Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1074/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh MMC-yə qarşı təbiətə dəymiş ziyanın tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4070/2021 saylı, 04.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 377423 manat məbləğində təbiətə dəymiş ziyan məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4070/2021 saylı 04 avqust 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək məhkəmənin 04 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsindən göründüyü kimi məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirak yalnız “Mediasiya haqqında” qanunvericiliyin müddəalarından irəli gələn və mediasiyada iştirakı zəruri olan hallarda nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, mübahisə dövlətlə, fiziki və ya hüquqi şəxslər arasında bağlanılmış müqavilədən irəli gəlmir, birbaşa olaraq dövlətə vurulmuş ziyanla bağlıdır. Məhkəmədə irəli sürülmüş iddia tələbinin əsas məqsədi dövlətinin qanuni mənafeyinə dəymiş zərərin aradan qaldırılmasıdır. Eyni zamanda “Mediasiya haqqında” Azərbaycan Respublikasının Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunun 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələrdə daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Qanunvericilikdə göstərilən “tərəflərin qarşılıqlı razılaşması” dedikdə isə burada tərəflərdən birinin digərinə güzəştə getməsi, müəyyən şərtlərlə aralarında razılığa gəlmələri və digər formada barışığın əldə olunması başa düşülür. Lakin hazırkı tələb təbiətə dəymiş ziyanla bağlı olduğundan burada mühabisənin həlli birmənalı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 119 nömrəli Qərarına əsasən hesablanmış ziyan məbləğinin ödənilməsidir. Hazırkı tələb Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisə yox, dövlətin mülkiyyətində olan təbii ehtiyatların qanunsuz istifadəsi nəticəsində dövlətə dəymiş ziyanın ödənilməsinə yönəlmiş tələblər kateqoriyasına aid edilməlidir. Eyni zamanda məhkəməyə müraciət etməzdən öncə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti qarşı tərəfə göndərilmiş, qarşı tərəf təbiətə dəymiş zərər barədə məlumatlandırılmış, lakin Cavabdeh MMC tərəfindən təbiətə dəymiş zərərin ödənilməsi barədə hər hansı tədbir görülməmişdir. Göründüyü kimi mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün deyil. Həmçinin məlum olduğu kimi təbiətə dəymiş ziyanla bağlı məhkəmə prosesi yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdən ibarət deyil, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək bu prosesin ilkin mərhələsidir, işin sonrakı mərhələlərində məhkəmə səlahiyyətləri üzrə iş üzrə ekspertiza təyin edə, ekspertiza rəyi əsasında təbiətə dəymiş ziyan məbləğini azalda, iddianı təmin edə və yaxud rədd edə bilər Şikayətə apellyasiya qaydasında baxılması 08.09.2021-ci il tarixə təyin edilmiş, işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edlməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 4070/2021 saylı 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 03.08.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.07.2021-ci il tarixdən qüvvəyə minmiş 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat təqdim edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Birinci instansiya qeyd edilən normalara istinad edərək düzgün olaraq hesab etmişdir ki, 25.07.2021-ci il tarixdən sonra məhkəməyə kommersiya mübahisəsi kimi təqdim edilmiş iddia ərizəsinə mediasiya prosesində iştirakı təsdiq edən sübut əlavə edilməli, əks halda iddia ərizəsi qaytarılmalıdır. İddiaçının şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18.09.2020-ci il tarixli “İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” qərarının 25-ci bəndində qeyd edilir ki, dövlət və bələdiyyə orqanlarına münasibətdə müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. İddiaçı şikayət ərizəsində tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmadığını, deliktdən irəli gəldiyini qeyd etsə də, iddianın qaytarılması barədə qərardadın ləğv edilmələrək iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsnin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsnin icraatına qəbul edilməsi üçün prosessual əsaslar olmadığından şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4070/2021 saylı 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4070/2021 saylı 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1074/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1074/2021
08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver