Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1069/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2006/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında 11 sentyabr 2020-ci il tarixli 65 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyəverən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, 62 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 6393 kv.m torpaq sahəsini icarəçiyə icarəyə vermiş, sonuncu isə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 42000 manat, aylıq icarə haqqı isə 3500 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32000 manat məbləğində icarə haqqının və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixinə 32000 manat məbləğində icarə haqqı borcu mövcuddur.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2020-ci ildən ölkədə geniş yayılan “Koronavirus (COVİD-19)” pandemiyası ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə və ölkədə sahibkarlıq subyektlərinə ciddi mənfi təsir göstərmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 14 dekabr saat 00:00dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Nəticədə 2020-ci ildə karantin rejiminin tətbiqi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli ciddi azalmalara səbəb olduğu üçün iqtisadi fəaliyyətləri cox ciddi mənfi təsirlərə məruz qalmışdır. Məlum olduğu kimi, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə dövlət dəstəyinin göstərilməsi barədə bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarına müvafiq dəyişikliklər edilərək, Azərbaycan Respublikası ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır)” sözləri əlavə edilmişdir. Həmin qərarın 4 və 4.1-ci bəndinə əsasən: İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etsin; Şirkətin əsas fəaliyyəti sərnişindaşıma sahəsi (fəliyyət kodu 49310) olduğundan, “Koronavirus (COVİD-19) pandemiyası nəticəsində ciddi mənfi təsirlərə məruz qalmasının İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alındığı nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək sözügedən qərarın müvafiq bəndini tətbiq edilməklə, qərara uyğun olaraq icarə haqqının hesablanmaması xahiş olunmuşdur. Lakin bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hər hansı bir cavab verilməmiş və icarə haqqının ödənilməsi tələb olunmuşdur.
6. Cavabdeh hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli qərarında göstərilən “Koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmaması”na dair müddəası tətbiq edilərək hazırkı iddia tələbi rədd edilməlidir.
7. Cavabdehin etirazına dair iddiaçı bildirir ki, hazırda tələb edilən icarə haqqı 2021ci ilin yanvarından hazırkı günədək olan borcdur. Pandemiya dövründə yaranmış icarə haqları gecikmələrlə də olsa, tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir. Bundan əlavə, cavabdehin “Koronavirus (COVİD-19) pandemiyası” nəticəsində ciddi mənfi təsirlərə məruz qalması İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alındığı halda, bu barədə onlara məlumat verilərdi və nəticədə 2021-ci ilin yanvar ayına qədər olan icarə haqlarından cavabdeh azad edilərdi.
8. Cavabdeh əlavə olaraq bildirir ki, 2021-ci ilin yanvarın birinə qədər olan icarə haqları tərəflərindən tam şəkildə ödənilmiş, halbuki etirazda adları çəkilən Qərarlara əsasən onlar həmin dövr üçün ödənişlərdən azad edilməli idi, bu səbəbdən həmin ödənişlərin 2021-ci ilin yanvardan sonrakı dövr üçün nəzərə alınmasını xahiş edir. Eyni zamanda, 2021-ci ilin yanvardan hazırkı günədək olan icarə haqlarını mübahisələndirmir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2006/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir.
16. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələri təşkil edir.
20. Hazırki işdə də həmin maddələrin dispozisiya şərtləri mövcuddur.
21. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, xx.xx.2022-ci il tarixədək ödənilməli olan icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş və 32000 manat məbləğində borcu yaranmışdır.
22. Sonuncu fakt cavabdeh tərəfindən də birinci instansiya məhkəməsində mübahisələndirilməmiş, yalnız 2020-ci ilin aprel ayından 2021-ci ilin yanvarın birinə tam şəkildə ödənilmiş icarə haqqının 2021-ci ilin yanvardan sonrakı dövr üçün nəzərə alınmasını xahiş edilmişdir.
23. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh faktiki olaraq öhdəliklərin əvəzləşdirilməsini tələb edir.
24. Belə ki, cavabdehin mövqeyinə görə o, 2020-ci ilin aprel ayından 2021-ci ili yanvar ayına qədər icarə haqqı ödəməli olmadığı halda ödəmişdir. Ona görə də, həmin dövr üçün ödənilmiş icarə haqlı məbləği hazırda yaranmış icarə borcunun əvəzinə nəzərə alınmalıdır.
25. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin ödədiyi icarə haqları dövlət büdcəsinə ödənildiyinə görə hazırki işdə həmin məsələ müzakirə predmeti ola bilməz.
26. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsindən də görünür ki, artıq ödənilmiş ödənişlərin büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.
27. Büdcəyə daxil olmuş vergi, rüsum və ya digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması isə xüsusi qaydalar çərçivəsində həyata keçirilir.
28. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə xx.xx.2022-ci il tarixə qədər ödənilməli olan, lakin ödənilməyən 32000 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2006/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova