Məhkəmə qərarları › İş №2-2(103)-107/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-107/2024

17.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-107/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: tapşırıq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4222/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən cavabdeh ... “Azəriqaz” İB-də ... onu təmsil etməyi, kommunal xəttləri çəkməyi, kommunal müqavilələr bağlamağı, müqavilələr imzalamağı, rəy, texnixi şərt, smart kart, sayğac və sair sənədləri almağı, bununla əlaqədar olaraq bütün sənədləşmə işlərini aparmağı, sənədləri təqdim etməyi və hazır olan sənədləri götürməyi, imzalamağı, ərizə ilə müraciət etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.

2. "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən Cavabdeh məxsus 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılmasına dair işçi layihəsi təsdiq edilmişdir.

3. Cavabdehlə (sifarişçi) “Azəriqaz” İB (icraçı) arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli 893 SQ nömrəli xidmət müqaviləsi “Azəriqaz” İB-nin 14-2-2/3-5-1405 saylı xx.xx.2023-cü il tarixli məktubu əsasında Abşeron rayonunda yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasına məxsus 1 ədəd turbin tipli G65 markalı 908345 nömrəli qaz sayğacının dövlət yoxlamasından keçirilməsi və quraşdırılması ilə əlaqədar sifarişçi və icraçı arasında olan münasibətləri tənzimləyir.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən qanunvericiliyə uyğun müəyyənləşdirilmiş formada icraçının göstərdiyi bank hesabına 991,05 manat (ƏDV daxil) ödəmə aparır.

5. "xxxx" QSC və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0368 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 28 ədəd LoraWan markalı smart ötürücü cihazın bu müqavilənin şərtlərinə əsasən satır. Alıcı isə malı alır. Hər bir malın dəyəri ƏDV daxil 97 manat 94 qəpik olmaqla, cəmi ƏDV daxil 2742,32 manat məbləği bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

6. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən cavabdehin adından qaz çəkilişi ilə əlaqədar olaraq 2742,32 manat məbləğində "xxxx" QSC-yə vəsait ödənilmişdir.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh (nümayəndəsi İddiaçı) müəssisəyə ƏDV daxil 350 manat borcu vardır.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-18-3/2-Q-5-42/23 nömrəli məktubdan görünür ki, ünvan 1ində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qaz təchizatının Agentliyə təqdim olunmuş layihə sənədinə (Sifariş №371xx-xx-01806-QT) verilmiş müsbət ekspertiza rəyi (**-LS-***5-2023) təsdiq olunmuş və layihə 19 yanvar 2023-cü il tarixdə 06/032/06-S nömrə ilə qeydiyyata götürülmüşdür.

9. "xxxx" MMC tərəfindən verilmiş E/R/6 nömrəli **-LS-***5-2023 nömrəli təhlükə potensiallı obyekt olan qaz təsərrüfatının layihələndirilmə sənədinin texniki təhlükəsizliyinə dair ekspertiza rəyindən görünür ki, ünvan 1ində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılmasına dair (Sifariş № 371xx-xx-01806-QT) layihə sənədini texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun hesab edilir.

10. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh (nümayəndəsi İddiaçı) müəssisəyə ƏDV daxil 5900 manat borcu vardır.

11. "xxxx" QSC (icraçı) ilə iddiaçı (sifarişçi) arasında bağlanmış 24 noyabr 2022-ci il tarixli qaz təchizatı layihəsinin hazırlanması üçün müqaviləyə əsasən icraçı tərəfindən 371xx-xx-01806 saylı sifariş əsasında Abşeron rayonu, Masazır kəndi ünvfanında yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması layihəsinə dair layihənin işlənməsi üçün sifarişçi icraçının bu müqavilənin 5-ci bəndində göstərilən "xxxx" ASC-dəki hesablaşma hesabına ƏDV daxil olmaqla 5900 manat məbləğində vəsait ödəməlidir.

12. “Azəriqaz” İB ilə cavabdeh (nümayəndəsi olan İddiaçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və onun əlavəsinə əsasən qaz sayğacının dövlət yoxlamasından keçirilməsi üçün – 111,46 manat, qaz sayğaclarının quraşdırılması üçün – 703,20 manat, sayğacın yerinə quraşdırılması üçün – 25,21 manat, ümumilikdə ƏDV daxil olmaqla 991,05 manat ödənilməlidir.

13. xx.xx.2023-cü il tarixli BPM**********37 nömrəli mədaxil qəbzindən görünür ki, cavabdehin adından etibarnamə üzrə nümayəndə tərəfindən “Azəriqaz” İB-nin hesabına qaz sayğacının dövlət yoxlamasından keçirilməsi və quraşdırılması üçün 992,05 manat məbləğində pul köçürülmüşdür.

14. “Azəriqaz” İB tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli 37170 nömrəli qaz təchizatı üçün texniki şərtdən görünür ki, Cavabdeh müraciəti əsasında ünvan 1i ünvanında yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasında müvafiq qurumlar tərəfindən təsdiqlənmiş işçi layihənin memarlıq həlli hissəsində nəzərdə tutulan mənzillərin sayı qədər quraşdırılacaq qaz sayğacları “Azəriqaz” İB tərəfindən ödənişsiz təmin olunacaqdır.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 35 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasına 371xx-xx-01806-QT saylı texniki şərt və layihə əsasında binanın giriş hissəsinə nəzərdə tutulmuş G 65 markalı bir ədəd qaz sayğacı və bir ədəd sayğac üçün qutu borc olaraq verilir. Ödənilməli məbləğ ümumilikdə 5000 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

16. . İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14000 manat pulun, 1000 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə işlərinin aparılması ilə bağlı (çəkilmiş və çəkilməli olacaq xərclər) 1000 manat, cəmi 18000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə sonuncuya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması ilə bağlı danışıqlar aparmış, binanın qazlaşdırılmasının cari smetaya uyğun 35000 (otuz beş min) manata həyata keçirilməsi razılaşdırılmışdır. Razılıq tərəflər arasında razılaşma qəbzi formasında şərtləşdirilmiş, hər iki şəxs qəbzə imza atmışdır. Razılaşmadan sonra İddiaçı tərəfindən çoxmənzilli binanın qazlaşdırılması üçün tikinti materiallarının bir çoxu öz şəxsi vəsaiti hesabına (qaz sayğacları, tikinti materialları və s.) alınmış, bir qismi isə tanıdığı, etibar etdiyi mağazalardan nisyə olaraq götürülmüş və işə başlanılmışdır. Hazırda binada qazlaşdırılma yekunlaşma ərəfəsindədir. Həmin işlərin həyata keçirilməsi ilə bağlı Cavabdeh tərəfindən İddiaçı mülki etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında İddiaçı cari quraşdırma işləri tamamlandıqdan sonra “Azərqaz” İB və ASAN xidmət mərkəzlərinə müraciət etmiş, binanın qazlaşdırılması ilə bağlı sənədləşmələri həyata keçirimişdir. Hazırda yaşayış binasına qazın verilməsi ərəfəsində işin natamam qalması bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, nəinki qazın verilməsi, eyni zamanda bina sakinləri dövlət reyetrindən verilən çıxarışla da təmin olunmamışdır. Sakinlər müqavilə əsasında ödəniş etsə də, binanın tikinti normalarına cavab verməsi ilə bağlı sənədlər ekspertizadan keçirilmədiyinə görə onları çıxarışla təmin etmək mümkün olmamışdır. Bu vəziyyətə görə artıq İddiaçı Cavabdeh tərəfindən aldadıldığı qənaətindədir. Tərəflər arasındakı razılaşma şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 20000 manat vəsait ödənilmişdir. Ödənişlər əvvəlcə normal şəkildə edilsə də sonradan müxtəlif təsir tədbirlərindən sonra həyata keçirilmişdir. Hazırda Cavabdeh tərəfindən ödənilməli olan qalıq məbləğin miqdarı 15000 manat təşkil edir. İddiaçı dəfələrlə Cavabdeh telefonla zəng etsə də, onunla görüşüb qalıq məbləğin ödənilməsi üçün müzakirə aparılması istənilsə də o, həmin vəsaiti qaytarmaqdan yayınır, telefon zənglərinə cavab vermir. Hazırda İddiaçı əhəmiyyətli dərəcədə maddi və mənəvi ziyanla üzləşmişdir. Bundan başqa vəsait vaxtında ödənilmədiyinə görə İddiaçı xərclədiyi öz vəsaitinin adi mülki dövriyyə şəraitində əlavə gəlirlərindən də məhrum olmuşdur. Eyni zamanda müxtəlif dükan və mağazalardan Cavabdeh xeyrinə götürdüyü nisyə tikinti quraşdırma mallarının pulunu ödəmədiyinə görə çətin vəziyyətə düşmüşdür. Bundan başqa hazırda Cavabdeh İddiaçı ödəyəcəyi qalıq məbləğin qaytarılması üçün bütün imkanlar tükəndiyindən məhkəmə müdafiəsi hüququndan istifadə edilməsi zərurəti ortaya çıxmışdır. Cavabdehlə danışıqlar nəticə vermədiyi üçün tərəfindən mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş və müvafiq arayış alınmışdır. Tərəf mediasiya prosesindən də yayındığı üçün hazırda iş məhkəməyə göndərilir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4222/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh 3934,37 (üç min doqquz yüz otuz dörd manat otuz yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

19. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddia tələbləri üç hissədən ibarətdir: 14000 manat əsas borcun ödənilməsi; 1000 manat əldən çıxmış faydanın ödənilməsi; 2000 manat mənəvi zərərin ödənilməsi.

20. Məhkəmə iddianın birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı cavabdehin nümayəndəsi olaraq xx.xx.2023-cü il tarixdə qaz çəkilişi ilə əlaqədar olaraq 2742,32 manat məbləğində "xxxx" QSC-yə vəsait ödəmiş, xx.xx.2023-cü il tarixdə isə “Azəriqaz” İB-nin hesabına qaz sayğacının dövlət yoxlamasından kecirilməsi və quraşdırılması üçün 992,05 manat məbləğində pul köçürmüş, eyni zamanda iddiaçı onun tərəfindən əlavə xərclərin çəkildiyini bildirsədə bunu təsdiq edən sənədləri (ödənişlər qeyri-rəsmi şəkildə edildiyi üçün) məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir.

21. Məhkəmə iddianın ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

22. Məhkəmə iddianın üçüncü hissəsi ilə bağlı qeyd etmişdir ki, işin araşdırılan halları ilə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halı müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, 2000 manat mənəvi ziyanın tutulması barədə iddia tələbi də təmin edilməməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4222/2023 nömrəli qətnaməsinin qismən – borcun tutulmayan hissəsində ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edtmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə qətnaməsi ilə işin halları arasında tam uyğunsuzluq var. İddiaçıCavabdeh ilə xx.xx.2022-ci il tarixdə sonuncuya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 28 mənzilli şoxmərtəbəli yaşayış binasının qazlaşdırılması ilə bağlı danışıqlar aparmış, binanın qazlaşdırılması cari smetaya uyğun 35000 manata həyata keçirilməsi razılaşdırılmışdır. Razılıq tərəflər arasında razılaşma qəbzi formasında şərtləşdirilmiş, hər iki şəxs qəbzə imza atmışdır (qəbzin surəti əlavə olunur). Razılaşmadan sonra İddiaçı tərəfindən çoxmənzilli binanın qazlaşdırılması üçün tikinti materiallarının bir çoxu öz şəxsi vəsaiti hesabına (qaz sayğacları, tikinti materialları və s.) alınmış, bir qismi isə tanıdığı, etibar etdiyi mağazalardan nisyə olaraq götürülmüş və işə başlanılmışdır. Hazırda binada qazlaşdırılma yekunlaşma ərəfəsindədir. Həmin işlərin həyata keçirilməsi ilə bağlı Cavabdeh tərəfindən İddiaçı mülki etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında İddiaçıcari quraşdırma işləri tamamlandıqdan sonra “Azərqaz” İB və ASAN xidmət mərkəzlərinə müraciət etmiş, binanın qazlaşdırılması ilə bağlı sənədləşmələri həyata keçirimişdir. Hazırda yaşayış binasına qazın verilməsi ərəfəsində işin natamam qalması bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, nəyinki qazın verilməsi, eyni zamanda bina sakinləri dövlət reyetrindən verilən çıxarışla da təmin olunmamışdır. Sakinlər müqavilə əsasında ödəniş etsə də binanın tikinti normalarına cavab verməsi ilə bağlı sənədlər ekspertizadan keçirilmədiyinə görə onları çıxarışla təmin etmək mümkün olmamışdır. Tərəflər arasındakı razılaşma şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 20000 (iyirmi min) manat vəsait ödənilmişdir. Ödənişlər əvvəlcə normal şəkildə edilsə də sonradan müxtəlif təsir tədbirlərindən sonra həyata keçirilmişdir. Məhkəmədə iddia qaldırılan tarixdə Cavabdeh tərəfindən ödənilməli olan qalıq məbləğin miqdarı 15000 manat təşkil etmişdir. Məhkəmə prosesi gedişində cavabdeh tərəfindən 1000 manat ödəniş edilmişdir. Həmin ödənişi nəzərə alaraq tərəfimizdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmiş məbləğ həmin ərizədə 14000 manat göstərilmişdir. Bundan başqa əvvəlcədən özünü məlumatlandırmaqla İddiaçı tərəfindən Cavabdehna whatsapp vasitəsilə səsli mesaj göndərilmiş və borcunun olub-olmadığın soruşmuşdur. Eyni zamanda ona bildirilmişdir ki, onun səsi məhkəməyə təqdim olunacaqdır. Cavabdeh məhkəməyə gəlmədiyi üçün İddiaçı cavabdehə bu məlumatı göndərmişdir. Cavabdeh də öz növbəsində həmin mesaja cavab vermiş ona 14000 borcu olduğunu etiraf etmişdir. Həmin səs yazıları diskə yazılaraq məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda hakimin təşəbbüsü ilə məhkəmə iclasında həmin səsli mesajlar dinlənilmiş, başqa sözlə sübut kimi tədqiq olunmuşdur. Buna baxmayaraq məhkəmə şəxsin etirafını qəbul edərək iddianı tam təmin edən qərar qəbul etməmişdir. Bundan başqa məhkəmə qətnaməsində tərəflər arasında tapşırıq müqaviləsinin olduğu önə çəkilmiş və bu müqaviləyə əsasən məhkəmə belə bir mövqe göstərmişdir ki, İddiaçı cavabdehin öhdəlikləri üçün məsuliyyət daşımır. Lakin bir məqam unudulmuşdur ki, təqdim etdiyimiz sənədlərə əsasən həmin arayışlar İddiaçı verilmiş, orada məhz onun nisyə götürdüyü mallara görə borclu qaldığı göstərilmişdir. Başqa sözlə həmin borclar yalnız İddiaçı tələb olunacaqdır. Hazırda İddiaçı əhəmiyyətli dərəcədə maddi və mənəvi ziyanla üzləşmişdir. Bundan başqa vəsait vaxtında ödənilmədiyinə görə İddiaçı xərclədiyi öz vəsaitinin adi mülki dövriyyə şəraitində əlavə gəlirlərindən də məhrum olmuşdur. Eyni zamanda müxtəlif dükan və mağazalardan Cavabdeh xeyrinə götürdüyü nisyə tikinti quraşdırma mallarının pulunu ödəmədiyinə görə çətin vəziyyətə düşmüşdür. Bu hissəyə dair tələblərimiz də təmin olunmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

26. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

27. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddə- İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddə-cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

28. Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4222/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh İddiaçı xeyrinə 14.065,63 manat pul tutulması hissəsində də təmin edilməlidir.

30. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən məhkəmə xərcləri də daxil olmaqla 18000 manat pulun tutulmasını xahiş etmiş, iddia tələbinin 3934,37 manat hissəsi məhkəmə tərəfindən təmin edilmiş, iddia tələbi 14.065,63 manat hissədə rədd edilmişdir.

31. İşə apellyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsində İddiaçı tərəfindən irəli sürülmüş iddianın tam qəbul edildiyi və etiraf edildiyi qeyd edilmişdir. Məhkəmə MPM-nin 52, 191-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı qəbul edilməli, tələb Cavabdeh İddiaçı xeyrinə 14.065,63 manat pul tutulması hissəsində də təmin edilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4222/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tam təmin edilməlidir.

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4222/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçının tələbi rədd edilən hissədə təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 14.065,63 manat pul və 200 manat mediasiya xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar