Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1076/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-91/2019 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 2.032.413,81 ABŞ dolları əsas borc, 1.382.780,04 ABŞ dolları faiz borcu, 529.330,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 3.944.524,74 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 114/0-USD nömrəli 27.04.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc 2.032.413,81 ABŞ dolları, faiz borcu 1.238.417,48 ABŞ dolları, 200 ABŞ dolları cərimə borcu, cəmi 3.270.831,29 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçıdan ekspertiza xərcinin əvəzi olaraq 200 manat məbləğdə pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, 25.12.2019-cu il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla təyin edilmiş prosessual müddətin buraxılmasının səbəbini üzrlü hesab edib, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 25.12.2019-cu il tarixli qətnamədən şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan zamanında xəbərdar olmuşdur və 2 ilə yaxın bir müddətdə qətnaməni götürməyərək, etinasızlıq etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsinin cavabdehə təqdim olunması, ona rəsmi qaydada verilməsi işdən müəyyən olunmur. Cavabdeh qətnamədən iş kassasiya instansiyasında olan vaxt məlumatlı olduğunu bildirir və onun bu mülahizəsini təkzib edən mötəbər sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Bu kontekstdə cavabdehin ərizəsinə hüquqi qiymət verən məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-91/2019 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1076/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1076/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver