Məhkəmə qərarları › İş №2-2(103)-1071/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1071/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1071/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh MMC və Zamin qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: zaminlik müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Zamin iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh MMC və Zamin qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-712/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" BOKT ASC (BOKT) ilə Cavabdeh MMC (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən BOKT Borcalana 12 (on iki) ay, 6 ay güzəşt müddəti olmaq şərti ilə illik 21% ilə 5000 (beş min) manat məbləğində kredit verir, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və Cari qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri BOKT-a ödəməyi öz öhdəsinə götürür.

2. Müqavilənin 2.1-ci maddəsinə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 36% olmaqla cərimə faizi ödəyir.

3. xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 5000 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə verilmiş kreditə görə Cavabdeh MMC 20 iyun 2022-ci il tarixdən 19 may 2023-cü il tarixinə qədər ilk ay 90,42 manat olmaqla hər ayın 19-u 5 ay 87,5 manat, digər 5 aylarda 885,11 manat, sonuncu ay isə 878,77 manat ödəməlidir. "xxxx" ASC ilə Zamin (Zamin) arasında xx.xx.2022-ci il tarixli ZM/106/5201323/160522 saylı zaminlik müqaviləsi bağlanmışdır.

4. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən Zamin Borcalanın 19 May 2022-ci il tarixli KM/106/5201321/160522 kredit müqaviləsinə əsasən BOKT-dan 12 ay müddətinə, illik 21 %, 6 ay güzəşt müddəti olmaqla aldığı 5000 manat məbləğində kreditin (kredit kartı) həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin BOKT-a ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

5. Müqavilənin 2.1-ci maddəsinə əsasən Borcalanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla Zamin BOKT qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə habelə hu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə BOKT borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər.

6. "xxxx" ASC-də olan Cavabdeh MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin hesabına 5000 manat kredit köçürülmüş, 50 manat komissiya haqqı tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC Cavabdeh MMC-nin hesabına 4950 manat kredit ödənişi köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə "xxxx" ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən 4278,03 manat əsas borc, 1516 manat faiz borcu, 918,27 manat cərimə borcu olmaqla, cəmi 6712,30 manat qeyd olunmuşdur.

7. "xxxx" ASC tərəfindən Cavabdeh MMC və Zamin xx.xx.2024-cü il tarixli borc tələbi barədə pretenziya məktubları ünvanlanaraq 4278,03 manat əsas, 1256,19 manat faiz, 732,97 manat cərimə olmaqla cəmi 6267,19 manat borcun 5 gün müddətində kredit təşkilatının hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. 01.10.2024-cü il tarixli ödəniş vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC 88,4 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. 17.03.2025-ci il tarixli, 9/1325 saylı rəyi ekspert rəyi ilə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi) əsas borcu 3821,56 manat və faiz borcu 677,69 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan əsas borcu 3821,56 manat və faiz borcu 1698,68 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Natural-T" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 4278,03 manat, faiz üzrə 1516 manat, cərimə üzrə 918,27 manat olmaqla, ümumilikdə 6712,30 manat məbləğində vəsaitin və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Natural- T" MMC və Zamin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Prior Credit BOKT" ASC ilə cavabdeh “Natural-T" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 6 ay güzəşt olması şərtilə illik 21% dərəcəsi olmaqla 5000 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu "Natural-T“ MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu "xxxx" MMC müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh MMC-nin 27 avqust 2024-cü il tarixli arayışa əsasən “Prior Credit BOKT" ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 4278,03 manat, faiz üzrə 1516 manat, cərimə üzrə 918,27 manat olmaqla, ümumilikdə 6712,30 manat təşkil edir. Kredit müqaviləsinin təminatı kimi Zamin ilə xx.xx.2022-ci il tarixli, ZM/106/5201323/160522 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilə müqavilə üzrə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Prior Credit BOKT' ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

12. Cavabdeh “Natural-T" MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan kredit müqaviləsi 12 aylıq müddətə bağlanmış və xx.xx.2023-cü ildə müqavilənin müddəti bitmişdir. Tərəflər arasında əlavə bir razılaşma olmadığından və cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliyi xx.xx.2023-cü il tarixində başa çatdığından iddiaçı AR Mülki Məcəlləsinin 745.4-cü maddəsinə görə bir il ərzində iddia müddəti ərzində cavabdehə qarşı öz tələblərini irəli sürə bilər. İddiaçı iddia müddəti üzrə tələblərini xx.xx.2024-cü il tarixinə qədər irəli sürə bilərdi. AR Mülki Məcəlləsinin 745.4-cü maddəsinə görə borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütün bunlara əsasən iddiaçının iddia müddətini keçirməsi əsası ilə mübahisə tərəfi olaraq məhkəmədən iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir.

13. Digər cavabdeh Zamin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə 12 ay müddətinə 5000 manat kredit verilmiş və həmin kreditin təminatı kimi xx.xx.2022-ci il tarixində onunla zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2023cü il tarixində kredit müqaviləsinin müddəti bitmiş və xx.xx.2024- cü il tarixində iddiaçı tərəfindən ona və borc alana qarşı iddia verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin (zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.) müddəalarını rəhbər tutaraq üzrə zaminlik müqaviləsinı ətraflı baxılması və araşdırılmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-712/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən 3821,56 manat əsas borc, 677,69 manat faiz borcu, 191 manat cərimə borcu olmaqla cəmi 4690 (dörd min altı yüz doxsan) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 67 (altmış yeddi) manatının əvəzi Cavabdeh MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat məbləğində hissəsi Cavabdeh MMC-dən, 30 (otuz) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" BOKT ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 6 ay güzəşt olması şərtilə illik 21% ilə 5000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə Zamin arasında xx.xx.2022-ci il tarixli ZM/106/5201323/160522 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib 5000 manat məbləğində kredit versə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, hər ay ödənilməli olan aylıq ödənişləri ödəməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır.

16. Bununla belə, məhkəmə iddiaçının cavabdeh Zamin qarşı iddia tələbini əsassız hesab etmişdir. Cavabdeh Zamin qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində 12 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2023-cü il tarixindən bir il ərzində, xx.xx.2024-cü il tarixə kimi "xxxx" ASC Zamin qarşı iddia tələbi irəli sürməmiş, xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bu isə zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdeh Zamin qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir.

17. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsində qeyd olunanlara münasibətdə qeyd etmişdir ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 745.4-cü maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununun qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən sonra yaranmış olan müqavilə münasibətlərinə şamil olunur. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri isə 19 may 2022-ci il tarixində yaranmışdır. Buna görə də tərəflər arasında müqavilə münasibətləri yaranarkən həmin norma qüvvədə olmadığından MPM-in 217.2-ci maddəsinə əsasən həmin normaya istinadən qətnamə çıxarıla bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

18. Beləliklə işin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, Cavabdeh MMC-nin öhdəliyini icra etmədiyini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı müqaviləyə əsasən iddiaçının Cavabdeh MMC-dən borc tələbi əsaslıdır. Bununla belə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçı xx.xx.2024-cü il tarixə hesablanmış 4278,03 manat əsas borc, 1516 manat faiz borcu, 918,27 manat cərimə borcu olmaqla, cəmi 6712,30 manat borcun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borcu 3821,56 manat və faiz borcu 677,69 manat hesablanmışdır. İddiaçının nümayəndəsi ekspert rəyində ilk 6 ay ərzində güzəşt müddətində ödənilmiş artıq ödənişlərin əsas borcdan silindiyini, lakin onlar tərəfindən isə, borcalanın bu barədə ərizəsi olmadığı üçün növbəti ayların ödənişinə hesablandığını əsas gətirərək ekspert rəyinin düzgün hesablanmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, borclunun vaxtı çatmış aylıq ödənişindən əlavə ödədiyi məbləğin növbəti ayın ödənişinə hesablanması barədə tərəflər arasında razılıq olmadığına görə vaxtı çatmış aylıq ödənişdən artıq ödənilmiş məbləğ əsas borcdan silinməlidir. Çünki məhkəmə hesab etmişdir ki, bu müqavilənin mühüm şərtidir, ona görə ki, artıq ödənişin əsas borcdan, yoxsa növbəti ayların aylıq ödənişindən silinməsi ekspert rəyindən də göründüyü kimi ümumi borc məbləğinin hesablanmasına təsir edir və bu, barəsində razılaşma əldə edilməli olan şərtdir (MM 405.1-ci maddə). Lakin müqavilənin bağlanması üçün cavabdehə oferta göndərmiş iddiaçı həmin ofertada bu mühüm şərti qeyd etməmiş, vaxtı çatmış aylıq ödənişdən artıq ödənilən məbləği növbəti ayların aylıq ödənişdən çıxaraq borc məbləğini düzgün hesablamamışdır (MM 408.1 maddə).

19. Odur ki, məhkəmə ekspert rəyində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək hesab etmişdir ki, əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 3821,56 manat müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu, iddiaçının isə kredit müqaviləsi bitdikdən sonra maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə kimi faiz borcu hesabladığını nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyinə əsasən faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 677,69 manat məbləğində müəyyən olunmalıdır.

20. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə, Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 191 manat məbləğində müəyyən edilməlidir.

21. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88,4 manat dövlət rüsumunun 67 manatının əvəzi iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 manat məbləğində hissəsi Cavabdeh MMC-dən, 30 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 7.1, 375.2, 405.1, 408.1, 442, 448.1, 462.1, 463, 465.2, 467, 470, 472, 477.0, 477.0.4, 739 (xx.xx.2023-cü il tarixdək olan redaksiya), 745.4-ci maddələrini, xx.xx.2023-cü il tarixdə dərc edilmiş “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-712/2025 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Kommersiya işində olan kredit müqaviləsinin 1.1-ci bəndinə və müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən borcalana 6 ay güzəşt müddəti verilib və bu dövrdə o hər ay yalnız 88 manat faiz ödəməli idi, 7-ci aydan başlayaraq isə hər ay əsas borcla birlikdə faizləri ödəməli idi (885,11 manat). Məhkəmə isə cavabdehin 525 və 804 manatlıq ödənişlərini əsas borcdan çıxmaqla hesablamalar aparmış və buna görə də borc məbləğini aşağı hesablamışdır. Lakin bu yanaşma MM 449.1-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, ödənişlər əvvəl faizlərə, sonra əsas borca yönəldilməlidir. Kredit müqaviləsinin şərtləri bu prinsipi dəstəkləyir. Tərəflər öz aralarında müqavilə ilə fərqli öhdəlik forması müəyyən etmiş və güzəşt müddəti dövründə əsas borc yox, yalnız faiz ödənilməsini razılaşdırmışlar. Bu isə Mülki Məcəllənin dispozitivlik və müqavilə azadlığı prinsiplərinə tam uyğundur (MM 422, 390). Məhkəmə isə ekspertin qanunsuz rəyinə əsaslanmışdır. Halbuki işdə olan müqavilə, ödəniş cədvəlinə və digər sübutlara əsasən: cavabdeh ilk altı ay hər ay faizləri ödəməli, müqavilənin 1.1-ci bəndinə əsasən əsas borcu ödəməməli idi. Doğurdan da işdə olan hesabdan çıxarışa görə ilk altı ayda cavabdeh hər ayda 88 manat olmaqla faizləri ödəyib. 6-cı aydan başlayaraq 12-ci ay bitənədək cavabdeh hər ay faiz və əsas borcla birlikdə 885,11 manat məbləğində hər ay ödəniş etməli idi. Lakin cavabdeh ilk 6 ayda cəmi 525+804=1329 manat ödəyib, həmin məbləğdən ilk altı ay üçün faizlər çıxılıb, sonra isə yerdə qalan qalıq məbləğdən əsas borc çıxılıb. Bundan sonra isə 7-ci aydan başlayaraq 12-ci ay bitənədək ödəmə olmadığı üçün müqavilə ilə müəyyən edilmiş əvvəlcə cərimə, sonra faizlər, sonda isə əsas borc hesablanmışdır. Lakin ekspert bu şərtləri, halları nəzərə almadan hesablama aparmışdır. Hakim isə ekspertiza qarşısında bu halın aydınlaşdırılması üçün sual qoymamışdır. Nəticədə isə məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını kobud şəkildə pozmuşdur. Qanuna əsasən zaminə qarşı iddia müddəti əsas öhdəliyin icrasının bitdiyi tarixdən – xx.xx.2023-cü ildən hesablanaraq 1 ildir. Bu müddət xx.xx.2024cü il tarixində başa çatır. "xxxx" zaminə pretenziyanı xx.xx.2024-cü ildə göndərmişdir və bu da qanuni müddət çərçivəsindədir. Bu hal iş materiallarında və qətnamənin özündə göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi bu müddətin guya ötürüldüyü qənaətinə gələrək zaminə qarşı tələbi əsassız olaraq rədd etmişdir. Bu, MM 477.0.4 və MM 452.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır.

b) Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

25. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

c) Apellyasiya baxışı, izahatlar

26. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

27. İddiaçı isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

34. Maddə 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

35. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

36. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

37. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

41. Maddə 472. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

42. Maddə 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

43. Maddə 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixdək olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 745.4-cu maddəsinə (xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş) əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda iddiaçı müvafiq qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər qətnaməni mübahisələndirmədiyindən qətnamə idda tələbinin təmin olunan hissəsində yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

56. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüyünə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi) əsas borcu 3821,56 manat və faiz borcu 677,69 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan əsas borcu 3821,56 manat və faiz borcu 1698,68 manat müəyyən edilmişdir.

57. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, borclunun vaxtı çatmış aylıq ödənişindən əlavə ödədiyi məbləğin növbəti ayın ödənişinə hesablanması barədə tərəflər arasında razılıq olmadığına görə vaxtı çatmış aylıq ödənişdən artıq ödənilmiş məbləğ əsas borcdan silinməlidir. Çünki məhkəmə hesab edir ki, bu müqavilənin mühüm şərtidir, ona görə ki, artıq ödənişin əsas borcdan, yoxsa növbəti ayların aylıq ödənişindən silinməsi ekspert rəyindən də göründüyü kimi ümumi borc məbləğinin hesablanmasına təsir edir və bu, barəsində razılaşma əldə edilməli olan şərtdir(MM 405.1-ci maddə). Lakin müqavilədə bu mühüm şərt qeyd edilmədiyindən, tərəflər arasında belə bir razılaşma olduğu məkəmə tərəfindən müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq borc məbləğini müəyyən edərkən ekspert rəyini əsas götürmüşdür.(§24)

58. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

59. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixində 12 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2023-cü il tarixindən bir il ərzində, xx.xx.2024-cü il tarixə kimi "xxxx" ASC Zamin qarşı iddia tələbi irəli sürməmiş, xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. (§ 32)

60. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdeh Zamin qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir

61. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

63. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

"xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-712/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar