üzrə edilməsi onun tərəfindən sübuta yetirilməmişdir. İddiaçı 200 000 manat məbləğin başqa hüquqi şəxslə aralarında yaranmış hüquq münasibəti ilə bağlı olduğunu bildirmişdir. Ona görə cavabdehin müvafiq dəlili əsaslı hesab edilə bilməz.

36. Məhkəmə kollegiyası cavabdehin vəkil xərcinin əsassız tutulması barədə dəlilini əsassız sayır.

37. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Göründüyü kimi qanunun tələbinə əsasən məhkəmə vəkil xərcinin məbləğini müəyyən edərkən tərəfin təqdim etdiyi sübutdan asılı deyildir. İddiaçı vəkilin iştirakını sübut etmək vəzifəsini yerinə yetirmişdir. Belə ki, iddiaçının vəkili ərizələr təqdim etməklə, izahat verməklə iddiaçıya xidmət göstərmişdir. Onlar arasında yazılı müqavilənin təqdim edilməməsi bu xərcin çəkilməməsi kimi qəbul edilə bilməz.

39. Bundan başqa dövlət rüsumu və mediasiya xərci ilə bağlı cavabdehin dəlilləri də əsassızdır.

40. Belə ki, elektron kabinet vasitəsilə iddiaçının nümayəndəsi 598 manat dövlət rüsumunun ödənilməsi barədə qəbzi xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Eyni zamanda nümayəndə iddia ərizəsinə mediasiyada iştirak barədə arayış təqdim etmişdir. Həmin arayışda iddiaçının 400 manat pulun mediasiya təşkilatına ödəməsi təsdiq olunmuşdur.

41. Məhkəmə isə əsaslı olaraq MPM-in 119.1-ci maddəsinə əsasən 598 manat dövlət rüsumunu cavabdehdən tutmamış, 400 manat mediasiya xərcini isə cavabdehdən tutumuşdur. (maddənin mətni üçün bax 18-ci bənd)

42. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2-2(113)-807/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar