Məhkəmə qərarları › İş №2-2(103)-1070/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1070/2021

11.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1070/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2088/2021 nömrəli iş üzrə 30 iyun 2021ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 24.06.2020-ci il tarixdə vurulmuş zərərə görə 598,01 manat, 08.12.2020-ci il tarixdə vurulmuş zərərə görə 85,12 manat olmaqla, ümumilikdə 683,13 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən təqdim edilən lokal smetada göstərilən rəqəmlər və həmin rəqəmlərin haradan meydana çıxması ümumiyyətlə anlaşılan deyil. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi həmin məbləğlərin köhnə sistemə uyğun rubl ilə hesablandığını bildirmiş, daha sonra göstərilən rəqəmlərə aydınlıq gətirə bilməmişdir. Daha sonrakı məhkəmə prosesində iddiaçı 10.06.2021-ci il tarixli arayış təqdim etmiş və həmin arayışa əsasən məbləğin yaranma əsasını göstərməyə çalışmışdır. Bildirir ki, həmin arayışda təqdim olunan qiymətlər həddən artıq şişirdilmişdir. Materialların real qiymətini öyrənməyə çalışsa da, bazarda satışda həmin malların olmadığı, yalnız bu məhsulların iddiaçı tərəfindən istifadə edildiyi və qiymətin yalnız onlara müraciət etməklə müəyyən etməyin mümkün olduğunu öyrənə bilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdə olan, Qazax TKQ KTŞ üzrə sahə rəisi K.Mahmudov, Qazax TKQ STŞ üzrə sahə rəisi F.Yusifov, Qazax TKQ baş mühəndisi R.Rzayev Rafiq tərəflərindən 09.12.2020ci il tarixdə tərtib edilmiş Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə aktdan müəyyən edilir ki, Qazax şəhəri Azadlıq küçəsi ərazisində cavabdeh tərəfindən sukanalizasiya çəkilişi üçün qazıntı işləri aparılarkən Qazax TKQ-yə məxsus yeraltı TPP 100x2 tipli rabitə kabeli qırılmışdır. Həmin akt cavabdehin nümayəndəsi qismində E.M.Məmmədov tərəfindən imzalanmışdır. Qazax şəhəri Azadlıq küçəsində TPP 100x2x0,4 kabelinin bərpası üçün 28.12.2020-ci il tarixli lokal smetaya əsasən, kabelin bərpası üçün tələb edilən xərclər 85,12 manat təşkil edir. Qazax TKQ STŞ üzrə sahə rəisi K.Mahmudov, Qazax TKQ baş mühəndisi R.Rzayev, Olimpiya Mərkəzi BATS-nin el/mex. R.Novruzov tərəflərindən 29.06.2020-ci il tarixdə tərtib edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə akta görə, Qazax şəhəri Ə.Şixlinski küçəsi ərazisində cavabdeh tərəfindən su-kanalizasiya çəkilişi üçün qazıntı işləri aparılarkən Qazax TKQ-yə məxsus yeraltı TPP 100x2 və TPP 50x2 tipli rabitə kabelləri qırılmışdır. Həmin akt cavabdehin nümayəndəsi qismində X.Nəsirov tərəfindən imzalanmışdır. Qazax şəhəri Ə.Şixlinski küçəsində TPP 100x2x0,4 və TPP 50x2x0,4 kabelinin bərpası üçün 21.06.2020-ci il tarixli lokal smetaya əsasən, kabelin bərpası üçün tələb edilən xərclər 598,01 manat təşkil edir. İddiaçı tərəfindən birinici instansiya məhkəməsinə ünvanlanmış 10.06.2021-ci il tarixli 102-2-71/7751-21 nömrəli arayışdan müəyyən edilir ki, 29.06.2020-ci il tarixdə Qazax şəhəri Ə.Şixlinski küçəsində cavabdehin işçiləri tərəfindən su-kanalizasiya çəkilişi zamanı zədələnmiş iddiaçıya məxsus TPP 100x2 və TPP 50x2 tipli rabitə kabellərinin bərpası üçün xərclər 598,01 manat, 08.12.2020-ci il tarixdə Qazax şəhəri Azadlıq küçəsində cavabdeihn işçiləri tərəfindən su-kanalizasiya çəkilişi zamanı zədələnmiş iddiaçıya məxsus TPP 100x2 tipli rabitə kabelin bərpası üçün xərclər 85,12 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın: 4.1.8-ci bəndinə görə, telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması qadağandır; 6.2-ci bəndinə əsasən, telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh delikt nəticəsində iddiaçıya məxsus əmlaka vurduğu zərərin əvəzini ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh delikt nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurduğunu mübahisə etmir. O, vurduğu zərərin məbləğini ümumi ifadələrlə mübahisə edir ki, bu da əsaslı sayıla bilməz. Belə ki, zərərin məbləği aktlar, smetalar və arayışla təsdiq olunur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2088/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar