Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1073/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qərardadından iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında 20.02.2016-cı il tarixli razılaşmaya əsasən həmin kooperativ tərəfindən iddiaçıya ödənilməli olan 132.000 manat məbləğdə pulun ödənilməsini gecikdirdiyinə görə illik 5% olmaqla 33.000 manat məbləğdə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, qanunda nəzərdə tutulmuş prosessual müddət buraxıldığına görə, geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qərardadı ilə 02.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-562/2021 nömrəli iş üzrə 18.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 02.04.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı 23.06.2021-ci il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə ona çatdırılmış (iş vərəqi - 165), sonuncu tərəfindən tərtib olunmuş şikayət isə elektron kabinet vasitəsilə 01.08.2021-ci il tarixdə göndərilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük müddət ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, qanunun sözügedən tələbinə zidd olaraq şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2021 nömrəli iş üzrə 21 iyun 2021ci il tarixli qərardadından İddiaçı apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1073/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1073/2021
25.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver