Məhkəmə qərarları › İş №2-2(103)-1066/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1066/2025

24.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1066/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MTK-nın cavabdeh Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC-yə qarşı (LPO "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: qarantiya müqaviləsi, muzdun ödənilməsi, iradə sərbəstliyi, qarantiyanın icrası məqamı) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC-yə qarşı (LPO "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113-2668/2025 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. "xxxx" ASC (Bank) və İddiaçı MTK (Prinsipal) arasında imzalanmış xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə əsasən bank prinsipalın xahişi ilə gələcəkdə mətn üzrə Benefisiar adlandırılacaq Republic of X6 X12 X7-nin xeyrinə 1 250 000 (bir milyon iki yüz əlil min) ABŞ dolları məbləğində qarantiya təqdim edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, Qarantiya 13 oktyabr 2015-ci il tarixindən 15 mart 2016-cı il tarixinədək (bu tarix daxil edilməklə) təqdim edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Qarantiyanın məbləği ******* (bir milyon iki yüz əlli min) ABŞ dolları təşkil edir. Bankın bu Müqaviləyə əsasən Benefisiar qarşısında məsuliyyəti yuxanda göstərilən məbləğlə məhdudlaşır. 2.3-cü bəndinə əsasən, Bu qarantiya müstəqil xarakter daşıyır və bank tərəfindən geri götürülə bilməz. 2.6-cü bəndinə əsasən, Benefisiardan yazılı tələb alındığı zaman bank prinsipalın **********5886400001 hesabı üzrə pul vəsaitinin akseptsiz silinməsi hüququna malik olur, Prinsipal isə buna öz razılığını verir. 2.7-ci bəndinə əsasən Prinsipal banka 4% (dörd) faiz illik komissiya ödəməlidir. Müqavilənin 3-cü bəndinə əsasən, Prinsipal "xxxx" ASC vasitəsilə Benefisiar ilə qarşılıqlı hesablaşmalar üzrə bütün əməliyyatları həyata keçirməyə, bankın birinci tələbi ilə bankın hesablarında olan özünün pul vəsaiti hesabına bu Müqaviləyə əsasən Benefisiarın xeyrinə və onun hesabına ödəniş məbləğlərini banka ödəməyə, müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün təminat kimi mülkiyyət hüququ əsasında prinsipala məxsus olan əmlakı banka təqdim etməyə, hesablar üzrə əməliyyatların aparılması üçün lazım olan düzgün rəsmiləşdirilmiş sənədləri və əlavələri banka təqdim etməyə borcludur.

2. xx.xx.2022-ci il tarixində İddiaçı MTK tərəfindən LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Kredit Bürosuna ünvanlanmış ərizəyə əsasən, "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış ci xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə Prinsipiala Bank 1 250 000 ABŞ dolları məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim etməli idi və bunun müqabilində Müqavilənin 3.2.2-ci bəndinə və 2.7-ci bəndinə əsasən fakt üzrə göstərilən xidmətə görə illik 4% komisiya ödənilməli idi. Lakin belə qarantiya təqdim edilməmiş (zərurət aradan qalxmış) və tərəfinizdən xidmət göstərilməmişdir. Buna baxmayaraq, Azərbaycan Kredit bürosundan verilmiş çıxarışdan görünür ki, faiz məbləği olaraq Cəmiyyətə 20 830,55 ABŞ dolları faiz məbləği hesablanmışdır ki, bu səhv məlumatdır. Qeyd edilənləri nəzərə alaraq, 20 830,55 ABŞ dolları faiz məbləği borcun olması barədə məlumatın yanlış olmasının tərəfinizdən yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş etmişdir.

3. 30.06.2022-ci il tarixində İddiaçı MTK tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış X2 Barədə Təklifə əsasən, "xxxx" MTK bildirir ki, “AG’’Bank ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə bank ******* manatlıq qarantiya məktubu versə də qarantiya təqdim edilməmiş (zərurət aradan qalxmış) və bank tərəfindən xidmət göstərilməmişdir. Buna baxmayaraq əsassız olaraq 20 830,55 ABŞ dolları faiz məbləği hesablanmışdır. Təklif edilir ki, 20830,55 ABŞ dolları faiz məbləği borc olmadığı üçün borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilsin.

4. xx.xx.2022-ci il tarixli LPO "xxxx" ASC tərəfindən verilmiş məktuba cavab olaraq bildirilmişdir ki, LPO "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli NRF/004 nömrəli Qarantiyanın təqdim edilməsi haqqında müqaviləyə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilən benefisiarın xeyrinə, xx.xx.2015-ci il tarixli 1 250 000 (bir milyon iki yüz əlli min) ABŞ dolları məbləğində qarantiya məktubu verilmişdir. Bundan sonra Qarantiya məktubuna xitam verilməsi ilə bağlı benefisiardan banka bildiriş daxil olmamışdır. Həmin müqavilənin 2.7-ci bəndi üzrə xx.xx.2016-cı il tarixinədək hesablanmış faiz məbləğini ödənilməsi tələb olunmuşdur.

5. 28.09.2021-ci il tarixli Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş çıxarışa əsasən, borcalanın aktiv öhdəlikləri qarantiya və zaminlik ******* ABŞ dolları, kreditin faiz məbləği isə 20830,55 ABŞ dolları təşkil edir, kreditin verilmə tarixi xx.xx.2015-ci il tarixidir.

6. xx.xx.2015-ci il tarixli "xxxx" ASC tərəfindən X11 idarəsinə verilmiş məlumata əsasən İddiaçı MTK şirkəti (bundan sonra iddiaçı) AGBank-ın (Bakı. Azərbaycan) müştərisidir və bu şirkətin təsisçisi cənab Nümayəndə1dir. Şirkətin "xxxx" ASC ilə uğurlu kredit tarixçəsi var. Şirkətin "xxxx" ASC-də AZN üzrə AZ97AZFG********************, AZ70AZF.G******************** ABŞ dolları üzrə AZ82AZEG********************, AZ55AZEG********************, Rus rublu üzrə AZ58AZEG**********56u6100001, Avro üzrə AZ22AZEG**********560610001, AZ92AZEG********************. "xxxx" MTK şirkətinin xx.xx.2011-xx.xx.2015-ci il tarixlərində hesabları üzrə ümumi dövriyyəsi 9 535 486,00 ABŞ dolları (doqquz milyon beş yüz otuz beş min dörd yüz səksən altı ABŞ dolları) təşkil edir. "xxxx" MTK-nın xeyrinə verilmiş kredit xətti 6 000 000 ABŞ dolları təşkil edir.

7. xx.xx.2015-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş və Nümayəndə1 tərəfindən qəbul edilmiş tender təklifinin qrantiyasına əsasən, "xxxx" MTK satınalma nömrəsi: SLRA/OMDL/QCBS/2015/0001B olan iki mərhələli Şəhər və X3 (Mərkəzi Zona) tikintisini və yenidən qurulmasına dair 15 oktyabr tarixli öz tender təklifini təqdim etmişdir. Bu sənədin təqdim ediləcəyi şəxslərin nəzərinə çatdırılmışdır ki, "xxxx" ASC X11 İdarəsinə 1.250.000 ABŞ məbləğində ödəniş etməyi öhdəsinə götürür. Bank həmçinin məbləği vicdanla və tam şəkildə qeyd olunan İşəgötürənə ödəməyi özü, varisləri və təqdim etdikləri nümayəndələr qarşısında öhdəlik daşıyır. 15 oktyabr 2015-ci il tarixində adı çəkilən Bankın firma möhürü ilə möhürlənmişdir. Bu öhdəliyin şərtləri aşağıdakılardır: Əgər Tender təklifi elan edildikdən sonra iddiaçı Tender təklifi formasında göstərdən tenderin qüvvədə olduğu müddət ərzində öz Tender təklifini geri götürərsə; və ya Əgər İddiaçı tenderin qüvvədə olduğu müddət ərzində İşəgötürən tərəfindən öz tenderinin qəbul edilməsi barədə məlumatlandırlıbsa, tələb olunduqda, iddiaçılara verilən təlimatlara uyğun olaraq Müqavilə formasını icra etməzsə və ya icra etməkdən imtina edərsə: iddiaçılara verilən təlimatlara uyğun icra Təminatını təqdim etməzsə və ya təqdim etməkdən imtina edərsə; və ya 27-ci bəndə uyğun olaraq tender qiymətini düzəlişə qəbul etməzsə, bank İşəgötürənin birinci yazılı tələbini aldıqdan sonra onun tələbini əsaslandırmadan yuxarıda göstərilən məbləği ödəməyi öhdəsinə götürür, bir şərtlə ki, onun tələbində İşəgötürən 3 şərtdən birinin və ya hər hansı birinin baş verməsi ilə əlaqədar tələb etdiyi məbləğin ona ödəyəcəyini qeyd etsin, yaranmış vəziyyəti və şərtləri şərtləri göstərsin. Bu Zəmanət İddiaçılara verilən təlimatlarda qeyd edilən və ya İşəgötürən tərəfindən uzadıla bilən tender təkliflərinin təqdim edilməsi üçün son tarixdən 28 gün sonra, 2016-cı ilin fevralın 15-dək və həmin tarix daxil olmaqla qüvvədə olacaq, bununla bağlı Banka belə uzadılmalara dair bildirişdən imtina edilir. Bu Zəmamətlə bağlı istənilən tələb yuxarıda göstərilən tarixdən gec olmayaraq Banka çatmalıdır.

8. "xxxx" MTK tərəfindən Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Kredit Bürosuna ünvanlanmış pretenziya məktubundan görünür ki, "xxxx" ASC və İddiaçı MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə Prinsipial olaraq "xxxx" ASC tərəfindən iddiaçıya 1250 000 ABŞ dollan məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim etməli idi və bunun müqabilində iddiaçı tərəfindən Müqavilənin 3.2.2-ci bəndinə və 2.7-cı bəndinə əsasən fakt üzrə göstərilən xidmətə görə illik 4% komisiya ödənilməli idi. Lakin "xxxx" ASC tərəfindən iddiaçıya 1250 000 ABŞ dollar məbləğində qarantiya xx.xx.2015- tarixdən xx.xx.2016-cı il tarixədək təqdim edilməmiş (zərurət aradan qalxmış) və tərəflərindən xidmət göstərilməmişdir. "xxxx" MTK-nın "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Buna baxmayaraq Azərbaycan Kredit bürosundan verilmiş çıxanşdan görünür ki, faiz məbləği olaraq cavabdehə 20830,55 ABŞ dollan faiz məbləği hesablanmışdır. Faiz borcunun hesablanmasında yanlışlıq olmuşdur. Bu səbəbdən də həmin faiz borcu silinməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC (VÖEN:**********) ləğvedicisidir. Qeyd edilənlərə əsasən "Diplomat 2008~ MTK-mıı aktiv öhdəlikləri kimi görünən 20830.55 ABŞ dollan faiz məbləği borcun Kredit Bürosu Reyestrindən silınməsıni təmin edilməsini xahiş etmiş, əks halda, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

9. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının aktiv öhdəlikləri kimi görünən 20830,55 ABŞ dolları faiz məbləği borcun Kredit Bürosu Reyestrindən silinməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə prinsipial olaraq, "xxxx" ASC tərəfindən iddiaçıya ******* ABŞ dolları məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim etməli idi və bunun müqabilində iddiaçı tərəfindən Müqavilənin 3.2.2-ci bəndinə və 2.7-ci bəndinə əsasən fakt üzrə göstərilən xidmətə görə illik 4% komisiya ödənilməli idi. Lakin "xxxx" ASC tərəfindən iddiaçıya ******* ABŞ dolları məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim edilməmiş (zərurət aradan qalxmış) və tərəflərindən xidmət göstərilməmişdir. "xxxx" MTK-nın "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Buna baxmayaraq, Azərbaycan Kredit bürosundan verilmiş çıxarışdan görünür ki, faiz məbləği olaraq cavabdehə 20830,55 ABŞ dolları faiz məbləği hesablanmışdır. Faiz borcunun hesablanmasında yanlışlıq olmuşdur. Bu səbəbdən də həmin faiz borcu silinməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC (VÖEN:**********) ləğvedicisidir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində "xxxx" ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna, Kredit Bürosunun rəhbərliyinə ərizə ilə müraciət edərək 20830,55 ABŞ dolları faiz məbləği borcunun olması barədə məlumatın yanlış olmasının iddiaçı tərəfindən yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş edilmişdir. ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli **********489 saylı cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli NRF/004 nömrəli Qarantiyanın təqdim edilməsi haqqında müqaviləyə əsasən, həmin müqavilənin 1.1-ci bəndində göstərilən benefisiarın xeyrinə, xx.xx.2015-ci il tarixində ******* ABŞ dolları məbləğində qarantiya məktubu verilmişdir. Bundan sonra Qarantiya məktubuna xitam verilməsi ilə bağlı benefisiardan banka bildiriş daxil olmamışdır. Həmin müqavilənin 2.7-ci bəndi üzrə xx.xx.2016-cı il tarixinədək hesablanmış faiz məbləğini ödənilməsi tələb olunur. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna X2 barədə təklif edilərək 20830,55 ABŞ dolları faiz məbləği borcun olması barədə məlumatın yanlış olmasının yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş edilmişdir. Lakin bunların heç bir hüquqi nəticəsi olmamışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442.1-ci maddələrinə istinad olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113-2668/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, LPO "xxxx" ASC (qarant) və İddiaçı MTK (prinsipal) arasında imzalanmış xx.xx.2015-ci il tarixli qarantiyanın təqdim edilməsi barədə müqavilə əsasən bank prinsipalın xahişi ilə benefisiar - Republic of X6 X12 X7-nin xeyrinə ******* ABŞ dolları məbləğində qarantiya təqdim etməyi, prinsipial isə banka illik 4 % komissiya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixində bank benefisiara təminat məktubu verərək prinsipiala qarant durmuş və prinsipial həmin məktubu almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutları tədqiq edib hesab etmişdir ki, iddia ərizəsi təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd etmişdir ki, hazırkı tələb üzrə Cavabdeh1 MMC iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, o, reyestrə daxil etdiyi məlumatları özü birbaşa əldə etmir, həmin məlumatlar müvafiq olaraq banklar tərəfindən ona təqdim edilir və o, da daxil olmuş məlumata uyğun kredit bürosu reyestrində müvafiq qeydiyyat aparır. Həmin məlumatların düzgün olmamasının, yanlış təqdim edilməsinin məsuliyyəti də onun deyil, bankların üzərinə düşür. Digər tərəfdən iddiaçı iddia tələbində LPO AGBank ASC tərəfindən qarantiya müqaviləsi üzrə ona heç bir xidmət göstərilmədiyini, qarantiya verilmədiyini bildirmiş, buna görə də onun adına kredit bürosunun reyestrində qeyd olunmuş 20830,55 ABŞ dolları faiz borcunun silinməsini tələb etmişdir. Bununla bağlı qeyd edilib ki, LPO AGBank ASC tərəfindən təqdim edilmiş təminat məktubundan bank tərəfindən iddiaçıya X5 Yol İdarəsinə təqdim edilməsi üçün yazılı öhdəlik verildiyi məlum olmuşdur. Yəni bank prinsipial olan iddiaçının kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik vermiş, bununla da qarantiya müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir. Buna görə də bank haqlı olaraq verdiyi qarantiyaya görə müqavilə şərtinə uyğun olaraq illik 4% komissiya haqqı kimi 20830,55 ABŞ dolları hesablamış və bu barədə Azərbaycan Kredit Bürosunda müvafiq qeydiyyat aparılmışdır. İddiaçının nümayəndəsi həmin təminat məktubunun əsli olmadığı üçün məktubu mübahisələndirmişdir. Bununla bağlı qeyd edilib ki, LPO AGBank ASC ləğv prosesində olduğundan və hazırda Əmanətlərin Sığortalanması Fondunda ləğv prosesində olan bankların sayının çoxluğu səbəbindən müəyyən sənədlərin əsillərini təqdim edilməsi qeyri-mümkün olmuşdur. Lakin bununla belə “Elektron Məhkəmə” informasiya sisteminə həmin məktubun əslinin skan olunmuş nüsxəsi əlavə edilmişdir. Bundan başqa qarantiya məktubunda illik 4% komissiya haqqının iddiaçı tərəfindən ödənilməsi ******* ABŞ dollarının verildiyi halda deyil, məhz qarantiya məktbunun verilməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 3.3.2-ci bəndinə əsasən Bank tərəfindən qarantiya əsasında ödəniş aparıldığı halda Prinsipial ödənilmiş məbləği həmin gün Banka ödəməlidir. Benifisiarın xeyrinə Bankın vəsaiti hesabına ödənişin həyata keçirildiyi gündən qarantiya üzrə ödəmə zamanı yaranmış borc tam ödənilənədək ödənilmiş məbləğə illik 50% hesablamaq hüququna malikdir. Prinsipial yaranmış borcu və ya hesablanmış faizləri bu müqavilənin hazırkı bəndində nəzərdə tutulmuş müddətdə ödəməzsə, Bank borcu hesablanmış faizlərlə birlikdə qaytarılmasını və (və ya) girov qoyulmuş əmlakın satılmasını tələb etmək və borcun ödənilməsini digər təminatlara yönəltmək hüququna malikdir. Müqavilənin şərtlərinin təfsirindən göründüyü kimi illik 4% ilə komissiya haqqı ödəniləcək qarantiya məbləği üçün faiz kimi nəzərdə tutulmamış, yazılı öhdəliyin verilməsi üçün xidmət haqqı kimi qeyd edilmişdir. Beləliklə məhkəmə mülki qanunvericiliyin normalarını rəhbər tutaraq, müqavilə şərtlərini nəzərə alıb belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir

14. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 442, 478, 479.1, 479.2, 483, 489.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində "xxxx" MTK ilə "xxxx" ASC arasında 1.250.000 ABŞ dolları məbləğində qarantiya təqdim edilməsinə dair NRF/004 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank həmin məbləğdə qarantiya təqdim etməli və bunun müqabilində iddiaçıdan illik 4% komissiya haqqı almalı idi. Lakin zərurət aradan qalxdığı üçün bu qarantiya faktiki olaraq təqdim edilməmiş, müqavilə üzrə heç bir xidmət göstərilməmiş və borc münasibətləri yaranmamışdır. Yuxarıda qeyd edilən səbəblərə baxmayaraq, Azərbaycan Kredit Bürosu tərəfindən iddiaçıya qarşı 20.830,55 ABŞ dolları məbləğində faiz borcu qeydə alınmışdır. Halbuki, müqavilə üzrə göstərilməmiş xidmətə görə faiz borcunun hesablanması hüquqi və iqtisadi cəhətdən əsassızdır. Bu məsələ ilə bağlı iddiaçı dəfələrlə "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Kredit Bürosuna yazılı müraciət edərək borcun silinməsini və müvafiq düzəlişlərin aparılmasını tələb etsə də, bu müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh tərəf iddia edilən qarantiya məktubunun yalnız kserosurətini məhkəməyə təqdim etmiş, dəfələrlə tələb edilməsinə baxmayaraq sənədin əslini təqdim etməmişdir. Bu hal, təqdim olunan sənədin etibarlılığı və hüquqi qüvvəsi ilə bağlı ciddi şübhələr doğurur. İddiaçının müqavilə və məktubda qeyd olunan imzaları müqayisə etmək və ekspertiza ilə yoxlatdırmaq imkanı olmamışdır. Müqavilənin 2.7-ci və 3.2.2-ci bəndlərinə əsasən, faiz borcu yalnız bank tərəfindən real xidmət göstərildiyi halda ödənilməli idi. Lakin nə bank tərəfindən hər hansı ödəniş riski yaranmış, nə də benefisiar tərəfindən bu qarantiya istifadə edilmişdir. Əksinə, bank bu xidmətə görə nə vaxtsa iddiaçıdan ödəniş tələb etməmiş, komissiya məbləğini onun hesabından da çıxmamışdır. Bu, göstərir ki, faktiki olaraq müqavilə şərtləri üzrə bankın öhdəliyi icra olunmamış, müqavilə sadəcə olaraq formalaşma səviyyəsində qalmışdır. Birinci instansiya məhkəməsi aşağıdakı vacib faktiki halları lazımi qaydada araşdırmamış və qiymətləndirməmişdir: Qarantiya məktubunun yalnız surətinin təqdim edilməsi və əslinin təqdim olunmaması; Faktiki olaraq heç bir xidmətin göstərilməməsi; İddiaçının hesabında mövcud olan vəsaitdən komissiya tutulmaması; qarşı tərəfin 10 il ərzində bu məsələ ilə bağlı hüquqlarından istifadə etməməsi; Qarşı tərəfin təqdim etdiyi sənədlərdə imzanın həqiqiliyi ilə bağlı şübhələr; kredit Bürosuna borc məlumatının hansı tarixdə və hansı əsasla ötürülməsi barədə qeyri-müəyyənlik. İddiaçı məsələni məhkəməyə çatdırmadan öncə qarşı tərəflə danışıqlar aparmağa çalışmış, xx.xx.2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fonduna mediasiya təklifi ünvanlamışdır. Lakin bu cəhdlər nəticə vermədiyindən, mübahisənin məhkəmə yolu ilə həllinə müraciət etməyə məcbur olmuşdur. Bu isə iddiaçının xoş niyyətli və səmimi niyyətlə hərəkət etdiyini sübut edir. İddiaçının imzasının həqiqiliyi ilə bağlı şübhələrə baxmayaraq, sənəd üzrə ekspertiza keçirilməsinə şərait yaradılmamış, bu isə iddiaçının müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Əlavə olaraq, bank tərəfindən heç bir real xidmət göstərilməmiş, komissiya haqqı tutulmamış və müqavilə faktiki qüvvəyə minməmişdir. Bu isə o deməkdir ki, qarşı tərəfin borcun mövcudluğunu təsdiqləyən əsaslı və hüquqi qüvvəyə malik sübutları yoxdur. Bu baxımdan, sübut yükü yerinə yetirilmədiyindən, borcun qeydə alınması əsassız hesab edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatında apellyasiya şikayətinə etiraz etdi. Qeyd etdi ki, bank ləğv prosesində olduğu üçün tələb üzrə iddia müddətini ötürüblər.

19. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasınını təxirə salınmasını xahiş etmişdir. Digər cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. 480-ci maadəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. 483-cü maddəsinə əsasən əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir.

21. “Kredit büroları” haqqında Azərbaycan Respublikasının Qanunun: 6.1-ci maddəsinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. 6.3-cü maddəsinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən kredit tarixçələrini təşkil edən məlumatı kredit bürolarına aşağıdakılar təqdim edə bilərlər: 22.3-cü maddəsinə əsasən kredit bürosu məlumat təchizatçısının kredit bürosuna verdiyi məlumatın yanlış olması nəticəsində kredit tarixçəsinin subyektinə dəyən zərərə görə məsuliyyət daşımır (bu Qanunun 18.5-ci maddəsinə nəzərdə tutulmuş vəzifəni yerinə yetirdiyi halda).

22. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

23. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 1 saylı Əlavəsi olan Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə siyahıya əsasən Bank qarantiyaları və zəmanətləri ödənildikdən və ya müddəti bitdikdən sonra 5 il müddətində saxlanılmalıdır.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTK ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli NRF/004 saylı qarantiya müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank iddiaçının xahişi ilə Republic of X6 X12 X7-nin xeyrinə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1.250.000 ABŞ dolları məbləğində qarantiya təqdim etmiş, iddiaçı isə qarantiyanın təqdim edilməsinə görə illik 4% komissiya ödəməyi öhdəsinə götürmüşdür.

29. Hazırda iddiaçı müqavilə üzrə qarantiyanın faktiki olaraq təqdim edilmədiyini, belə ki, qarantiyanın verilməsinə zərurətin aradan qalxdığını, buna baxmayaraq Azərbaycan Kredit Bürosunun çıxarışında "xxxx" MTK-nın 20.830,55 ABŞ dolları komissiya borcunun olmasının göstərildiyini əsas gətirərərək borcun kredit bürosunun reyestrindən silinməsini tələb edir. Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə qarantiya müqaviləsi üzrə qarantiyanın verilmiş olmasını və müqavilə üzrə komissiya ödənilməli olmasını bildirərək iddiaya etiraz edir.

30. Kollegiya ilk növbədə qeyd edir ki, işin mübahisəli halları qarantiya müqaviləsi üzrə qarantiya verilməsi öhdəliyinin bank tərəfindən icra edilib-edilməməsi və belə olan halda bankın qarantiya verilməsinə görə komissiyanın ödənilməsini tələb etmək hüququnun yaranıb-yaranmaması ilə bağlıdır.

31. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bank tərəfindən qarantiya müqaviləsi üzrə öhdəliklərin icra edilməsini sübuta yetirmək üçün mübahisəli qarantiya müqaviləsinə əsasən benefisiar – Republic of X6 of Works, X9 Authority-yə təqdim edilməsi üçün prinsipiala (Nümayəndə1) 1.250.000 ABŞ dolları məbləğində qarantiyanın verilməsini təsdiq edən ödəniş qarantiyasının skan olunmuş surətini məhkəməyə təqdim etmişdir.

32. Sözügedən qarantiyanın əslinin təqdim edilməməsinə dair iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Birincisi, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, təqdim edilmiş yazılı sübutun həqiqiliyi şübhə doğurduqda, onun əslinin və ya qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətinin təqdim olunması tələb oluna bilər. Hazırkı halda isə sözügedən ödəniş qarantiyasının həqiqiliyi digər sübutlarla (qarantiya müqaviləsi, kredit tarixçəsindən çıxarış) da təsdiq edilməklə məhkəmədə şübhə doğurmur.

33. Qarantiyadakı imzanın həqiqiliyinin ekspertiza ilə yoxlanılmaması barədə iddiaçının dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən qarantiyadakı imzanın başqa şəxs tərəfindən icra edilməsi barədə deyil, texniki vasitələrlə icra edilməsinin mümkünlüyü barədə arqument irəli sürülmüşdür. Həmin arqumentin qarantiyanın skan nüsxəsi əsasında yoxlanılmasının mümkün olmaması açıq-aşkar olmaqla yanaşı iddiaçı arqumentinin əsaslılığına dair məhkəmədə şübhə yaradacaq hər hansı sübutu (məsələn, iddiaçının nümayəndəsinə aid imzanın və yazılarının texniki vasitələrlə başqa sənəddən köçürülməsinə dair) məhkəməyə təqdim edilməmişdir. Odur ki, kollegiya hesab edir ki, sözügedən arqumentlər əsassızdır.

34. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddia ərizəsinin dəlillərinə əsasən bank ilə qarantiya müqaviləsi bağlandıqdan sonra qarantiyanın verilməməsini bank tərəfindən həmin qarantiyanın verilməsindən imtina edilməməsi ilə deyil, qarantiyanın verilməsinə zərurətin aradan qalxması, yəni iddiaçının qarantiyanın verilməsinə dair marağının qalmaması ilə bağlı olmuşdur. Lakin iddiaçı qarantiya müqaviləsi bağlandıqdan sonra qarantiyanın verilməsinə zərurətin aradan qalxmasına dəlalət edən konkret faktiki hallara (məsələn, müqavilə bağlanarkən verilməsi nəzərdə tutulan tender təklifinin verilməməsi, tender təklifi üçün başqa bankdan qarantiya alması və s.) istinad etməmiş, belə halların mövcudluğunu, eləcə də həmin hallar barədə banka məlumat verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

35. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya qənaətə gəlir ki, mübahisəli qarantiyanın 2015-ci ilə aid olması (banklarda bank qarantiyalarının saxlanılması müddətin qarantiyanın müddəti bitdikdən sonra 5 il olması nəzərə alınmaqla), qarantiyanın surətinin bankın elektron sistemindən çıxarılması və bankın ləğv prosesində olması kimi hallar hazırkı işdə qarantiyanın verilməsi faktının müəyyən edilməsi üçün aşağı salınmış sübutetmə standartının tətbiq edilməklə qarantiya məktubunun surətinin sübut qismində qəbul edilməsi üçün əsas verir.

36. Əlavə olaraq bildirilir ki, qarantiya müqaviləsində qarant rolunda çıxış edən tərəfin iştirakının mahiyyəti “təminatçı” olmaqdan, yəni prinsipalın öhdəliklərini icra etmədiyi halda qarantiya məbləğinin ödənilməsinə dair risk daşımaqdan ibarətdir. Başqa sözlə, qarantiya müqaviləsi bankın prinsipal ilə birgə risk daşıdığını benefisiara bildirdiyi andan etibarən icra edilmiş sayılır. Məhz bu səbəbdən qarantiya müqaviləsində reqres tələblərinin irəli sürülməsi imkanı nəzərdə tutulur. Tərəflər həmin riskin dəyərini illik 4 faiz məbləğində komissiya haqqı kimi müəyyən etmişlər. Yəni komissiya haqqı qarantiya məbləğinin benefisiara ödənilməsinə zərurət yaranıb-yaranmamasından asılı olmayaraq qarantın öz üzərinə götürdüyü riskə görə ödənilir.

37. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, bank qarantiya müqaviləsi üzrə öhdəliklərini icra etmiş, iddiaçının benefisiar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün qarant durmuşdur. İddiaçı isə bunun müqabilində öz üzərinə düşən komissiya ödənişini ödəmək öhdəliyini yerinə yetirməmiş, nəticədə komissiya haqqına görə borcu yaranmışdır. Odur ki, iddiaçının qarantiya müqaviləsi üzrə 20.830,55 ABŞ dolları məbləğində borcun mövcudluğu barədə məlumatın Kredit Bürosu Reyestrinə yanlış daxil edilməsi iş materialları ilə öz təsdiqini tapmır.

38. Bundan əlavə qarantiya müqaviləsindən irəli gələn tələb üzrə iddia müddətinin buraxılması barədə iddiaçının dəlillərinə münasibətdə o da vurğulanmalıdır ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli AR Konstitusiya Məhkəməsi Plenumunun qərarı)

39. Odur ki, hazırkı halda "xxxx" ASC tərəfindən qarantiya müqaviləsinə əsaslanan tələb üzrə iddia müddətinin ötürülməsi ehtimal edilsə belə öhdəliyə xitam verməməklə hazırkı iddianın təmin edilməsi üçün əsas vermir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113-2668/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MTK-nın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar