Məhkəmə qərarları › İş №2-2(103)-1065/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1065/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1065/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Mikayıl oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan Zaminbank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9070,73 manat əsas, 1044,42 manat faiz, 1377,23 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1370,88 manat faiz məbləği olmaqla, cəmi 12863,26 manat məbləğində kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2014-cü il tarixli, 137 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 9070,73 manat əsas, 1044,42 manat faiz, 1377,23 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1370,88 manat faiz məbləği olmaqla, ümumilikdə 12863,26 manat borcu mövcuddur. Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 9070,73 manat məbləğində əsas borc, 580,76 manat faiz borcu, 200 manat cərimə borcu və iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınmaqla 1370,88 manat olmaqla ümumilikdə 11222,37 manat pul vəsaitinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən prosessual pozuntuya yol verilmiş, tərəflərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etsəydi borc məbləğinin həqiqəti əks etditmədiyi barədə sübutlar təqdim edilərdi. İşə apellyasiya qaydasında baxılması 29.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərə elektron kabinetlərə bildirişlər yerləşdirilməklə məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilsə də iclasda iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işin çoxluğu ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 03 iyul 2014-cü il tarixli 137 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətinə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. 02 iyul 2020-ci il tarixli arayışa əsasən 03.07.2014-cü il tarixli İNM**********030000 saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 iyul 2017-ci il tarixə kimi 9070 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1044 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1377 manat, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla 1370 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 12863 manat qeyd olunmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 11 dekabr 2020-ci il tarixli, 9/5220 saylı rəyində qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə borcu 03 iyul 2017-ci il tarixə müqavilə müddətinin sonuna 11429,28 manat (əsas borc üzrə 10848,52 manat, faiz borcu üzrə 580,76 manat), 25 iyun 2020-ci il tarixə iddia ərizəsinin verildiyi tarixə illik 5%-lə hesablanmaqla 13044,50 manat (əsas borc üzrə 10848,52 manat, faiz borcu üzrə 580,76 manat və faiz borcu ilki 5%-lə hesablanmaqla 1615,22 manat) müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu, 427.3-ci, 442.1-ci maddələrini rəhbər tutaraq iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş MAPS arayışında iddiaçının ünvan 1 ünvanda qeydiyyatda olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş poçt zərflərindən görünür ki, cavabdehin qeydiyyatda olduğu həmin ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, lakin həmin ünvanda yaşamadığına diar qeydlə məhkəməyə qaytarılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün zəruri prosessual tədbirlər görüldüyündən apelyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli e-2-2(113)-203/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar